Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4475/2022 04.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 14945,81 manat pulun, 980 manat gecikdirilmiş borca görə dəymiş zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə cavabdeh ilə aralarında bağlanmış AGCX 07/2020 saylı müqaviləyə əsasən, XCMG-XZJ5328JQZ25K buraxılış ili 2013, avtokran (qeydiyyat nömrəsi ** EM ***) icarəyə verilmiş və bunun müqabilində aylıq xidmət haqqı 28 gün hesabı ilə vergilər daxil olmaqla 4982 AZN olmuşdur. Eyni zamanda cavabdeh ilə aralarında bağlanmış, xx.xx.2020-ci il tarixli, AGCX/2020 saylı xidmət müqaviləsinə əsasən cavabdehin istifadəsinə xidmət müqaviləsinə əsasən, “Ekskovator Tükləyici CAT 428 F” (qeydiyyat nömrəsi 14-T-270) verilmiş, aylıq xidmət haqqı təqvim ayı ilə hesablanmaqla 3515 manatdan ibarət olmuşdur. Qeyd etmək lazımdır ki, cavabdeh hər iki müqavilə üzrə onun istifadəsinə verilmiş texnikalardan istifadə etmiş, bunun müqabilində sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə olmuş, ümumilikdə müqavilə öhdəlikləri üzrə 19.867 AZN ödəməli olduğu pul məbləğini iddiaçının hesabına köçürməmişdir. Belə ki, hər iki müqavilənin 3.3-cü maddəsinin tələbinə əsasən, müqavilə üzrə ödəmələr bank köçürmə yolu ilə həyata keçirilir. Müqavilələrin 3.5ci bəndinə əsasən, müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk beş günü ərzində bank köçürmə yolu ilə həyata keçirilir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 708560 saylı elektron qaimədən görünür ki, xx.xx.2020-ci il tarixli, AGCX 07/2020 saylı müqavilə üzrə yükdaşıyıcı avtokrana dair 4982 manat məbləğində iş görülmüş, lakin həmin işin dəyəri ödənilməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 029777 saylı elektron qaiməyə əsasən, xx.xx.2020-ci il tarixli, AGCX/2020 saylı xidmət müqaviləsi üzrə ekskavator sifarişçi üçün ümumi dəyəri 30120.04 manat dəyərində iş görmüşdür. İddia ərizəsinə əlavə edilmiş bank çıxarışından görünür ki, cavabdeh tərəfindən ona göndərilmiş elektron qaimələr üzrə ödənişlər tam həyata keçirilməmiş, nəticədə ümumilikdə hər iki müqavilə üzrə 19867 manat öhdəlik icra edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş,xx.xx.2021-ci il 029358 saylı elektron qaimədən görünür ki, Sumqayıt lahiyəsi üzrə 54819.94 manat həcmində sifarişçiyə avtokran xidməti üzrə iş görülmüşdür. İddia ərizəsinə əlavə edilmiş bank hesab çıxarışından görünür ki, hər iki müqavilə üzrə cavabdeh tərəfindən ödənişlərdən görünür ki, xx.xx.2020-ci il tarixli, AGCX 07/2020 saylı müqavilə üzrə cavabdeh tərəfindən 46856,17 manat, xx.xx.2020-ci il tarixli, AGCX/2020 saylı xidmət müqaviləsi üzrə isə 28120 AZN iddiaçının bank hesabına köçürülmüşdür. Halbuki, xidmət üzrə cavabdehə hər iki müqavilə üzrə 89.921.98 manat elektron qaimə göndərilmiş və iş icra edilmişdir. Həmin müqavilələr üzrə yuxarıda icra edilən xidmətin dəyəri göstərilmişdir. Hal-hazırda cavabdeh tərəfindən ödənilməli olan məbləğ 14.945.81 manat təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-ci il üçün illik uçot faiz dərəcəsi, xx.xx.2021-ci il tarixə 6.5 %, xx.xx.2021-ci il tarixə 7 %, xx.xx.2021-ci il tarixə 7.25 %, 2022-ci il tarixi üçün 7.5 % ibarət olmuşdur. Həmin məbləğ yuvarlaq olaraq 7 faiz uçot dərəcəsi ilə hesablandıqda 980 AZN təşkil edir. Gecikdirilmiş pul məbləği üzrə əlavə 980 manat cavabdeh tərəfindən tutulmasını zəruri hesab edir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli AGCX 07/2020 saylı xidmət müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 54819,94 manat məbləğində ödəniş edilməli olduğu halda, cəmi 51838 manat pul ödənilmiş, həmin müqavilə üzrə ödənilməli olan borcun məbləği 2981,94 manat təşkil edir. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli AGCX 17/2020 saylı xidmət müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 30120,04 manat məbləğində ödəniş edilməli olduğu halda, cəmi 28120 manat pul ödənilmiş, həmin müqavilə üzrə ödənilməli olan borcun məbləği 2000,04 manat təşkil edir. Beləliklə, hər iki müqavilə üzrə iddiaçıya ödənilməli olan borcun məbləği 4981,98 manatdır. Bununla yanaşı, tərəflər arasında daha əvvəl imzalanmış xx.xx.2018-ci il tarixli, AGCX 14/0918 saylı müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 79712 manat məbləğində ödəniş edilməli olduğu halda, 84694 manat pul ödənilmiş, həmin müqavilə üzrə iddiaçıya cavabdeh tərəfindən ümumilikdə 4982 manat artıq pul ödənilmişdir. Hazırkı iddia ərizəsi üzrə iddiaçıya olan borcun məbləği ilə iddiaçının cavabdehə borclu olduğu məbləğ nəzərə aldıqda, borcun olmadığı müəyyən olunur. Bu səbəbdən iddia əsassızdır, habelə mövcud olmayan borca görə gecikmə faizi tələb edilə bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir. Tərəflərin izahatı: Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəməyə ərizə ünvanlayaraq sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi E.Xutinayeva iddia tələbinə etiraz edib iddiaya yazılı etirazın məzmununa uyğun izahat verib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda iddiaçıya ödənilməli olan borcunun məbləği 4981,98 manat təşkil edir. Lakin tərəflər arasında daha əvvəl də icarə müqaviləsi olmuş, həmin müqavilənin müddəti bitdikdən sonra tərəflərindən iddiaçıya 4982 manat pul ödənilmiş, həmin ödəniş hazırkı iş üzrə nəzərə alınmalı, bu səbəbdən iddia təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli AGCX 07/2020 saylı xidmət müqaviləsinə əsasən icraçı ona məxsus XCMG- XZJ5328JQZ25K, buraxılış ili 2013, avtokranla (qeydiyyat nömrəsi **-EM-***) sifarişçinin verdiyi sifarişlər əsasında xidmət edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən razılaşmaya əsasən bu müqavilə üzrə bir texnikanın bir aylıq xidmət haqqı (28 gün hesabı ilə) vergilər daxil 4982 manat təşkil edir. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli AGCX 17/2020 saylı xidmət müqaviləsinə əsasən icraçı ona məxsus Ekskavator Yükləyici CAT 428 F, buraxılış ili 2013, (qeydiyyat nömrəli 14-T-270) sifarişçinin verdiyi sifarişlər əsasında xidmət edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən texnika xidmət yerinə çatdıqdan sonra sifarişçi həmin yol vərəqəsinə müvafiq qeydlər edir, qeydlərini səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edir. Xidmət bitdikdən sonra və ya hər hansı səbəbdən icraçının göstərişi ilə texnikalar geri göndərildikdə sifarişçi yol vərəqəsində müvafiq qeyd edir, qeydlərini səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edir. Müqavilənin 3.1-ci bəndinə əsasən razılaşmaya əsasən bu müqavilə üzrə bir texnikanın bir aylıq xidmət haqqı (təqvim ayı ilə) vergilər daxil 3515 manat təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən icraçı texnikalar üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında tərəflər arasında “xidmətlərin təhvil-təslim aktı” tərtib olunur, imzalanır, möhürlənir. İddiaçı tərəfindən cavabdehə EBAF 462114 nömrəli xx.xx.2020-ci il tarixli (4982 manat), EBBF 029358 nömrəli xx.xx.2021-ci il tarixli (54819,94 manat), EBAH 708560 nömrəli xx.xx.2020-ci il tarixli (4982 manat), EBBF 029777 nömrəli xx.xx.2021-ci il tarixli (30120,04 manat) elektron qaimələr göndərilmişdir. Cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş ödəniş sənədlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli AGCX 07/2020 saylı xidmət müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə 4982 manat, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixdə 4982 manat, xx.xx.2020-ci il tarixdə 4982 manat, xx.xx.2020-ci il tarixdə 4982 manat, xx.xx.2020-ci il tarixdə 4982 manat, xx.xx.2020-ci il tarixdə 4982 manat, xx.xx.2020-ci il tarixdə 9964 manat, xx.xx.2020-ci il tarixdə 5000 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş ödəniş sənədlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli AGCX 17/2020 saylı xidmət müqaviləsinə əsasən xx.xx.2020-ci ildə 3515 manat, xx.xx.2020-ci ildə 3515 manat, xx.xx.2020-ci ildə 3515 manat, xx.xx.2020-ci ildə 3515 manat, xx.xx.2020-ci ildə 3515 manat, xx.xx.2020-ci ildə 3515 manat, xx.xx.2020-ci ildə 7030 manat pul ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli AGCX 17/2020 saylı və xx.xx.2020-ci il tarixli AGCX 07/2020 saylı xidmət müqavilələrindən irəli gəlir. Cavabdehin həmin müqavilələr üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xx.xx.2020-ci il tarixli AGCX 17/2020 saylı və xx.xx.2020-ci il tarixli AGCX 07/2020 saylı müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilələr üzrə iddiaçıya 4981,98 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4981,98 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş ödəniş sənədlərinə əsasən hazırda iddiaçıya cavabdehin xx.xx.2020-ci il tarixli AGCX 17/2020 saylı müqaviləyə əsasən iddiaçıya ödənilməli olan borcunun məbləği 2000,04 manat, xx.xx.2020-ci il tarixli AGCX 07/2020 saylı müqaviləyə əsasən iddiaçıya ödənilməli olan borcunun məbləği 2981,94 manat, ümumilikdə hər iki müqavilə üzrə 4981,98 manat təşkil edir. Cavabdeh iddiaya qarşı etiraz edərək göstərmişdir ki, tərəflər arasında daha əvvəl bağlanmış xx.xx.2018-ci il tarixli, AGCX 14/0918 saylı müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 79712 manat məbləğində ödəniş edilməli olduğu halda, 84694 manat pul ödənilmiş, həmin müqavilə üzrə iddiaçıya cavabdeh tərəfindən ümumilikdə 4982 manat artıq pul ödənilmişdir. Bu səbəbdən artıq ödənilmiş vəsait nəzərə alnmaqla onların iddiaçıya ödənilməli olan hər hansı borcu yoxdur. Məhkəmə cavabdehin bu arqumentinə cavab olaraq bildirir ki, tərəflər arasında yaranmış mübahisə xx.xx.2020-ci il tarixli, AGCX 07/2020 saylı və xx.xx.2020-ci il tarixli, AGCX/2020 saylı xidmət müqavilələrindən irəli gəlir. Cavabdeh tərəfindən tərəflər arasında daha əvvəl bağlanmış xx.xx.2018-ci il tarixli, AGCX 14/0918 saylı müqavilə üzrə iddiaçıya qarşı həmin müqavilə üzrə artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı hər hansı tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu səbəbdən cavabdehə tərəflər arasında daha əvvəl bağlanmış xx.xx.2018-ci il tarixli, AGCX 14/0918 saylı müqavilə üzrə artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət etməli olması izah edilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 980 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. İddiaçı iddia tələbində cavabdehdən bank uçot dərəcəsi nəzərə alınmaqla 980 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borclarının məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən bank uçot dərəcəsi nəzərə alınmaqla 980 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olubolmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4981,98 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallarda olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 11 yanvar 2022-ci il tarixli M-10795 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə, ödənilmiş 147 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4981,98 (dörd min doqquz yüz səksən bir manat doxsan səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 147 (bir yüz qırx yeddi) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4475/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4475/2022
04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver