Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4521/2024 06.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müqavilənin bəndinin dəyişdirilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 1248/1197 saylı 14 yanvar 2022-ci il tarixli torpaq icarə müqaviləsinin 3.1-ci bəndinin dəyişdirilərək illik icarə haqqının 2.553,32 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 ilə Azərbaycan Respublikası Əmlak Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 1248/1197 saylı 14 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Qanlı Gölün cənub hissəsi ünvanında yerləşən 11383,3 kv.m. topaq sahəsi illik 103365 manat, aylıq 8613,75 manat icarə haqqı müqabilində icarə əsasları ilə icarəyə verilib. 1248/1197 saylı 14 Yanvar 2022-ci il tarixli torpaq icarə müqaviləsinin icarə haqqı hissəsi maraqlarına cavab vermədiyindən, açıq-aşkar qanunun tələbinə və mənafeyinə zidd olduğundan, onu ağır vəziyyətə saldığından 1248/1197 saylı 14 Yanvar 2022-ci il tarixli torpaq icarə müqaviləsinin 3.1-ci maddəsinin dəyişdirilərək illik icarə haqqının 2.553,32 manat hesab edilməsini xahiş etmişdir. Lakin cavabdeh müraciətlərinə 5 Dekabr 2023-cü il tarixli cavabında bildirib ki, guya “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnaməyə və həmin əsasnaməyə Nazirlər kabinetinin 5 Oktyabr 2016-ci il tarixli 377 saylı qərarı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla, Qiymətləndirmə fəaliyyəti haqqında Qanuna uyğun olaraq şəffaflığın təmin edilməsi məqsədilə illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi miqdarında hesablanır.” Bildirmişdir ki, o dövlət müəssisə və obyektlərini özəlləşdirməmiş, icarəyə götürdüyü torpaq sahəsində müəssisə və obyekt inşa etməmişdir. Buna görədə qeyd edilən qayda ona münasibətdə tətbiq oluna bilməz. Cavabdeh onu aldadaraq hər ay 8613,75 manat icarə haqqı ödəməyi barədə müqavilə imzaladıb, halbuki qanunun tələbinə görə torpaq icarə haqqı illik ödənilir və belə ağlabatmayan icarə haqqı hesablana bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 saylı qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin 8-ci bəndinin ikinci hissəsində göstərilib ki, Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilmişdir. İcarəyə götürülmüş 17202.0 kv.m. topaq sahəsinin illik vergisi 2440,40 manat, illik icarə haqqının aşağı həddi isə həmin verginin 2 misli məbləğində olmaqla 4880,80 manat təşkil edir və 103 365 manat ola bilməz. İcarəyə götürülmüş 11383,3 kv.m. topaq sahəsinin illik vergisi 1276,66 manat, illik icarə haqqının aşağı həddi isə həmin verginin 2 misli məbləğində olmaqla 2553,32 manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iddiaya etiraz edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. - 409.4-cü maddəsinə əsasən əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. - 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. - 424.3-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, X1 ilə Azərbaycan Respublikası Əmlak Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında 1248/1197 saylı 14 yanvar 2022-ci il tarixli torpaq icarə müqaviləsi bağlanmışdır.
11. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən icarəyə verdiyi Bakı şəhəri Yasamal rayonu Qanlı Gölün cənub hissəsi ünvanında yerləşən 11383,3 kv.m. topaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir.
12. Müqavilənin 1.2-ci bəndinə əsasən torpaq sahəsi sahibkarlıq məqsədi üçün verilir.
13. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: torpaq sahəsinin illik icarə haqqı 103.365 manat, aylıq icarə 8.613,75 manat.
14. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilir. Müqavilənin müddəti qurtardıqdan sonra tərəflərdən birinin ərizəsi olmadıqda müqavilə nəzərdə tutulmuş eyni müddət üçün uzadılmış hesab edilir.
15. Müqavilə tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.
16. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən iddiaçı tərəf iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahlar verərək 1248/1197 saylı 14 yanvar 2022-ci il tarixli torpaq icarə müqaviləsinin 3.1-ci bəndinin dəyişdirilərək illik icarə haqqının 2.553,32 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf məhkəməyə elektron qaydada ünvanladığı iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddiaçının iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 saylı qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 8-ci bəndinin ikinci abzasına istinad edərək dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin torpaq vergisinin 2 misli miqdarında müəyyən edilməsini qeyd etdiyini, halbuki qeyd olunan norma icarəyə veriləcək torpaq sahəsinin icarə haqqı məbləğini deyil, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarə haqlarının minimum məbləğini tənzimləyən ümumi qaydaları müəyyən etdiyini, yəni qeyd olunan norma icarə obyekti olan dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə haqqının icarə müqavilələrinin 3.1-ci bəndində müəyyən edilmiş məbləğdən aşağı qiymətə icarəyə verilməsini qadağan etdiyini, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı məbləinin Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində, respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edildiyini, tərəflər arasında bağlanmış icarə müqavilələri ilə icarə haqqının məbləği və ödənilməsi qaydasının şərtləşdirildiyini və cavabdeh tərəfindən icarə müqaviləsi üzrə ödənişlərin həyata keçirildiyini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir.
18. Məhkəmə qeyd edir ki, ilk olaraq iddia tələbinin qanuni əsaslarını təşkil edən maddi hüquq normaları müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində torpaq icarəsi müqaviləsinin ləğv edilməsi və dəyişdirilməsi qaydası nəzərdə tutulmamışdır. Lakin həmin Məcəllənin 48-ci maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir.
19. Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.
20. Torpaq Məcəlləsi və “Torpaq icarəsi haqqında” qanunda icarə müqaviləsinin ləğv edilməsi və dəyişdirilməsi qaydası nəzərdə tutulmadığından torpaq icarəsi müqaviləsinin ləğv edilməsi və dəyişdirilməsi qaydası yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada aparılmalıdır. Müqavilələrin ləğv edilməsi və dəyişdirilməsi qaydası həmin Məcəllənin “Ümumi hissəsində” yerləşmiş, xüsusi olaraq torpaq icarə müqaviləsindən irəli gələn münasibətlərin tənzimləməsi qaydası isə Məcəllənin “Xüsusi hissəsində” nəzərdə tutulmuşdur. Bununla isə məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddia tələbinə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri tətbiq olunmalıdır.
21. Yuxarıda da, qeyd edildiyi ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər.
22. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 1248/1197 saylı 14 yanvar 2022-ci il tarixli torpaq icarə müqaviləsinin 5.4-cü bəndindən də görünür ki, iddiaçı müqavilənin 3.1-ci bəndində qeyd edilmiş icarə haqqı borcunu icarəçiyə ödəməyi öhdəsinə götürmüş və müqaviləni öz imzası ilə təsdiq etmişdir.
23. Yəni müqavilə bağlanarkən, icarəçi tərəf müqavilənin bütün şərtləri ilə razı olmuşdur.
24. Məhkəmə həmçinin qeyd edir ki, müqavilənin dəyişdirilməsi barədə təklif ilə cavabdehə müqavilə imzalandıqdan sonra qısa müddət ərzində belə deyil, 1 ildən artıq vaxt keçdikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş və sonuncu tərəfindən də, iddiaçıya xx.xx.2023-cü il tarixdə cavab məktubu ünvanlanmışdır.
25. Həmçinin də, iddiaçı tərəf özü məhkəmə iclasında, müqavilədə nəzərdə tutulmuş icarə haqqı üzrə ödənişlər etdiyini bildirmişdir.
26. Məhkəmə qeyd edir ki, müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır.
27. Göründüyü kimi, tərəflər mübahisəli icarə müqaviləsini bağlayarkən, onun şərtlərini sərbəst olaraq razılaşdırmışlar və hər iki tərəf qeyd edilən şərtlərlə razı olmuş və müqavilə imzalanmışdır. İcarəyə verən tərəf də, müqavilənin bəndinin dəyişdirilməsinə etiraz etmişdir. Məhkəmə tərəfindən həmçnin ilk öncə müqavilənin etibarlılıq şərtləri də, yoxlanılmış və bundan sonra da, müqavilənin şərtinin dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
28. Beləliklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov