Məhkəmə qərarları › İş №e-2-2(113)-4512/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4512/2024

18.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4512/2024 18.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: deliktdən irəli gələn pul tələbi, reqres hüququ) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9049 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-dən subroqasiya qaydasında "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 10761,30 manat sığorta ödənişinin, ödənilmiş 200 manat ilkin mediasiya xidmətixərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə xidmət müqaviləsi əsasında çalışan Cavabdeh tərəfindən idarə olunan mopedlə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış 10PE616 dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və sürücü, hazırki iş üzrə Cavabdeh təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən 10PE616 dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 10861,30 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə azadolma çıxılmaqla 10761,30 manat məbləğində sığorta ödənişinin "xxxx" MMC -nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3251/2023 saylı, 29 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı MMC-dən 8939 manat məbləğində pul vəsaiti və mediasiya xərcinin əvəzi olaraq 110 manatın tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə xx.xx.2024-cü il tarixində İddiaçı MMC tərəfindən icra edilərək, 9049 AZN məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. Bu səbəbdən hesab edir ki, yuxarıda qeyd edilən məhkəmə qətnamələri əsasında İddiaçı MMC tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş 9049 AZN məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməldir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, hadisə baş verdiyi tarixdə tərəflər arasında əmək müqaviləsi olmamışdır. Mülki Məcəllənin 1099-cu maddəsinin dispozisiyasında qeyd edilmişdir ki, hüquqi şəxs əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini o halda ödəməlidir ki, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxs olsun, habelə mülki hüquq müqaviləsi üzrə onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Lakin əvvəlki məhkəmə icraatı zamanı, xüsusilədə Bakı Apellyasiya Məhkəməsinin icraatında cavabdehin iddiaçının nəzarəti altında fəaliyyət göstərib-göstərməməsi, həmçinin mövcud mülki müqavilə üzrə işəgötürəndən pulun tutulub-tutulmaması məsələsi araşdırılmışdır. Müqavilə tərəflər arasında bir illik müddətə bağlanmışdır. Həmin müqavilə üzrə cavabdeh fərdi sahibkar olduğu üçün onun tərəfindən vergilər ödənilmişdir. Sonda o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə bildirmişdir ki, iddiaçı ilə arasında xidmət müqaviləsi bağlanmış olsa da, əmək münasibətləri mövcud olmuş, orada işçi kimi işləmişdir. İş rejimi müəyyən qrafiklər əsasında tərtib edilmişdir. Gündəlik 9-10 saat işləmişdir. Tərəflər arasında xidmət müqaviləsi bağlanmış olsa da, əmək münasibətləri mövcud olmuş, əmək müqaviləsi bir il müddətinə bağlanmışdır. Belə ki, tərəf əmək müqaviləsinin şərtlərini xidməti müqavilənin məzmununa əlavə edilmişdir. Bu hal Apellyasiya Məhkəməsində də sübut olunmuşdu ki, tərəflər arasında əmək müqaviləsi bağlanmışdır.O iddiaçının işçisi olmuşdur. Şirkət nahar fasiləsinə vaxt vermədiyi üçün başqa sifarişləri götürməyə də imkan yaranmamışdır. Yalnız iddiaçıdan sifarişləri götürmüşdür. Sonda o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3251/2023 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı MMC-yə (Cavabdeh iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı MMC-dən 8939 manat məbləğində pul vəsaiti və mediasiya xərcinin əvəzi olaraq 110 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli e-2-2(103)-98/2024 saylı qətnaməsi ilə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin ediməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3251/2023 saylı, 29 sentyabr 2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3251/2023-32 saylı icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" ASC-nin bank hesabına 9049 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 112 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3251/2023 saylı və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli e-2-2(103)-98/2024 saylı qətnamələri ilə Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1099.1-ci maddəsinin tələbi baxımından "xxxx" ASC-nin sığortalı nəqliyyat vasitəsinə dəymiş zərərin subroqasiya qaydasında İddiaçı MMC-dən tələb etməsi qanunauyğun hesab edilmiş, həmçinin Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilə üzrə xidmət vaxtı kuryer tərəfindən üçüncü şəxslərə vurulan maddi və mənəvi zərərə görə Cavabdeh məsuliyyət daşıması ilə bağlı İddiaçı MMC-nin irəli sürdüyü dəlillər qanunsuz və əsassız hesab edilərək 8939 manat məbləğində pul vəsaiti və mediasiya xərcinin əvəzi olaraq 110 manatın İddiaçı MMC-dən tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə ilk növbədə Cavabdeh tərəfindən üçüncü şəxsə vurulmuş zərərə görə İddiaçı MMC-nin məsuliyyət həddi, həmçinin iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş əvəz miqdarında cavabdehə qarşı geriyə tələb, yəni reqres hüququ yaranıb-yaranmaması məsələsini araşdırmağı zəruri hesab edir. Qeyd olunmalıdır ki, işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Həmçinin işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlardan da görünür ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsi bağlanmış olsa da, faktiki olaraq onlar arasında əmək münasibətləri mövcud olmuş, iddiaçı işəgötürən, cavabdeh isə işçi olmuşdur. Belə ki, Cavabdeh işəgötürən İddiaçı MMC tərəfindən müəyyən edilən iş rejiminə tabe olmuş, əmək funksiyasının dairəsi konkretləşdirilərək göstərməli olduğu xidmətin dairəsi dəqiq müəyyən edilmiş, fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi və davamlı xarakter daşımış, müqavilə üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirmişdir. Buna görə də məhkəmə iddiaçı ilə cavabdeh arasında faktiki əmək münasibətləri olması qənaətinə gəlmişdir. Həmçinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3251/2023 saylı qətnaməsi ilə də məhkəmə tərəflər arasında əmək münasibətlərinin mövcud olması qənaətinə gəlmişdir. Həmin qətnamə üzrə işəgötürən olaraq İddiaçı MMC tərəfindən işçisi Cavabdeh vurduğu zərərə görə "xxxx" ASC-yə 9049 manat ödəniş edilmişdir. Qanunvericilik normalarını, iddiaçının işəgötürən olaraq işçisi tərəfindən vurulmuş zərərin əvəzini ödəməklə ödənilmiş əvəz miqdarında, yəni 9049 manat reqress hüququnun yarandığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 9049 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 112 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9049 (doqquz min qırx doqquz) manat pul vəsaiti, habelə 112 (yüz on iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar