Məhkəmə qərarları › İş №e-2-2(113)-4447/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4447/2022

05.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4447/2022 05.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızı, İddiaçı “Hakan Foods” Azerbaican Trading CO LTD” MMC-nin Cavabdeh-yə qarşı “təsisçiliyə xitam verilməsi və təsis payının ödənilməsi” tələbi barədə kiçik iddialara dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı “Hakan Foods” Azerbaican Trading CO LTD” MMC Cavabdeh-yə qarşı “təsisçiliyə xitam verilməsi və təsis payının ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin cəmiyyətdə olan təsisçiliyinə xitam verilməsi və nizamnamə kapitalındakı paya uyğun olaraq təsis payının cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2001-ci ildə 658 dövlət qeydiyyat nömrəsi ilə (VÖEN **********) qeydiyyatdan keçmiş, nizamnamə kapitalı 200 manat, təsisçilər 50% payı olan HəsənovYavuz Vəli oğlu və 50 % payı olan cavabdeh MMC-dir. Uzun illər cavabdeh təsisçi ilə qanunla müəyyən edilmiş qaydada çalışmış, daha sonra cavabdeh hüquqi şəxs olan təsisçi “X2 Trading Co LTD” MMC-nin direktoru və həmtəsisçisi Hakan Bahçeçi xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Dəfələrlə vergi, bank orqanlarına şirkətin qanunla müəyyən edilmiş qaydada fəaliyyətini nizamlamaq üçün müraciət etsələr də digər təsisçinin iştirakı ilə ümumi yığıncaq protokollarını və şirkətin fəaliyyəti ilə bağlı qəbul edilən qərarlarda həmtəsisçi cavabdehin rəhbərinin və ya səlahiyyətli şəxsinin imzasını tələb etmişlər. Hətta İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi dəyişikliklərin qeydə alınması üçün müraciətlərinə cavab olaraq xx.xx.2022-ci il tarixli **********757900 saylı Qərarla cavab bildirilmişdir ki, cavabdehə verilmiş xx.xx.1996-cı il tarixli ticarət lisenziyasının müddəti xx.xx.2021-ci il tarixdə birmiş və həmin sənəd leqallaşdırılmalıdır. Bununla bağlı dəfələrlə Dubay Ticarət və Sənaye palatasına və cavabdehlə əlaqə qurmağa çalışsalar da və müraciətlər etsələr də, cavabdehin fəaliyyətinin dayanması, artıq ləğv prosesində olması barədə məlumatlar almışlar. Nəzərə alınsa ki, digər təsisçinin qeydə alındığı lisenziya müddəti bitmişdir, direktoru (qanuni nümayəndəsi və həmtəsisçisi) ölmüşdür və cavabdehin qeydə alındığı X1 əldə etdikləri məlumata əsasən cavabdeh ləğv prosesindədir, hazırkı vəziyyətdə şirkət olaraq fəaliyyətləri iflic vəziyyətə düşmüşdür. Belə ki, bankdan kredit almaq, ümumi yığıncaqları çağırmaq, Maliyyə Nazirliyinə hesabat vermək, şirkətin fəaliyyəti üçün vacib qərarları qəbul etmək, şirkətin hüquqi sənədlərində dəyişiklik etmək, icra orqanını seçmək və s. hərəkətlərin edilməsi mümkünsüzdür. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildiyindən, kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-4.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Materiallardan görünür ki, cavabdeh iddiaçı MMC-də 50 % paya sahibdir, iddiaçı iddia ərizəsində cavabdehin cəmiyyətdə olan təsisçiliyinə xitam verilməsi və nizamnamə kapitalındakı paya uyğun olaraq təsis payının cavabdehə ödənilməsini tələb edir. Belə ki, Cəmiyyətin Nizamnaməsinin 8.2-ci bəndinə əsasən cəmiyyətin fəaliyyətinə dair qərar qəbul olunması ... cəmiyyətin Ümumi Yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir. 12.1-ci bəndinə əsasən cəmiyyətin fəaliyyəti ilə əlaqədar olan, lakin bu nizamnamə ilə tənzimlənməyən məsələlər təsisçinin qəbul etdiyi qərarla və Azərbaycan Respublikasının qanunverciliyi ilə tənzimlənir. Eyni zamanda AR Mülki Məcəlləsinin 91.1-1-ci maddəsinə əsasən ... Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. Beləliklə, sadalanan normaların məzmunundan görünür ki, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti ilə bağlı olan istənilən məsələ (o cümlədən təsisçiliyə xitam verilməsi və təsis payının ödənilməsi) cəmiyyətin ümumi yığıncağında müzakirə edilib həll edilə bilər. Belə ki, iddia ərizəsi və əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçının iddia tələbində göstərdiyi hallarla əlaqədar MMC-nin iştirakçılarının ümumi yığıncağı keçirilməmiş və cavabdehin cəmiyyətdə olan təsisçiliyinə xitam verilməsi və nizamnamə kapitalındakı paya uyğun olaraq təsis payının cavabdehə ödənilməsi barədə qərar qəbul edilməmişdir. Beləliklə, göstərilən məsələ MMC-nin ümumi yığıncağının səlahiyyətinə aid olduğundan cavabdehin təsisçilikdən çıxarılması ilə bağlı məsələ məhkəmədə baxıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267- 268, 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Hakan Foods” Azerbaican Trading CO LTD” MMC-nin Cavabdeh-yə qarşı “təsisçiliyə xitam verilməsi və təsis payının ödənilməsi” tələbi barədə kiçik iddialara dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar