Məhkəmə qərarları › İş №e-2-2(113)-447/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-447/2020

06.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-447/2020 06.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məsləhətçi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Quliyev Vurğun Adil oğlunun, Cavabdeh nümayəndəsi Həmidli Fərid Ziyad oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən iddiaçı üçün, 2019-cu ilin iyun ayının sonuna qədər qazdan istifadəyə görə əsassız hesablanmış 22296,87 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən iddiaçı üçün, 2019-cu ilin iyun ayının sonuna qədər qazdan istifadəyə görə əsassız hesablanmış 22296,87 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Salyan rayonu, Qaraçala kəndində istixanada iddiaçıya məxsus **********00050 abonent kodu altında istifadə edilən qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli akta əsasən G-250 markalı 80109853 nömrəli sayğacın korrektorunun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən faktiki olaraq keçən qaz həcminin elektron hissədə qeydə alınmadığı müəyyən edilmişdir. Buna uyğun olaraq iddiaçının sayğac oxunmasından sonra 2019-cu ilin iyun ayının sonuna 22296,87 manat qalıq borcunun olması qeyd edilmişdir. İstixanada qazdan yalnız qış aylarında istifadə olunur. Keçən il qışın mülayim keçməsinə görə qazdan əvvəlki illərlə müqayisədə daha az istifadə olunmuşdur. 2018-ci ilin dekabr ayında 6228 manat, 2019-cu ilin yanvar ayında keçən ilin dekabr ayı üçün 6129 manat, 2019-cu ilin fevral ayında 3000 manat, 2019-cu ilin mart ayında 2700 manat, 2019-cu ilin aprel ayı 2600 manat, 2019-cu ilin may ayı 5200 manat ödəniş edilmişdir. Abonentin saldosundan da görmək olur ki, hər il üçün orta ödəniş məbləği 22-25 min manat civarındadır. Məsələn, 2017-ci il ərzində 22974 manat, 2018-ci ildə 25255 manat ödəniş edilmişdir. 2019-cu ilin ilk iki ayı üçün sərfiyyat 8702,60 manat həcmində olmuş, əvəzində 8950 manat ödəniş edilmişdir. 2018-ci ilin dekabr ayında 6228 manat ödəniş edilməklə həmin il üçün qalıq borc tam ödənilmişdir. 2018-ci ilin dekabr ayı və 2019-cu il üçün cəmi 19629 manat ödəniş edilmişdir. Yenə də sərfiyyat əvvəlki illərə yaxın məbləğdə olmuş, lakin son ilin qışının mülayim keçməsinə görə dahaaz məbləğdə qazsərfiyyatı olmuşdur. Qeyd olunanlara baxmayaraq, cavabdeh tərəfindən 2019-cu ilin iyun ayının sonu üçün 22296,87 manat qalıq borc məbləği hesablanmışdır. Buna əsas kimi, xx.xx.2019-cu il tarixli akta əsasən G- 250 markalı 80109853 nömrəli sayğacın korrektorunun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən faktiki olaraq keçən qaz həcminin elektron hissədə qeydə alınmadığı göstərilmişdir. Bu isə ağlabatan deyildir. Çünki belə olan halda, istehlakçı 2019cu il üçün əvvəlki illərlə müqayisədə 2 qat artıq, yəni təxmini 45-50 min manat civarında qazdan istifadə etmiş olur. Qışın sərt keçdiyi illərdə belə bu qədər sərfiyyat olmamışdır. Onu da istixananın ərazisi böyüdülməmiş, fəaliyyət əvvəlki illərdə olduğu kimi həyata keçirilmişdir. Odur ki, ödənilmiş 19629 manat həcmində sərfiyyatdan əlavə hesablanmış 22296,87 manat qalıq borc real deyildir və əsassız hesablandığından silinməlidir. Digər tərəfdən mexaniki hissədən keçən qazın elektron hissədə qeydə alınmaması cavabdehin iddiasıdır, bu iddia isə heç bir dəlillə əsaslandırılmır. Sayğacda olan nöqsan cavabdeh tərəfindən hər ay üçün qazdan istifadəyə görə ödəniş hesablanarkən aşkar edilə bilərdi, bu zaman sayğacın elektron hissəsində uyğunsuzluq olduğu müəyyən edilərdi. Bu da cavabdehin səhlənkarlığıdır, iddiaçı buna görə məsuliyyət daşımır. Cavabdehə qazdan istifadəyə görə əsassız hesablanmış 22296,87 manat qalıq borcun silinməsi ilə bağlı pretenziya qaydasında müraciət edilmiş, həmin müraciət məktubu xx xxxxxxxx 2019-cu il tarixində cavabdeh tərəfindən qəbul edilmiş, müraciətə cavab verilməsi xahiş edilmiş, lakin cavabdeh tərəfindən hər hansı cavab verilməmişdir. Buna görə də borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Quliyev Vurğun Adil oğlu iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Həmidli Fərid Ziyad oğluməhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, sayğac müəssisədən kənarda yerləşir və uzun müddət istifadə edilmişdir. 2018-ci ilin aprel ayından sayğacın mexanizmi işləməmiş və 2019-cu ilin fevral ayına qədər bu belə davam etmişdir. Sayğac çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Sayğacdan keçən qazın 106734 kub.metri qeydə alınmamış, nəticədə 21346 manat 80 qəpik borc hesablanmışdır. 2018-ci ildə sayğac qüsurlu işləmiş, sayğac dəyişdirildikdən sonra fərq müəyyən edilmişdir. Belə ki, 2019-cu ilin fevral ayına 4545 manat, 2020-ci ilin fevral ayına 5690 manat qaz sərfiyyatı olmuş və fərq nəzərə çarpacaq dərəcədə artmışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx xxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazın istifadə qaydalarının pozulması haqqında” Aktdan görünür ki, Cavabdeh əməkdaşları tərəfindən Salyan rayonu, Qaraçala kəndində yerləşən iddiaçıya məxsus obyektə yoxlama keçirilən zaman sayğacın korrektorunun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən faktiki olaraq keçən qaz həcminin elektron hissədə qeydə alınmadığı aşkar olunmuşdur. xx xxxx 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyan 106734 kub.metr müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya akta əsasən 2019-cu ilin mart ayına 21346,80 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh əməkdaşları tərəfindən Salyan rayonu, Qaraçala kəndində yerləşən iddiaçıya məxsus obyektə yoxlama keçirilən zaman sayğacın korrektorunun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən faktiki olaraq keçən qaz həcminin elektron hissədə qeydə alınmadığı aşkar olunaraq xx xxxx 2019-cu il tarixli ******* nömrəli “Təbii qazın istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya akta əsasən dəymiş ziyan 106734 kub.metr müəyyən edilmiş və 21346,80 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan əlavə, cavabdeh tərəfindən tərtib edilmiş aktda sayğacda olan nöqsanlar qeyd edilmişdir. Həmin nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmiş və əgər sayğaca müdaxilə olunmuşdursa, bu müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi akta əsasən iddiaçıya 21346,80 manat məbləğində borc hesablandığından iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (21346,80 manat) iddia tələbinin (22296,87 manat) 95,73 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28,7 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 1,3 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 21346,80 (iyirmi bir min üç yüz qırx altı manat səksən qəpik) manat məbləğində borc silinsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 28,7 (iyirmi səkkiz manat yetmiş qəpik) manat məbləği Cavabdehndən tutularaq İddiaçı ödənilsin, qalan 1,3 (bir manat otuz qəpik) manat məbləği isə İddiaçı aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar