Məhkəmə qərarları › İş №e-2-2(113)-4549/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4549/2022

29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4549/2022 29.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı ASC-nin cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC cavabdeh X3 qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 K3762 saylı kredit xətti müqaviləsi üzrə 5,400 (beş min dörd yüz) manat əsas borc, 58.84 (əlli səkkiz manat, səksən dörd qəpik) manat faiz borcu, 1,042.48 (bir min qırx iki manat, qırx səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,501.32 (altı min beş yüz bir manat, otuz iki qəpik) manat borcun, mediasiya prosesi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə X4 (bundan sonra “Borcalan”) arasında K3762 saylı xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsi bağlanmış, bank tərəfindən borcalana xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 23%, illik cərimə faizi 15%, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 38% olmaqla dövriyyə vəsaitinin və cari xərclərin qarşılanması məqsədi ilə 5,400 (beş min dörd yüz) manat məbləğində kredit xətti açılmışdır. Lakin borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini 509 gün icra etməyərək, kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmiş və borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri K3762 saylı kredit xətti müqaviləsi üzrə 5,400 (beş min dörd yüz) manat əsas borc, 58.84 (əlli səkkiz manat, səksən dörd qəpik) manat faiz borcu, 1,042.48 (bir min qırx iki manat, qırx səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,501.32 (altı min beş yüz bir manat, otuz iki qəpik) manat, gecikmə günün sayı isə 509 gün təşkil edir. Belə ki, tərəflər arasında imzalanmış K3762 saylı kredit xətti müqaviləsinin 6.3.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi Kredit alan tərəfindən 1 (bir) aydan artıq müddətə gecikdirildikdə Bank kredit məbləğini vaxtından əvvəl geri tələb edə bilər. Bundan başqa mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 100 (bir yüz) manat məbləğində xidmət haqqı ödəmişdir. Məhkəmə işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə edilmiş sənədlərin 10 iş günü ərzində məhkəməyə göndərilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı ASC “kredit verən”, X4 “kredit alan” olmaqla imzalanmış 21 yanvar 2020-ci il tarixli K3762 saylı kredit xətti müqaviləsinə əsasən kredit verən müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə “Kredit alanda onun müqavilə imzalanan tarixədək kredit verəndə olanda cari hesablar üzrə son 12 aylıq mədaxil dövriyyəsini nəzərə alaraq orta aylıq müvafiq dövriyyənin 100%-i həcmində olan bu müqavilənin 1.2, 1.3, 1.4 və 1.5 bəndlərində göstərilən məbləğ, valyuta və faizlə bərpa olunan kredit xətti (bundan sonra “kredit xətti“ adlandırılacaq) açır, kredit alan isə krediti qəbul edib ondan 1.16. bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və Müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) kredit verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli PB/PBL-OUT-00894-2022/3 saylı maliyyə arayışında qeyd olunmuşdur ki, X2 14 iyun 2022-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri K3762 kredit müqaviləsinə əsasən 5,400 (beş min dörd yüz) manat əsas borc, 58.84 (əlli səkkiz manat, səksən dörd qəpik) manat faiz borcu, 1,042.48 (bir min qırx iki manat, qırx səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,501.32 (altı min beş yüz bir manat, otuz iki qəpik) manat təşkil edir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı ASC tərəfindən 100 manat 6 saylı Mediasiya təşkilatının hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan kredit müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərlə X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 5,400 (beş min dörd yüz) manat əsas borc, 58.84 (əlli səkkiz manat, səksən dörd qəpik) manat faiz borcu, 1,042.48 (bir min qırx iki manat, qırx səkkiz qəpik) manat cərimə bоrcunun olması öz təsdiqini tapır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. X1 K3762 saylı kredit xətti müqaviləsi üzrə 5,400 (beş min dörd yüz) manat əsas borc, 58.84 (əlli səkkiz manat, səksən dörd qəpik) manat faiz borcu, 1,042.48 (bir min qırx iki manat, qırx səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,501.32 (altı min beş yüz bir manat, otuz iki qəpik) manat, mediasiya prosesi üzrə ödənilmiş 100 (bir yüz) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar