Məhkəmə qərarları › İş №e-2-2(113)-4534/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4534/2021

01.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4534/2021 01.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı cavabdehdən cəmi 38917,20 manat borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 170 manat məbləğində hüquqi xidmət göstərilməsinə görə ödənilmiş vəsaitin alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən cəmi 38917,20 manat borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 170 manat məbləğində hüquqi xidmət göstərilməsinə görə ödənilmiş vəsaitin alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 31/30 nömrəli 03.10.2020-ci il tarixli Müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı cavabdehə bu Müqaviləyə əlavədə göstərilən malları satır, cavabdeh isə malları təhvil alır və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini iddiaçıya ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən, malların qiyməti və miqdarı bu müqaviləyə əlavədə müəyyənləşdirilmişdir. Həmçinin, müqavilənin 4.1-ci bəndinə əsasən, mallar təhvil-təslim aktı və ya başqa, ona bərabər olan sənədə əsasən cavabdehə təhvil verilməlidir. Həmçinin, müqavilənin 5.1-ci bəndinə əsasən mallar cavabdehə təhvil verildikdən sonra cavabdeh 10 (on) iş günü ərzində malların dəyərini iddiaçıya ödəməlidir. Müqavilə bağlanılan vaxtdan sonra 09.10.2020-ci il tarixdə 22/012 nömrəli təhvil-təslim aktı ilə ümumi dəyəri 13141,68 manat, 30.10.2020-ci il tarixdə 22/013 nömrəli təhvil-təslim aktı ilə ümumi dəyəri 4324,80 manat , 08.01.2021-ci il tarixdə 22/017 nömrəli təhvil-təslim aktı ilə ümumi dəyəri 15514,20 manat məbləğində olan mallar cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtlı vaxtında və lazımi qaydada yerinə yetirməyərək Müqavilənin şərtlərin pozmuşdur. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehlə yazılı müraciət və pretenziya məktubu göndərilmişdir. Lakin, qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Bundan əlavə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 12.08.2021-ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, iddiaçı iştirak etmiş, ödəniş etmiş, lakin cavabdehin nümayəndəsi iştirak etməmiş və iştirak etməkdən imtina etməsi barədə mediatora bildirmişdir. Bu barədə mediator tərəfindən 2021-000593 nömrəli arayış təqdim edilmişdir. Hazırda cavabdehin iddiaçıya ƏDV daxil olmaqla cəmi 38917,20 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehin elektron ünvanına elektron qaimələr göndərilmişdir ki, həmin qaimələrdə də qeyd edilən borc məbləği öz əksini tapmışdır İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 31/30 nömrəli 03.10.2020-ci il tarixli Alqısatqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə bu Müqaviləyə əlavədə göstərilən malları satmağı, cavabdeh isə malları təhvil almağı və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. 26.05.2021-ci il tarixli EBBC seriyalı 257029 saylı, 26.05.2021-ci il tarixli EBBC seriyalı 258034 saylı və 26.05.2021-ci il tarixli EBBC seriyalı 258972 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq 15507,18 manat, 5103,26 manat və 18306,76 manat dəyərində mallar cavabdehə satılmışdır. 09.10.2020-ci il tarixdə 22/012 nömrəli, 30.10.2020-ci il tarixdə 22/013 nömrəli və 08.01.2021-ci il tarixdə 22/017 nömrəli təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən müvafiq olaraq 13141,68 manat, 4324,80 manat və 15514,20 manat məbləğlərində olan mallar cavabdehə təhvil verilmişdir. 07.10.2021-ci il tarixli Borc barədə arayışdan görünür ki, cavabdehin aldığı malın dəyərinə görə 32980,68 manat, ƏDV-yə görə 5936,52 manat olmaqla cəmi 38917,20 manat iddiaçıya borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 31/30 nömrəli 03.10.2020-ci il tarixli Alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə bu Müqaviləyə əlavədə göstərilən malları satmağı, cavabdeh isə malları təhvil almağı və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə mallar satılmış, cavabdehin aldığı malın dəyərinə görə 32980,68 manat, ƏDV-yə görə 5936,52 manat olmaqla cəmi 38917,20 manat iddiaçıya borcu vardır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 31/30 nömrəli 03.10.2020-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən 38917,20 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 17.07.2021-ci il tarixli AZ0000580 saylı Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən vəkilin göstəridiyi yardıma görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 170 manat ödəniş edilmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 170 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddia təmin olunduğundan ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən cəmi 38917,20 manat borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 170 manat məbləğində hüquqi xidmət göstərilməsinə görə ödənilmiş vəsait alınaraq X2 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar