Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-445/2025 17.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi müraciət edərək, Cavabdehndən əsas borc olan 153720 manat pul vəsaitinin, vəkilə ödənilmiş 530 manat məbləğində pulun və dövlət rüsumu olaraq 443,72 məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2-6 aylıq boğazlığı olan iribuynuzlu damazlıq heyvanların satın alınması ilə bağlı 23 dekabr 2023-cü il tarixli 01 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” İddiaçı MMC Müqavilənin ayrılmaz hissəsi olan “X1” göstərilən 2-6 aylıq boğazlığı olan iribuynuzlu damazlıq heyvanları satmağı, “Alıcı” Cavabdeh MMC heyvanları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı” İddiaçı MMC öz fermasından heyvanların ümumi dəyərinin 40% miqdarı ödənildikdən və sığorta ödəniş haqqında ödəniş qəbzi təqdim edildikdən sonra və ya “Elektron qaimə faktura” imzalandıqdan sonra təhvil verəcək. Müqaviləyə əlavə edilmiş Cavabdeh MMC-nin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanladığı 29 yanvar 2024-cü il tarixli ərizəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na müvafiq olaraq, “Satıcı” İddiaçındən alacağı 256200 manat dəyərində 61 (altmış bir) baş damazlıq Hoiştin-Friz inəklərin satış dəyərinin minimum 40%-nin tərəfindən ödəniləcəyini, qalan 60%-nin yəni 153720 (yüz əlli üç min yeddi yüz iyirmi) manat pul vəsaitinin isə subsidya ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına güzəşt edilməsinə və həmin pul vəsaitinin "xxxx" ASC-nin bank hesabına köçürülməsinə razılıq verilməsi xahiş edilmişdir. Həmçinin 23 dekabr 2023-cü il tarixdə verdiyi iltizamda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına ona verilən 61 baş (altmış bir) baş damazlıq Hoiştin-Friz inəklərin saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyini, damazlıq heyvanın verilməsinə dair onunla bağlanmış müqavilədə nəzərdə tutulan öhdəliklərini icra edəcəyini və dgər öhdəlikləri yerinə yetirməsi barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən “Alıcı” Cavabdeh MMC tərəfindən 61 baş damazlıq Hoiştin-Friz inəklərin güzəştli qiymətə lizinq yolu ilə alınmasına müsbət rəy verilmişdir. Müqaviləyə əsasən əsasən “Satıcı” İddiaçı MMC tərəfindən “Alıcı” AZ FERMA ŞAMAXİ” MMC-yə elektron qaimə faktura əsasında 256200 manat dəyərində iri buynuzlu damazlıq heyvanlar satılmış, müqavilə və elektron qaimə əsasında Cavabdeh MMC tərəfindən 102480 manat pul vəsaiti ödənilmiş, hazırda 153720 manat borcu qalmışdır. Müqaviləyə və Cavabdeh MMCnin razılıq ərizənizə əsasən alınan 256200 manat dəyərində iri buynuzlu damazlıq heyvanların dəyərinin qalan 60%-i, yəni 153720 manat pul vəsaitinin subsidya ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiiti hesabına "xxxx" ASC-nin bank hesabına köçürülməliydi. Lakin Cavabdeh MMC tərəfindən bununla bağlı sənədlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin təqdim edilmədiyindən 153720 manat pul vəsaiti bu günə kimi “satıcı” İddiaçı MMC-yə ödənilməmişdir. Bununla bağlı dəfələrlə tələb edilsə də, həmçinin xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-yə pretenziya məktubu ünvana və onun Vergilər Xidmətinin informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilsə də, münasibət bildirilməmişdir. Hazırda Cavabdeh MMC tərəfindən öhdəliklər icra edilmədiyindən İddiaçı MMC-yə 153720 manat məbləğində maddi ziyan dəymişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, Cavabdeh MMC isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Müqavilənin 8.2-ci bəndinə əsasən tərəflər arasında mübahisələr danışıqlar yolu ilə həll olunmadıqda mübahisə məhkəmə vasitəsilə həll edilir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 567, 600.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: 23 dekabr 2023-cü il tarixli 001 nömrəli müqavilədən görünür ki, bu müqavilənin predmetini, “Satıcı” (İddiaçı) müqavilənin ayrılmaz hissəsi olan “X1” göstərilən 2-6 aylıq boğazlığı olan iribuynuzlu damazlıq heyvanları satmağı, “Alıcı” (Cavabdeh) isə həmin malı qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı” malı “Alıcı”ya öz fermasından malların ümumi dəyərinin 40% miqdarı ödənildikdən və sığorta ödəniş haqqında ödəniş qəbzi təqdim edildikdən sonra və ya “Elektron qaimə faktura” imzalandıqdan sonra təhvil verəcək. 2.2-ci bəndinə əsasən hər bir təchizat “Satıcının” və “Alıcımın” təyin etdiyi “Malın” yükalanı tərəfindən imzalanmış Elektron Qaimə faktura ilə təsdiq olunmalıdır. Elektron Qaimə fakturanın imzalanması “Malın” yükalanı tərəfindən əsassız olaraq gecikdirilməməlidir. Elektron Qaimə faktura imzalanma tarixi “Təchizat Tarixi” kimi qəbul ediləcəkdir və imzalandıqdan sonra həm Satıcı, həm də Alıcı üçün son və məcburi olacaqdır. 4.1-ci bəndinə əsasən “Malın” dəyəri faktiki yüklənmiş “Mala” görə köçürmə yolu ilə ödəniləcəkdir. Tərəflərin razılığına əsasən qanunvriciliyə uyğun həddə nəğd ödəniş aparıla bilər. 4.2-ci bəndinə əsasən “Alıcı” malın dəyərinin 40% hissəsini qabaqcadan avans olaraq ödəyir. "xxxx" MMC və AZ FERMA ŞAMAXİ MMC arasında bağlanmış 001 saylı və xx.xx.2023-cü il tarixli Müqaviləyə əlavə olan “X2”na əsasən 61 baş (altmış bir) Hoiştin-Friz inəklərin (müxtəlif birkalar göstərilməklə) ümumi dəyəri 256200 manat (hər biri 4200 manat olmaqla) məbəğində müəyyən edilmişdir. EBDV seriyalı, 970092 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 256200 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC-nin "xxxx" ASC-də olan bank hesabından Bakı şəhəri 37 saylı Vəkil Bürsounun "xxxx" ASC-də olan hesabına 530 manat məbləğində pul vəsaiti köçürülmüşdür(ödənişin təyinatı kimi xidmət haqqı göstərilib). xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 443,72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 630.2-ci maddəsinə görə göndərmə müqaviləsində alıcının mal göndərənə malları mal alanlara yollamaq (vermək) haqqında göstərişlər (yollama sərəncamı) vermək hüququnun nəzərdə tutulduğu halda mal göndərən malları yollama sərəncamında göstərilmiş mal alanlara yollayır (verir). 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 631.2-ci maddəsinə görə müqavilədə malların hansı nəqliyyat növü ilə və ya hansı şərtlərlə çatdırıldığının müəyyənləşdirilmədiyi hallarda nəqliyyat növünü seçmək və ya malların çatdırılması şərtlərini müəyyənləşdirmək hüququ, əgər qanunvericilikdən, öhdəliyin mahiyyətindən və ya işgüzar dövriyyə adətlərindən ayrı qayda irəli gəlmirsə, mal göndərənə mənsubdur. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq 2-6 aylıq boğazlığı olan iribuynuzlu damazlıq heyvanları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, təhvil aldığı malların dəyərindən 153720 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, malların dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 153720 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu və iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 530 manat vəkil xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 443,72 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 23 dekabr 2023-ci il tarixli, 001 nömrəli müqaviləsinə əsasən ödənilməmiş 153720 (yüz əlli üç min yeddi yüz iyirmi min) manat əsas borc, hüquq xidmətinə görə vəkilə ödənilmiş 530 (beş yüz otuz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 443 (dörd yüz qırx üç) manat 72 (yetmiş iki) qəpik tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-445/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-445/2025
17.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver