Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4540/2025 07.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-nə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli CNL-AS-04/22 №-li İcarə müqaviləsinə görə ödənilməli olan ƏDV xaric 24 672,57 manat (ƏDV daxil 29 869,64 manat) məbləğində icarə haqqının, pul vəsaitinin ödənilməsini saxlamaqla gecikdirməyə görə 5973,93 manat faiz məbləğinin, iddia ərizəsi ilə bağlı ödənilmiş 198,00 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "Euro-Asia Construction” MMC ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixdə texnikaların icarəsinə dair CNL-AS-04/22 №-li İcarə müqaviləsi bağlanmışdır. Texnikalar "Euro-Asia Construction” MMC-nə təhvil verilmiş və 2023-cü ilin iyun ayının sonunda geri qaytarılmışdır. Müqavilələrin 1.1-ci maddəsinə müvafiq olaraq “İcarəyə verən” mülkiyyətində olan texnikaları “İcarəçi”nin istifadəsinə verməyi, “İcarəçi” isə müqavilənin 2.2.3 maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş icarə haqqını “İcarəyə verən”ə ödəməyi öhdəsinə götürmüşdür. Texnikaların icarəsinə dair tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli akt üzrə 6 750,00 manat; xx.xx.2022-ci il tarixli akt üzrə 12 250,00 manat; xx.xx.2022-ci il tarixli akt üzrə 5 180,00 manat; xx.xx.2022-ci il tarixli akt üzrə 9 160,00 manat; xx.xx.2022-ci il tarixli akt üzrə 17 654,00 manat; xx.xx.2022-ci il tarixli akt üzrə 21 257,00 manat olmaqla ümumilikdə ƏDV xaric 72 251,00 manat məbləğində icarə haqqı məbləği təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən təqdim edilmiş ƏDV xaric: 6 700,00 manat məbləğində xx.xx.2022-cü il tarixli EBBR Seriyalı 555773 №-li, 12 250,00 manat məbləğində xx.xx.2022-ci il tarixli EBBT Seriyalı 954885 №-li, 10 903,85 manat məbləğində xx.xx.2022-ci il tarixli EBBV Seriyalı 652579 №-li, 21 090,15 manat məbləğində xx.xx.2022-ci il tarixli EBBX Seriyalı 474457 №-li 21 257,00 manat məbləğində xx.xx.2022-ci il tarixli EBBZ Seriyalı 209449 №-li cəmi ƏDV xaric 72 251,00 mana məbləğində elektron qaimələrn təsdiqlənmişdir. Ötən müddət ərzində icarə haqqı olaraq ƏDV xaric 47 578,43 manat ödəniş edilmiş, ƏDV xaric 24 672,57 manat borc ödənilməmiş qalmaqdadır. Tərəfimizdən edilmiş müraciətlərə baxmayaraq cavabdeh borcu ödəməmiş, ödəməmə səbəbinə izah verməmişdir. Cavabdehin ünvanına hazırlanmış 6 №-li pretenziya məktubu xx.xx.2025-ci il tarixdə onlayn kargüzarlıq vasitəsilə cavabdeh "Euro-Asia Construction” MMC-nə göndərilmişdir. Müqavilələrin 4.2-ci maddəsində ödənişlərin işlərin görülmə aktı təsdiqləndikdən sonra 5 (beş) iş günü ərzində “İcarəyə verən”in bank hesabına köçürülməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən ƏDV xaric 72 251,00 manat icarə haqqı məbləğinin təsdiq edilməsindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, 1200,00 manat məbləğində sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edilmiş, qalan 24 672,57 manat borc məbləğinin bağlanması üçün son iki il ərzində heç bir ödəniş edilməmişdir. Ötən müdət ərzində enerji daşıyıcılarının qiymətində baş vermiş artım və bu artımın ölkə iqtisadiyyatının digər sahələrinə olan təsiri nəzərə alınmaqla cərimə faizi hesablanmalıdır. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən öhdəlikləri yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən tərəfin buna görə məsuliyyət daşıdığı müəyyən edilmişdir. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Cəfərov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CNL-AS-04/22 saylı icarə müqaviləsinə görə “İcarəyəverən”-nin mülkiyyətində olan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə № 1-də siyahı üzrə göstərilən xüsusi texniki vasitələri “İcarədar”-a müvəqqəti sahiblik və istifadə üçün İcarəyə verir.
8. Müqavilənin 2.2.3-cü bəndinə əsasən bu müqavilə üzrə nəzərdə tutulmuş qaydada icarə haqqını ödəmək icarədarın vəzifəsidir.
9. Müqavilənin 4.2-ci bəndinə əsasən hər ayın 5-dən gec olmayaraq «İcarəyəverən» işlərin görülmə aktını icarədara təqdim etməlidir. İşlərin görülmə aktı icarədarın müvafiq struktur rəhbəri tərəfindən imzalandıqda sonra 5 (beş) iş günü ərzində icarəyəverənin bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
10. Müqavilənin 1 nömrəli əlavəsi ilə avadanlıqların icarə qiyməti razılaşdırılmışdır.
11. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçının balansında olan 110FX966 DNN-lı Hyundai markalı tırtıllı ekskovator üçün icarə müqaviləsi əsasında cavabdeh iddiaçıya 6750 manat ödəməlidir.
12. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçının balansında olan 110FX966 DNN-lı Hyundai markalı tırtıllı ekskovator və 10X526 DNN-lı Cat 432 F markalı ekskovator yükləyici üçün icarə müqaviləsi əsasında cavabdeh iddiaçıya 12250 manat ödəməlidir.
13. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçının balansında olan 110FX966 DNN-lı Hyundai markalı tırtıllı ekskovator və 10X526 DNN-lı Cat 432 F markalı ekskovator yükləyici üçün icarə müqaviləsi əsasında cavabdeh iddiaçıya 5180 manat ödəməlidir.
14. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçının balansında olan 110FX966 DNN-lı Hyundai markalı tırtıllı ekskovator üçün icarə müqaviləsi əsasında cavabdeh iddiaçıya 9160 manat ödəməlidir.
15. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçının balansında olan 110FX966 DNN-lı Hyundai markalı tırtıllı ekskovator və 50T635 DNN-lı Case CX 350B markalı ekskovator üçün icarə müqaviləsi əsasında cavabdeh iddiaçıya 17654 manat ödəməlidir.
16. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçının balansında olan 110FX966 DNN-lı Hyundai markalı tırtıllı ekskovator və 50T635 DNN-lı Case CX 350B markalı ekskovator üçün icarə müqaviləsi əsasında cavabdeh iddiaçıya 21257 manat ödəməlidir.
17. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli EBBR 555773 nömrəli 7965 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBT 954885 nömrəli 14455 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBV 652579 nömrəli 12866,54 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBX 474457 nömrəli 24886,38 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBZ 209449 nömrəli 25083,26 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
18. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 2250 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 6750 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 10000 manat, xx.xx.2022-ci il tapşırığına əsasən 5000 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 10903,85 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 8474,58 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 3000 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 1200 manat məbləğində Cavabdeh MMC (əvvəlki adı "xxxx" MMC) tərəfindən iddiaçıya ödənilmişdir.
19. İddiaçıya məxsus ədv sub-uçot hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 1215 manat, xx.xx.2022-ci il tarixdə 405 manat, xx.xx.2022-ci il tarixdə 1800 manat, xx.xx.2022-ci il tarixdə 900 manat, xx.xx.2022-ci il tarixdə 1962,69 manat, xx.xx.2022-ci il tarixdə 1525,42 manat məbləğində ƏDV ödənilmişdir.
20. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
23. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, CNL-AS-04/22 nömrəli icarə müqaviləsi bağlanmış, iddiaçıya məxsus avadanlıqlar cavabdehin sahiblik və istifadəsinə verilsə də, sonuncu tərəfindən üzərinə düşən öhdəliklər lazımınca icra edilməmiş, yaranmış ümumilikdə 72251 manat (ƏDV daxil olmadan) icarə haqqı borcundan ümumilikdə 24672,57 manat (ƏDV daxil olmadan) vəsait ödənilmiş, qalıq 24672,57 manat (ƏDV daxil olmadan) ödənilməmişdir. İddiaçı hazırda yaranmış icarə haqqı borcunu cavabdehdən tələb etməklə haqlıdır.
25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
26. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 5973,93 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
27. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.
28. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
29. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.
30. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.
31. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.
32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 29869,64 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 179,61 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 18,39 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil olmaqla 29869,64 manat məbləğində pul, 179,61 manat dövlət rüsumu, ümumilikdə 30049,25 (otuz min qırx doqquz manat iyirmi beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 18,39 (on səkkiz manat otuz doqquz qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova