Məhkəmə qərarları › İş №e-2-2(113)-4509/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4509/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4509/2023 04.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi üzrə pul tələbi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 45000 manat əsas borc və 8100 manat ƏDV olmaqla, 53100 manatın və ödənilmiş 250 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən 45000 manat əsas borc və 8100 manat ƏDV olmaqla, 53100 manatın və ödənilmiş 250 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında BDTNX ŞİRVAN RB tərəfindən az006537 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə xx.xx.2019-cu ildə qeydiyyata alınmış 18BA033 qeydiyyat nömrəli KOMATSU D65 P 12E markalı BULDOZER nəqliyyat vasitəsini icarəyə götürülməsinə dair 01 iyul 2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə əsasən texnikanın aylıq xidmət haqqı 15000 manat müəyyən olunmuşdur (ƏDV daxil deyil). Müqavilə bir illik, yəni xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək bağlanmışdır. Texnika icarə götürülən gündən 3 ay müddətində cavabdeh tərəfindən hər hansı bir ödəniş həyata keçirilməmiş və nəticədə 45000 manat borc yaranmışdır. Dəfərlə xəbərdarlıq edilməsnə baxmayarq icarə haqqını ödəməkdən imtina etmiş və hər dəfə bir neçə günə ödəyəcəyini bildirməklə vaxtı uzatmışdır. Belə olan halda təxminən üç ay keçdikdən sonra texnikanı cavabdehin saxlanc yerindən götürmüşdür. Göründüyü kimi iddiaçı tərəfindən müqavilənin şərtləri tam və layiqincə yerinə yetirildiyi halda cavabdeh tərəfindən müqavilə ilə üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməmiş, müqavilənin şərtləri kobud şəkildə pozulmuşdur. Dəfələrlə etdiyi müracitələrə baxmayaraq cavabdeh müqavilə ilə nəzərdə tutulmuş məbləğin ödənilməsindən imtna etmişdir. Qeyd edilənlərə əsasən bu müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər arasında yaranacaq mübahisələrin həllində qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail ola bilərlər. Cavabdehə Pretenziya göndərilmiş, lakin cavabdeh bu dəfə də ödənişi etməkdən imtina etmişdir. Eyni zamanda qanunvericiliyi tələbinə görə mediasiyaya da müraciət olunmuş, cavabdeh iştirak etməmiş və məhkəməyə müraciət olunması üçün mediator tərəfindən arayış təqdim edilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddia əsasızdır. İddia üzrə cavabdehə görə xidmət göstərilməsi qeyd olunmuşdur, lakin işin görülməsi barədə heç bir sübut təqdim edilməmişdir. 1 akt təqdim olunmuşdur, lakin həmin akt da əsassızdır. Aktda imza çəkən şəxslər cavabdehdə çalışmırlar. Müqavilə üzrə elektron qaimə vurulmalı idi, lakin elektron qaimə də yoxdur. İşin görülməsi, texnikanın orda işləməsi barədə iddia qaldırılıb, lakin heç bir sübut təqdim etməmişdir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

7. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. xx.xx.2022-ci il tarixli, 40 saylı Tikinti texnikasının xidmət müqaviləsinə əsasən iddiaçı **-BA-*** dövlət qeydiyyat nömrəli Komatsu markalı buldozeri 1 ay üçün 15000 manat məbləğə xidmətə verməyi, cavabdeh isə xidmət müqaviləsində razılaşdırılan dəyəri iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər.

10. xx.xx.2022-ci il tarixli 76 saylı aktdan görünür ki, iddiaçıya məxsus **-BA-*** dövlət qeydiyyat nömrəli Komatsu markalı buldozer 29,5 iş günü yerinə yetirmişdir.

11. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 40 saylı Tikinti texnikasının xidmət müqaviləsi bağlanmışdır.

12. İddiaçı cavabdehə 45000 manat məbləğində xidmət haqqının ödənilmədiyini iddia edir, cavabdeh isə iddiaçı tərəfindən xidmət göstərildiyini qəbul etmir.

13. İddiaçı tərəfindən buldozerin cavabdehə təqdim edilməsini və xidmət göstərilməsini təsdiq edən hər hansı bir sübut (təhvil-təslim aktı, elektron qaimə və s.) məhkəməyə təqdim edilməmişdir.

14. Lakin məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli 76 saylı akt təqdim edilmişdir.

15. Bundan başqa, sözügedən akta iş günlərinin tarixi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 29,5 gün göstərilmiş, sonradan xx.xx.2022-ci il tarixinin üzərində aşkar görünən düzəliş edilərək xx.xx.2022-ci il tarix göstərilmişdir. Lakin aktda günlərin sayı konkret 29,5 gün göstərildiyindən məhkəmə hesab edir ki, həmin qeyd əsas götürülməlidir.

16. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə yalnız cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli 76 saylı aktla 29,5 gün, yəni 1 ay xidmət göstərilməsi təsdiq olunduğundan göstərilmiş xidmətə görə 1 ay üçün 15000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmaqla iddia qismən təmin edilməlidir.

17. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40 saylı Tikinti texnikasının xidmət müqaviləsinin “Xidmət müqaviləsinin məbləği və ödəmə şərtləri” bölməsinə əsasən vergilərin ödənişi cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən cavabdehdən tutulmuş 15000 manat xidmət haqqının ƏDV məbləği olan 2700 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.

20. İddianın təmin edilmiş hissəsinin iddia tələbinin 33,33 faizini təşkil etdiyini nəzərə aldıqda, iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərcindən və 50 manat dövlət rüsumundan dövlət rüsumunun iddiaçıya aid edilməli 166,67 manat məbləğ çıxılmaqla, qalan 83,3 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 15000 manat əsas borc və 2700 manat ƏDV olmaqla, 17700 manat və dövlət rüsumuna görə 83,33 manat tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

VI. Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehndən 15000 manat əsas borc və 2700 manat ƏDV olmaqla, 17700 manat və dövlət rüsumuna görə 83,33 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar