Məhkəmə qərarları › İş №e-2-2(113)-454/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-454/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-454/2025 07.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “borc müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xarici hüquqi şəxsin filialının prosessual hüquq və fəaliyyət qabiliyyəti, məhkəmənin beynəlxalq səlahiyyəti, borc müqaviləsi, əqdin etibarlılığı, əqdin məcburi hüquq qaydasını pozmaqla bağlanması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “borc müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 28 fevral 2024-cü il, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli borc müqavilələri üzrə 23300 manat məbləğində pulun və ödənilmiş 161 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-ü il tarixdə müəssisənin investisiya siyasətinin formallaşması və reallaşması üçün razılaşma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.3-cü maddəsinin tələblərinə əsasən borc müqaviləsində göstərilən məbləğ borc götürən müəssisənin ləğvi və ya onun qanuni təmsilçisinin dəyişdiyi halda İddiaçı MMC-nin tələbi ilə borc verənə dərhal geri qaytarılmalıdır. Göstərilən müqavilənin icrası məqsədilə tərəflər arasında bağlanmaş 28 fevral 2024-cü il tarixli borc müqaviləsi əsasında iddiaçıdan cavabdehə 5000 manat, xx.xx.2024-cü il tarixli borc müqaviləsinə görə 10000 manat, xx.xx.2024-cü il tarixli borc müqaviləsinə görə 7300 manat olmaqla cəmi 23300 manat borc verilmişdir. Borc müqavilələri müxtəlif müddətlərə bağlanmışdır. Amma hər üç borc müqaviləsinin 2.2.1-ci bəndinə əsasən müəssisə ləğv olunduğu və ya onun qanuni təmsilçisinin dəyişdiyi halda iddiaçının tələbi ilə alınan pulları dərhal borc verənə qaytarmağı borc alan öz üzərinə öhdəlik kimi götürmüşdür. 2024-cü ilin aprel ayından XXXX cavabdehin qanuni təmsilçisi deyildir. Hal-hazırda kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi portalında cavabdehin qanuni təmsilçisi X8 göstərilmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386, 739, 742-ci və s. maddələri göstərilmişdir.

4. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə iddiaya etiraz təqdim edərək, İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “borc müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.

5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki: 5.1. İddiaçı MMC alman vətəndaşı olan X7 tərəfindən təsis edilmişdir. X6 vəfatından sonra vəsiyyətnamə əsasında X11 və XXXX İddiaçı MMC-nin təsisçiləri olmuşdur. X9 etibarnamə ilə ona verilən səlahiyyətlərdən istifadə edərək təsisçilərdən xəbərsiz şəkildə İddiaçı MMC-nin 100 faizlik payını ələ keçirmişdir. Almaniya Federativ Respublikasında fəaliyyət göstərən Cavabdeh şirkətinin təsisçiləri X11 və XXXX Frieda tərəfindən Azərbaycan Respublikasında 2019-cu il tarixdə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı təsis edilmişdir. Təsisçilər tərəfindən həmin şirkətin direktoru vəzifəsinə Almaniya Federativ Respublikasının vətəndaşı cavabdeh XXXX təyin edilmiş və şirkətin idarə edilməsi üçün ona təsisçilər tərəfindən baş etibarnamə verilmişdir. Şirkətin direktoru XXXX təsisçilər tərəfindən ona verilmiş etibarnamə əsasında, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının təmsilçiliyini həyata keçirmişdir. Cavabdeh ilə bağlı heç bir layihə həyata keçirilməmişdir. Cavabdeh XXXX Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru olduğu müddətdə təsisçilərə həyata keçirdiyi işlər ilə bağlı yalan hesabatlar təqdim edirdi. Bir müddət sonra təsisçilər X11 və XXXX Frieda cavabdeh XXXXnın yalan hesabatlar təqdim etdiyini anlamış və tamamilə şirkəti mənimsədiyini aşkar etmişlər. Bununla bağlı, XXXX Otto və X1suz əməlləri üzrə cinayət məsuliyyətinə cəlb edilməsi üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş və XXXXya qarşı cinayət işi başlanılmışdır. Hal-hazırda həmin iş müstəntiq XXXXvələdovun icraatındadır və araşdırılma davam edir. 5.2. İddiaçının pul tələbi ilə bağlı iddiası əsassızdır, buna görə də iddiaçı tərəfindən verilmiş iddia ərizəsi təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Cavabdehin keçmiş qanuni nümayəndəsi, həmçinin iddiaçının direktoru XXXX ona verilən səlahiyyətlərdən sui-istifadə etmişdir. Belə ki, İddiaçı MMC və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında xx.xx.2023-cü il tarixdə müəssisənin investisiya siyasətinin formalaşması və reallaşması üçün razılaşma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.3-cü maddəsində qeyd edilmişdir ki, Cavabdeh ləğv edildiyi və ya onun qanuni təmsilçisinin dəyişdiyi halda İddiaçı MMC-nin tələbi ilə bu müqavilə əsasında ödənilmiş pullar dərhal İddiaçı MMC-yə qaytarılmalıdır. Buradan da görünür ki, cavabdehin bu hərəkəti məhz Mülki Məcəllənin 359.3-cü bəndinin tələblərini pozur. Belə ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlayıb, cavabdeh bu müqaviləni şəxsi mənafelərə xidmət etmək üçün bağlamış və burada məqsəd öz vəzifəsini qoruyub saxlamaqdan ibarət olmuşdur. Bunu sübut edən hal isə məhz müqavilənin 2.3-cü bəndində qeyd olunan bu hissədir: “onun qanuni təmsilçisinin dəyişdiyi halda İddiaçı MMC-nin tələbi ilə bu müqavilə əsasında ödənilmiş pulları dərhal İddiaçı MMC-yə qaytarılmalıdır”. 5.3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli Mülki Məcəllənin 340.2-ci maddəsinin şərd edilməsinə dair Plenumun Qərarında qeyd edilir ki, mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Belə ki, məhkəmə xx.xx.2023-cü il tarixli müqavilənin məzmununu təkcə söz və ifadələrin hərfi mənasına görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirməlidir. Aydın görünür ki, bu müqaviləyə ehtiyac yox idi. Çünki heç bir məntiqə sığmır ki, Almaniya Federativ Respublikasında milyonlarla dövriyyəsi olan bir şirkət onun əsasında fəaliyyət göstərən bir şirkətdən (MMC-dən) niyə və hansı səbəbdən borc alsın. Təxmin edilməsi heç də çətin deyildir ki, bu müqavilə üzrə ödənilmiş pullar şirkətin mənafeyi üçün yox, məhz keçmiş qanuni nümayəndə, İddiaçı MMC-nin direktoru olan XXXXnın şəxsi mənafeləri üçün xərclənmişdir. İddiaçı XXXX pul barəsində özü sərəncam vermiş və pulun təyinatı barədə hər hansı sənəd təqdim etməmişdir. Həmin Qərarda daha sonra qeyd edilir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Lakin xx.xx.2023-cü il tarixli müqavilə Cavabdehnin iradə ifadəsi deyildir, bu sadəcə direktor XXXXnın öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsidir. Yeri gəlmişkən, sonradan məlum olmuşdur ki, XXXX ona verilən hüquqlardan sui-istifadə edərək X7 tərəfindən təsis edilmiş, daha sonradan isə vərəsəlik qaydası ilə X11 və XXXX Frieda məxsus İddiaçı MMC-nin onların (təsisçilərin) xəbəri olmadan qanunsuz olaraq 100 faizlik təsis payını əldə etmişdir. Bütün bunların nəticəsi olaraq, XXXX barəsində Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələri ilə cinayət işi açılmış, ibtidai istintaq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmişdir. 5.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsi, hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanma qaydasını və aidiyyəti şəxslərin dairəsini tənzimləyir. Bu maddə, hüquqi şəxsin maraqlarının qorunması və aidiyyəti şəxslərin mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədini güdür. Həmin məcəllənin 49-1.1-ci maddəsində hüquqi şəxsin direktorlar şurasının və icra orqanın rəhbəri və üzvləri, 49-1.2-ci maddəsində isə hüquqi şəxsin struktur bölməsinin (filial, nümayəndəlik, idarə və s.) rəhbəri hüquqi şəxsə aidiyyəti olan şəxslər hesab edilmişdir. Həmin maddə də göstərilir ki, Mülki Məcəllənin 49-1-ci maddəsinə əsasən, aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan əqdlər təkbaşına həyata keçirilə bilməz. Belə əqdlərin bağlanması yalnız hüquqi şəxsin ümumi yığıncağının, direktorlar şurasının və ya icra orqanının qərarı ilə mümkündür. Daha vacib bir hal isə aidiyyəti şəxs həmin qərarın qəbul edilməsi zamanı səsvermədə iştirak edə bilməz. Bu qayda münaqişə risklərini minimuma endirmək və obyektivliyi təmin etmək məqsədini daşıyır. İddiaçı MMC ilə Cavabdehnin Azərbaycandakı filialı arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə Mülki Məcəllənin 49-1-ci maddəsinin tələblərinə uyğun deyil. X10 həm İddiaçı MMC-nin direktoru, həm də Cavabdehnin Azərbaycandakı filialının qanuni təmsilçisi kimi çıxış etmişdir. Beləliklə, müqavilə eyni şəxs tərəfindən imzalanmışdır ki, bu da Mülki Məcəllənin aidiyyəti şəxslərlə bağlı qoyduğu obyektivlik prinsipini pozur. Müqavilə hüquqi şəxsin ümumi yığıncağının, direktorlar şurasının və ya digər müvafiq orqanın təsdiqi olmadan təkbaşına bağlanmışdır. Eyni şəxs tərəfindən bağlanan müqavilənin nə dərəcədə hüquqi olması şübhə altındadır. Göründüyü kimi, bu müqavilə qanunun tələblərini kobud şəkildə pozmaqla bağlanmışdır. 5.5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Vicdanlılıq institutu, yalnız hüquqi yox, həm də əxlaqi və mənəvi baxımdan münasibətlərin dürüstlüyünü və qarşılıqlı etimadı təmin edən təməl prinsip kimi çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Həmçinin həmin Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Vicdanlılıq prinsipi pozulduqda, bu, əqdin etibarsızlığı üçün əsas ola bilər. Bu isə tərəflər arasında etibarlı münasibətlərin pozulması, hüquqi maraqların zərər görməsi və nəticədə mülki dövriyyənin dayanıqsızlığını yarada bilər. Əgər bir tərəf digər tərəfi aldatmaq, səhv yönləndirmək və ya vicdansızlıq göstərməklə əqd bağlayıbsa, həmin əqdin nəticələri hüquqla qorunmur. İddiaçı MMC və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında xx.xx.2023-cü il tarixdə bağlanılan müqavilənin 2.3-cü maddəsində qeyd edilmişdir ki, Cavabdeh ləğv edildiyi və ya onun qanuni təmsilçisinin dəyişdiyi halda İddiaçı MMC-nin tələbi ilə bu müqavilə əsasında ödənilmiş pulları dərhal İddiaçı MMC-yə qaytarılmalıdır. Məhz bu maddə onu göstərir ki, XXXX müqaviləni bağlayarkən vicdanlı yanaşmamış, öz şəxsi mənafeyini üstün tutmuşdur. Bundan əlavə, Mülki Məcəllənin 360-cı maddəsinə görə əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Hazırkı əqdlər isə cavabdeh tərəfindən bəyənilməmişdir. Bu halda, müqavilənin etibarsızlığı qüvvədə qalmaqdadır. Nəticə etibarilə, vicdanlılığın təmin olunması həm mülki dövriyyənin stabilliyinə xidmət edir, həm də hüquq subyektlərinin maraqlarını qoruyur. Vicdanlılıq prinsipi olmadan mülki hüquq münasibətlərində sabitlik və qarşılıqlı etimad əldə etmək mümkün deyil. Buna görə də vicdanlılıq prinsipi, müqavilələrin bağlanması və icrası zamanı əsas şərtlərdən biri olaraq, hüquqi münasibətlərin düzgün istiqamətdə formalaşmasını təmin edir. Vicdanlılıq prinsipi mülki hüquq münasibətlərində yalnız formal tələb deyil, həm də hüquqi məsuliyyət və əxlaqi norma kimi çıxış edir. Bu prinsipin pozulması əqdin etibarsızlığına səbəb olur və tərəflərin qanuni maraqlarına zərbə vurur. Mülki hüququn əsas prinsipləri kimi vicdanlılıq və dürüstlük qorunmadan mülki dövriyyənin ədalətli və davamlı olması mümkün deyil.

6. İddiaya etirazda hüquqi əsas kimi Mülki Məcəllənin 5.3, 49-1, 360-cı maddələrinə istinad edilmişdir. II. Tərəflərin mövqeləri:

7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.

8. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə etiraza münasibət ünvanlayaraq göstərmişdir ki, etirazda Mülki Məcəllənin 359-cu maddəsinə istinad edilməklə belə qənaətə gəlinmişdir ki, XXXX ozü barəsində müqavilə bağlamışdır. Cavabdehin vəkili XXXXnın şəxsiyyətini onun təmsil etdiyi hüquqi şəxslə eyniləşdirmişdir və bu eyniləşdirmə əsasında səhv olaraq belə qənaətə gəlmişdir ki, xx.xx.2023-cü il tarixli müqaviləni XXXX özü ilə bağlamışdır. Halbuki müqvilə iki müstəqil hüquqi şəxs arasında bağlanmışdır və müqavilə bağlanarkən hər iki müəssisənin də qanuni təmsilçisi XXXX olmuşdur. Müqavilə ilə yaranan hüquqlar və vəzifələr XXXX üçün deyil, onun təmsil etdiyi hüquqi şəxslər üçündür. Ona görə də İddiaçı MMC iddia ərizəsini XXXXya qarşı deyil, onun təmsil etdiyi Cavabdeh Şirkətinin Azərbaycandakı filialına qarşı qaldırmışdır. İndiki halda, XXXX Cavabdeh Şirkətinin Azərbaycandakı filialının qanuni təmsilçisi kimi özü barəsində yox, təmsilçisi olduğu hüquqi şəxsin filialına borc alınmasına dair müqavilə bağlamışdır. Göründüyü kimi, filialın rəhbəri hüquqi şəxsin verdiyi etibarnamə əsasında fəaliyyət göstərir. Hüquqi şəxsin filial rəhbəri kimi XXXXya verilmiş etibarnaməyə istinad etmədən, müqavilə bağlamaqla sonuncunun səlahiyyəti aşmış olması barədə fikir yürütmək kökündən yanlışdır. X3 filialın mənafeyini qorumaq baxımından müqavilə, o cümlədən borc müqaviləsi bağlamaq səlahiyyəti verilmişdir. xx.xx.2023-cü il tarixli müqavilənin 2.3-cü bəndində deyilir: Cavabdeh şirkətinin ləğvi və onun qanuni təmsilçisinin dəyişməsi halında verilmiş pulları İddiaçı MMC-nin tələbi ilə geri qaytarılmalıdır”. Müqavilənin bu maddəsini şərh edən cavabdehin vəkili qeyd edir ki, XXXX özü ilə müqavilə bağlamışdır, çünki İddiaçı MMC-yə geri qaytarılan pullar elə XXXXnın özünə qaytarılmış kimi başa düşülməlidir. Cavabdehin bu fikri ilə də razılaşmaq mümkün deyildir. Çünki müqavilənin bağlandığı tarixdə (xx.xx.2023-cü il) İddiaçı MMC-nin təsisçiləri X11 və XXXX Frieda olmuşlar. Sonra təsisçilərin özünün razılığı ilə onlara düşən payın qiymətləndirilməsi aparılmış və 09 oktyabr 2023-cü il tarixdə onlar paylarının dəyərini tam götürdükdən sonra müəssisənin yeganə təsisçisi "xxxx" MMC qalmışdır. Həm də müəssisənin mülkiyətində olan əmlakın hamısını eyni zamanda onun təsisçilərinin mülkiyyətində olan əmlak kimi qiymətləndirmək də yanlış fikirdir. Müəssisənin balansında olan əmlaklar öncəliklə müəssisənin öhdəliklərinin yerinə yetirilməsinə cəlb edilir, qalan əmlak isə təyinatı üzrə istifadə edilir. Müəssisə ləğv edildikdə isə onun əmlakları kreditorların tələblərini, dövlət qarşısında qalan öhdəliklərin yerinə yetirilməsinə cəlb edilir, qalan əmlak isə təsisçilər arasında paylarına mütənasib şəkildə bölünür.

9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etirazın məzmununa uyğun izahatlar verərək iddianın rədd olunmasını xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Cavabdehin prosessual hüquq qabiliyyəti, məhkəmənin beynəlxalq səlahiyyəti ilə və tətbiq olunacaq hüquq ilə bağlı

11. Məhkəmə əvvəla cavabdehin mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

12. Azərbaycan Respublikası qanunvericiliyi xarici ölkənin hüquqi şəxsinin Azərbaycan Respublikasında yaradılmış filial və nümayəndəliyi üçün Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və nümayəndəliyinə münasibətdə fərqli hüquqi status müəyyən etmişdir.

13. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7 və 4.1-ci maddələrinin məzmunundan aydın olur ki, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialları onların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi məqsədilə dövlət qeydiyyatına alınmalıdırlar.

14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və nümayəndəliyinin isə dövlət qeydiyyatına alınması qanunla nəzərdə tutulmamışdır.

15. Eləcə də “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvələ əsasən, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları daxil olmaqla kommersiya hüquqi şəxsləri kommersiya mübahisəsinin subyektlərinin dairəsinə daxil edilmişdir.

16. Odur ki, məhkəmənin qənaətinə görə, xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı maddi və prosessual hüquq və fəaliyyət qabiliyyətinə, eləcə də xarici investor statusuna və özlərinin qanuni maraqlarını məhkəmələrdə qorumaq hüququna malik olan tam hüquqlu subyektlər kimi qəbul edilməlidirlər.

17. Belə olan halda, hazırkı mübahisəyə məhkəmənin beynəlxalq səlahiyyəti Mülki Prosessual Məcəllənin 443.0.2-ci maddəsindən irəli gəlir. Belə ki, həmin maddəyə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda işlərə baxmağa haqlıdır.

18. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4-2.5-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması.

19. Digər tərəfdən, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.6-cı bəndinə əsasən, mübahisəli hüquq münasibətinə tətbiq edilməli dövlətin maddi hüququnun məhkəmələr tərəfindən seçilməsinin hüquqi əsasları aşağıdakılardır: 1) mübahisə tərəfləri arasında bağlanmış müqavilə (razılaşma); 2) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələr; 3) ümumi qəbul olunmuş beynəlxalq adətlər; 4) “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu; 5) digər milli qanunvericilik aktları (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsi).

20. Tərəflər arasında bağlanmış 28 fevral 2024-cü il, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli borc müqavilələrində tətbiq ediləcək maddi hüquq normaları barədə belə bir razılıq əldə edilmişdir ki, müqavilənin icrası ilə bağlı tərəflər arasında yaranmış mübahisələrə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq baxılacaqdır (5.1).

b) Borc müqaviləsi üzrə pulun tutulması tələbləri ilə bağlı

21. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

22. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

23. İş materiallarında olan sübutlar əsasında işin müəyyən olunan halları ondan ibarətdir ki: – tərəflər arasında xx.xx.2023-cü il tarixdə müəssisənin investisiya siyasətinin formalaşdırılması və reallaşdırılması üçün razılaşma müqaviləsi bağlanmış, həmin müqavilə ilə iddiaçı cavabdehə Cavabdeh şirkətinin işçilərinin maaşlarını İddiaçı MMC-nin balansında olan texnikaların icarə verilməsi və işçilərin aylıq maaşların (qanuni təmsilçinin, icraçı direktorun, mühasibatın, xadimənin, sürücünün əlavə xərclər və s) ödəmək, Cavabdeh şirkəti yerli və xarici layihələrdə iştirak etməsi üçün dəstək olmaq, yüksək iş fəaliyyəti göstərən işçinin maaşındən əlavə olaraq pul mükafatının təmin edilməsini, Cavabdeh dövriyyəsinin yaxşılaşdırılmasına dəstək olmaq, “X4 GMBH” tenderlərdə iştirak etmək, təklifləri nəzərdən keçirilməsi üçün layihələrin həyata keçirilməsi üçün dəstək, Cavabdeh şirkətinin tanınması üçün təqdimatların keçirilməsi üçün dəstək, Cavabdeh dövriyyəsinin yaxşılaşdırılması üçün dövlət və qeyri-dövlət sektorunda müzakirələrin aparılması və şirkətin fəaliyyətinin yaxşılaşdırılmasını təmin etmək, Cavabdeh şirkətinin ofis xərclərini, (ofis ləvazimatlarını, telefon, işiq, qaz, su kommunal və istilik sistemlərinin və s.) maliyyələşdirilməsini təmin etmək, Cavabdeh şirkətinin ofis kirayəsinin ödənilməsini təmin etmək, Cavabdeh şirkətinin dövriyyəsini yaxşılaşdırması üçün (tikinti layihələrində, nəqliyyat layihələrində, tünel və mikro tünel layihələrində, işğaldan azad olunmuş Qarabağ ərazilərində həyata keçirilən layihələrdə, yerli və xarici layihələrin, kanalizasiya, su meliorasiya agentliyinin təqdim etdiyi layihələrdə, "xxxx" ASCnin təqdim etdiyi layihələrdə iştirak etmək və layihələri həyata keçirməkdə dəstək olmağı öhdəsinə götürmüşdür. Müqavilə ilə göstərilən xidmətlərin həcminin İddiaçı MMC tərəfindən təqdim edilməsi və həmin müqavilənin 3.3-cü bəndi ilə “X5 GHMB”nin ləğvi və ya onun qanuni təmsilçisinin dəyişdiyi halda İddiaçı MMC-nin tələbi ilə “X5 GHMB”nin müqavilə ilə ona ödənilmiş pulları dərhal geri qaytarması razılaşdırılmışdır. Adıçəkilən müqavilə hər iki tərəfdən XXXX tərəfindən imzalanmışdır. – Həmin müqavilənin icrası ilə bağlı tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli TAU 01 nömrəli borc müqaviləsi əsasında 5000 manat, xx.xx.2024-cü il tarixli TAU 02 nömrəli borc müqaviləsi əsasında 10000 manat və xx.xx.2024-cü il tarixli TAU 02 nömrəli borc müqaviləsi əsasında 7300 manat məbləğində pul vəsaitinin cavabdehin mülkiyyətinə verilməsi razılaşdırılmış, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 10000 manat, xx.xx.2024-cü il tarixdə 7300 manat məbləğində pul iddiaçının bank hesabından cavabdehin bank hesabına köçürülmüşdür. Hər üç borc müqaviləsi hər iki tərəfdən XXXX tərəfindən imzalanmışdır. – XXXX xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək cavabdehin qanuni təmsilçisi olmuşdur.

24. İddiaçı 28 fevral 2024-cü il, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli borc müqavilələri üzrə 23300 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.

25. Cavabdeh iddiaya etiraz edərək, Mülki Məcəllənin 49-1 və 359.3-cü maddələrinə əsasən 28 fevral 2024-cü il, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli borc müqavilələrin etibarsız olduğunu və bu səbəbdən də iddianın rədd edilməsini xahiş edir.

26. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, ... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

28. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

29. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

30. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

31. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

32. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

33. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

34. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).

35. Məhkəmə qeyd edir ki, 28 fevral 2024-cü il, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli borc müqavilələrinin hər iki tərəfdən eyni şəxs tərəfindən imzalandığı müəyyən edildiyindən təmsilçinin təmsil edilən adından eyni zamanda təmsilçisi olduğu digər şəxs barəsində əqd bağlamasını qadağan edən məcburi hüquq qaydası pozulmuşdur.

36. İddiaçının Mülki Məcəllənin 359.3-cü maddəsinin yalnız təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində bağladığı əqdlərə tətbiq edilməsi barədə mövqeyi də bu mənada əsassız olmuşdur. Belə ki, Mülki Məcəllənin 359.3-cü maddəsinə ifadə olunan qayda: 1) təmsilçi təmsil edilən adından şəxsən özü barəsində bağldadığı və 2) təmsilçi təmsil edilən adından eyni zamanda təmsilçisi olduğu digər şəxs barəsində bağladığı (kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla) əqdlərə münasibətdə qadağanı müəyyən edir. Hazırkı halda 1-ci bənddə qeyd edilən situasiya mövcud olmasa da, ikinci bəndda göstərilən qadağa pozulmuşdur.

37. Göstərilməlidir ki, əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın aşağıdakı növləri fərqləndirilir: 1) əhəmiyyətsiz əqdlər, 2) mübahisə edilən əqdlər, 3) müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və 4) məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər.

38. Hazırkı halda isə əqd məcburi hüquq qaydasını (Mülki Məcəllənin 359.3-cü maddəsi) pozduğundan etibarsız hesab edilir.

39. Məhkəmə cavabdehin Mülki Məcəllənin 49-1-ci maddəsinə əsasən də 28 fevral 2024-cü il, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli borc müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı arqumentlərinə münasibətdə isə göstərir ki, hazırkı halda həmin müqavilələrin etibarsız olması Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən müəyyən edildiyindən əlavə olaraq Mülki Məcəllənin digər maddəsinə əsasən də əqdin etibarlılığının yoxlanılması prosessual qənaət prinsipi ilə uzlaşmır.

40. Beləliklə, 28 fevral 2024-cü il, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli borc müqavilələrinin etibarsızlığı müəyyən edilir. Lakin cavabdehin bildirklərinin əksinə, həmin müqavilələrin etibarsızlığı özü-özlüyündə iddianın rədd edilməsi üçün əsas deyildir.

41. Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması qaydası tənzimlənmişdir. Həmin normaya görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

42. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə də tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlıdır. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur.

43. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, tələb hüququ məhz əsassız varlanma qaydasında təmin edilə bilər.

44. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

45. Göründüyü kimi, əsassız varlanma hüquqi əsas – bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan və ya həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənərək başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edilməsidir.

46. Mülki hüquq nəzəriyyəsində məhrum olanın əsassız əldə edilmiş və ya saxlanılmış əmlakı qaytarmaq barədə varlanmış şəxsə verdiyi tələb kondikasiya iddiası adlanır və bu növ iddiada bir neçə şərtin mövcudluğu sübut edilməlidir. Belə ki, kondikasiya iddiasının sübutetmə predmetinə (1) varlanmanın baş verməsi, (2) bu varlanmanın hüquqi əsasa malik olmaması, (3) varlanmanın məhrum olanın hesabına formalaşması daxildir. Bu şərtlərdən hər hansı birinin mövcudluğunun sübut edilməməsi kondikasiya iddiasının rəddi üçün əsasdır.

47. Hazırkı halda əsassız varlanma icra edilmiş əqdin etibarsızlığına əsaslandığından qeyd edilən halların mövcudluğu öz təsdiqini tapır. Lakin iddiaçı iddiasında 23300 manat məbləğində pulun tutulmasını tələb etsə də, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 10000 manat, xx.xx.2024-cü il tarixdə 7300 manat məbləğində olmaqla ümumilikdə 22300 manat məbləğində pulun iddiaçının bank hesabından cavabdehə köçürüldüyü öz təsdiqini tapır.

48. Bu səbəbdən yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından 22300 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

49. İddiaçı həmçinin ödənilmiş 161 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

50. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 160,6 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

51. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 300 manat məbləğində pul Bakı şəhəri 13 saylı vəkil bürosunun hesabına köçürülmüşdür (xx.xx.2024-cü il tarixli ******* nömrəli orderdə qeyd edilən müqavilə).

52. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

53. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

54. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

55. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 300 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

56. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

57. Beləliklə, iddia ərizəsinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 153 manat məbləğində pul Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

58. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından 22300 (iyirmi iki min üç yüz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 153 (bir yüz əlli üç) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 (üç yüz) manat pul Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar