Məhkəmə qərarları › İş №e-2-2(113)-451/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-451/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-451/2024 22.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, faiz borcu, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 28320.05 manat əsas borcun, 390 manat faiz məbləğinin, ümumilikdə 28.710,05 manat məbləğin, 200 manat mediasiya xərcinin, vəkil xidmətlərinə görə ödənilmiş 300 manat məbləğində vəsaitin və 179,21 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC ("xxxx" MMC) arasında yaranmış qarşılıqlı işgüzar əməkdaşlıq çərçivəsində tərəflər arasında 08 avqust 2022-ci il tarixli **-SM-***2 nömrəli icarə müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə İddiaçı MMC (“İcarəyə verən”) Razılaşdırma Protokolunda göstərilmiş nəqliyyat vasitələrini, texnika və avadanlıqları Cavabdeh MMC-yə ("xxxx"(“İcarəçi”) icarəyə vermişdir. İcarəçi isə müqavilə üzrə razılaşdırılmış avadanlıqları təyinatı üzrə istifadə edib İcarəyə verənə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə 80964.91 manat məbləğində avadanlıq icarəyə verilmiş, cavabdeh tərəfindən qarşılığında 52644.87 manat pul vəsaiti ödənilmişdir. Yekun olaraq cavabdehin iddiaçıya 28320.05 manat ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında həmin borcu təsdiq edən xx.xx.2023-cü il tarixli üzləşmə aktı tərtib edilmiş və cavabdeh tərəf həmin üzləşmə aktını təsdiq etməklə borcun olmasını etiraf etmişdir. Əlavə olaraq həmin müqaviləyə uyğun olaraq müxtəlif vaxtlarda tərtib edilmiş razılaşdırma protokolları tərəflərin səlahiyyətli şəxsləri tərəfindən təsdiqlənmişdir. Digər tərəfdən isə görülmüş işlərin təhviltəslim aktları tərtib edilmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin 3.1-ci bəndinə əsasən “İcarəyə verən” Nəqliyyat vasitələri, Texnika və ya Avadanlıqlar üçün ayrıca gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 günü ərzində göstərilmiş iş üçün tərtib etdikləri cədvəllər əsasında Tərəflər arasında “Çalışma saatları aktı” forma 2 tərtib olunur, imzalanır, möhürlənir. Tərəflər arasında bağlanılmış müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə üzrə icarə haqqı növbəti ayın ilk 10 iş günü ərzində bank köçürmə yolu ilə həyata keçir. Dəfələrlə cavabdehlə şifahi danışıqlar aparılmasına baxmayaraq cavabdeh tərəf həmin borcu ödəməmişdir. Cavabdehdən əsas borcla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə borcun gecikdirilməsinə görə faizlər tutulmalıdır. Belə ki, illik gecikmə üzrə 390 manat faiz borcu (AR MM-nin 445.7-ci maddəsi) tutulmalıdır: 28320.05 (ümumi borc)/5%=1416 manat (illik faiz məbləği) 1416 manat (illik faiz məbləği)/365(1 il ərzində günlərin sayı)=3.9 manat (1 gün üzrə faiz məbləği) 3.9 manat (1 gün üzrə faiz məbləği)*100(gecikdirilən günlərin sayı)=390 manat (pretenziyanın təqdim edildiyi gündən hesablanmağa başlamışdır-xx.xx.2023-cü il)

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək tam təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən bu müqavilənin tərkib hissəsi olan razılaşma protokolunda əks olunmuş nəqliyyat vasitələrini, texnika və ya avadanlıqları icarəçiyə icarəyə verir, icarəçi isə onları təyinatı üzə istifadə edib icarəyə verənə icarə haqqı ödəyir.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən nəqliyyat vasitələri, texnikalar və ya avadanlıqlar iş yerinə çatdıqdan sonra icarəçi həmin yol vərəqəsinə müvafiq qeydlər edir, qeydlərini səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edir. İcarə müddəti bitdikdən sonra və ya hər hansı səbəbdən icarəyə verənin göstərişi ilə texnikalar geri göndərildikdə icarəçi yol vərəqəsində müvafiq qeyd edir, qeydlərini səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edir.

10. Müqavilənin 3.1-ci bəndinə əsasən icarəyə verən nəqliyyat vasitələri, texnika və ya avadanlıqlar üçün ayrıca gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 günü ərzində göstərilmiş iş üçün tərtib etdikləri cədvəllər əsasında tərəflər arasında çalışma saatlarını aktı forma 2 tərtib olunur, imzalanır, möhürlənir.

11. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə üzrə icarə haqqı növbəti ayın ilk 10 iş günü ərzində bank köçürmə yolu ilə həyata keçirir.

12. Müqavilənin 3.4-cü bəndinə əsasən aylıq iş cədvəli 28 gün, gündəlik 10 saat üzərindən hesablanacaq.

13. Müqavilənin 6.1-ci bəndinə əsasən icarəçi bu müqavilənin əlavə 1-də qeyd edilmiş icarə haqqlarını icarəyəverən tərəfindən təqdim edilmiş və icarəçi tərəfindən təsdiqlənmiş forma 2 əsasında 15 gün müddətində ödəyəcək.

14. xx.xx.2022-ci il tarixli 01 saylı razılaşma protokoluna əsasən xx.xx.2022-ci il tarixli **-SM-***2-ci il nömrəli icarə müqaviləsi üzrə icarəyə verən JCB 3CX markalı 10AB286 dövlət qeydiyyat nişanlı və JCB 4CX markalı 90-K-012 dövlət qeydiyyat nişanlı ekskavator yükləyiciləri icarəçiyə aylıq 4000 manat olmaqla ƏDV daxil 4720 manatdan icarəyə verməyi, icarəçi isə təyinatı üzrə götürərək istifadə etməyi öhdəsinə götürmüşdür.

15. 01.09.2022-ci il tarixli, SM-HYD 08/22 saylı görülmüş işlərin təhvil-təslim aktına əsasən xx.xx.2022-ci il tarixli **-SM-***2-ci il nömrəli icarə müqaviləsinə əsasən avqust 2022-ci il tarixində icarəyə verən tərəfindən CAT428 markalı, 10AB123 dövlət qeydiyyat nişanlı texnika, JCB 3CX markalı **-AB-*** dövlət qeydiyyat nişanlı texnika və JCB 4CX markalı, 90-K-022 dövlət qeydiyyat nişanlı texnika 4000 manat icarə haqqı olmaqla icarəyə verilmiş, cəmi məbləğ ƏDV daxil 7922,86 manat müyyən edilmiş və akt hər iki hüquqi şəxs tərəfindən imza və möhürlə təsdiq edilmişdir.

16. 10.10.2022-ci il tarixli, SM-HYD 09/22 saylı görülmüş işlərin təhvil-təslim aktına əsasən xx.xx.2022-ci il tarixli **-SM-***2-ci il nömrəli icarə müqaviləsinə əsasən sentyabr 2022-ci il tarixində icarəyə verən tərəfindən CAT428 markalı, 10AB123 dövlət qeydiyyat nişanlı texnika, JCB 3CX markalı **-AB-*** dövlət qeydiyyat nişanlı texnika və JCB 4CX markalı, 90-K-022 dövlət qeydiyyat nişanlı texnika 4000 manat icarə haqqı olmaqla icarəyə verilmiş, cəmi məbləğ ƏDV daxil 14160 manat müyyən edilmiş və akt hər iki hüquqi şəxs tərəfindən imza və möhürlə təsdiq edilmişdir.

17. 14.11.2022-ci il tarixli, SM-HYD 10/22 saylı görülmüş işlərin təhvil-təslim aktına əsasən xx.xx.2022-ci il tarixli **-SM-***2-ci il nömrəli icarə müqaviləsinə əsasən oktyabr 2022-ci il tarixində icarəyə verən tərəfindən JCB 4CX markalı, 90-K-012, 90-K-017 və 90- K-011 dövlət qeydiyyat nişanlı texnikalar, CAT428 markalı, 10AB123 dövlət qeydiyyat nişanlı texnika və JCB 3CX markalı **-AB-*** dövlət qeydiyyat nişanlı texnika 4000 manat icarə haqqı olmaqla icarəyə verilmiş, cəmi məbləğ ƏDV daxil 19082,29 manat müyyən edilmiş və akt hər iki hüquqi şəxs tərəfindən imza və möhürlə təsdiq edilmişdir.

18. 07.12.2022-ci il tarixli, SM-HYD 11/22 saylı görülmüş işlərin təhvil-təslim aktına əsasən xx.xx.2022-ci il tarixli **-SM-***2-ci il nömrəli icarə müqaviləsinə əsasən noyabr 2022-ci il tarixində icarəyə verən tərəfindən JCB 4CX markalı, 90-K-012, 90-K-017 və 90- K-011 dövlət qeydiyyat nişanlı texnikalar, CAT428 markalı, 10AB123 dövlət qeydiyyat nişanlı texnika və JCB 3CX markalı **-AB-*** dövlət qeydiyyat nişanlı texnika 4000 manat icarə haqqı olmaqla icarəyə verilmiş, cəmi məbləğ ƏDV daxil 19402,57 manat müyyən edilmiş və akt hər iki hüquqi şəxs tərəfindən imza və möhürlə təsdiq edilmişdir.

19. 18.01.2023-cü il tarixli, SM-HYD 12/22 saylı görülmüş işlərin təhvil-təslim aktına əsasən xx.xx.2022-ci il tarixli **-SM-***2-ci il nömrəli icarə müqaviləsinə əsasən dekabr 2022-ci il tarixində icarəyə verən tərəfindən JCB 4CX markalı, 90-K-012, 90-K-017 və 90- K-011 dövlət qeydiyyat nişanlı texnikalar, CAT428 markalı, 10AB123 dövlət qeydiyyat nişanlı texnika və JCB 3CX markalı **-AB-*** dövlət qeydiyyat nişanlı texnika 4000 manat icarə haqqı olmaqla icarəyə verilmiş, cəmi məbləğ ƏDV daxil 15854,14 manat müyyən edilmiş və akt hər iki hüquqi şəxs tərəfindən imza və möhürlə təsdiq edilmişdir.

20. 07.02.2023-cü il tarixli, SM-HYD 01/23 saylı görülmüş işlərin təhvil-təslim aktına əsasən xx.xx.2022-ci il tarixli **-SM-***2-ci il nömrəli icarə müqaviləsinə əsasən yanvar 2023-cü il tarixində icarəyə verən tərəfindən JCB 4CX markalı, 90-K-017, və 90-K-011 dövlət qeydiyyat nişanlı texnikalar, CAT428 markalı, 10AB123 dövlət qeydiyyat nişanlı texnika və JCB 3CX markalı **-AB-*** dövlət qeydiyyat nişanlı texnika 4000 manat icarə haqqı olmaqla icarəyə verilmiş, cəmi məbləğ ƏDV daxil 10.274,44 manat müyyən edilmiş və akt hər iki hüquqi şəxs tərəfindən imza və möhürlə təsdiq edilmişdir.

21. 02.03.2023-cü il tarixli, SM-CAR 02/23 saylı görülmüş işlərin təhvil-təslim aktına əsasən xx.xx.2022-ci il tarixli **-SM-***2-ci il nömrəli icarə müqaviləsinə əsasən fevral 2023-cü il tarixində icarəyə verən tərəfindən CAT428 markalı, 10AB123 dövlət qeydiyyat nişanlı texnika 4000 manat icarə haqqı olmaqla icarəyə verilmiş, cəmi məbləğ ƏDV daxil 2191,43 manat müyyən edilmiş və akt hər iki hüquqi şəxs tərəfindən imza və möhürlə təsdiq edilmişdir.

22. 19.01.2023-cü il tarixli, EBCN272706 saylı e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş xidmətin dəyəri 15854,15 manat, xx.xx.2023cü il tarixli, EBCO916575 saylı e-qaiməyə əsasən 10274,44 manat və xx.xx.2023-cü il tarixli, EBDC905775 saylı e-qaiməyə əsasən 2191,43 manat təşkil etmişdir.

23. İddiaçı ilə Cavabdeh MMC arasında hesablaşmalara dair imzalanmış xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən icarə haqqına görə icarəyə verənə ƏDV daxil borcun 28.320,05 manat olması müəyyən edilmişdir.

24. 16.10.2023-cü il tarixli OD3 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən vəkil xidmətinə görə 300 manat məbləğində ödəniş həyata keçirilmişdir.

25. Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

28. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

30. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;

31. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

32. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

33. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, müqavilə üzrə 28320,05 manat borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının icarə haqqı üzrə yaranmış borcun ödənilməsi barədə tələbi təmin edilməlidir.

34. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfat daxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura verməlidir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

37. Məhkəmə hesab edir ki, icarəyə verilən avadanlıqların cavabdehə verilməsi təqdim olunmuş sübutlarla (iki tərəfli imzalanmış təhvil-təslim aktları, elektron qaimələrlə və cavabdehin özünün həmin avadanlıqların icarəsinə görə 28320,05 manat borcun olması) təsdiqini tapdığından iddia tələbinin əsas hissədə təmin olunması üçün əsaslar mövcuddur.

38. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə MM 445.7-ci maddəsinin tələbinə əsasən pretenziya məktubunun cavabdehə çatdırıldığı vaxtdan hesablamaqla 100 təqvim günü üçün 390 manat məbləğində faiz məbləği tələb etmişdir.

39. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

41. Belə ki, məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu xx.xx.2023-cü il tarixdə göndərilib və təqdim edilyi tarixindən 100 təqvim günü ərzində müqavilə üzrə ödənişin edilmədiyini nəzərə alaraq hesab edir ki, əsas borca illik 5 faiz (28320.05 (ümumi borc)/5%=1416 manat (illik faiz məbləği) 1416 manat (illik faiz məbləği)/365(1 il ərzində günlərin sayı)=3.9 manat (1 gün üzrə faiz məbləği) 3.9 manat (1 gün üzrə faiz məbləği)*100(gecikdirilən günlərin sayı)=390 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

42. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə icarə müqaviləsi üzrə iddiaçıya 28320,05 manat əsas bоrcu, 390 manat faiz borcu, cəmi 28710,02 manat borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən cəmi 28710,02 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

43. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri və 300 manat məbləğində vəkil xərci ödənilmişdir.

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

45. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 300 manat, iş üzrə ödənilmiş 200 manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən **-SM-***2 saylı xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 28320,05 (iyirmi səkkiz min üç yüz iyirmi manat, beş qəpik) manat əsas borc məbləği, 390 (üç yüz doxsan) manat faiz məbləği, mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat, vəkil xidmətinə görə ödənilmiş 300 (üç yüz) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar