Məhkəmə qərarları › İş №e-2-2(113)-4510/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4510/2021

29.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4510/2021 29.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə (Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişaf Fondu üçüncü şəxs olmaqla) qarşı kredit müqaviləsi üzrə kreditin Dövlət Vergi Xidmətində qeydiyyata alınmış fəaliyyət sahələri üzrə verilmiş kredit olmasının müəyyən edilməsi, cavabdehin üzərinə kredit müqaviləsi üzrə faiz subsidiyasının verilməsi üçün müraciət etmək öhdəliyinin qoyulması, maddi və mənəvi zərərin ödənilməsi dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh QSC-yə (Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişaf Fondu üçüncü şəxs olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-nin qanunsuz hərəkətləri səbəbi ilə ona dəyən maddi zərər üçün 3.500 manat, mənəvi zərər üçün 3.000 manat, dövlət rüsumu üçün 30 manat, hüquqi xidmət xərcləri üçün 500 manat, cəmi 6.830 manat, Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin fevral ayında sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq, Cavabdeh QSC-dən 50.000 manat məbləğində biznes krediti götürmüş, yenə də 2020-ci ilin mart ayına qədər 1 gün belə gecikmə olmadan ödənişləri həyata keçirmişdir. Məlumdur ki, 2020-ci ilin mart ayında beynəlxalq miqyasda pandemiya elan edildikdən və ölkədə də sərt karantin rejimi tətbiq edildiyi üçün sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı maddi çətinliklər yaranmış və məcburi qaydada kredit ödənişində qısamüddətli gecikmələrə yol verməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə X1 nizamnaməsində dəyişiklikləri, AR NK 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə “Koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydasına 2 nömrəli əlavəni” təsdiq etmişdir. Yuxarıda göstərilən qanunvericilik aktları ilə pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 2020-ci il mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulurdu. Bu mexanizmin kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq olunması, bu məqsədlə 100 milyon manat vəsait ayrılması, bunun 50 milyon manatı dövlət büdcəsinin vəsait hesabına, 50 milyon manatı isə SİF vəsaiti hesabına təmin edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən şərtləri, o cümlədən, sahibkarlıq fəaliyyəti kodunun pandemiyadan zərər çəkmiş fəaliyyət növü olan siyahıda əks edildiyini, nəticədə sərt karantin rejimi tətbiq edildikdən sonra sahibkarlıq fəaliyyətində məhdudiyyətlər yarandığından kredit ödənişlərində gecikmələrin də yarandığını nəzərə alaraq, ilk növbədə SİF qaynar xəttinə müraciət etmişdir. Orada ona bildirildi ki, mexanizm ərizə ilə kredit təşkilatına müraciət edərək, onlara müvafiq sənədləri təqdim etmək, daha sonra kredit təşkilatının SİF müraciət etməsindən ibarətdir. Qaydalara uyğun olaraq, müvafiq bankın “Babək” filialına müraciət etmişdir, şəxsiyyət vəsiqəsi və VÖEN şəhadətnaməsini notarial qaydada təsdiq etdirərək, AR NK 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydasının” 4-cü maddəsində tələb olunan digər sənədlər toplamaqla, ərizə ilə müraciət etmişdir. Lakin Cavabdeh QSC ona ərizəni göndərməkdən imtina etmiş və yazdığı ərizələr əsasında 25305 saylı 10.11.2020 il, 0067 saylı 05.01.2021 il, 7691 saylı 18.03.2021il tarixli məktublarında ona verilmiş 002L**********07 nömrəli kredit müqaviləsi üzrə ayrılmış kreditin sahibkarlıq (biznes) məqsədilə verilmiş kredit yox, istehlak krediti olduğu bildirilmişdir. Belə ki, o "xxxx" MMC-dən bütün kreditorların məlumat bazasının saxlayıcısı kimi reyestrdən çıxarış əldə etmişdir. Reyestrdə kreditin məqsədi kimi “ticarət və xidmət” sektoru göstərilmişdir. Ticarət və xidmət sektoru isə AR mülki qanunvericiliyinə əsasən isə sahibkarlıq sektorlarıdır. İstehlak kreditinin ona verilməsi üçün əsas qanunvericiliyin tələblərinə əsasən peşə fəaliyyətindəki gəlirlə birbaşa bağlıdır. O, universitetlərin birində müəllim kimi fəaliyyət göstərir. Aldığı maaş isə 458 manat təşkil edir. Belə olduğu halda aylıq ödənişi 1943 manat təşkil edən, yəni BGN əmsalını 7 dəfədən çox aşan krediti hansı bank istehlak krediti kimi verər. Məktubda da qeyd olunduğu kimi aralarında imzalanmış kredit müqaviləsinə əsasən ona “mikro kredit” adlı kredit məhsulu təqdim edilmişdir. Bankın korporativ saytına daxil olduqda, “Mikro kredit” adlı bank məhsulunun “biznes bankçılıq” və “biznes üçün kreditlər” bölümündə yer aldığının şahidi olmaq olar. İstehlak kreditləri üzrə bank məhsulları “fərdi bankçılıq” bölümündə yerləşdirilmişdir. Onunla bank arasında imzalanmış 002L**********07 saylı kredit müqaviləsində, o cümlədən 002S**********03 saylı zaminlik müqaviləsində sahibkar kimi identifikasiya kodu, yəni VÖEN qeyd edilmişdir. Əgər ona istehlak krediti vermişlərsə də, onda yuxarıda göstərdiyi qaydalara əsasən istehlak kreditinin istisna etdiyi sahibkarlıq fəaliyyətinin əsas kimi göstərilməsini nə ilə əsaslandırmaq olar. Belə ki, VÖEN yalnız sahibkarlıq fəaliyyəti göstərdiyini təsdiq edən koddur və bu kodla verilmiş olan kredit məhsulları da sahibkarlıq məqsədilə verilmiş kredit hesab edilir. 2020-ci ilin sentyabr ayında, məhkəmə mübahisəsi ilə əlaqədar olaraq, bankdan ona verilmiş kreditlə bağlı arayış verilməsini xahiş etmişdir. Həmin arayışda bank birbaşa olaraq göstərmişdir ki, mənə “biznesin genişləndirilməsi üçün avadanlıq alınması məqsədilə” kredit verilmişdir. Məktubda qeyd edilir ki, o 24.01.2019-cu ildə sahibkarlıq məqsədilə banka müraciət etmiş, lakin ona bu məqsədlə kreditin verilməsi mümkün olmamışdır. Yaxşı olardı ki, bank ona sahibkarlıq məqsədilə krediti verə bilməməsinin səbəbini də göstərərdi. Əgər bunu bank sirri ilə əlaqələndirirsə, onda həmin münasibətlərin tərəfi olaraq, bank sirrinin açılmasına etiraz etmir. Məktubda qeyd edilir ki, guya ona istehlak krediti verilərkən onun aqrar sahədəki biznesi əsaslandırılıb. Birincisi, aqrar biznesə verilmiş kredit istehlak krediti deyil. İkincisi, onun aqrar biznes sahəsində yalnız Göyçay rayonunda 0.54 ha sahədə yeni salınmış xurma bağı var, onun isə sənədlərini heç vaxt banka təqdim etməmişdir, çünki həmin sahədən heç vaxt gəliri olmayıb. Krediti ödənişləri edərkən, ödəniş qəbzlərində onun VÖEN-i də göstərilmişdir. Əgər ona verilmiş kreditin təyinatı istehlak məqsədilə verilmiş kredit növüdürsə, onda nə üçün VÖEN qeyd edilir. Bank məktublarında bunu məlumatlandırma məqsədilə etdiyini əsaslandırır. İstehlak krediti müqavilələrində heç zaman VÖEN-nin hətta məlumatlandırma məqsədilə qeyd edilməsi nə tələbi, nə də təcrübəsi vardır. Qeyd edilənlərdən məlum olduğu kimi, cavabdeh bankın qanunsuz hərəkətləri ilə hüquqları pozulub və ona maddi mənəvi zərər dəyib. İddia tələbi həmin maddi və mənəvi zərərin cavabdehdən tutulması ilə bağlıdır. Cavabdeh bankın qanunsuz hərəkətləri nəticəsində ona 3500 manat maddi zərər dəyib. Belə ki, cavabdeh bank ona biznes krediti verdiyi halda, həmin krediti öz daxili sənədlərində istehlak kimi sənədləşdirmiş və nəticədə yuxarıda göstərilən qanunvericilik aktlarına əsasın həmin 50.000 manatlıq kreditin illik faiz dərəcəsinin 10 faiz bəndinin 2020-ci il mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdirilməsi imkanı olduğu halda, onu bu imkandan məhrum etmişdir. Dolayısı ilə hesab edir ki, cavabdeh bank bu qanunsuz hərəkətləri ilə ona 3.500 manat maddi zərər vurmuşdur. Həmin zərərin cavabdeh bankdan tutulmasını xahiş edir. Cavabdeh bankın yuxarıda qeyd edilən qanunsuz hərəkətləri həm də onu şoka salmış və mənəvi sarsıntı, iztirab keçirməyinə səbəb olmuş, uzun müddət əsəb və sarsıntı səbəbi ilə müalicə almış və dərmandan istifadə etməyə məcbur qalmışdır. Bu səbəblə cavabdeh bankdan qanunsuz hərəkətləri ilə ona vurduğu mənəvi zərərin ödənilməsi üçün 3.000 manat pulun tutulmasını xahiş edir. Şərh etdiklərini nəzərə alaraq Cavabdeh QSC-nin qanunsuz hərəkətləri səbəbi ilə ona dəyən maddi zərər üçün 3.500 manat, mənəvi zərər üçün 3.000 manat, dövlət rüsumu üçün 30 manat, hüquqi xidmətə xərcləri üçün 500 manat, cəmi 6.830 manat, Cavabdeh QSC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, iddiaçı ilə cavabdeh arasında 22.02.2019-cu il tarixində bağlanmış 002L**********07 nömrəli kredit müqaviləsi əsasında verilmiş kreditin Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmış fəaliyyət sahələri üzrə verilmiş kredit olmasının müəyyən edilməsi və cavabdehin üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydasına (2 saylı Əlavənin)” əsasən iddiaçıya bu kredit müqaviləsi üzrə faiz subsidiyasının verilə bilməsi üçün Azərbaycan Respublikasının X3 müraciət etmək öhdəliyi qoyulması, Cavabdeh QSC-nin qanunsuz hərəkətləri səbəbi ilə iddiaçıya dəyən maddi zərər üçün 3 500 (üç min beş yüz) manat, mənəvi zərər üçün 3 000 manat, dövlət rüsumu üçün 30 manat, hüquqi xidmətə xərcləri üçün 500 manat, cəmi 6.830 manat, Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Cavabdeh QSC-nin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının ərizəsində qeyd etmiş olduğu faktiki və hüquqi hallarla ilə razı deyillər. “Koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması” Qaydalarının 4.1-ci bəndinə görə sahibkarlıq subyektləri faiz subsidiyası almaq üçün kredit təşkilatına müraciət edir. Kredit təşkilatı sahibkarlıq subyekti üzrə bu Qaydanın 3-cü hissəsindəki şərtlər nəzərə alınmaqla kredit təhlili aparır və həmin şərtlərə uyğun olan sahibkarlıq subyektlərinin sənədlərini 10 iş günü ərzində Fonda təqdim edir. İddiaçı faiz subsidiyası almaq üçün Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə etdiyi müraciəti tərəflərindən təhlil edilmiş və Qaydaların şərtlərinə uyğun olmadığından onun sənədləri Fonda təqdim edilməmişdir. “Koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydasının 3.1-ci yarımbəndinə əsasən faiz subsidiyası fəaliyyət növü 2020-ci il 10 mart tarixinə zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə daxil olan sahibkarlıq subyektlərinin kredit təşkilatlarından həmin fəaliyyət növləri üzrə manatla aldıqları kreditlərə verilir. Lakin məhkəmənin nəzərinə çatdırırlar ki, İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında 26 iyul 2017-ci il tarixində imzalanmış 002L**********7 nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə üzrə bağlanmış 22 fevral 2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması ilə İddiaçı fərdi mikro kredit təyinatlı istehlak krediti ayrılmışdır. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanında uçota alınmasına baxmayaraq, sözügedən müqavilə əsasında rəsmiləşdirilmiş kredit şəxsə sahibkarlıq ilə bağlı olmayan məqsədlər üçün fərdi mikro kredit növündə istehlak məqsədi ilə fiziki şəxs olaraq verilmişdir. İddiaçı biznes deyil, istehlak kreditinin verilməsini təsdiq edən hallardan biri ondan ibarətdir ki, 002L**********7 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 22 fevral 2019-cu il tarixli, 002R********** saylı kredit razılaşmasında kreditin məqsədi fərdi mikro kredit kimi qeyd edilmiş və sözügedən müqavilə şərtləri bütünlüklə qəbul edilərək İddiaçı tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsin özü tərəfindən birbaşa doldurulmuş və şəxs tərəfindən imza edilmiş kredit ərizəsində qeyd edilmiş məlumatlar bir daha sübut edir ki, İddiaçı 22 fevral 2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması əsasında fiziki şəxs olaraq istehlak krediti təqdim edilmişdir. Belə ki, İddiaçı tərəfindən kredit ərizəsinin hüquqi status hissəsində kredit alan kimi status fərdi sahibkar deyil, fiziki şəxs olaraq qeyd edilmiş və həmçinin Dövlət Qeydiyyat nömrəsi hissəsinə heç bir məlumat daxil edilməmişdir. Göründüyü kimi əgər İddiaçı tərəfindən Cavabdeh QSC-yə biznes krediti almaq üçün müraciət edilmiş olsa idi, şəxs öz ərizəsində huquqi statusunu fərdi sahibkar kimi müəyyən etmiş və VÖEN məlumatlarını qeyd etmiş olardı və etməli idi. İddiaçı biznes deyil, istehlak kreditinin verilməsini təsdiq edən digər əhəmiyyətli fakt ondan ibarətdir ki, şəxsin eyni zamanda həm də aktiv biznes hesabı mövcud olmasına baxmayaraq 002R********** saylı kredit razılaşmasının 2.1-ci yarımbəndinə əsasən sözügedən kredit məbləğinin kredit alanın AZ91ACAB******************** nömrəli cari hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Həmin müddəaya uyğun olaraq kredit məbləği sözügedən şəxsin müqavilədə razılaşdırılmış fiziki şəxs hesabına köçürülmüş və mütəmadi olaraq kredit ödənişləri, eləcə də kredit üzrə faiz ödənişləri AZ91 ACAB******************** nömrəli şəxsi hesab vasitəsilə edilmişdir.Azərbaycan Respublikası Mərkəzi Bankının Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması” Qaydalarının 2.7-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə verilmiş kreditlər müştərilərin yalnız vergi ödəyicisi qismində açılmış bank hesablarına köçürülür. Sözügedən bəndə müvafiq olaraq, İddiaçı tərəfindən məhz şəxsi hesabın kreditin köçürmə mənbəyi kimi qeyd edilməsi bir daha təsdiq edir ki, şəxs onun adına müvafiq kredit müqaviləsi əsasında rəsmiləşdirilmiş kreditin məhz istehlak təyinatlı olduğundan xəbərdar idi. Həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanılması nəzərdə tutulmuşdur. Bu halda, İddiaçı tərəfindən cari hesabın köçürmə mənbəyi kimi müqavilədə nəzərdə tutulması ya şəxsin istehlak krediti əldə etmək, ya da bankı yanıltmaqla vergidən yayınmaq məqsədi güddüyünü ehtiva edir. İddiaçı, öz iddia ərizəsində peşə fəaliyyəti əsasında 458 manat əmək haqqı aldığını və belə olan halda BGN əmsalını aşan məbləğdə istehlak krediti verilməsinin mümkün olmadığını qeyd etmişdir. Bu məsələ ilə bağlı məhkəmənin nəzərinə çatdırırlar ki, kredit alanın bütün gəlir mənbələri bank tərəfindən təhlil edildikdən sonra şəxsə kredit verilib-verilməməsi barədə qərar qəbul edilir. Kredit alan İddiaçı, yalnız peşə fəaliyyəti ilə deyil, həmçinin digər fəaliyyət sahələri ilə də məşğul olmuşdur. Digər tərəfdən İddiaçı öz iddia ərizəsində onunla bağlanmış kredit və zaminlik müqavilələrində VÖEN- in qeyd edildiyini və praktikada istehlak krediti müqavilələri üçün bu məlumatın zəruri olmadığını bildirmişdir. Qanunvericilikdə bunu qadağan edən hər hansı müddəa nəzərdə tutulmamışdır. Müştərinin VÖEN məlumatları müqavilələrə və ödəniş qəbzlərinə sadəcə məlumat xarakterli əlavə edilmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təyinatı istehlak olan kredit müqavilələrində şəxsin VOEN məlumatlarının qeyd edilməsi faktı nə qanunvericiliyə, nə də praktikaya zidd deyildir. Həmçinin İddiaçı digər iddiası ondan ibarətdir ki, Bankın korporativ saytında “Mikro kredit” adlı bank məhsulunun “biznes bankçılıq” bölümündə yer alması səbəbindən yanılmışdır. Qeyd etməyi zəruri hesab edirlər ki, “mikro kredit” adlı kredit Cavabdeh QSCnin kredit məhsullarından biridir və həm biznes, həm də istehlak məqsədi ilə verilə bilər. Rəsmiləşdirilmiş kreditin məqsədi müştərinin kredit üçün müraciət ərizəsində qeyd edilir ki, İddiaçı tərəfindən təqdim edilmiş ərizədə sahibkar kimi kredit götürmək imkanı olduğu halda fiziki şəxs kimi istehlak krediti əldə etmək istəyi aydın şəkildə öz əksini tapmışdır. Bu halda sadəcə saytdakı məlumata görə hər hansı yanılmadan söhbət gedə bilməz. Bununla yanaşı İddiaçı iddia edir ki, Cavabdeh QSC tərəfindən ona təqdim edilmiş məktubda kreditin məqsədi “biznesin genişləndirilməsi üçün avadanlıq alınması” qeyd edilmişdir. Lakin xüsusi olaraq vurğulayırlar ki, Cavabdeh QSC tərəfindən İddiaçı təqdim edilmiş 20.10.2020-ci il tarixli, 23989 nömrəli məktubda ətraflı və aydın şəkildə onun adına rəsmiləşdirilmiş kreditin “fiziki şəxslərə təqdim edilən fərdi mikro kredit” olduğu qeyd edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, 24.01.2019-cu il tarixində İddiaçı tərəfindən biznes kreditin alınması üçün Cavabdeh QSC-ə müraciət edilmiş, lakin bu məqsədlə kreditin verilməsi mümkün olmamışdır. Məhkəmənin diqqətinə çatdırırlar ki, 24.01.2019cu il tarixində iddiaçı tərəfindən nəinki biznes, heç bir kreditin təqdim edilməsi məqsədilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə müraciət edilməmiş və buna müvafiq olaraq bank tərəfindən hər hansı rədd cavabı verilməmişdir. İddiaçı tərəfindən əksi iddia edildiyi təqdirdə müvafiq faktı təsdiq edən sübutların məhkəməyə və onlara təqdim edilməsini xahiş edirlər. İddiaçı tərəfindən mübahisələndirilən digər məsələ ondan ibarətdir ki, Cavabdeh QSC tərəfindən ona təqdim edilmiş məktubda “ona istehlak krediti verilərkən aqrar sahədəki biznesinin əsaslandırıldığı” qeyd edilmişdir. İddiaçı öz iddiasını “aqrar biznesə verilmiş kreditin istehlak krediti olmaması” sözləri ilə əsaslandırmışdır. İlk öncə vurğulamağı zəruri hesab edərək qeyd edirlər ki, kredit şəxsin aqrar sahədəki biznesinin inkişaf etdirilməsi məqsədi ilə verilməmişdir. Belə ki, kredit alanın bütün gəlir mənbələri bank tərəfindən təhlil edildikdən sonra şəxsə kredit verilib-verilməməsi barədə qərar qəbul edilir və kredit alan İddiaçı eyni zamanda aqrar fəaliyyət ilə məşğul olduğu üçün həmin sahə də bank tərəfindən haqlı olaraq araşdırılmışdır. Beləliklə İddiaçı istehlak kreditinin verilməsi ilə əlaqədar bütün rəsmiləşdirmə qanunvericiliyə uyğun olaraq həyata keçirilmiş və Azərbaycan Respublikası Mərkəzi Bankının “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlann yaradılması" Qaydalarına uyğun olaraq müvafiq ehtiyat da yaradılmışdır. Odur ki, İddiaçı tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə istehlak krediti alınması məqsədilə müraciət edilmiş və buna müvafiq olaraq Bank tərəfindən istehlak krediti qanunvericiliyə uyğun olaraq şəxsin adına rəsmiləşdirilmişdir. Göstərilənlərə əsasən, hesab edirlər ki, iddiaçının iddiası tam əsassızdır və iddia ərizəsi təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini və dəqiqləşdirmə ərizəsini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - "xxxx" QSC (bank) ilə İddiaçı (kredit alan) arasında bağlanılmış 26 iyul 017-ci il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə 002L**********7 saylı, 22.02.2019-cu il tarixli kreditin Razılaşmasından görünür ki: 1.1-ci bəndinə əsasən bank məbləği 50.000 manat olan krediti aylıq faiz dərəcəsi 1.9167 % olmaqla 36 ay müddətinə kredit alana vermişdir. 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. 1.3-cü bəndinə əsasən kredit alana kredit aşağıda göstərilmiş məqsəd üçün verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: Fərdi mikro kredit. 2.1-ci bəndinə əsasən bank krediti kredit alanın AZ91ACAB******************** cari hesabına köçürür. Kreditin kredit alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur. 2.2-ci bəndinə əsasən bank 500 manat məbləğində kreditin verilməsi üçün komisyon haqqı hesablayır. Kredit verilməsi üçün bu haqq ödənildikdən sonra kredit verilir. Bu Kredit Razılaşması üzrə kredit alanın öhdəliklərinin icrasını təmin etmək üçün 002M**********02 saylı, 22.02.2019-cu ıl tarixli və 002M**********01 saylı, 22.02.2019-cu il tarixli ipoteka müqavilələri üzrə daşınmaz əmlak bankın xeyrinə ipoteka ilə yüklü edildiyi üçün kredit alan bu komisyon haqqını ödəməkdən azaddır. Kredit alan üçün bu imtiyaz ipotekaya en azı 3 il ərzində xitam verilmədikdə qüvvədədir. 2.4-cü bəndinə əsasən faktiki illik faiz dərəcəsinə bu kredit ilə bağlı bütün aidiyyatı xərclər daxildir və FİFD 23.31 % təşkil edir. Müqavilədə giriş hissəsində kredit alan İddiaçı məlumatları kimi şəxsiyyət vəsiqəsinin nömrəsi ilə yanaşı VÖEN-i də göstərilmişdir. Müqavilə bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. - 002L**********07 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmış "xxxx" QSC (bank) ilə X6 (zamin) arasında 22 fevral 2019cu il tarixli, 002S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. Müqavilədə giriş hissəsində kredit alan İddiaçı məlumatları kimi şəxsiyyət vəsiqəsinin nömrəsi ilə yanaşı VÖEN-i də göstərilmişdir. Müqavilə bankın imza və möhürü ilə, zaminin imzası ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İddiaçı ünvanladığı 26-01388-2021 saylı 02 fevral 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Nazirlər Kabinetinin 2020-ci il 09 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (CoVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 4.1.2-ci bəndinə əsasən dövlət zəmanəti verilən kreditin illik faiz dərəcəsinin 15 faizdən yuxarı olmamalı olduğu halda, onunla bağlanmış 22.02.2019-cu il tarixli kredit müqaviləsində isə faiz dərəcəsinin 23,31 % müəyyən edildiyi, eləcə də Qaydanın 2.1.7-ci bəndinə əsasən faiz subsidiyasının bu Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla aldıqları kreditlərə zəmanət verildiyi təqdirdə, həmin kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin ödənilməsi üçün dövlətin əvəzsiz verdiyi maliyyə vəsait olduğu bildirilmişdir və hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası X1 İddiaçı ünvanladığı SİF-06/01-7/378 saylı 12 noyabr 2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciətinə əsasən Fond tərəfindən Cavabdeh QSC-yə sorğu göndərilmiş, Cavabdeh QSC tərəfindən Fonda məlumat təqdim edilərək, İddiaçı "xxxx" QSC-dən əldə etdiyi 50.000 manat dəyərindəki kreditin fərdi mikrokredit hesab edildiyi və bank ilə aralarında bağlanmış kredit müqaviləsində kredit müqaviləsində kredit münasibətlərini tənzimləyən şərtlərin öz əksini tapdığı, bu müqavilənin sahibkarlıq subyektlərinə verilən kredit üzrə münasibətləri tənzimlədiyi üçün bank tərəfindən mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması mexanizmi üzrə müraciət etməkdən imtina edildiyi bildirilmişdir. Azərbaycan Respublikası X1 İddiaçı ünvanladığı SİF-06/01-7/89 saylı 19 fevral 2021-ci il tarixli məktubunda isə göstərilmişdir ki, Cavabdeh QSC tərəfindən təqdim olunan məlumatlarda İddiaçı biznes təyinatlı kreditin verilməsinin mümkünsüzlüyü və bu səbəbdən bank tərəfindən istehlak kreditinin verilməsinin təklif olunduğu, 22.02.2019-cu il tarixində bağlanmış ikitərəfli kredit müqaviləsi ilə fərdi mikro kreditin rəsmiləşdirildiyi, həmçinin aqrar sahədə biznes fəaliyyətin mövcudluğu və bu sahənin pandemiyadan zərərçəkmiş iqtisadi fəaliyyət növünə daxil edilmədiyi bildirilmişdir. Bununla yanaşı İddiaçı nəzərinə çatdırılmışdır ki, əvvəlki müraciətlərinə cavab məktubları, eləcə də telefon danışıqları ilə Cavabdeh QSC-nin məsələyə münasibəti və bankdan alınan rəsmi məlumat əsasında faiz subsidiyasından faydalana bilməməsinin səbəbi barədə artıq məlumat verilmişdir. Cavabdeh QSC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı 05.01.2021-ci il tarixli 0067 saylı məktubunda isə göstərilmişdir ki, “Koronavirus (COVİD- 19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması” Qaydalarının 4.1-ci bəndinə görə sahibkarlıq subyektləri faiz subsidiyası almaq üçün kredit təşkilatına müraciət edir. Kredit təşkilatı sahibkarlıq subyekti üzrə bu Qaydanın 3-cü hissəsindəki şərtlər nəzərə alınmaqla kredit təhlili aparır və həmin şərtlərə uyğun olan sahibkarlıq subyektlərinin sənədlərini 10 iş günü ərzində Fonda təqdim edir. Müvafiq olaraq İddiaçı faiz subsidiyası almaq üçün Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə etdiyi müraciəti tərəflərindən təhlil edilmiş və Qaydaların şərtlərinə uyğun olmadığından onun sənədləri fonda təqdim edilməmişdir. İddiaçı 22 fevral 2019-cu il tarixli, 002L**********07 nömrəli kredit müqaviləsi üzrə ayrılmış kredit fərdi mikro kredit növündə istehlak krediti olmuşdur. Belə ki, İddiaçı biznesinin genişləndirilməsi məqsədilə kredit götürülməsi üçün 24 yanvar 2019-cu il tarixli kredit sifarişi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə etdiyi müraciəti Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qiymətləndirilmiş, lakin ona biznes təyinatlı kredit verilməsinin mümkün olmadığı aydın olmuşdur. Eyni zamanda İddiaçı fərdi mikro kredit növündə istehlak krediti verilməsi məsələsinin mümkünlüyünə də bank tərəfindən baxılmışdır. Bununla əlaqədar olaraq, onun kredit ödənişinin mənbəyi qismində çıxış edən aqrar sahədəki biznesi (hansı ki, pandemiya dövründə zərərçəkən sahə kımı müəyyən edilməyib) qiymətləndirilmiş və müvafiq sənədlər də kredit dosyesində mövcuddur. 22 fevral 2019-cu tarixli 002L**********07 saylı razılaşmada İddiaçı aid VÖEN məlumat xarakterli olaraq qeyd edilmişd və ona fərdi mikro kredit növündə istehlak krediti təqdim edilmişdir. İddiaçı təqdim edilən fərdi mikro kredit növündə istehlak krediti həmin dövrdə olan istehlak kreditləri üçün mövcud olan faktiki illik fazi dərəcəsinə uyğun verilmişdir. Odur ki, İddiaçı istehlak kreditinin verilməsi ilə əlaqədar bütün rəsmiləşdirmə qanunvericiliyə uyğun olaraq həyata keçirilmiş və Azərbaycan Respublikası Mərkəzi Bankının aidiyyəti qaydalarına uyğun olaraq müvafiq ehtiyat da yaradılmışdır. İddiaçı Cavabdeh QSC-yə ünvanladığı 03.09.2020-ci il tarixli elektron müraciətdən görünür ki, İddiaçı 2019-cu ilin fevral ayında Cavabdeh ASC-nin Babək filialından 50.000 manat məbləğində kredit götürməsini və həmin kredit götürülərkən məqsədinin tikinti texnikası alınması olmasını təsdiq edən arayışın təqdim edilməsi xahiş edilmişdir. Həmin müraciətə cavab olaraq Cavabdeh QSC tərəfindən İddiaçı ünvanlanmış 15.09.2020-ci il tarixli 468 saylı məktubdan görünür ki, İddiaçı Cavabdeh QSC-yə müraciət edərək biznesin genişləndirilməsi üçün tikinti təyinatlı avadanlığın tələb olduğunu bildirmiş, bank tərəfindən biznesi araşdırılmış və ona 50.000 manat məbləğində fərdi mikro kredit verilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, 04.06.2021-ci il tarixə olan uçot məlumatlarına əsasən, vergi ödəyicisi İddiaçı əsas fəaliyyət növü “İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” (93290), köməkçi fəaliyyət növləri isə “Təhsil sahəsində yardımçı fəaliyyət” (85600), “Sığortanın sair növləri” (65120) və “Taxta taraların istehsalı” kimi qeydə alınmışdır. Zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektinin məlumatlarına dair çıxarışdan görünür ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alındığı fəaliyyət növlərində əsas fəaliyyət sahəsi olan “İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” (93290), köməkçi fəaliyyət növü kimi qeydə alınan “Təhsil sahəsində yardımçı fəaliyyət” (85600) və “Taxta taraların istehsalı” növləri pandemiyadan zərərçəkmiş fəaliyyət növlərinə aiddir. Azərbaycan Kredit Bürosunun məlumat bazasından çıxarışdan görünür ki, Cavabdeh QSC tərəfindən 22.02.2019-cu il tarixdə İddiaçı verilmiş kreditin məqsədi ticarət və xidmət sektoru olması qeyd edilmişdir. 24.01.2019-cu il tarixli kreditin verilməsi üçün müraciət ərizəsindən görünür ki, fiziki şəxs İddiaçı 48 ay müddətinə 50000 manat məbləğində kreditin verilməsi üçün müraciət etmişdir. Kreditin məqsədi Fərdi mikro kredit olaraq qeyd edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı ilə cavabdeh "xxxx" QSC arasında 002L**********7 saylı, 22.02.2019-cu il tarixli kredit razılaşması bağlanmışdır. Həmin kredit razılaşması əsasında iddiaçıya 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.9167 % olmaqla 50.000 manat məbləğində fərdi mikro kredit növündə kredit verilmişdir. İddiaçı həmin kredit üzrə faizlərin subsidiyalaşdırılması məqsədilə "xxxx" QSC-yə müraciət etmiş, lakin bank tərəfindən verilmiş kreditin fiziki şəxslərə istehlak məqsədi ilə verilmiş kredit olmasını əsas göstərərək müraciətin X3 göndərilməsindən imtina edilmişdir. Hazırda iddiaçı V. Əliyev 22.02.2019-cu il tarixində bağlanmış 002L**********07 nömrəli kredit razılaşması əsasında ona verilmiş kreditin pandemiyasından zərərçəkmiş fəaliyyət növü üzrə verilmiş biznes krediti olduğu halda Cavabdeh ASC-nin əsassız olaraq faizlərin subsidiyalaşdırılması üçün X3 müraciət etməkdən imtina etdiyini əsas göstərərək sözügedən kreditin Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmış fəaliyyət sahələri üzrə verilmiş kredit olmasının müəyyən edilməsi və Cavabdeh QSC-nin üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydasına (2 saylı Əlavənin)” əsasən iddiaçıya bu kredit müqaviləsi üzrə faiz subsidiyasının verilə bilməsi üçün Azərbaycan Respublikasının X3 müraciət etmək öhdəliyinin qoyulmasını, eləcə də cavabdehin qanunsuz hərəkətləri səbəbi ilə iddiaçıya dəyən maddi zərər üçün 3.500 manat, mənəvi zərər üçün 3.000 manat, dövlət rüsumu üçün 30 manat, hüquqi xidmətə xərcləri üçün 500 manat, cəmi 6.830 manat, Cavabdeh QSC-dən tutulmasını tələb edir. Cavabdeh QSC iddiaçıya 22.02.2019-cu il tarixdə verilmiş kreditin fiziki şəxslərə verilmiş istehlak krediti olduğunu, eləcə də həmin kreditin biznes krediti olması ehtimal edilsə belə, pandemiyadan zərərçəkmiş fəaliyyət növü üzrə verilmədiyini və həmin məqsədlə istifadə edilmədiyini əsas göstərərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə əvvəla qeyd edir ki, tərəflər arasında mübahisə predmeti olan hal 22.02.2019-cu il tarixli kredit razılaşmasına əsasən iddiaçıya ayrılmış kreditin pandemiyadan zərərçəkmiş fəaliyyət növü üzrə sahibkarlıq fəaliyyəti həyata keçirmək məqsədilə verilmiş kredit olub-olmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə əvvəla qeyd edir ki, mübahisəli kredit razılaşmasında kreditin istehlak və ya biznes təyinatlı olması konkret göstərilməsə də, müqavilədə kredit alan İddiaçı şəxsiyyət vəsiqəsi məlumatları ilə yanaşı fərdi sahibkar kimi VÖEN-i də göstərilmişdir. İkincisi, razılaşmada mübahisəli kreditin növü fərdi mikro kredit kimi qeyd edilmişdir. Cavabdeh QSC-nin korporativ saytından çıxarışdan isə görünür ki, saytda “mikro kreditlər” barədə məlumatlar biznes kreditləri bölümündə yer almışdır. Üçüncüsü, Cavabdeh QSC tərəfindən Azərbaycan Kredit Bürosunun bazasına mübahisəli kreditin ticarət və xidmət sektoru üzrə verilmiş kredit olması barədə məlumat daxil edilmişdir. Göstərilən hal isə kreditin bankın iddia etdiyi kimi istehlak məqsədilə verilmiş kredit olmasını istisna edir. Dördüncüsü, İddiaçı tərəfindən tikinti avadanlığının alınması məqsədilə kredit götürülməsi üçün müraciət edilməsi, eləcə də kredit verilərkən İddiaçı biznesinin araşdırılması ilə bağlı Cavabdeh QSC-nin İddiaçı elektron müraciətinə 15.09.2020-ci il tarixli cavab məktubunda göstərilmiş hallar da İddiaçı verilmiş kreditin sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə verilmiş kredit olmasına dəlalət edir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, mübahisəli kredit Cavabdeh QSC tərəfindən İddiaçı fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə verilmişdir. İddiaçı biznes kreditinin məhz pandemiyadan zərərçəkmiş fəaliyyət növü üzrə verilməsi məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisə predmeti olan göstərilən hal isə iddiaçı tərəfindən sübuta yetirilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, fərdi sahibkar V.X11 Xidmətində qeydiyyata alınmış fəaliyyət növlərindən 3ün (“İstirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyət” , “Təhsil sahəsində yardımçı fəaliyyət” (85600) və “Taxta taraların istehsalı”) pandemiyadan zərərçəkmiş fəaliyyət növü olması iş materialları ilə öz təsdiqini tapsa da, kreditin məhz həmin fəaliyyət növlərindən biri üzrə və ümumiyyətlə iddiaçının Dövlət Vergi Xidmətində qeydiyyata alındığı fəalliyyət sahələrindən biri üzrə verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə İddiaçı Cavabdeh QSC-yə ünvanladığı 03.09.2020-ci il tarixli elektron müraciətdən də göründüyü kimi həmin müraciətdə İddiaçı tikinti avadanlığını almaq məqsədilə kredit götürülməsi üçün banka müraciət etdiyini bildirmiş, yəni faktiki olaraq mübahisəli kreditin pandemiyada zərərçəkmiş sahə üzrə götürülməməsini təsdiq etmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, pandemiya ilə bağlı sahibkarlara verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması “Koronavirus (COVİD-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” AR Nazirlər Kabinetinin 09 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” ilə tənzimlənir. Həmin qaydanın 3.1-ci bəndinə görə faiz subsidiyası fəaliyyət növü 2020-ci il 10 mart tarixinə zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə daxil olan sahibkarlıq subyektlərinin kredit təşkilatlarından həmin fəaliyyət növləri üzrə manatla aldıqları kreditlərə (o cümlədən, restrukturizasiya edilmiş kreditlərə) verilir. Göründüyü kimi sahibkarların kreditləri üzrə faiz subsidiyası yalnız o zaman verilir ki, həmin kreditlər zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə daxil olan sahibkarlıq subyekti tərəfindən həmin fəaliyyət növləri üzrə alınsın. Sözügedən qaydaların 4.1-ci bəndinə əsasən isə sahibkarlıq subyektləri faiz subsidiyası almaq üçün kredit təşkilatına müraciət edir. Kredit təşkilatı sahibkarlıq subyekti üzrə bu Qaydanın 3-cü hissəsindəki şərtlər nəzərə alınmaqla kredit təhlili aparır və həmin şərtlərə uyğun olan sahibkarlıq subyektlərinin sənədlərini 10 iş günü ərzində Fonda təqdim edir. Həmin bəndin məzmunundan isə görünür ki, kredit təşkilatı yalnız verilmiş kredit Qaydaların üçüncü bəndindəki şərtlərə uyğun gəldiyi halda sahibkarlıq subyektlərinin sənədlərini Fonda təqdim etmək öhdəliyi daşıyır. Odur ki, işin yuxarıda göstərilən halları ilə İddiaçı tərəfindən mübahisəli kreditin pandemiyadan zərərçəkmiş fəaliyyət növü üzrə və ümumiyyətlə Dövlət Vergi Xidmətində qeydiyyata alındığı fəaliyyət növü üzrə alınması öz təsdiqini tapmadığından sözügedən kreditin Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmış fəaliyyət sahələri üzrə verilmiş kredit olmasının müəyyən edilməsi və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin üzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydasına (2 saylı Əlavənin)” əsasən iddiaçıya bu kredit müqaviləsi üzrə faiz subsidiyasının verilə bilməsi üçün Azərbaycan Respublikasının X3 müraciət etmək öhdəliyinın qoyulması tələbinə dair hissədə iddia əsassızdır. Maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097-ci maddəsinə görə mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin məzmunundan da göründüyü kimi mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn maddi zərərin ödənilməsi tələbi məhkəmə tərəfindən o şərtlə təmin edilə bilər ki, cavabdeh tərəfindən mülki qanunvericiliyin normalarını pozan hərəkətin (hərəkətsizliyi) törədilməsi, hüquqazidd əməl ilə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcud olması, eləcə də əməlin təqsirli olması müəyyən edilsin. Digər tərəfdən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsinin Plenum Qərarının 2-ci bəndinə əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Hazırkı halda İddiaçı Cavabdeh QSC tərəfindən hüquqazidd əməl törədilməsi, yəni faiz subsidiyasının verilməsi ilə bağlı X4 müraciət etməkdən əsassız olaraq imtina edilməsi faktını sübuta yetirə bilməmişdir. Odur ki, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair hissədə də iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri, o cümlədən vəkil xidmətinə çəkilmiş xərclər iddiaçıya aid edilməlidir. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 30 manat məbləğində dövlət rüsumu da ödənilmişdir. Halbuki “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı halda iddiaçının çəkdiyi mediasiya xərci dövlət rüsumundan məbləğindən artıq olduğundan iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçının iddia verilərkən ödədiyi 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh QSC-yə (Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişaf Fondu üçüncü şəxs olmaqla) qarşı kredit müqaviləsi üzrə kreditin Dövlət Vergi Xidmətində qeydiyyata alınmış fəaliyyət sahələri üzrə verilmiş kredit olmasının müəyyən edilməsi, cavabdehin üzərinə kredit müqaviləsi üzrə faiz subsidiyasının verilməsi üçün müraciət etmək öhdəliyinin qoyulması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar