Məhkəmə qərarları › İş №e-2-2(113)-444/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-444/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-444/2023 27.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddia və iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 3.286,45 manat məbləğində pulun, 2.711 manat məbləğində dəbbə pulunun və mediasiya prosesi üçün ödənilmiş 100 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC tərəfindən İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən mağazasından bir sıra elektrik avadanlıqları və digər mal və materiallar alınmışdır. Həmin məhsulların dəyərinin bir qismi ödənilsə də, 3.286,45 manat məbləğində borcu ödənilməmiş qalmışdır. xx.xx.2021-ci il tarixli tərəflər arasında bağlanmış A/01/9/9-21 saylı “Alqı-Satqı” müqaviləsinə əsasən tərəflər arasında mülki münasibətlər yaranmışdır. Müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün xx.xx.2021-ci il tarixli “Qarşılıqlı Üzləşmə” barədə AKT tərtib edilərək borc öhdəliyinin miqdarı müəyyən edilmişdir. Həmin AKTa əsasən Cavabdeh1 MMC-nin İddiaçı MMC-yə 3.786,85 manat borcunun olması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddianı qismən əsas borc hissəsində qəbul etmiş, qalan hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında 01 sentyabr 2021-ci il tarixdə, A/01/9/9-21 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Satıcı (İddiaçı MMC) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2”nda göstərilən mal-materialları “Alıcı”ya satmağı, “Alıcı” (Cavabdeh1 MMC) isə həmin malları qəbul edib, almağı və onun dəyərini ödəməyi öz üzərinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəf cəmi dəyəri ƏDV daxil 3.786,45 manat təşkil edən malların tam olaraq Cavabdeh1 MMC-yə verildiyini, cavabdeh tərəfin isə qeyd edilən məbləğdən 500 manat hissəsinin iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra ödənildiyini, iddianın həcminin ona uyğun azaltdığını və hələ də, ödənilməmiş 3.286,45 manat borcun qaldığını bildirir. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili isə 3.286,45 manat borcu qəbul etdiyini, iddianın cərimə borcunun və pulun Cavabdeh2 tutulması hissəsində rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh1 MMC İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixinə 3.786,45 manat borcunun olduğunu etiraf etmişdir. Həmçinin də, Cavabdeh1 MMC malın verilməsi və 3.286,45 manat borcunun qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf pulun həm Cavabdeh1 MMC həm də, Cavabdeh2 tutulmasını xahiş edir. İddiaçı tərəf Cavabdeh2 münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 11.4-cü bəndinə əsasən MMC öhdəliklərini icra etməsə MMC-nin direktoru Cavabdeh2 müqavilə üzrə öhdəliklərin icrasını öz üzərinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddia Cavabdeh2 aid hissədə təmin edilə bilməz. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 11.4-cü bəndinin məzmunu təfsir edildikdə, tərəflərin zaminlik müqaviləsinə aid təminatı vermək istədikləri aydın olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, “Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlik - əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. (MM-in 471-ci maddəsi). Qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.” Yuxarıda qeyd olunan normaların tələblərindən də, göründüyü kimi zaminlik müqaviləsi məhz ayrıca yazılı qaydada olmalıdır. X6 ilə isə ayrıca, yazılı qaydada bağlanmış hər hansı bir zaminlik müqaviləsi mövcud deyildir. Belə olan halda iddia borcun X4 tələb edilməsi hissəsində əsassızdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, əsas borc üzrə Cavabdeh1 MMC-dən İddiaçı MMC-nin xeyrinə 3.286,45 manat məbləğində pul tutulmalıdır. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh tərəf iddianı dəbbə pulu hissəsində qəbul etməsə də, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 6.2ci bəndində öz əksini tapmışdır. Belə ki, həmin bəndə əsasən alıcı malın satış dəyərini vaxtında ödəməzsə, satıcı gecikdirilmiş məbləğin hər günü üçün 0.2% dəbbə pulunu alıcıdan tələb etmək hqqı vardır və cərimə məbləği malların ümumi dəyərinin 30%dən artıq olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, Cavabdeh1 MMC-nin 3.286,45 manat məbləğində əsas borcuna münasibətdə 300 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Belə ki, Cavabdeh1 MMC borcunu xx.xx.2021-ci il tarixdə etiraf etsə də, artıq üstündən kifayət qədər vaxt keçməsinə baxmayaraq öhdəliyini icra etməmişdir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 100 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********129 saylı ödəmə qəbzindən görünür ki, İddiaçı tərəfindən mediasiya xərci olaraq 4 saylı Mediasiya Təşkilatına 100 manat məbləğində pul ödənilmişdir. Belə olan halda, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 100 manat məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 Məhdud Məhsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli A/01/9/9-21 saylı müqaviləyə əsasən 3.286 (üç min iki yüz səksən altı) manat 45 (qırx beş) qəpik əsas, 300 (üç yüz) manat cərimə borcu olmaqla, cəmi 3.586 (üç min beş yüz səksən altı) manat, 45 (qırx beş) qəpik məbləğində pul Cavabdeh1 Məhdud Məhsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 Məhdud Məhsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar