Məhkəmə qərarları › İş №e-2-2(113)-4455/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4455/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4455/2025 23.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü tarixli borc müqaviləsi üzrə müqavilə şərtlərini kobud surətdə pozaraq öhdəliklərini yerinə yetirməyən Cavabdeh (VÖEN: **********, bank hesabı- UNİBANK CB Nərimanov filialı, İBAN:AZ40UBAZ**********1040AZN001; Kod:506247,SWİFT: UBAZAZ22) tərəfindən İddiaçı MMC-yə borclu olduğu 13512 manat kredit borcu, 418.91 manat istifadə faizi üzrə borc və 17000 manat cərimə, ümumilikdə 30930.91 manatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh ilə bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə və həmin müqavilənin tərkib hissəsi olan əlavələrə əsasən, MMC cavabdehə 36 (otuz altı) ay müddətinə 15000 manat borc verməyə razılaşmış, cavabdeh isə 6 nəqliyyat vasitəsi almaqla və ya icarəyə götürməklə onları “Yango” tətbiqində “Yango”nun rəsmi partnyoru SoundRide Park daxilində qeydiyyata alınmasını, 36 (otuz altı) ay müddətində qeydiyyatda saxlanmasını, hər avtomaşın üzrə 80%-dən az olmayaraq sifariş qəbulu (Qəbul dərəcəsi), nəqliyyat vasitəsinin ayda 90%-dən az olmayaraq istismar əmsalı və ayda 300 saat istismar vaxtı (Təchizat saatı) göstəricilərinə nail olmağı, alınmış borc üzrə illik 6,5 % olmaqla hər ay 459,74 manat ödəyərək 36 ay müddətinə borcu qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1 saylı əlavəsinə əsasən (3,7 və 8-ci bəndlər) müqavilə şərtlərini yerinə yetirməməyə görə cavabdehə 10000 ABŞ dolları ekvivalentində 17000 manat cərimə sanksiyasının tətbiqi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən öhdəlik tam həcmdə yerinə yetirilmiş, xx.xx.2024-cü il tarixli OD1 nömrəli ödəniş tapşırığı ilə 15000 (on beş min) manat cavabdehin hesabına köçürülmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, alınmış borc üzrə də borcun özü və faiz məbləğləri ödənilməmişdir. Belə ki, alınmış vəsaitə görə yalnız 2 dəfə xx.xx.2024-cü il tarixli 000İCZ********** nömrəli ödəmə tapşırığı ilə 788 manat, xx.xx.2024-cü il tarixli 0001CZ 12428804AE ödəmə tapşırığı ilə 700 manat, cəmi 1488 (min dörd yüz səksən səkkiz) manat ödənilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı (borcverən) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2024-cü il tarixli borc müqaviləsi bağlanmışdır.

11. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borcalan bu müqaviləyə müvafiq Əlavələrdə qeyd olunan məbləğdə və şərtlər əsasında borcu borcverəndən almaq hüququna malikdir.

12. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən borc illik 6.5% ilə verilir.

13. Borc müqaviləsinə 1 saylı Əlavə ilə tərəflər arasında Qaydalar və Şərtlər təsdiq edilmişdir.

14. Borc müqaviləsinə 2 saylı Əlavə ilə təsdiq edilmiş Ödəniş Cədvəlinə əsasən toplam borc məbləği 15.000 manat məbləğində təşkil edir.

15. Müqavilə və Əlavə hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.

16. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, tərəflər arasında olan mübahisənin borc münasibətlərindən irəli gəldiyini, cavabdeh tərəfindən yalnız 1.488 manat məbləğində ödəniş edildiyini bildirmişdir.

17. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından məlum olur ki, Huse and Partners” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh hesabına 15.000 manat məbləğində pul köçürülmüşdür.

18. Daha sonra Cavabdeh tərəfindən İddiaçınə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində xx.xx.2024-cü il tarixli müqavilə əsasında müvafiq olaraq 788 manat və 700 manat məbləğində ödəniş edilmişdir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

20. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsinə əsasən iddia tələbini irəli sürmək hüququ vermişdir.

21. Məhkəmə xüsusilə qeyd edir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya etiraz etməmiş, borcun ödənilməsi ilə bağlı sənədi məhkəməyə təqdim etməmişdir.

22. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı iddia qaldırmaqda haqlı olmuşdur və buna görə də əsas borc üzrə 13.512 manat (15.000-1.488) və faiz borcu üzrə 418,91 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənməlidir.

23. Məhkəmə 17.000 manat dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

24. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 1 saylı Əlavəsi ilə təsdiq edilmiş Qaydalar və şərtlərin 8ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən borcordan elektron bildirişi alındıqdan sonra 10 (on) təqvim günü ərzində belə uyğunsuzluğun hər bir halı üçün (10.000) ABŞ dolları və borcalan bununla etiraf edir və razılaşır ki, borcorun bu cür hüququ öz xarakterinə görə adekvat məbləğdə ağlabatan və borcorun qanuni hüquqlarını qorumaq üçün mütənasibdir.

25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

26. Bu xüsusda Məhkəmə hesab edir ki, əsas borca münasibətdə 650 manat cərimə borcunun tutulması daha ağlabatandır və ədalətlidir.

27. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. VI. Nəticə:

28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 13.512 (on üç min beş yüz on iki) manat, faiz borcu üzrə 418 (dörd yüz on səkkiz) manat 91 (doxsan bir) qəpik, cərimə borcu üzrə 650 (altı yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar