Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4465/2025 07.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: tapşırıq müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1,770.00 (bir min yeddi yüz yetmiş) manat əsas borc; 30.06 (otuz manat altı qəpik) manat məbləğində gecikmə faizinin (illik 7.25 faiz); 700.00 (yeddi yüz manat) manat hüquqşünasın xidmət haqqı; 45.00 (qırx beş manat) manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 2545.06 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında 25 dekabr 2024 il tarixində yazılı formada xidmət müqaviləsi bağlanmışdır. Yazışmalar "xxxx" MMC-nin qanuni təmsilçi Risto Riihimaki (Elektron ünvan 1) və eyni şirkətinin nümayəndəsi olan Aleksey Privezentsevə (Elektron ünvan 2) mənsub olan müvafiq e-poçt ünvanlarla aparılmışdır. Müqavilə sənədi cavabdeh tərəfdən imzalanmamış olsa da, həmin müqavilə cavabdehə təqdim edilmiş, ona qarşı heç bir irad bildirilməmiş və tərəflər arasında faktiki hüquqi münasibət yaranmışdır. Bu əsasda xidmətlər göstərilmiş (bax Əlavə 8), qarşılığında hesab-faktura təqdim edilmiş və cavabdeh bu hərəkətlərə etiraz etməmişdir. İddiaçı, müqavilə şərtlərinə uyğun olaraq, göstərilmiş hüquqi xidmətlərin müqabilində cavabdehə aşağıdakı hesab-fakturaları təqdim etmişdir: № 25139 – 9 yanvar 2025 il tarixli – 566.40 manat məbləğində; və № 25149 – 5 fevral 2025 il tarixli – 1,203.60 manat məbləğində. Qeyd olunan hesab-fakturalar əsasən cavabdehdən ümumi 1,770 (bir min yeddi yüz yetmiş) manat məbləğində ödəniş tələb olunmuşdur. Müqavilənin 2-ci bəndinə əsasən, təqdim olunmuş hesab-fakturalar təqdim edildiyi gündən etibarən 30 təqvim günü ərzində ödənilməli idi. Eyni zamanda, tərəflər arasında razılaşdırılmış bəndə uyğun olaraq: Cavabdeh təqdim olunmuş hüquqi xidmətlərdən istifadə etmiş, onların həcminə və məzmununa dair heç bir yazılı və ya şifahi irad irəli sürməmiş, hesabfakturaları ödəməmişdir. Bununla cavabdeh təqdim edilmiş borc sənədlərini və müvafiq ödəniş öhdəliyini faktiki olaraq tanımış və qəbul etmişdir. Müqavilədə nəzərdə tutulmuş şərtlərə əsasən, ödənişin gecikdirilməsi halında cavabdeh borc məbləği üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi ilə faiz ödəməyə razılıq vermişdir. Müqavilənin bağlandığı tarixdə bu dərəcə 7.25 faiz təşkil etmişdir. Müvafiq hesablamaya əsasən hər iki, 30.06 manat məbləğində gecikmə faizi yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi O.Ağayev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli xidmət müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nə bank hesabının açılmasında köməklik göstərilir. Burada göstərilən şərtlər hüquqi xidmətlərin göstərilməsinə dair razılaşmanı təşkil edir. Bu razılaşmanın qüvvəsi, sifarişçinin sonuncu göstərişindən etibarən 3 (üç) il müddətində qüvvədə qalacaq, bundan sonra əməkdaşlıq və xidmətlər başa çatmış sayılacaqdır.
8. Müqavilənin 2-ci bəndinə əsasən xərclərə tərcümə xərcləri, notarius xidmət haqqı, kuryer, fotokopiya, beynəlxalq çağırış haqları, rüsumlar və digər xərclər daxildir. Tərcümə üçün hər səhifəyə 25 manat (əlavə dəyər vergisi (ƏDV) istisna olmaqla) haqq alınır (Azərbaycan, İngilis, Rus).
9. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli MT2501 10469566 nömrəli 566,4 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2502 10334209 nömrəli 1203,6 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.
10. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
11. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
15. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
16. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.
19. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
20. İş materiallarında olan sübutlarla müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə bank hesablarının açılması ilə bağlı xidmətlər göstərilmiş, lakin göstərilmiş xidmətlərin dəyəri ödənilməmişdir.
21. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, cavabdehdən 1770 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
22. Bundan başqa iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc (1770 manat) üzrə ona vurulmuş zərər qismində 30,06 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 7,25 % olmaqla) pulun ödənilməsi tələbini də irəli sürmüşdür.
23. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.
24. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
25. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.
26. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.
27. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.
28. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1770 manat əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
29. Bundan başqa iddia ərizəsində hüquqi yardımın göstərilməsi ilə bağlı 700 manat vəsaitin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, həmin xərc cavabdehə aid edilə bilməz.
30. Belə ki, iddiaçı tərəfindən hüquqi yardımla bağlı həmin xərcin çəkilməsni təsdiq edən hər hansı sübut (ödəniş qəbzi və sairə) məhkəməyə təqdim edilməmişdir.
31. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
32. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 37,70 manat manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 7,3 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 1770 manat məbləğində pul, 37,70 manat dövlət rüsumu, ümumilikdə 1807,70 (bir min səkkiz yüz yeddi manat yetmiş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 7,30 (yeddi manat otuz qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova