Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4544/2024 31.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: yük daşınması müqaviləsi, dəymiş zərərin ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil1, cavabdehin nümayəndəsi, Vəkil2 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMCdən ******* rus rublu məbləğində pulun ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə və 167 manat məbləğində dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC cavabdeh daşıyıcı şirkət Cavabdeh MMC-dənxx.xx.2023-cü il beynəlxalq yükdaşıma xidmətlərini sifariş etmişdir. 28 aprel 2023-cü il tarixində daşıyıcı Rusiyadakı tərəfdaş zavodundan Gürcüstanın Tbilisi şəhərində qəbul etməli olduqları tikinti taxta tirlərini qəbul etmiş, lakin daşıyıcı şirkətə verilən yük hələ də onlara çatdırılmamışdır. Taxta tirlərin yeri hələ də onlara aydın deyildir. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanılmış razılaşmaya əsasən sonuncu götürdükləri öhdəlikləri hələ də icra edilməmişdir. Beləliklə də yükün çatdırılmaması nəticəsində onlara dəymiş zərərin dəyəri 1,341,760 rus rublu təşkil edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3, 385.1, 389.1, 425.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC cavabdeh daşıyıcı şirkətdən xx.xx.2023-cü il tarixində beynəlxalq yükdaşıma xidmətini sifariş etmişdir. Cavabdeh ilə iddiaçı arasında şifahi razılaşma olmuş və rəsmi ödəniş edilmişdir. Hazırda logistika şirkətlərinin əksəriyyəti müqavilə bağlamırlar. 28 aprel 2023-cü il tarixində daşıyıcı şirkət Rusiya Federasiyasında yerləşən iddiaçı ilə tərəfdaş olan zavoddan Gürcüstanın Tbilisi şəhərinə gətirilməli olan tikinti-taxta tirlərini qəbul etmiş, lakin daşıyıcı şirkətə verilən yük hələ də iddiaçıya çatdırılmamışdır. Taxta-tirlərin yeri hələ də onlara aydın deyildir. Cavabdeh MMC ilə iddiaçı arasında mövcud olan razılaşmaya əsasən cavabdeh tərəfindən götürülmüş öhdəliklər hələ də icra edilməmiş qalır. Beləliklə də cavabdeh tərəfindən yükün çatdırılmaması nəticəsində onlara dəymiş zərərin dəyəri ******* rus rublu təşkil edir. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçının öz ərizəsində qeyd etdiyi materiallar cavabdehin təqsiri olmadan yanmışdır. Rusiya Federasiyası Volqoqrad vilayəti, Mixaylovka ş.q-də X5 barəsində 21 avqust 2023-cü il tarixdə **********000003 nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin başlanmasının əsası xx.xx.1976-cı il təvəllüdlü X2 ehtiyatsız davranması səbəbindən yanğın baş verməsi, yanğının inkişafı nəticəsində AK 8867-1 dövlət qeydiyyat nişanlı “Scania G440” və 99JC119 dövlət qeydiyyat nişanlı “Scania” nəqliyyat vasitələrinin qoşquları və yük ilə birlikdə od ilə tam məhv edilməsi olmuşdur. Qeyd edilən cinayət işi üzrə Cavabdeh MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin işlə əlaqədar olaraq yanğın-texniki məhkəmə ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən verilmiş rəydə ekspertizaya təqdim olunmuş sənədlərə istinad olunmuş, və yekun rəy verilmişdir. Rəyin 5-ci səhifəsində qeyd edilmişdir: “O.M.Peçurun izahatından məlumdur ki, saat 16:00 radələrində özümə məxsus 2016-cı il buraxılışlı “Scania” dartıcısının kabinasında yemək bişirmək qərarına gəldim. Plitənin üzərinə “oxunmayan söz” ilə qazanı qoydum, plitəni yandırdım və bir müddət sonra alov püskürdü, bundan sonra mən dərhal avtomobilimi sürücü qapısı tərəfdən tərk etdim.” “Təqdim olunan prosessual yoxlama materiallarından görünür ki, O.M.Peçur AK 8867-1 dövlət qeydiyyat nişanlı “Scania G440” avtonəqliyyat vasitəsinin sürücüsüdür.” “Beləliklə, prosessual yoxlamanın təqdim olunan materiallarına əsasən ilkin yanma AK 8867-1 dövlət qeydiyyat nişanlı “Scania G440” avtomobilinin kabinasında baş vermişdir, daha sonra yanan AK 8867-1 dövlət qeydiyyat nişanlı “Scania G440” avtomobilinin şüalı istilik təsirindən yanında dayanan 99JC119 dövlət qeydiyyat nişanlı “Scania” avtomobilinin yanması baş vermişdir.” “Təqdim olunan informasiyanın cəmindən görünür ki, ocaq zonası AK 8867-1 dövlət qeydiyyat nişanlı “Scania G440” avtomobilinin kabinasında yerləşir.” Baş verən yanğının Cavabdeh MMC və daşıdığı materiallar olan 99JC119 dövlət qeydiyyat nişanlı “Scania” avtomobilinin sürücüsü ilə heç bir əlaqəsi olmamışdır. Yanğın yaxınlıqda dayanan digər avtomobilin sürücüsü tərəfindən törədilmiş, həmin avtomobildə başlamış və daha sonra cavabdehin avtomobili yanmışdır. Aydın olduğu kimi, qeyd edilən cinayət işi üzrə cavabdeh özü zərərçəkmişdir, çünki maşını yanmışdır. Maşın yanandan 1-2 gün sonra telefon vasitəsilə cavabdeh iddiaçı tərəfə bu barədə məlumat vermişdir. Malların cavabdehə təqdim edilməsi ilə bağlı cavabdeg şirkət ona əks bir məlumat bildirməmişdir. Ona görə hesab edir ki, mallar cavabdeh tərəfindən daşınma üçün qəbul edilmişdir. Sadəcə iddiaçı ilə aralarında müqavilə olmadığı üçün cavabdeh ümumi normalara müraciət edərək Mülki Məcəlləsinin 859.3.3-cü maddəsinə əsasən daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar baş verdiyi təqdirdə, yükün məhv olması üçün onların məsuliyyət daşımadığını qeyd etmişdir. Digər tərəfdən hesab edir ki, iddiaçı "xxxx" MMC də həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmalı və bunun üçün Rusiya Federasiyasında müvafiq orqanlara müraciət etməlidir. Cavabdehin təqsiri olmadan baş verə biləcək hadisələrə görə məsuliyyət daşımağı barədə iddiaçı ilə heç bir razılaşma yoxdur. Bu cür hadisə baş verməsini cavabdeh də arzu etməmişdir və yanğın da cavabdeh tərəfindən törədilməmişdir. Ekspert rəyində də yanğının sadəcə bir maşından digər maşına keçməsi faktı öz əksini tapmışdır. Sürücü bu zaman uzaqda olmuş və gələndə də artıq heç nəyi xilas edə bilməmişdir. Sürücünun özünün də hadisə barəsində izahatı var. Hadisə cavabdehin vicdanlı olduğu şəraitdə baş vermişdir. Cavabdeh həmin cinayət işi üzrə maşına münasibətdə zərərçəkən qismində tanınmışdır. Odur ki, hesab edir ki, iddiaçının öz ərizəsində qeyd etdiyi pul ödənişini cavabdeh həyata keçirməməlidir. İddiaçı Rusiya Federasiyasında aparılan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmalı və ödənişini cinayəti törətmiş şəxsdən almalıdır. Sonda o, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş: 28 aprel 2023-cü il tarixli CMR 28042023-1 saylı X1 görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə daşıyıcı FCA Norilsk vasitəsilə Gürcüstan, Tbilisi şəhəri, D.Tavdadebuli 16/50 ünvanına çatdırılması üçün 17479,00 kq taxta tikinti tiri göndərilmişdir. 28042023-1 nömrəli invoys qablaşdırma vərəqəsindən görünür ki, 99JC119/99ZH119 dövlət qeydiyyat nişanlı maşınla daşınan 5 adda malların netto çəkisi 17478,00 kq, brutto çəkisi 17479,00 kq qeyd edilmişdir. 28042023 saylı xx.xx.2023-cü il tarixli invoys sənədindən görünür ki, "xxxx" MMC (Satıcı) tərəfindən "xxxx" MMC-yə (Alıcı) ümumi məbləği 1341760,00 rus rublu məbləğində, ümumi brutto çəkisi 17479,00 kq, netto çəkisi – 14479,00 kq olan 10 sayda bağlamada mallar göndərilmişdir. "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin sürücüsü Allahverdiyev Zakirə müxtəlif adda və sayda malları almaq üçün 18437/032/07 saylı 25 aprel 2023-cü il tarixli etibarnamə verilmişdir. Rusiya FHN Volqoqrad vilayəti üzrə Bİ NF və Pİ üzrə idarəsinin 21 avqust 2023-cü il tarixli **********000003 nömrəli cinayət işinin başlanması və icraata götürülməsi haqqında Qərarından görünür ki, Cinayət işinin başlanmasına səbəb YXH-30 dispetçerindən daxil olan Volqoqrad vilayəti, Mixaylovka ş.q, R-22 yolu, 786 km ünvanında iki yük nəqliyyat vasitəsinin yanması haqqında xx.xx.2023-cü il saat 16:12-də daxil olan məlumat olmuşdur. Aparılan prosessual yoxlama zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il saat 16:12də xx.xx.1976-cı il təvəllüdlü X2 eytiyyatsız davranması səbəbindən yanğın baş vermişdir, yanğının inkişafı nəticəsində AK 8867-1 dövlət qeydiyyat nişanlı “Scania G440” və 99JC119 dövlət qeydiyyat nişanlı “Scania” nəqliyyat vasitələri qoşquları və yük ilə birlikdə od ilə tam məhv edilmişdir. xx.xx.1976-cı il təvəllüdlü X5 barəsində RF CM 168-ci maddəsi ilə nəzərdə tutula cinayət əlamətləri üzrə cinayət işi başlanmışdır. Qeyd olunan nəqliyyat vasitələrinin mülkiyyətçilərinə 4541284.36 rus rublu məbləğində, yəni məhv edilən əmlakın dəyəri məbləğində külli miqdarda maddi zərər vurulmuşdur. Rusiya FHN Volqoqrad vilayəti üzrə Bİ NF və Pİ üzrə idarəsi tərəfindən 11 oktyabr 2023-cü il tarixində tərtib edilmiş zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxslərin qanuni nümayəndəsinin ekspert rəyi ilə tanışetmə protokolundan görünür ki, zərərçəkmiş tərəf Cavabdeh şirkətinin qanuni nümayəndəsi, vəkil X3 (order № 002528 xx.xx.2023-cü il tarixli, vəsiqə № 1943 xx.xx.2010-cu il tarixli) **********000003 nömrəli cinayət işi üzrə 27 iyun 2023-cü il tarixli 76 saylı ekspert rəyi ilə tanış olmuşdur. Rusiya FHN Volqoqrad vilayəti üzrə Bİ NF və Pİ üzrə idarəsinin 21 avqust 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında Qərarından görünür ki, xx.xx.2023cü il saat 16:12-də Volqoqrad vilayəti, Mixaylovka ş.q, R-22 yolu, 7S6 km ünvanında iki yük nəqliyyat vasitəsinin yanması baş vermişdir, nəticədə AK 8867-1 dövlət qeydiyyat nişanlı “Scania G440” və 99JC119 dövlət qeydiyyat nişanlı "Scania” nəqliyyat vasitələri qoşquları və yük ilə birlikdə od ilə tam məhv edilmişdir. Maddi zərərin ümumi məbləği 4541284,36 rus rublu təşkil etmişdir. Cavabdeh şirkətinə 4541284,36 rus rublu məbləğində maddi zərər vurulduğundan, Cavabdeh şirkəti **********000003 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Rusiya FHN Volqoqrad vilayəti üzrə “Sınaq yanğın laboratoriyası” Federal yanğın əleyhinə xidmətin məhkəmə-ekspert müəssisi tərəfindən tərtib edilmiş 76 saylı Ekspert rəyində qeyd edilmişdir ki, hadisə yerinə baxış protokolundan görünür ki, “... AK 8867-1 dövlət qeydiyyat nişanlı "Scania G440” yük nəqliyyat vasitəsinə baxış zamanı aşkar olunub ki, qeyd olunan nəqliyyat vasitəsi altı təkər diski üzərindədir, rezin tam olaraq od ilə məhv edilib, həmçinin lak boya örtüyünün yanması və metal deformasiyası şəklində kabinə termik təsir izləri müşahidə olunur. Kabinin sağ tərəfinə baxış zamanı sağ aşağı küncdə ağ fonda göy rəngli "PR " yazısı aşkar olunub. Qeyd olunan yazı üzərində his və qurum layları şəklində termik təsir izləri aşkar olunub. Kabində şüşələr tam olaraq yoxdur, Kabinin daxilinə baxış zamanı kabinin daxili məkanının metala qədər tam yanması şəklində termik təsir izləri müşahidə olunur... A 2831- B-l dövlət qeydiyyat nişanlı "Koegel SN24” yarımqoşqusuna baxış zamanı müəyyən olunub ki, qeyd olunan yarımqoşqunun ölçüləri 13,9x2,5 metrdir və on iki təkər diski üzərindədir, baxış anına rezini zədələnməyib. Qeyd olunan yarımqoşqu sərt birləşmə ilə AK 8867-1 dövlət qeydiyyat nişanlı "Scania G440" nəqliyyat vasitəsi ilə birləşib. Yarımqoşquya baxış zamanı lent örtüyünün tam məhv olunması, həmçinin metal daşıyıcı konsturksiyaların deformasiyası şəklində termik təsir izləri müşahidə olunur. Qeyd olunan yarımqoşquda fanera təbəqələri müşahidə olunur, onlar üzərində də təbəqələrin kənarlarının yanması şəklində termik təsir izləri müşahidə olunur. 99JCU9 dövlət qeydiyyat nişanlı “Scania” yük nəqliyyat vasitəsinə baxış zamanı aşkar olunub ki, qeyd olunan nəqliyyat vasitəsi altı təkər diski üzərindədir, rezin tam olaraq od ilə məhv edilib, şüşələr tam olaraq olmaması, həmçinin lak boya örtüyünün yanması və metal deformasiyası şəklində kabinə termik təsir izləri müşahidə olunur. 99JCJ19 dövlət qeydiyyat nişanlı “Scania ” nəqliyyat vasitəsinin daxili məkanına baxış zamanı salonun tam yanması şəklində termik təsir izləri müşahidə olunur. ** ZH *** dövlət qeydiyyat nişanlı "Krone" yarımqoşqusuna baxış zamanı müəyyən olunub ki, onun ölçüləri 13,9x2.5 metrdir, on iki təkər diski üzərindədir, baxış anına rezini tam olaraq od ilə məhv edilib. Qeyd olunan yarımqoşqu sərt birləşmə ilə 99JC1İ9 dövlət qeydiyyat nişanlı “Scania” nəqliyyat vasitəsi ilə birləşib. Yarımqoşquya baxış zamanı tent örtüyünün tam məhv olunması, həmçinin metal daşıyıcı konsturksiyaların deformasiyası şəklində termik təsir izləri müşahidə olunur. Qeyd olunan yarımqoşquda san rəngli taxta şpallar müşahidə olunur, onlar üzərində də həmin şpalların kənarlarının yanması şəklində termik təsir izləri müşahidə olunur...". Z.B. Allahverdiyevin izahatından (y.m.v. 35) məlumdur ki, "... saat 16:00 dəq. radələrində "Lukoyl ’’ yanacaq doldurma məntəqəsində idim və mənim avtomobilim park edildiyi tərəfdən tüstü gördüm. Bundan sonra mən dərhal avtomobilə tərəf getdim. Yaxınlaşanda gördüm ki, od mənim avtomobilimi və qonşu avtomobili bürüyüb...". xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, "xxxx" MMC 167 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-cü maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 409.9-cu maddəsinə əsasən əgər oferta aksept üçün müddət göstərilmədən, şifahi edilmişsə, digər tərəf ofertanın akseptini dərhal bildirdikdə müqavilə bağlanmış sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 858.3-cü maddəsinə əsasən daşıyıcı yüklə rəftar üçün ona verilmiş səlahiyyətlərin icrası zamanı mülkiyyətçinin mənafelərini maksimum müdafiə etməyə borcludur. Bu vəzifələri öz təqsiri üzündən pozduqda o, zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır. 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.3-cü maddəsinə əsasən əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi daşınma müqaviləsi bağlanmış, Cavabdeh MMC tərəfindən Rusiya Federasiyasından invoys sənədində qeyd edilmiş malların Gürcüstana çatdırıması üçün qəbul edilməsi, Rusiya Federasiyasının Volqoqrad vilayətində maşına yanğın keçməsi nəticəsində məhv olması, cavabdehin həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanınması işin mübahisələndirilməyən hallarıdır. Cavabdeh iddia tələbinə etiraz edərək, Mülki Məcəllənin 859.3.3-cü maddəsinə istinad etmiş, bildirmişdir ki, yanğın cavabdehə məxsus yük maşınında deyil, onun yanında dayanmış yük maşında başlamış, daha sonra cavabdehə məxsus yük maşınına alovun keçməsi nəticəsində nəqliyyat vasitəsi tamamilə məhv olmuş, cinayət işi üzrə Cavabdeh MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu səbəbdən də cavabdehin vicdanlı davranışı nəzərə alınmaqla, hadisənin qarşısı alınmayan vəziyyətdə baş verməsi ilə əlaqədar onun iddiaçıya zərərin ödənilməsi ilə məsuliyyəti yaranmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Çünki cavabdehin yanğının baş verməsində təqsirinin müəyyən edilməməsi onun şərtləşdirilmiş vaxtda və invoys sənədində qeyd edilən məbləğdə yükü iddiaçıya çatdırması ilə bağlı məsuliyyətini aradan qaldırmır. Belə ki, Mülki Məcəllənin 858.3-cü maddəsinə əsasən cavabdeh yüklə rəftar üçün ona verilmiş səlahiyyətlərin icrası zamanı mülkiyyətçinin mənafelərini maksimum müdafiə etməyə borclu idi. Lakin görünən odur ki, cavabdehin sürücüsü yük maşınını dayanacaqda saxladıqdan sonra kifayət qədər yaxınlıqda olmadığından, lazımi diqqət göstərmədiyindən, avtomobillər arası ara məsafəsini düzgün saxlamadığından, avtomobilinə yanğının keçməsinin qarşısını ala bilməmişdir. Halbuki yanğın ocağının əmələ gəlməsi və alışmanın baş verməsi, qəfildən ani partlayış nəticəsində yaranmamış, hissə-hissə olmaqla bir neçə dəqiqə çəkmiş, həmin müddətdə cavabdehin sürücüsü vaxtında lazımı diqqət və məsuliyyət göstərək yük avtomobilini alışan yük avtomobilinin yanından çəkərək öz avtomobilinə yanğın keçməsinin qarşını ala bilərdi. Bundan başqa cavabdeh zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə təqsirləndirilən şəxsə(lərə) qarşı mülki iddia qaldırarkən, iddiaçının hazırda ondan tələb etdiyi məbləği də dəymiş ziyan kimi tələb edə bilər. Beləliklə məhkəmə qanunvericilik normalarını, tərəflər arasındakı razılaşmanı, cavabdehin sürücüsünün hərəkətlərini, iddiaçının dəymiş ziyanın ödənilməsini tələb etmək hüququna malik olmasını, cavabdehin zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, ******* rus rublu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, malların dəyəri rus rublu ilə qeyd edilsə də, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın rus rubluna münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Məhkəmə iddianın təmin olunmasını, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən ******* rus rublu (23480,80 manat) məbləğində iddia tələbi üzrə 160,45 manat dövlət rüsumu ödənilməli olduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 167 manat rüsumun 160,45 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən ******* (bir milyon üç yüz qırx bir min yeddi yüz altmış) rus rublu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 160 (bir yüz altmış) manat 45 (qırx beş) qəpik hissəsinin əvəzi iddiaçı "Tsidateli” MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4544/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4544/2024
31.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver