Məhkəmə qərarları › İş №e-2-2(113)-4463/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4463/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4463/2025 10.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdеh Cavabdeh (bundan sonra – cavabdеh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hal-hazırkı tarixə mövcud olan 12938 manat ödənilməmiş borcun və borc ödənişinin geçikdirilməsi nəticəsində İddiaçıya vurduğu zərərə görə həmin məbləğə hesablanmış 646 manat faizin, 131 manat iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun, ümumilikdə 13715 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 19 sentyabr 2024-cü il tarixli 10 nömrəli borc müqaviləsinin şərtinə uyğun olaraq, İddiaçı MMC Müqavilənin 1.1.-ci bəndinə əsasən Cavabdeh 12.938 (on iki min doqquz yüz otuz səkkiz) manat pulu (borc olaraq) verməyi, Cavabdeh isə həmin borcu müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öhdələrinə götürmüşlər. 1.2. İddaçı 19 sentyabr 2024-cü il tarixli 10 nömrəli borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmiş, Cavabdehə 12938 (on iki min doqquz yüz otuz səkkiz) manat pulu nağd şəkildə birgə sahibkarlıq fəaliyyəti üçün vermişdir. 1.3. Lakin Cavabdeh sözügedən Müqavilənin 2.2.1-ci bəndinin şərtini pozmuş, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, halhazıra qədər İddiaçıya olan 12938 (on iki min doqquz yüz otuz səkkiz) manat borcunu tamamilə ödəməmişdir. 1.4. İddiaçı tərəfindən Cavabdehə xx.xx.2025-ci il tarixində elektron məhkəmə və DVX-nin elektron kargüzarlıq sistemindən pretenziya məktubu göndərilmiş,borc məbləğini ödəmək üçün müddət müəyyən edilmişdir. Lakin Cavabdeh qanunvericiliyə zidd olaraq müqavilədə üzərinə götürdüyü öhdəliyinin icrasını təmin etməmişdir. Eyni zamanda 2024-cü ilin oktyabr, noyabr, dekabr, 2025-ci ilin yanvar, fevral, mart, aprel aylarında cavabdehə whatsapp üzərində borcu ödənilməsi tələb edilməsinə, dəfələrlə şifahi qaydada (telefonla) cavabdehə yarananmış borcunun ödənilməsi bildirilməsinə baxmayaraq, cavabdeh heç bir ödəniş etməmişdir. 1.5. Odur ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

İİ.Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Seyidova iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh müqavilə üzrə heç bir ödəniş etməmiş, barışıq mümkün olmamışdır.

4. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı əsas borc hissədə qəbul etdiyini, yaranmış 12938 manat borcu hissə-hissə olmaqla ödəyə biləcəyini bildirdi.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir.

6. Sonuncu məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin:

8. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

9. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

10. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

11. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

12. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 10 saylı borc müqaviləsinə əsasən «Borc verən» 12.938 (on iki min doqquz yüz otuz səkkiz) manat məbləğində cavabdehin sahibkarlıq fəaliyyətinə dəstək üçün onunla borc müqaviləsi bağlayır. «Borc alan» borcu müqavilənin şərtlərinə uyğun olaraq, pulu hər ay 1.617 manat 25 qəpik (min altı yüz on yeddi) manat ümumi borcdan çıxılması şərti ilə «Borc verənə» geri qaytarmağı öhdəsinə götürür.

14. Müqavilənin 2.2.1-ci bəndinə əsasən «Borc» məbləğini «30» aprel 2025-ci il tarixədək tam həcmdə geri qaytarmaq borc alanın öhdəliyidir.

15. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

17. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

18. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

19. Beləliklə, işin araşdırılan hallarından məlum olur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 10 saylı borc müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə ilə üzərinə düşən öhdəliyini icra edib 12938 manat pulu cavabdehə verməyinə baxmayaraq cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməyərək yaranmış borcu iddiaçıya qaytarmamışdır.

20. İddiaçı hazırda göstərilən borcun cavabdehdən tutulmasını tələb etməklə haqlıdır.

21. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin borc müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 12938 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

22. Bundan başqa iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc (12938 manat) üzrə ona vurulmuş zərər qismində 646 manat pulun ödənilməsi tələbini də irəli sürmüşdür.

23. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.

24. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

25. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.

26. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.

27. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.

28. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 12938 manat əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 128,81 manat manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 2,19 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12938 manat məbləğində pul, 128,81 manat dövlət rüsumu, ümumilikdə 13066,81 (on üç min altmış altı manat səksən bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 2,19 (iki manat on doqquz qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar