Məhkəmə qərarları › İş №e-2-2(113)-4460/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4460/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4460/2025 22.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (icarə müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “icarə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 6012 manat məbləğində pul vəsaitinin, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 800 manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 80,12 manat məbləğində pulun əvəzinin tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun direktor vəzifəsində çalışdığı dövrdə, İddiaçı ASC (VÖEN: **********) ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli № 05 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 2-ci bəndinə əsasən, icarə haqqı hər ay üçün ƏDV ilə birlikdə 1456 manat razılaşdırılmışdır. Eyni zamanda tərəflər arasında xx.xx.2022-ci il tarixli, №18 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 3.1.1-ci bəndinə əsasən, aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri-yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 3000 manat məbləğində müəyyən olunmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən, “İcarəçi” tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş aylıq icarə haqqının tam məbləğdə hesablanması 01 iyul 2022-ci il tarixindən başlanılacaqdır və hər ayın (2022-ci ilin iyul ayı da daxil olmaqla) 01-də axımı başlanan 5 təqvim günü ərzində aylıq icarə haqqının ödənişi “İcarəçi” tərəfindən bu Müqavilənin 3-cü bəndində göstərilmiş qaydada “İcarəyə verən”ə nağd və ya bank hesabına köçürməklə ödəyir. xx.xx.2021-ci il tarixli, №05 saylı icarə müqaviləsinə əsasən: 1. xx-xx-2021-ci il tarixli, EBBN 683991 nömrəli elektron qaimə üzrə 1200 manat, 2. xx-xx-2021-ci il tarixli, EBBO 274167 nömrəli elektron qaimə üzrə 1200 manat, xx.xx.2022-ci il tarixli, №18 saylı icarə müqaviləsinə əsasən: 3. xx-xx-2022-ci il tarixli, EBCC 185911 nömrəli elektron qaimə üzrə 3612 manat olmaqla, ümumilikdə 6012 manat məbləğində borc yaranmışdır. Bundan əlavə, Cavabdeh1 İddiaçı ASC-nin direktoru vəzifəsində çalışdığı dövrdə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-ə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-yə təqdim edilməsi ilə bağlı Cavabdeh1 məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Qeyd edildiyi kimi, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmış və yuxarıda qeyd olunan icarə müqavilələri də onun tərəfindən imzalanmışdır. Həmin icarə müqavilələri üzrə elektron qaimələr də qeyd olunan dövrdə göndərilməsinə baxmayaraq, həmin ödənişlər İddiaçı ASC-nin balansında mövcud olmamışdır. Buna görə də, Cavabdeh1 da hazırkı mübahisə üzrə cavabdeh kimi işə cəlb olunmalıdır. Göründüyü kimi, tərəflər arasında xx.xx.2021-ci il tarixli № 05 saylı və xx.xx.2022-ci il tarixli, № 18 nömrəli icarə müqavilələri üzrə öhdəlik hüquq münasibətləri yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehlərə müvafiq pretenziya göndərilməsinə baxmayaraq, öhdəliyi hələ də icra etməmişlər.

3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 2400 manat məbləğində pul vəsaitinin, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 800 manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 80,12 manat məbləğində pulun əvəzinin tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, 2024-cü ildə İddiaçı ASC-yə yeni direktor təyin olduğu zaman hər-hansı bir təhvil-təslim edilməmişdir, təhvil-təslimlə bağlı yeni direktor tərəfindən 11 dəfə müraciət edilmiş, edilən müraciətlərə nə şifahi, nə də yazılı qaydada cavab verilməmişdir. Təhviltəslim edilməməsi ilə bağlı təftiş keçirildikdə uyğunsuzluqlar aşkar edilmiş, aşkar edilən uyğunsuzluqlar nəticəsində qeyd edilən icarə müqavilələri əsasında qaimələr göndərilmişdir. Buna baxmayaraq ödəniş həyata keçirilməmiş, bu səbəblə cavabdehlərdən 6012 manat zərər tələb edilmişdir. Həmçinin, 1200 manatlıq icarə haqqı məbləği və qaimələrin uyğunsuzluğu məsələsi araşdırılarkən məlum olmuşdur ki, qeyd edilən iyul 2022-ci il tarixli müqavilədə 3600 manat kommunal xərclərlə bağlı olmuş, hazırda Nəsimi rayon məhkəməsində kommunal xərclərlə bağlı Cavabdeh1 qarşı iddia qaldırılmışdır. Hazırda tələb 2400 manat təşkil edir. Həmin məbləğ 01 noyabr 2021-ci il müqavilə əsasında tələb edilir. 2400 manat 2021-ci ilin noyabr və dekabr aylarına aid məbləğdir. Cavabdeh1 eyni məbləğin tələb edilməsinin hüquqi əsasını MM-in 49-cu maddəsi təşkil edir.

5. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 4 ünvanında yerləşən ümumi sahəsi 23521,1 kv.m. olan əmlak kompleksi kimi müəssisənin üzərində mülkiyyət hüquqları İddiaçı ASC-nin adına hüquqi qeydiyyata alınmışdır.

9. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh2 MMC (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05 saylı icarə müqaviləsinin: 1-ci bəndinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 74 ünvanında yerləşən sahəsinin bir hissəsini icarəyə verir. (364 kv.m.) 2-ci bəndinə əsasən, icarə haqqı hər ay üçün ƏDV ilə birlikdə 1456 manat razılaşdırıldı. 3-cü bəndinə əsasən, icarəçi icarə haqqını icarə müddətinin sonunadək vaxtlıvaxtında ödəməyi və istifadəsində olan avadanlıqların saz vəziyyətdə saxlanılmasını öz öhdəsinə götürür. 5-ci bəndinə əsasən, icarə müqaviləsi 31 dekabr 2021-ci ilə qədər bağlanır. 6-ci bəndinə əsasən, bütün kommunal xidmətlər, rabitə, elektrik enerjisi, su qaz icarəçi tərəfindən ödənilir.

10. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh2 MMC (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 05 saylı icarə müqaviləsinin: 1-ci bəndinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 74 ünvanında yerləşən sahəsinin bir hissəsini icarəyə verir. (364 kv.m.) 2-ci bəndinə əsasən, icarə haqqı hər ay üçün ƏDV ilə birlikdə 1200 manat razılaşdırılmışdır.

11. İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-yə göndərilən EBBN seriyalı 683991 nömrəli elektron qaiməyə əsasən yekun məbləğ 1200 manat, xx.xx.2021-ci il tarixli və EBBO seriyalı 274167 nömrəli elektron qaiməyə əsasən yekuyn məbləğ 1200 manat, EBCC seriyalı, 185911 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməlyə əsasən yekun məbləğ 3612 manat təşkil edən təşkil etmişdir.

12. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, İddiaçı ASC və Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, 2021-ci ilin noyabr ayı üzrə icarə haqqı 1200 manat, dekabr ayı üzrə 1200 manat, 2022ci ilin avqust ayı üzrə kommunal xərc 3612 manat təşkil etmişdir.

13. İddiaçı tərəfindən təqdim edilmiş Xalq Bank ASC-nin hesabından çıxarışdan görünür ki, Fish Food MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 2542.37 manat icarə haqqı, xx.xx.2022-ci il tarixdə 2542.37 manat icarə haqqı, xx.xx.2022-ci il tarixdə 2164.40 manat, xx.xx.2022-ci il tarixdə 2542.37 manat, xx.xx.2022-ci il tarixdə 1593.22 manat, xx.xx.2022-ci il tarixdə 2542.37 manat, xx.xx.2022-ci il tarixdə 1703.39 manat, xx.xx.2022-ci il tarixdə 2542.37 manat, xx.xx.2022-ci il tarixdə 1482.21 manat, xx.xx.2023-cü il tarixdə 2542.37 manat, xx.xx.2023-cü il tarixdə 584.77 manat, xx.xx.2023-cü il tarixdə 2542.37 manat, xx.xx.2023-cü il tarixdə 456 manat, xx.xx.2023-cü il tarixdə 2300 manat, xx.xx.2023-cü il tarixdə 465 manat və 3130 manat, xx.xx.2023-cü il tarixdə 2542.37 manat, xx.xx.2025-ci il tarixdə 2837 manat, xx.xx.2023-cü il tarixdə 707.24 manat icarə haqqı üzrə ödəniş olunmuşdur, hər bir ödənişin təyinatı xx.xx.2022-ci il tarixli müqavilədir.

14. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli 112157 saylı kassa mədaxil orderinin qəbzinə əsasən Cavabdeh2 MMC tərəfindən 3612 manat məbləğində ödəniş edilmişdir.

15. xx.xx.2025-ci il tarixli 030/25 saylı ödəniş sənədinə əsasən İddiaçı ASC tərəfindən hüquqi xidmətin göstərilməsi müqaviləsi üzrə 800 manat məbləğində vəkil xidməti ödənilmişdir.

16. xx.xx.2025-ci il tarixli, ********** saylı ödəniş qəbzinə əsasən 80,12 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

17. Maliyyə arayışına əsasən İddiaçı ASC və Cavabdeh2 MMC ilə xx.xx.2021-ci il tarixində bağlanılmış icarə müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə 6012 manat məbləğində öhdəliyi yaranmışdır.(2021-ci il noyabr ayı üzrə icarə haqqı 1200 manat, 2021-ci il dekabr ayı üzrə icarə haqqı 1200 manat və 2022-ci il avqust ayı üzrə kommunal 3612 manat)

18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya icarə müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

20. Məhkəmə ilkin olaraq qeyd edir ki, qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən etmişdir: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.

21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC və Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli 05 nömrəli icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 74 ünvanında yerləşən daşınmaz əmlakın 364 kv.m təşkil edən hissəsi Cavabdeh2 MMC-nin icarəsinə verməyi, hüquqi şəxs (cavabdeh) isə bunun müqabilində aylıq (ƏDV daxil) 1200 manat icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən vəzifəni lazımı qaydada icra etməsinə baxmayaraq, cavabdeh öhdəliklərini lazımı qaydada icra etməmiş, iddiaçı tərəfindən ünvanlanmış hər biri 1200 manat olan iki elektron-qaimə üzrə ödənişləri həyata keçirilməmiş, nəticədə 2400 manat icarə haqqı ödənilməmiş qalmışdır.

22. Məhkəmə İddiaçı tərəflər arasında icarə müqaviləsindən irəli gələn iddia tələbi 2400 manat həddində öhdəlik hüquq münasibətlərinin yaranmasını və Cavabdeh2 MMCdən 2400 manat borc məbləğinin ödəmək öhdəliyinin əmələ gəldiyini sübut edə bildiyindən hesab edir ki, Cavabdeh2 MMC-dən 2400 manat məbləğində borc məbləği tutularaq İddiaçıya ödənilməlidir.

23. İddiaçı tələbini həmçinin İddiaçı ASC-nin əvvəlki direktoru olan Cavabdeh1 qarşı yönəltmiş, ikinci cavabdehə münasibətdə tələbinin hüquqi əsası olaraq MM-in 49-cu maddəsinə istinad etmişdir.

24. Məhkəmə digər Cavabdeh1 münasibətdə iddianı əsassız hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir:

25. AR MM-in: 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

26. Belə ki, mübahisəli icarə müqaviləsi iddiaçı və Cavabdeh2 MMC arasında bağlanmış, digər Cavabdeh1 (Fish Food MMC-nin əvvəlki direktoru) hazırkı müqaviləyə hər hansı bir aidiyyəti məhkəmə tərəfindən müəyyən edilməmişdir.

27. Əlavə olaraq qeyd edilməlidir ki, qüvvədə olan mülki qanunvericilik hüquqi şəxsin adından çıxış edən şəxsin hüquqi şəxsə dəyən zərərə görə məsuliyyətinin aşağıda sadalanan hallarını müəyyən etmişdir (Maddə 49.4): 49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyrimütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi; 49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi; 49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması; 49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması; 49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi; 49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanması.

28. Məhkəmə qeyd edir ki, hazırkı halda İddiaçı ASC-nin əvvəlki qanuni təmsilçisi olan Cavabdeh1 Mülki Məcəllənin yuxarıda istinad edilən 49.4-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətinin yaranmasına əsas olan halların hər hansı birinin mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, iddiaçı ödənişlərin Cavabdeh1 tərəfindən hüquqi şəxsin balansına köçürülməməsi ehtimalına istinad etdiyindən AR MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından ödənişlərin Karkas ASC-nin balansına köçürülməməsini və hüquqi şəxsə zərər dəyməsini sübut etmək vəzifəsi İddiaçının üzərinə düşür. Lakin iddiaçı istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bununla da ödənişlərin Cavabdeh1 tərəfindən qəbul edilməsi faktını sübuta yetirə bilməmişdir.

29. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qətnaməsi quman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz.

30. İddiaçı tələbində eyni zamanda ödənilmiş 80,12 manat dövlət rüsumunun və hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 800 manat pul məbləğinin cavabdehdən tutulmasını xahiş edir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

32. İş materiallarına əlavə edilmiş qəbzlər iddiaçı tərəfindən dövlət rüsumunun və hüquqi yardıma görə xərcin ödənildiyini təsdiqləyir. Məhkəmə hüquqi yardıma görə ödənilmiş pul məbləğinin cavabdehdən tutulması hissəsində qismən əsaslı hesab edir və həmin məbləğin 300 manat həddində müəyyən edilməsini ağlabatan hesab edir. Eyni zamanda iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 80,12 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. V. Nəticə:

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən xx.xx.2021-ci il tarixli 05 saylı icarə müqaviləsi üzrə 2400 manat icarə haqqı, 300 manat hüquqi yardıma görə vəkilə ödənilmiş pul məbləği və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 80.12 manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar