Məhkəmə qərarları › İş №e-2-2(113)-4522/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4522/2021

01.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4522/2021 01.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Assosiasiyasının nümayəndəsi X1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Assosiasiyasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı ərazidəki tikililərin və qurğuların uçurulması nəticəsində 250000 ABŞ dolları məbləğində vurulmuş zərərin ödəniş günü ödəniş yerinin məzənnəsinə uyğun Azərbaycan manatı ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı ərazidəki tikililərin və qurğuların uçurulması nəticəsində 250000 ABŞ dolları məbləğində vurulmuş zərərin ödəniş günü ödəniş yerinin məzənnəsinə uyğun Azərbaycan manatı ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağsu Rayon İcra Hakimiyyəti başçısının 42 saylı, 15 fevral 2007-ci il tarixli Sərəncamına əsasən iddiaçıya Ağsu rayonunda qumçınqıl hasilatı məqsədi ilə Ağsu rayonu, Padar kəndinin cənub-qərb tərəfində Girdimançay çayından 50 metr məsafədə 11,0 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi X5 kitabında 03.05.2007-ci il tarixində A000362 nömrəsi ilə qeydiyyata alınmışdır. Ağsu Rayon İcra Hakimiyyəti başçısının 42 saylı, 15 fevral 2007-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Ağsu rayonu Padar Bələdiyyəsi ilə iddiaçı arasında 44 ha torpağın qum-çınqıl qarışığından istifadəyə görə 15 fevral 2007-ci il tarixli Müqavilə imzalanmışdır. Həmin müqaviləyə görə iddiaçı tərəfindən hər kub.metr qum-çınqıl qarışığı üçün Ağsu rayonunun Padar Bələdiyyəsinə 0,50 manat məbləğində ödənişin edilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən Müqavilə öhdəliklərinə həmişə əməl edilmiş, həmçinin digər məcburi dövlət ödənişləri vaxtında həyata keçirilmişdir. Həmçinin Ağsu rayonu Padar Bələdiyyəsinin 27.09.2007-ci il tarixli 09 saylı Qərarı ilə iddiaçıya daş döğrayıb çeşidləyən qurğunun quraşdırılması məqsədi ilə 100000 kv.metr torpaq sahəsi ayrılmış və X5 kitabında 31.10.2007-ci il tarixində A-19815 nömrə ilə qeydiyyata alınmışdır. Göstərilən obyektlərin tikintisi, həmçinin ətrafın abadlaşdırılması və həmin əraziyə 4 km yüksək gərginlikli işıq xəttinin çəkilməsi üçün iddiaçı tərəfindən həmin vaxtın məzənnəsi ilə 250000 ABŞ dolları pul xərclənmişdir. Sonradan dövlət əhəmiyyətli su xətlərinin çəkilişi ilə əlaqədar cavabdeh tərəfindən göstərilən tikili və qurğular uçurdulmuş və ayrılan torpaq sahələri iddiaçının istifadəsindən alınmışdır. Lakin bütün bunlara görə iddiaçıya heç bir kompensasiya ödənilməmişdir. Bu isə qanunvericiliyin tələblərinin kobud surətdə pozulması deməkdir. Cavabdehin bu qanunsuz əməli nəticəsində iddiaçıya 250000 ABŞ dolları məbləğində zərər vurulmuşdur. Həmçinin, cavabdeh tərəfindən həmin işlər həyata keçirilərkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1, 23, 26, 30.1, 30.2, 32, 46, 47, 49, 54, 55, 58, 67-ci maddələrinin tələbləri qəsdən, kobud surətdə pozulmuşdur. İddiaçının nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçının iddia tələbi heç bir sübutla təsdiq olunmur. Cavabdeh tərəfindən iddiaçıya aid heç bir söküntü, dağıntı işləri aparılmamış, cavabdeh dövlət layihəsini icra etmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Ağsu rayonu Padar Bələdiyyəsinin 27.09.2007-ci il tarixli 09 saylı Qərarının surətindən görünür ki, Padar kəndinin qərb tərəfində ərazidən keçən yüksək gərginlikli elektrik xəttindən cənub tərəfə Girdiman çayının kənarında Padar bələdiyyəsinin mülkiyyətində olan torpaqlardan iddiaçıya daş doğrayıb çeşidləyən qurğunun quraşdırılması üçün 1,0 hektar torpaq sahəsi torpaqların alqı-satqısı qaydasında satılmışdır. 22.10.2007-ci il tarixli 103 saylı Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Ağsu rayonu Padar Bələdiyyəsi tərəfindən bələdiyyə ərazisindən 1,0 hektar torpaq sahəsi iddiaçıya satılmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Ağsu rayonu Padar Bələdiyyəsinin 27.09.2007-ci il tarixli 09 saylı Qərarı ilə Padar kəndinin qərb tərəfində ərazidən keçən yüksək gərginlikli elektrik xəttindən cənub tərəfə Girdiman çayının kənarında Padar bələdiyyəsinin mülkiyyətində olan torpaqlardan iddiaçıya daş doğrayıb çeşidləyən qurğunun quraşdırılması üçün 1,0 hektar torpaq sahəsi torpaqların alqı-satqısı qaydasında satılması qərara alınmış və 22.10.2007-ci il tarixli 103 saylı Torpaqların alqısatqısına dair aktla həmin torpaq sahəsi iddiaçıya satılmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçı tikililərə və qurğulara aid hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, 250.000 ABŞ dolları zərər tələb etsə də, bu məbləğin haradan müəyyən olunmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd olunmalı, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Assosiasiyasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı ərazidəki tikililərin və qurğuların uçurulması nəticəsində 250000 ABŞ dolları məbləğində vurulmuş zərərin ödəniş günü ödəniş yerinin məzənnəsinə uyğun Azərbaycan manatı ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı Assosiasiyasına aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar