Məhkəmə qərarları › İş №e-2-2(113)-4493/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4493/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4493/2023 24.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Nümayəndə2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik müqaviləsi, mediasiya xərci) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Nümayəndə2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 MMC və Nümayəndə2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən və Nümayəndə2 birgə qaydada DC00401021-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32,025.70 manat əsas borcun, 6.648,77 manat faiz borcu, 2.202,32 manat cərimə borcu olmaqla, cəmi 40.876,79 manat məbləğində borcun, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq ödənilmiş 200 manat məbləğində xidmət haqqının və 13 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X5nun xx.xx.2021ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-06102LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda X5 çərçivəsində tərəflər arasında xx.xx.2021-ci il tarixli DC00401021-02 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%,illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 39,678 (otuz doqquz min altı yüz yetmiş səkkiz) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir Bundan başqa Bank ilə Borcalan arasında bağlanmış DC00401021-02 saylı Maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Nümayəndə2 arasında xx.xx.2021-ci il tarixli DG**********143 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan qeyd edilən DC00401021-02saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 377 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

8. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

10. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X5nun xx.xx.2021ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-06102LE/2019 saylı Razılaşma imzalanmışdır. X5 çərçivəsində tərəflər arasında xx.xx.2021-ci il tarixli DC00401021-02 saylı kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 39,678 manat məbləğində birdəfəlik kredit verilmişdir.

12. xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Bank ilə Nümayəndə2 arasında xx.xx.2021-ci il tarixli DG**********143 saylı zaminlik müqaviləsi bağlanmışdır.

13. Kredit və zaminlik müqaviləsi cavabdehlərin imzası və bankın möhürü ilə təsdiq olunmuşdur.

14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

15. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

17. X2 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

18. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

19. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

20. Belə ki, hazırki işin halları ondan ibarətdir ki, bankla Cavabdeh2 MMC arasında kredit müqaviləsi bağlanmış, Bank tərəfindən 39,678 manat məbləğində pul Cavabdeh2 MMC-nin hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

21. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə xx.xx.2021-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh2 MMCyə 32.025,70 manat əsas borc, 5.949,30 manat faiz borcu, 1255,14 manat cərimə borcu olmaqla cəmi 39,230,14 manat məbləğində borc hesablanmışdır.

22. Daha sonra, iddiaçı iddia tələbinin artırılması barədə ərizəyə əlavə etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışı üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh2 MMC-dən 32.025,70 manat əsas borc, 6.648,77 manat faiz borcu, 2.202,32 manat cərimə borcu olmaqla, cəmi 40.876.79 manat məbləğində borcun tutulmasını xahiş etmişdir.

23. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh Nümayəndə2 nümayəndəsi X1 bank tərəfindən hesablanmış əsas və faiz borcunun məbləği ilə razı olduğunu, maddi vəziyyətində yaranan çətinliklə əlaqədar borcu ödəyə bilmədiyini bildirmişdir.

24. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh Nümayəndə2 digər əsas borclu olan Cavabdeh2 MMC-nin direktorudur.

25. Ona görə də, Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır.

26. Məhkəmə bank tərəfindən tələb edilən faiz borcu ilə bağlı aşağıdakıları qeyd edir.

27. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

28. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsaəsn əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş olan hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.......... İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

30. Göründüyü kimi, hazırda da, kredit müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixdə bitəcəyinə rəğmən Bank müqavilə üzrə ödənilməli olan bütöv məbləği tələb edir.

31. İş materiallarından da, görünür ki, Bank tərəfindən bütöv məbləğin tələb edilməsinə dair cavabdehlərə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları ünvanlanmış və xx.xx.2023-cü il tarixdə Nümayəndə2 tərəfindən qəbul edilmişdir, həmçinin də, elektron qaydada xx.xx.2023-cü il tarixdə Cavabdeh2 MMC-yə çatdırılmışdır. Yəni Bank müqavilədən imtina barədə iradə ifadəsini qarşı tərəfə artıq bildirilmişdir.

32. Bundan başqa da, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan da göründüyü kimi, Bank müqavilə üzrə bütöv məbləği əhatə edən məbləğlə bağlı mediasiyaya müraciət etmişdir. Yəni Bank hətta artıq 08 iyun 2023-cü il tarixdən də, müqavilədən imtina ilə bağlı iradəsini nümayiş etdirmişdir.

33. Ancaq Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən Bankın xəbərdarlıq (pretenziya) məktubu xx.xx.2023-cü il tarixdə qəbul edilmiş olduğundan, Bankın müqavilədən imtinası mediasiya arayışının olduğu xx.xx.2023-cü il tarixdən deyil, xx.xx.2023-cü il tarixdən qəbul edilməlidir.

34. Ona görə də, Bankla Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş faiz borcu məhz xx.xx.2023-cü il tarixədək hesablanmalıdır.

35. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından da görünür ki, xx.xx.2023-cü il tarixə cavabdehin 5.949,3 manat məbləğində faiz borcu mövcuddur.

36. Belə olan halda məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulmuş faiz borcu üzrə 5949,3 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

37. Belə olan halda məhkəmə hesab edir ki, iddia kredit müqaviləsi üzrə əsas borcun tələb edilməsi hissəsində tam, faiz borcunun tələb edilməsi hissəsində isə qismən əsaslıdır və xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 32.025,70 manat əsas borc və 5.949,30 manat faiz borcu müştərək qaydada Cavabdeh2 MMC-dən və Nümayəndə2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

38. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.

39. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

40. Hazırki işin hallarından görünür ki, cavabdehin 32,025,70 manat məbləğində əsas borcuna münasibətdə 1500 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

41. Məhkəmə həmçinin hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul da, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

42. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan məlum olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 200 manat məbləğində pul Bakı 9 saylı Mediasiya təşkilatına ödənilmişdir.

43. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş ********** və ********** nömrəli ödəniş sənədlərindən müəyyən edilir ki, iddiaçı tərəfindən ümumilikdə 13 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.

44. Ancaq qeyd edilməlidir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 208,42 manat təşkil etsə də, onun 200 manatı mediasiyaya çəkilmiş xərclə əhatə olunduğundan, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8,42 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

45. Beləliklə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

46. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 32.025 (otuz iki min iyirmi beş) manat, 70 (yetmiş) qəpik, faiz borcu üzrə 5.949 (beş min doqquz yüz qırx doqquz) manat, 30 (otuz) qəpik, cərimə borcu üzrə 1.500 (bir min beş yüz) manat, cəmi 39.475 (otuz doqquz min dörd yüz yetmiş beş) məbləğində pul Nümayəndə2 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul müştərək qaydada Nümayəndə2 və Cavabdeh2 MMC-dən tutularaq "Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 8 (səkkiz) manat, 42 (qırx iki) qəpik məbləğində pul müştərək qaydada Nümayəndə2 və Cavabdeh2 MMC-dən tutularaq Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar