Məhkəmə qərarları › İş №e-2-2(113)-448/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-448/2022

07.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-448/2022 07.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh “X1” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1” MMC-dən 77.242 manat məbləğində pulun və iddia qaldırmaq üçün ödənilmiş 351,73 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 01.07.2019-cu il tarixdə bağlanmış 06 saylı müqaviləyə əsasən, razılaşdırılmış qiymətlərlə “X1” MMC-nin sifarişləri əsasında müvafiq xidmətlər göstərilmiş, avia-biletlərin alqı-satqısı üzrə birgə əməkdaşlıq edilmişdir. Həmin müqavilənin 3.1.2-ci bəndinin tələblərinə görə sifarişiçi, “X1” MMC göstərilmiş xidmətin dəyərini ödəmək öhdəliyi daşımışdır. Tərəflər arasındakı müqavilənin realizəsi nəticəsində 01.08.2019-01.01.2020-ci il tarixləri aralığında “X1” MMC-nin İddiaçı MMC-yə göstərilmiş xidmətlər müqabilində ödənilməmiş 77.242 manat borcu yaranmışdır. Həmin pul vəsaitinin ödənilməsi ilə bağlı şifahi müraciətləri nəticəsiz qalmışdır. Bundan sonra cavabdehə pretenziya göndərilmiş, eyni zamanda mübahisənin məhkəmədən kənar alternativ həlli kimi mediasiya şurasına müraciət edilmişdir. Lakin bu cəhdlərin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (icraçı) ilə “X1” MMC (sifarişçi) arasında 01 iyul 2019-cu il tarixdə 06 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi bu müqaviləyə əlavə edilmiş “Razılaşma protokolunda” göstərilən xidmətlərin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada həmin xidmətləri göstərməyi öhdəsinə götürür. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən Razılaşma protokolu ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. 5.1-ci bəndinə görə bu müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. 9.3-cü bəndinə əsasən tərəflər arasında yaranmış mübahisələr 9.2-ci maddədə göstərilmiş qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq. Müqavilə sifarişçinin və icraçının imzası və möhürü ilə təsdiq edilmişdir. 01 iyul 2019-cu il tarixli 06 saylı müqavilə üzrə qiymətlərin razılaşdırılması protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulmuş xidmətlərin miqdarı və qiymətləri 77.287 manat olaraq razılaşdırılmışdır. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC ilə “X1” MMC arasında 05.10.2021-ci il tarixli üzləşmə aktına əsasən “X1” MMC-nin İddiaçı MMC-yə 01.08.2019-01.01.2020-ci il tarixləri aralığında avia biletlərin alqısatqısının birgə əməkdaşlığı nəticəsində 77.242 manat məbləğində borcu yaranmışdır və bu günədək qeyd olunan məbləğ İddiaçı MMC-yə ödənilməmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən “X1” MMC-yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun qısa müddət ərzində ödənilməsi xahiş edilmiş, əks halda “X1” MMC-yə qarşı qanunvericililklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh “X1” MMC arasında 01 iyul 2019-cu il tarixli 06 saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdeh “X1” MMC-yə xidmətlər göstərsə də, cavabdeh göstərilmiş xidmətlərin haqqını ödəməmiş, nəticədə iddiaçıya 77.242 manat məbləğində əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdeh “X1” MMC-nin tərəflər arasında bağlanmış müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, nəticədə İddiaçı MMC-yə 77.242 manat məbləğində borcunun yarandığını, İddiaçı MMC-nin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, əsas borcunun tutulması tələbinə dair hissədə iddia təmin edilməli, cavabdehdən 77.242 manat məbləğində əsas borc tutulmalıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya prosesinə dair xərclər (dövlət rüsumu da həmin xərclərə daxildir) iddiaçı tərəfindən ödənilmişdir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini, eləcə də hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı çəkdiyi məhkəmə xərclərinin 351,73 manat hissəsinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X1” MMC-dən 77.242 manat (yetmiş yeddi min iki yüz qırx iki) məbləğində borc və məhkəmə xərclərinin əvəzi olaraq 351,73 manat (üç yüz əlli bir manat yetmiş üç qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar