Məhkəmə qərarları › İş №e-2-2(113)-4522/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4522/2024

25.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4522/2024 25.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X4, iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fəaliyyət başlanandan bu günədək aylıq kommunal xidmət haqqı olan 12000 manatın, təmir xərclərinin ödənilməsinin və tərəflər arasında müqavilə bağlanılmasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Çünki, iddia ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Vəkil tərəfindən imzalanmışdır. Həmin şəxsin iddia ərizəsini imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə iddia ərizəsinə əlavə edilmiş, həmin etibarnaməni "xxxx" Mənzil-Tikinti Kooperativinin direktoru olaraq X3 imzalamışdır. Halbuki, “Elektron məhkəmə” informasiya sistemindən və İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan məlum olur ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin direktoru (qanuni təmsilçisi) X2r. Bundan başqa iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Çünki iddia ərizəsi iddiaçı tərəfindən natamam tərtib olunmuş, xahiş edirəm hissəsində iddiaçı cavabdehdən təmir xərclərinə görə konkret olaraq nə qədər pulun ödənilməsini qeyd etməmiş, iddianın qiymətini dəqiq göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hesab edirəm ki, iddia ərizəsi və ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" MTK tərəfindən dövlət büdcəsinə xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbz üzrə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar