Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-449/2023 08.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən həmin cəmiyyətə əsassız ödənilmiş 1.896 (min səkkiz yüz doxsan altı) manat sığorta ödənişinin və 60 manat mediasiya xərcinin tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair işə sadələşdirilmiş icraat qaydasında baxılaraq, qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, Cavabdeh MMC-yə məxsus olan “X3” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil "Xalq Sığorta” ASC tərəfindən CSH200142809 saylı sığorta şəhadətnaməsi ilə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək X1 sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin arayışından göründüyü kimi, sığortalanmış əmlakın xx.xx.2021-ci il tarixində naməlum şəraitdə ön şüşəsinə maddi zərər dəymişdir. Həmin zərərin aradan qaldırılması üçün avtomobil "xxxx" MMC-nin təmir müəssisəsində təmir edilmişdir. "xxxx" ASC tərəfindən təmir xərcləri üçün xx.xx.2021-ci il tarixli, №791208 saylı elektron qaimə əsasında xx.xx.2021-ci il tarixli, 8644 saylı ödəniş tapşırığından göründüyü kimi "xxxx" MMC-yə ümumilikdə 2296 (ikimin iki yüz doxsan altı) manat məbləğində pul vəsaiti ödənilmişdir. Dəymiş zərərə görə sığorta ödənişinin verilməsinə dair CSH92415 saylı sığorta aktı tərtib olunaraq sığorta ödənişi 400 (dörd yüz) manat, zərərçəkən tərəfindən qaytarılacaq məbləğ isə -1896 ( min səkkiz yüz doxsan altı) manat məbləğində qeyd edilmişdir. Sözügedən sığorta aktı "xxxx" ASC və Cavabdeh MMC tərəfindən imzalanaraq təsdiq edilmişdir. “X1 sığortası” Qaydalarının 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, sığortaçı sığorta olunmuş avtonəqliyyat vasitəsinin ön şüşəsinə və pəncərələrinə vurulmuş ziyanın əvəzini sığortalıya aşağıda göstərilən qaydada ödəyir: ön şüşənin və/və ya pəncərələrin sınması və sığorta olunmuş avtonəqliyyat vasitəsinin gövdəsinin sınmış şüşə ilə cızılması hallarında sığorta ödənişi ön şüşənin və/və ya pəncərənin dəyişdirilməsi və ya belə ziyanın təmiri qiyməti olacaq. Bu maddə əsasında hər bir sığorta olunmuş avtonəqliyyat vasitəsi üzrə zərərin əvəzinin ödənilməsi 400 manat həddində olacaqdır. Qaydalardan da göründüyü kimi Cavabdeh MMC-yə məxsus olan “X3” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşəsinə dəymiş maddi zərərə görə sığortaçı 400 manat məbləğində sığorta ödənişi vermək öhdəliyi daşıyır. Lakin avtonəqliyyat vasitəsi "xxxx" MMC-də təmir olunduğu üçün təmir xərcləri "xxxx" ASC tərəfindən tam ödənilmiş, təminata aid edilməyən hissə, yəni 1.896 (bir min səkkiz yüz doxsan altı) manatın isə Cavabdeh MMC tərəfindən geri ödənilməsi üçün müraciət edilmişdir. Lakin edilmiş müraciətlərə baxmayaraq, Cavabdeh MMC tərəfindən ödənilməli olan 1.896 (bir min səkkiz yüz doxsan altı) manat bu günədək ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-7128/2022 saylı qərardadı əsasında iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli avtomobilin sığorta şəhadətnaməsinə əsasən şəhadətnamədə qeyd edilən avtomobil kasko sığorta edilmişdir. Ərizədə göstərilir ki, “X1 sığortası” qaydalarının (bundan sonra – Qaydalar) 6-cı bəndinə əsasən sığortaçı sığorta olunmuş avtonəqliyyat vasitəsinin ön şüşəsinə və pəncərələrinə vurulmuş ziyanın əvəzini 400 (dörd yüz) AZN həddində ödəyəcəkdir. Lakin müqavilədə bu barədə hər hansı müddəa öz əksini tapmamışdır. Müqavilədə “təminatlar və istisnalar “X1 uyğundur” qeydi hələ sığortaçının bu istisnalardan xəbərdar olduğu anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 902.1.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsində sığorta riskləri, 902.1.9-cu maddəsinə əsasən isə “sığortalının isə müvafiq sığorta qaydaları ilə tanış olmasını təsdiq edən imzaları və (və ya) möhürləri” olmalıdır. Konkret halda isə müqavilədə sığorta riskləri göstərilməmişdir. Həmçinin sığortalının sığorta qaydaları ilə tanış olmasını təsdiq edən hər hansı sənəd sığortalıya aid sənədlərdə mövcud deyil. Digər tərəfdən sığortalı sığorta hadisəsi nəticəsində onun mülkiyyətində olan sığorta predmeti olan avtomobilinin sığortaçı tərəfindən iş materiallarında qeyd edilən servis tərəfindən təmir olunmasına razılığını ifadə etməmişdir. Həmçinin o sığortanın sığorta məbləği hesabına həyata keçiriləcəyini zənn etmiş, istisnalardan xəbərdar olmamışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli CSH200142809 saylı avtomobilin sığorta şəhadətnaməsinə əsasən “X3” markalı nəqliyyat vasitəsi 4.373,25 manat sığorta haqqı hesablanmaqla 25 yanvar 2022-ci il tarixinədək sığortalanmışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən “X3” model nəqliyyat vasitəsinin 2.083 manat ehtiyat hissələr, 213 manat işçilik haqqı hesablanmışdır. xx.xx.2021-ci il tarixli 8644 nömrəli ödəniş tapşırığına əsasən 2.296 manat "xxxx" MMC-yə məxsus bank hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli 8526 nömrəli ödəniş tapşırığına əsasən 60 manat Bakı 6 saylı Mediasiya Təşkilatının bank hesabına köçürülmüşdür. CSH200142809 seriyalı sığorta aktına əsasən xx.xx.2021-ci il tarixində Nərimanov rayonda sığortalanmış “X4” markalı 90AS541 dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşəsi daşın naməlum şəkildə dəyməsi nəticəsində sınmışdır. Sığorta predmetinə dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2.296 manat müəyyən edilmişdir. 2.296 manat "xxxx" MMC-yə köçürülən məbləğ qeyd olunmuşdur. Aktın 3-cü bəndində qeyd edilmişdir ki, sığortalı təsdiq edir ki, sığorta məbləği sığorta ödənişi həcmində azalır. Növbəti sığorta hadisəsinin baş verməsi halında sığorta məbləği sığortalı tərəfindən əlavə sığorta haqqı ödənilərək bərpa edilməmişsə, sığorta ödənişi müvafiq nisbətdə natamam olaraq həyata keçiriləcəkdir. EBBG seriyalı 791208 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2.296 manat "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ödənilməsi üçün təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, tərəflər arasında nəqliyyat vasitəsinin sığortalanmasına dair sığorta şəhadətnaməsi tərtib edilmiş, daha sonra nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı "xxxx" ASC tərəfindən 2.296 manat məbləğində ödəniş olmuşdur. Hazırda iddiaçı ödənilən məbləğdən 1.896 manat məbləğin geri Cavabdeh MMC-dən tutulmasını, cavabdeh isə tərəflər arasında imzalanmış sığorta şəhadətnaməsində sığorta riskinin konkret olaraq göstərilmədiyini, eyni zamanda nəqliyyat vasitəsinin təmir edildiyi servisdə təmir edilməsinə onun razılığının olmadığını bildirərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (maddə 1091.2) Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan məlum olur ki, ümumilikdə 2.296 manat “X3” markalı nəqliyyat vasitəsilə bağlı "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı hazırki iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bundan əlavə cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etirazında qeyd etmişdir ki, cavabdeh tərəflər arasında sığorta müqaviləsi imzalanarkən hər-hansı istisnalardan məlumatlı olmamış, bu barədə iddiaçının məlumat vermək vəzifəsi olduğu halda məlumat verməmişdir. Eyni zamanda nəqliyyat vasitəsinin harada təmir edilməsi cavabdehlə razılaşdırılmamışdır. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, tərəflər arasında imzalanmış avtomobilin sığorta şəhadətnaməsində nəzərdə tutulmuşdur ki, təminat və istisnalar “X1 Sığortasının Qaydaları”na uyğundur. Eyni zamanda iddiaçı "xxxx" ASC-yə aid “X1 Sığortası Qaydaları”ndan məlum olur ki, sığortaçı tərəfindən sığorta olunmuş avtonəqliyyat vasitəsinin ön şüşəsinə və pəncərələrinə vurulmuş zərərin əvəzi 400 manat həddində müəyyən edilmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsində müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (maddə 390.2) Qeyd olunanlardan əlavə tərəflər arasında tərtib edilmiş CSH92415 nömrəli sığorta aktında "xxxx" MMC-yə 2.296 manatın köçürüləcəyi, bununla bağlı olaraq 400 manat sığorta ödənişi və 1.896 manatın isə "xxxx" MMC-yə aid edilmişdir. Yuxarıda qeyd edilmiş iş materiallarından məlum olur ki, xx.xx.2021-ci il tarixli 8644 nömrəli ödəniş tapşırığı əsasında 2.296 manat iddiaçı tərəfindən "xxxx" MMC-yə məxsus bank hesabına köçürülmüşdür. Tərəflər arasında tərtib edilmiş sığorta aktında isə daha əvvəlki tarix yəni, xx.xx.2021-ci il qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili qeyd edilən sığorta aktını mübahisələndirməmişdir. Bundan başqa cavabdehin nümayəndəsi və vəkili etirazında Mülki Məcəllənin 902.1.4-cü maddəsinin və 902.1.9-cu maddəsinin tələblərinin pozulduğunu qeyd etmişdir. Mülki Məcəllənin 902.1.4 və 902.1.9-cu maddəsində qeyd edilmişdir ki, sığorta riskləri və sığortaçının sığorta şəhadətnaməsini, sığortalının isə müvafiq sığorta qaydaları ilə tanış olmasını təsdiq edən imzaları və (və ya) möhürləri sığorta şəhadətnaməsində göstərilməlidir. “Sığorta Fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.18-ci maddəsinə əsasən sığorta riski və ya risk- sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış sığorta şəhadətnaməsində sığorta riskləri sadalanmışdır. Bundan əlavə sığorta şəhadətnaməsində birbaşa olaraq, Cavabdeh MMC-nin möhürünün olduğu hissədə qeyd edilmişdir ki, “hazırki sığorta şəhadətnaməsi və AR Maliyyə Nazirliyi Sığorta Nəzarəti Xidməti ilə 12 fevral 2009-cü il tarixində razılaşdırılmış “X1 Sığortası Qaydaları” ilə tanış oldum və razılığımı imzamla təsdiq edirəm.” Məhkəmə cavabdehin nümayəndəsi və vəkili tərəfindən nəqliyyat vasitəsinin təmir edildiyi yerin onlarla razılaşdırılmamasına münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; (maddə 927.2.1), sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi (maddə 927.2.2.), sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası (maddə 927.2.3), sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. (maddə 927.2.4.). Sadalanan qanunvericilik normalarından məlum olur ki, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra sığorta ödənişi sığortaçının seçimi əsasında həyata keçirilir. Zərərin miqdarı barədə tərəflərin razılığa gəlməsi işin yuxarıda sadalanan halları ilə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, cavabdehin arqumentləri əsassızdır. Belə olan halda məhkəmə işə məcmu halda qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbinin əsaslı olması öz təsdiqini tapdığından iddia təmin edilməli, 1.896 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə qed edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat məbləğində mediasiya xərci də cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1.896 (bir min səkkiz yüz doxsan altı) manat və 60 (altımış manat) manat mediasiya xərci tutularaq, "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-449/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-449/2023
08.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver