Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4534/2023 31.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdehnə qarşı “ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: dəymiş ziyanın ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdehnə qarşı ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti (İddiaçı BOKT MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı BOKT MMC arasında bağlanmış müqavilə öhdəliklərinin Cavabdeh MMC tərəfindən 06 iyul, 07 iyul və 08 iyul 2020-ci il tarixlərdə yerinə yetirilmədiyi nəticəsində İddiaçı BOKT MMC-yə dəymiş 15438 (on beş min dörd yüz otuz səkkiz) manat məbləğində maddi ziyanın Cavabdeh MMC tərəfindən İddiaçı BOKT MMC-yə ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci il tarixdən başlayaraq Cavabdeh MMC İddiaçı BOKT MMC ilə müxtəlif müqavilələr bağlayaraq, İddiaçı BOKT MMC-nin baş ofisi, eləcə də respublika üzrə müxtəlif regionlarda yerləşən filiallara telekommunikasiya, “Optic” internet və “İP” telefoniya xidmətlərini göstərirdi. 06 iyul 2020-ci il tarixdə “Optic” internet və “İP” telefoniya xidmətləri qəfildən dayanmışlar. Həmin xidmətlərin dayandırılması barəsində cavabdeh tərəfindən heç bir şifahi və ya rəsmi məlumat verilməmişdir. Beləliklə, yuxarıda qeyd olunan xidmətlərin cavabdeh tərəfindən qəfildən kəsilməsi nəticəsində İddiaçı BOKT MMC-nin avtomatlaşdırılmış bank sistemi, korporativ elektron poçt, ödəniş terminalları, telefoniya və ümumiyyətlə, şəbəkə ilə bağlı bütün servislər işləməmişdir. Bu kimi halda əməliyyat günün bağlanması, kreditlərin verilişi və kredit verilmə planının icrası, kredit ödənişlərinə nəzarət, riskdə olan portfelə nəzarət, requlyatora gündəlik hesabatların verilməsi, məhkəmə işlərinə nəzarət və digər əməliyyatların dayanma vaxtı ərzində edilə bilməməsi təşkilatın aylıq gəlirinə mənfi təsir göstərmişdir. Bundan başqa, İddiaçı BOKT MMC-nin müştərilərə kreditin verilə bilməməsi və nəticədə müştərilərin bu kimi hala görə imtina etməsi, yeni müştərilərin kreditin götürülməsi üçün müraciət edə bilməmələri nəticəsində İddiaçı BOKT MMC-nin büdcəsinə mənfi təsir göstərmişdir. Ümumi olaraq cavabdeh tərəfindən müqavilələr əsasında göstərilməli xidmətlərin kəsilməsi 06 iyul 2020-ci il tarixindən başlayaraq, 09 iyul 2020-ci il tarixinədək davam etmişdir. Buna əsasən cavabdeh tərəfindən elektron poçt vasitəsi ilə üzrxahlıq məktubu göndərilmişdir. Bununla cavabdeh müqavilə üzrə öhdəliklərini 06 iyul, 07 iyul, 08 iyul 2020-ci il tarixlərdə yerinə yetirməməsini etiraf etmişdir. Cavabdeh tərəfindən üç iş günü ərzində xidmətlərin göstərilməməsi nəticəsində İddiaçı BOKT MMCyə 15438 (on beş min dörd yüz otuz səkkiz) manat məbləğində ziyan dəymişdir. Beləliklə, bundan sonrakı illər ərzində cavabdeh tərəfindən İddiaçı BOKT MMC-yə həmin dəymiş ziyanın qaytarılması gözlənilirdi. 2022-ci ildə İddiaçı BOKT MMC-nin hüquqi ünvanının dəyişdirilməsi ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə xitam verilmişdir. 22 noyabr 2022-ci il tarixdə İddiaçı BOKT MMC tərəfindən cavabdehə 1452/2022 saylı pretenziya məktubu göndərilərək, dəymiş ziyanın ödənilməsi tələb olunmuş, lakin cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. Bundan sonra mediasiya təşkilatına müraciət olunmuş, lakin tərəflər heç bir nəticəyə gəlməmişlər və 21 dekabr 2022-ci il tarixdə Mediasiya prosesinə xitam verilməsi haqqında MŞB/10-00233 nömrəli protokol tərtib olunmuşdur.
3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı BOKT MMC arasında 01 iyun 2011-ci il tarixli, 0**-XC-***1 saylı müqavilə, 05 yanvar 2016-cı il tarixli, 007-X-2016 saylı müqavilə və 01 mart 2016-cı il tarixli, 012-A2016 saylı müqavilə imzalanmışdır. Bu müqaviləyə görə Cavabdeh MMC sifarişçiyə, yəni İddiaçı BOKT MMC-yə “İT” və telekommunikasiya xidmətləri göstərmişdir. Xidmətlərin göstərilməsini təsdiq edən yeganə sənəd elektron qaimə olmuşdur. 2020-ci ilin iyul ayında Cavabdeh MMC tərəfindən xidmətlər göstərilmiş və bu xidmətlərin göstərilməsi elektron qaimələrlə təsdiq edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı BOKT MMC-yə xidmətlərin kəsilməsi ilə bağlı heç bir rəsmi məktub göndərilməmişdir. İddiaçı BOKT MMC tərəfindən daxili şəbəkəsinin məhz cavabdehin öz öhdəliklərini icra etməməsi nəticəsində dayanması ilə bağlı sübut məhkəməyə təqdim edilməmişdir.
4. Cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş, ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC Cavabdeh MMC ilə bağlanmış müqavilə öhdəliklərinin Cavabdeh MMC tərəfindən 06, 07, 08 iyul 2020-ci il tarixlərində yerinə yetirilmədiyi nəticəsində İddiaçı BOKT MMC-yə dəymiş 15438 manat məbləğində maddi ziyanın Cavabdeh MMC tərəfindən İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tərfindən təqdim edilmiş sübutlardan görünür ki, iddiaçı 21 dekabr 2022-ci il tarixində mediatorla müqavilə imzalanmış və 21 dekabr 2022-ci il tarixində də mediasiya xidmətinə xitam verilməsi barədə protokol imzalanmışdır. İddiaçı BOKT MMC Cavabdeh MMC-yə 17 avqust 2023-cü il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı hüquqlarının pozulduğunu 06 iyul 2020-ci il tarixində bilmiş, mediasiya prosesinin tətbiqi barədə müqavilə 21 dekabr 2022-ci il tarixində bağlanmış və 21 dekabr 2022-ci il tarixində də mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilmişdir. Beləliklə, iddia müddətinin axımı yalnız 1 gün dayandırılmış, faktiki olaraq 10 iyul 2023-cü il tarixindən iddia müddəti ötmüş, iddiaçı isə 17 avqust 2023-cü il tarixində məhkəməyə iddia müddətini ötürməklə iddia ərizəsi təqdim etmişdir. İddia müddəti tətbiq edilməklə də iddia tələbinin rədd edilməlidir.
Tədqiq olunan sübutlar:
5. İddiaçı Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. İş materiallarından görünür ki, icraçı qismində Cavabdeh MMC ilə sifarişçi İddiaçı BOKT MMC arasında 22 iyul 2013-cü il tarixli, 0025-A-2013 saylı “Yüksək sürətli internet xidmətlərinin göstərilməsi” müqaviləsi imzalanmışdır. Müqavilənin 6.4-cü bəndinə əsasən bu müqavilənin icrasına imkan verməyən, yaxud obyektiv surətdə mane olan fors-major vəziyyətlər meydana çıxdıqda tərəflərin qarşılıqlı iddiaları olmur, onların hər biri bu vəziyyətlərin nəticələri üzrə risk payını öz üzərinə götürür. Müqavilənin 7.1-ci bəndinə əsasən əgər müqavilənin yerinə yetirilmə şərtləri hər hansı bir dövlətin, hakimiyyət orqanının qadağan tədbirləri və yaxud tərəflərin təsiri göstərə bilmədiyi hadisələr, məsələn, zəlzələ, daşqın, yanığın, müharibə nəticəsində baş verərsə, bunun üçün tərəflər məsuliyyət daşımır və müqaviləyə əsasən tam məsuliyyətdən azad edilirlər.
8. Operator qismində Cavabdeh MMC ilə sifarişçi qisimində İddiaçı BOKT MMC olmaqla tərəflər arasında 05 yanvar 2016-cı il tarixli, 007-X-2016 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən operator bu müqavilə ilə əlavədə göstərilən şərtlərlə sifarişçinin fasiləsiz şəbəkəyə qoşulmasını təmin edir və əlavələrdə göstərilən avadanlıqlarla təmin etməsini öhdəsinə götürür. Həmçinin sifarişçiyə şəbəkə üzərindən səsin ötürülməsinə icazə verir. Müqavilənin 1.2-ci bəndinə əsasən operator müqavilədə nəzərdə tutulmuş müddət və şərtlərə əsasən sifarişçinin fasiləsiz şəbəkəyə qoşulmasını təmin edir və öz növbəsində sifarişçi istifadə olunan rabitə kanalının xidmət haqqını ödəyir. Sifarişçi tələb etdiyi avadanlıqların dəyərini müəyyən edilmiş qaydada ödəyir, operator isə sifarişçini standartlara və tələblərə müvafiq, əlavələrdə müəyyən edilmiş avadanlıqlarla təmin edir. Müqavilənin 1.3-cü bəndinə əsasən operator sifarişçiyə məxsus olan rabitə kabellərinin aparılması işini təmin etmək üçün ATS 492/497 ilə sifarişçinin baş ofisi (Bakı şəhəri , Nizami küçəsi, 1/3, Sapphire Plaza) arasında operatora məxsus şaxta (kabel-kanalizasiya xətti) istifadəyə verir və ona texniki xidmət göstərir. Müqavilənin 3.1-ci bəndinə əsasən avadanlıqların dəyəri və rabitə kanalın qoşulması haqqı şifarişçi tərəfindən əvvəlcədən manatla operatorun hesab-fakturada göstərilmiş bank hesabına, hesab-faktura qəbul olunduqdan sonra 7 (yeddi) bank günü ərzində nağd və ya hesaba köçürmə yolu ilə ödəyir. Müqavilənin 6.1-ci bəndinə əsasən əgər müqavilənin yerinə yetirilmə şərtləri hər hansı bir dövlətin, hakimiyyət orqanının qadağan tədbirləri və yaxud tərəflərin təsiri göstərə bilmədiyi hadisələr, məsələn, zəlzələ, daşqın, yanığın, müharibə nəticəsində baş verərsə, bunun üçün tərəflər məsuliyyət daşımır və müqaviləyə əsasən tam və ya qismən məsuliyyətdən azad edilirlər. Yuxarıda göstərilən hadisələr baş verdiyi halda operator dərhal sifarişçiyə xəbər verir. Bu müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsi 6 (altı) aydan çox olmayan müddət ərzirdə müvafiq vaxta keçirilir.
9. xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 272664 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı BOKT MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 389,40 manat (ƏDV daxil) təşkil edir.
10. xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 272666 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı BOKT MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6330,70 manat (ƏDV daxil) təşkil edir.
11. xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 272667 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı BOKT MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 531 manat (ƏDV daxil) təşkil edir.
12. Ləman Hüseynova adlı istifadəçi tərəfindən “Elektron ünvan 1” adlı istifadəçidən “Elektron ünvan 2” adlı istifadəçiyə göndərilmiş elektron poçt məktubunda (xx.xx.2020) qeyd edilmişdir ki, ATS-lərdə yerləşən avadanlıqlarda baş verən nasazlıqlar səbəbindən Cavabdeh MMC-nin təqdim etdiyi xidmətlərdə dayanmalar baş vermişdir. Azərbaycan Respublikasında COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar xüsusi karantin rejimi elan edilmiş və dövlət orqanlarının inzibati binalarına giriş məhdudlaşdırılmışdır. Buna görə də, təcili Cavabdeh MMC-nin texniki heyəti tibbi yoxlanışdan keçirilmiş, analizin nəticələri bəlli olduqdan sonra ATS-lərə giriş imkanı təmin edilmiş və texniki problemin aradan qaldırılması mümkün olmuşdur. Avadanlıqlarda nasazlıqlar qeyri-iş günlərində baş verdiyindən və tibbi analizin nəticələri 2 (iki) iş gün ərzində bəlli olduğundan bərpa vaxtı bir qədər uzanmışdır.
13. 19 oktyabr 2023-cü il tarixli “06-08 iyul 2020-ci il tarixlərində internetin kəsilməsi nəticəsində dəymiş zərərin qiymətləndirilməsi” mövzusunda İddiaçı BOKT MMC-də aparılmış audit yoxlamasının nəticəsində qeyd edilmişdir ki, iyul ayında faktiki iş günlərinin sayı (19,63) və internetin olmadığı dövr (2,37) gün nəzərə alınmaqla, eyni dövr üçün xərc və öhdəliklər dəyişmədiyi halda, internetin kəsilməsi səbəbindən dəymiş zərər 14042 manat təşkil edir.
14. Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, təsdiq edilir ki, Bakı şəhəri, X2 ATS491-də Cavabdeh MMCnin icarəyə götürdüyü şkafda İddiaçı BOKT-a məxsus “FOMux 4E1+Eth” avadanlığında baş verən nasazlıq səbəbindən İddiaçı BOKT-un şəbəkəsində fasilə yaranmışdır.
15. İddiaçı BOKT MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, 15438 manat məbləğində dəymiş maddi ziyanın 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi
18. İddia tələbi tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin Cavabdeh MMC tərəfindən 06 iyul, 07 iyul və 08 iyul 2020-ci il tarixlərdə yerinə yetirilmədiyi nəticəsində İddiaçı BOKT MMC-yə dəymiş 15438 (on beş min dörd yüz otuz səkkiz) manat məbləğində maddi ziyanın cavabdeh tərəfindən iddiaçıya ödənilməsindən ibarətdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 06 iyul 2020-ci il tarixdə “Optic” internet və “İP” telefoniya xidmətləri qəfildən dayanmış, həmin xidmətlərin dayandırılması barəsində cavabdeh tərəfindən heç bir şifahi və ya rəsmi məlumat verilməmişdir. Beləliklə, yuxarıda qeyd olunan xidmətlərin cavabdeh tərəfindən qəfildən kəsilməsi nəticəsində İddiaçı BOKT MMC-nin avtomatlaşdırılmış bank sistemi, korporativ elektron poçt, ödəniş terminalları, telefoniya və ümumiyyətlə, şəbəkə ilə bağlı bütün servislər işləməmişdir. İddia olunmuşdur ki, kreditlərin verilişi və kredit verilmə planının icrası, kredit ödənişlərinə nəzarət, riskdə olan portfelə nəzarət, requlyatora gündəlik hesabatların verilməsi, məhkəmə işlərinə nəzarət və digər əməliyyatların dayanma vaxtı ərzində edilə bilməməsi təşkilatın aylıq gəlirinə mənfi təsir göstərmişdir. Bundan başqa, İddiaçı BOKT MMC-nin müştərilərə kreditin verilə bilməməsi və nəticədə müştərilərə bu kimi hala görə imtina edilməsi, yeni müştərilərin kreditin götürülməsi üçün müraciət edə bilməmələri İddiaçı BOKT MMC-nin büdcəsinə mənfi təsir göstərmişdir. Ümumi olaraq cavabdeh tərəfindən müqavilələr əsasında göstərilməli xidmətlərin kəsilməsi 09 iyul 2020-ci il tarixinədək davam etmiş, bununla da iddiaçıya maddi ziyan dəymişdir.
19. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi halların məhz cavabdehin öz öhdəliklərini icra etməməsi nəticəsində yaranması ilə bağlı sübut məhkəməyə təqdim edilməmişdir.
20. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı tərəfindən iddia tələbində qeyd olunan 06- 08 iyul 2020-ci il tarixlərində internetin kəsilməsi faktını cavabdeh tərəf təkzib etməmiş və bildirmişdir ki, ATS-lərdə yerləşən avadanlıqlarda baş verən nasazlıqlar səbəbindən Cavabdeh MMC-nin təqdim etdiyi xidmətlərdə dayanmalar baş vermişdir. Azərbaycan Respublikasında COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar xüsusi karantin rejimi elan edilmiş və dövlət orqanlarının inzibati binalarına giriş məhdudlaşdırılmışdır. Buna görə də, təcili Cavabdeh MMC-nin texniki heyəti tibbi yoxlanışdan keçirilmiş, analizin nəticələri bəlli olduqdan sonra ATS-lərə giriş imkanı təmin edilmiş və texniki problemin aradan qaldırılması mümkün olmuşdur. Avadanlıqlarda nasazlıqlar qeyri-iş günlərində baş verdiyindən və tibbi analizin nəticələri 2 (iki) iş gün ərzində bəlli olduğundan bərpa vaxtı bir qədər uzanmışdır.
21. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəf ATS-lərdə yerləşən nasazlıq baş vermiş avadanlığın Cavabdeh MMC-yə məxsus olduğunu və həmin avadanlıqlarda yaranmış nasazlığa görə cavabdehin məsuliyyət daşıdığını bildirmişdir. Tərəflər arasında bağlanmış 05 yanvar 2016-cı il tarixli müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, avadanlıqların dəyəri və rabitə kanalın qoşulması haqqı şifarişçi tərəfindən əvvəlcədən manatla operatorun hesab-fakturada göstərilmiş bank hesabına, hesab-faktura qəbul olunduqdan sonra 7 (yeddi) bank günü ərzində nağd və ya hesaba köçürmə yolu ilə ödəyir. Göründüyü kimi avadanlıqlar şifarişçi (İddiaçı BOKT MMC) tərəfindən operatordan (Cavabdeh MMC) dəyəri ödənilməklə əldə edilmişdir.
22. Həmçinin tərəflər arasında bağlanmış 22 iyul 2013-cü il tarixli, 0025-A-2013 saylı “yüksək sürətli internet xidmətlərinin göstərilməsi” müqaviləsinin fors-major bölməsinin 7.1ci bəndinə əsasən əgər müqavilənin yerinə yetirilmə şərtləri hər hansı bir dövlətin, hakimiyyət orqanının qadağan tədbirləri və yaxud tərəflərin təsiri göstərə bilmədiyi hadisələr, məsələn, zəlzələ, daşqın, yanığın, müharibə nəticəsində baş verərsə bunun üçün tərəflər məsuliyyət daşımır və müqaviləyə əsasən tam məsuliyyətdən azad edilirlər. Eləcə də, tərəflər arasında bağlanmış digər 05 yanvar 2016-cı il tarixli, 007-X-2016 saylı müqavilənin fors-major bölməsinin 6.1-ci bəndinə əsasən əgər müqavilənin yerinə yetirilmə şərtləri hər hansı bir dövlətin, hakimiyyət orqanının qadağan tədbirləri və yaxud tərəflərin təsiri göstərə bilmədiyi hadisələr, məsələn, zəlzələ, daşqın, yanığın, mühariəə nəticəsində baş verərsə bunun üçün tərəflər məsuliyyət daşımır və müqaviləyə əsasən tam və ya qismən məsuliyyətdən azad edilirlər. İnternet işləməyən dövr 2020-ci ilin iyul ayında Azərbaycan Respublikasında COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar xüsusi karantin rejimi elan edilmişdi.
23. Cavabdeh MMC ilə sifarişçi İddiaçı BOKT MMC arasında 22 iyul 2013-cü il tarixli, 0025-A-2013 saylı “Yüksək sürətli internet xidmətlərinin göstərilməsi” müqaviləsinin 5.6-cı bəndinə əsasən "icraçı" texniki nasazlıq və kanalların yüklənməsi nəticəsində internet əlaqəsinin itirilməsi zamanı "sifarişçinin"nin itirdiyi gəlirə görə məsuliyyət daşımır.
24. 05 yanvar 2016-cı il tarixli, 007-X-2016 saylı müqavilənin 5-ci bəndinə əsasən "Operator" Maddə 6-da qeyd olunan fövqəladə hallar istisna olmaqla, "Sifarişçi" tərəfindən istifadə olunan rabitə kanalının, fibeı optic kabelin və kabel-kanalizasiya xəttinin yüksək keyfiyyətli fasiləsiz işi üçün məsuliyyət daşıyır. Həmin bəndə əsasən boş dayanmalar və digər texniki qəza halları nəticəsində rabitənin kəsildiyi təqdirdə, həmin boş dayanma ilə bağlı ödənişi növbəti ay üzrə hesab-fakturada nəzərə alır. Alınan kanalın "Operator"dan asılı olmayan boş dayanmasından "Sifarişçi"-yə dəymiş ziyana görə "Operator" maddi məsuliyyət daşımır.
25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır.
26. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə verilmiş ərizə əsassızdır.
27. İddia rədd olunduğundan məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova