Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4490/2025 25.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: iddianın etirafı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC)n Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-2243/2025 nömrəli qətnaməsi ilə iddiaçıdan tutulması qət edilmiş cəmi 24065,42 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında xx.xx.2024-cü il tarixdə formal olaraq müqavilə bağlanmışdır. Qeyd edilən müqavilə əslində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında olan münasibətlərə görə bağlanmış, cavabdeh özünün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alqı-satqı məsələlərinə iddiaçını alət etmiş, nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə ödənilən ödənişlər iddiaçının hesabına ödənilmişdir. Hazırda cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan münasibətlərə görə iddiaçı heç bir əlaqəsi olmadan ona qarşı 21906,7 manat müqavilə üzrə ödənilmiş məbləğin, 4162,14 manat dəbbə pulunun, 1200 manat hüquqi yardıma görə çəkilən xərcin əvəzinin, 171,81 manat dövlət rüsumunun ödənilməsinə görə çəkilən xərcin əvəzinin, bütövlükdə 27440,65 manat vəsaitin tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə iddia tələbi ilə üzləşmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2243/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-dən (VÖEN: **********) manat 21906,70 manat əsas borc, 1000 manat dəbbə pulu, 1000 manat hüquqi yardıma görə xərc, 158,72 manat dövlət rüsumu, ümumilikdə 24065,42 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə (VÖEN: **********) ödənilməsi qət edilmişdir. 2.2. xx.xx.2024-cü il tarixdə tərəflər arasında bağlanmış müqavilə görünüş üçün bağlanmış uydurma əqddir. Həqiqətdə isə iddiaçıya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən heç bir mal satılmamış, satılan mallar cavabdehə satılmış, lakin cavabdehə satılan malın pulu ona çatdırılması üçün iddiaçının hesabına köçürülmüş və cavabdehin iddiaçını aldatması səbəbindən köçürülən pul cavabdeh tərəfindən qəbul edilmişdir. Hazırda Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2243/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçıdan tutulması qət edilmiş ümumilikdə 24065,42 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli protokol üzrə cavabdeh özü də 21906,70 manat pulun ödənilməsi barədə öhdəlik üzərinə götürmüşdür.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi hər hansı hüquq normasına istinad edilməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizələr ünvanlayaraq, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Cavabdeh xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddianın etiraf edilməsi barədə ərizə ünvanlayaraq göstərmişdir ki, cavabdeh Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2(113)-4490/2025 nömrəli iş üzrə iddia tələbini qəbul edir, 24065 manat borcu olduğunu etiraf edir və borcu ayda 1000 manat olmaqla hər ayın sonunda hissə-hissə iddiaçıya ödəyəcəkdir.
7. Cavabdeh həmçinin qeyd edilən ərizəsində məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2025-ci il tarixli e-2-2(113)- 2243/2025 nömrəli qətnaməsinə əsasən cavabdeh İddiaçı MMC-dən (VÖEN: **********) manat 21906,70 manat əsas borc, 1000 manat dəbbə pulu, 1000 manat hüquqi yardıma görə xərc, 158,72 manat dövlət rüsumu, ümumilikdə 24065,42 manat və məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə (VÖEN: **********) ödənilməlidir. İddiaçı və cavabdeh arasında bağlanmış 13 dekabr 2024-cü il tarixli 01 nömrəli protokola əsasən, bu protokolu imzalamaqla borclu Cavabdeh İddiaçı MMC və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli, G005.2024 nömrəli alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-nin ödəməli olduğu 21906,7 manat vəsaiti “Troninq'’ MMC-yə ödəməyi öhdəsinə götürür, borclu bu Protokolun 1-ci hissəsində qeyd edilmiş məbləği tələbkarın ilk tələbi daxil olduqdan sonra bir gün ərzində ödəməzsə, tələbkarın borclunu məhkəməyə vermək hüququ yaranır və bu halda borclu bu Protokolun 1-ci hissəsində qeyde edilmiş öhdəliyinin icra edilməməsi nəticəsində dəymiş bütün zərərin əvəzini tələbkara tam şəkildə ödəməyə borcludur, bu Protokolun imzalanması borclu tərəfindən iddianın etiraf edilməsi nəticəsini doğurur.
12. İddiaçı 24065,42 manat məbləğində pulun tutulmasını tələb edir.
13. Cavabdeh iddianın etirafı barədə ərizə təqdim edərək 24065,42 manat məbləğində borcu qəbul etdiyini bildirir.
14. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
15. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
16. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən ... iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
17. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
18. Məhkəmə qeyd edir ki, cavabdehin iddianı etiraf edərək iddianı qəbul etməsi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir.
19. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
20. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 24065,42 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
21. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********31 nömrəli qəbzlə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin ********** nömrəli qəbz əsasında 63 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
22. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
23. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Yuxarıda göstərilənlərə əsasən və iddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 163 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 24065,42 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 163 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova