Məhkəmə qərarları › İş №e-2-2(113)-4453/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4453/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4453/2024 12.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X3” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, X1 və Cavabdeh4 qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçı “X3” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, X1 və Cavabdeh4 qarşı borc tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı “X3” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, X2 və Cavabdeh4 xx.xx.2023-cü il tarixli 205micİNSH/23 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 9963,71 AZN, faiz üzrə 940,49 AZN, cərimə üzrə 327,82 AZN, cəmi 11232,02 AZN və dövlət rüsumu kimi ödənilmiş 123,40 AZN məbləğindəpulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 205micİNSH/23 saylı kredit müqaviləsinə əsasən, borcluya 18 ay müddətinə, illik 22 % ödəmək şərtilə, 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" KB ASC ilə Cavabdeh1, X2 və Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixli 205micİNSH/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borcalan əsas borcu, faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilə ilə nəzərdə tutulmuş qaydada keditora ödəyir. Lakin cavabdehlər Cavabdeh3 və zaminləri müqavilənin şərtini pozaraq kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdeh3 xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən əsas kredit borcu üzrə 9963,71 AZN, faiz üzrə 940,49 AZN, cərimə üzrə 327,82 AZN, cəmi 11232,02 AZN məbləğində banka borcu vardır. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" Kommersiya Bankı ASC (Borc verən) və Cavabdeh3 (Borc alan) arasında imzalanmış xx.xx.2023-cü il tarixli 205micİNSH/23saylı əsas kredit müqaviləsinə əsasən Borcverən Borcalana 300000 manat məbləğində, illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, xx.xx.2023-cü il tarixinədək müddət ərzində, Azərbaycan manatı ilə bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. Borcalan isə həmin kreditdən təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. "xxxx" Kommersiya Bankı ASC (Borc verən) və Cavabdeh3 (Borc alan) arasında imzalanmış xx.xx.2023-cü il tarixli 205micİNSH/23 saylı Əlavə Kredit Müqaviləsinə əsasən “Borcverən” “Borcalan”a 18 ay müddətinə, xx.xx.2024-cü il tarixinədək illik 22 faiz ödəmək şərtilə, 0 ay güzəşt müddəti ilə 15000 manat məbləğində krediti “Borcalan”ın mülkiyyətinə verir və “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Kredit ödənişinin aylıq məbləği və aylıq müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən olunur. Müqavilənin 1.3-cü bəndinə əsasən Borcalan bu müqavilə üzrə müəyyən olunmuş borcun (əsas və ya faiz borcunun) ödənilməsini gecikdirdikdə Borcverən borcun (əsas və ya faiz borcu) məbləğinin illik 40 faizi həcmində cərimə tətbiq edə bilər. "xxxx" Kommersiya Bankı” ASC (Kreditor) və Cavabdeh1, X2, Cavabdeh4 (Zamin) arasında imzalanmış xx.xx.2023-ci il tarixli 205micİNSH/23 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin Kreditor qarşısında Borclunun xx.xx.2023-cü il tarixli, 205micİNSH/23-EM saylı Əsas kredit və X5 və onun çərçivəsində bağlanacaq Əsas Kredit Müqavilələri üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə Borclu ilə birgə tam və məsuliyyət daşımağı öhdəsinə götürür. Kreditorla Borcalan arasında bağlanmış xx.xx.2024-cü il tarixli 205micİNSH/23-EM saylı Əsas Kredit və X5 çərçivəsində Borcverən Borcalana 300000 manat məbləğində, illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, xx.xx.2023-cü il tarixədək müddət ərzində, kredit məbləğinin maksimum 3 faizi həcmində komissiya və borcun gecikdirildi hər təqvim günü üçün hər gecikdiriləm borc məbləğinin illik 40 faizi həcmində cərimə tətbiq edilməsi şərtilə Əsas Kredit və X5 çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verir. Müqavilənin 2.1-ci bəndinə əsasən Borclu Kreditor qarşısında Kredit Müqavilələrinin tam və lazımi icrası üçün məsuliyyət daşıyır. Müqavilənin 2.2-ci bəndinə əsasən Zamin Borclunun Kredit Müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində əsas borc məbləğinin, hesablanmış faizlərin və cərimənin (dəbbə pulu), borcun tutulmsı üzrə məhkəmə xərclərinin və digər zərərin əvəzinin ödənilməsinə görə Kredit qarşısında Borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. xx.xx.2024-cü il tarixli iddiaçı "xxxx" Kommersiya Bankı” ASC tərəfindən tərtib edilmiş arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh3 9963,71 manat məbləğində əsas, 940,49 manat məbləğində faiz və 327,82 manat məbləğində cərimə, cəmi 11232,02 manat borcu vardır. 205micİNSH/23 saylı Kredit müqaviləsinə 1 saylı Əlavə kimi tərtib edilmiş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 15000 manat olan illik faiz dərəcəsi 22 % olmaqla 18 ay müddətinə verilmiş kreditə görə Cavabdeh3 25 may 2023-cü il tarixdən 25 oktyabr 2024-ci il tarixinə qədər hər ayın 25-i olmaqla 986 manat, sonuncu ay 987,50 manat ödəməlidir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" Kommersiya Bankı” ASC 123 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmənin mövqeyi Məhkəmə iş metariallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Çünki məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Kommersiya Bankı” ASC və Cavabdeh3 arasında imzalanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi çərçivəsində illik faiz dərəcəsi 22 faiz olmaqla, 18 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təmin edilməsi üçün "xxxx" Kommersiya Bankı” ASC və Cavabdeh1, X2, Cavabdeh4 arasında imzalanmış xx.xx.2023-ci il tarixli 205micİNSH/23 saylı zaminlik müqaviləsi bağlanmış və zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşlər. İddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə, işin sadalanan hallarını və qanunvericilik normalarını, eləcə də cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 9963,71 manat əsas borc, 940,49 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, cavabdehlərdən 9963,71 manat əsas borc, 940,49 manat məbləğində faiz borcu, tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 327,82 manat məbləğində cərimə pullarının cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 327,82 manat məbləğində dəbbə pulu tutulmalıdır. Həmçinin məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsi təmin edildiyindən ödənilmiş 123,40 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, X2 və Cavabdeh4 xx.xx.2023-cü il tarixli 205micİNSH/23 saylı kredit müqaviləsi üzrə 9963,71 manat məbləğində əsas borc, 940,49 manat məbləğində faiz borcu, 327,82 manat məbləğində cərimə olmaqla, cəmi 11232 (on bir min iki yüz otuz iki) manat 2 (iki) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş 123 (bir yüz iyirmi üç) manat 40 (qırx) qəpik dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar