Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4561/2025 24.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (overdraft nəticəsində yaranmış borcun ödənilməsi) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 40060AZNHC********** saylı kart hesabı üzrə overdraft əməliyyatına əsasən yaranmış 3,580.73 manat əsas borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 55.81 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC- 00392965LE/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Borclunun “40060AZNHC********** nömrəli hesabından 2022-ci ildən etibarən məxaric edilən vəsaitlər texniki səbəblərə görə revers edilmişdir (geri qaytarılmışdır), lakin yaranan fərqin aradan qaldırılması üçün borclunun hesabından revers olunan vəsait silinmişdir. Nəticədə xx.xx.2023-cü il tarixində hesab üzrə balans mənfiyə düşmüşdür. Qeyd edilən əməliyyatların aparılması cavabdehin bank hesabında öz əksini tapmışdır. Müştəri ilə bank arasında bağlanmış Razılıq ərizəsində “overdraft” imkanı olması öz əksini tapmış və müştəriyə “overdraft” formasında kredit xəttindən istifadə imkanı verilmişdir. Bu səbəbdən də qeyd edilən borc müştərinin iradəsi əsasında yaranmışdır. Belə ki, X3 Ödəniş Kartı bölməsi üzrə Karta dair ümumi məlumatların V bölməsinin, dördüncü hissəsinin “Debet kartı üzrə overdraft” hissəsində qeyd edilir ki, Bank hesabı üzrə mənfi qalıqdır. Əmək haqqı kartı üzrə overdraft limiti xalis əmək haqqı məbləğinə bağlı olan və əmək haqqı hesabına ödənilən kredit xəttidir (4.1.1). Texniki overdraft razılaşdırılmış overdraft məbləğini aşan məbləğdir. Məzənnə fərqi və ya digər səbəblərdən Kart hesabının overlimitə keçməsi halıdır (4.1.9). Hər hansı bir səbəbdən aylıq əmək haqqı ödənilmədiyi halda (Cari borcun Bank tərəfindən avtomatik silinməsi mümkün olmadığı halda) və ya Overdraft üzrə cari öhdəliyin ödənilməsi üçün müvafiq hesabda kifayət qədər vəsait olmadığı halda, Banka Cari borc üzrə ödənişini ayda bir dəfədən az olmamaq şərti ilə nağd və ya köçürmə yolu ilə ödəmək; Müqavilə ilə müəyyən olunan və Banka Müqaviləni ləğv etmək hüququ verən hallardan hər hansı biri mövcud olduqda, onun tələbnaməsində göstərilən müddətdə Cari borcu Banka qaytarmaq və Xidmət haqqını ödəmək; Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək və onların pozulmasına yol verməmək müştərinin vəzifəsidir.(4.2.4). Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir.
İİ Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq bildirdi ki, ümumi şərtlər toplusu əsasında cavabdehə bank hesabı açılmış, hesaba 3,580.73 manat pul yanlışlıqla daxil edilmişdir. Texniki overdraft bankın sistemində yaranmış texniki xəta səbəbindən yaranmışdır. İddiaçının nümayəndəsi həmçinin bildirdi ki, təqdim edilən sonuncu hesabdan çıxarışdan bütün əməliyyatı aydın görmək mümkündür. Bankda kartlar iki sistem üzərindən (Flex və CMS sistemi) fəaliyyət göstərir. Qeyd edilən iki sistem arasında inteqrasiya düzgün baş vermədiyindən müştərinin hesabına yanlışlıqla vəsaitlər qaytarılmış, Cavabdeh MMC tərəfindən müvafiq vəsaitlər istifadə edilmiş, nəticədə cavabdehin hesabında texniki xəta nəticəsində overdraft yaranmışdır. İlkin texniki xəta xx.xx.2022-ci il tarixdə baş vermiş, müştərinin 1 dəfə ödəniş etmiş, amma onun balansından pul 2 dəfə çıxarılmışdır. Məbləğ 3000.74 manat və 5.40 manat komissiya təşkil etmişdir. Silinmələrdən biri xx.xx.2022-ci ildə hesaba geri qaytarılmış, lakin xx.xx.2022-ci il tarixdə həmin vəsait yenidən hesaba qaytarılmışdır. Nəticədə 1 əməliyyat iki dəfə təkrarlanmışdır. xx.xx.2023-cü ildə yenidən eyni hal baş vermiş, müştəri 380 manat ödəniş etmiş, 2 manat komissiya tutulmuş, lakin xəta səbəbindən həmin məbləğin yenidən hesaba geri qaytarılmışdır. Növbəti əməliyyat isə xx.xx.2023-cü il tarixində baş vermiş, müştəri 335 manat ödəniş etmiş, və 2 manat komissiya tutulmuş, texniki xəta nəticəsində 335 manat və 2 manat müştərinin hesabına geri qaytarılmışdır. Qeyd edilən texniki xətaların xx.xx.2023cü il tarixində aşkar edilmişdir.
4. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
İİİ Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı ASC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-00392965LE/2019 saylı Razılıq ərizəsi imzalanmış və həmin razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair X3 bankın rəsmi internet səhifəsində www.pashabank.az yerləşdirilən xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və y məsuliyyəti bir başa olaraq öz hesbaına daşıdığını qəbul edir.
7. Bank xidmətlərinin göstərilməsinə dair X3: Müqavilənin Predmeti bölməsinin 1-ci bəndinə əsasən, bu müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. Bank Hesabı bölməsinin 1.3-cü bənində əsasən, tərəflərin qarşılıqlı razılığı əsasında hesabın kreditləşməsi (overdraft) nəzərdə tutula bilər. Bu halda bank kreditləşmənin həyata keçirildiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Hesabın kreditləşməsi üzrə şərtlər bu müqavilənin müvafiq bəndinin müddəaları və bankın qüvvədə olan tariflərinə uyğun müəyyən olunacaq.
8. Cavabdeh MMC-yə məxsus xx.xx.2022-xx.xx.2023-cü illəri əhatə edən hesabdan çıxarışa əsasən xx.xx.2022-ci ildə hesaba iki dəfə 3000.74 manat məbləğində və 5.40 manat məbləğində ödəniş olunmuş, xx.xx.2022-ci il tarixinə 3000.74 manat və 5.40 manat hesaba transfer olunmuşdur. xx.xx.2023-cü il tarixində 380 manat və 2 manat məbləğində ödəniş olunmuş, daha sonra 380 manat və 2 manat hesaba transfer olunmuşdur. xx.xx.2023-cü il tarixində 335 manat və 2 manat ödəniş olunmuş, 335 manat və 2 manat hesaba transfer olunmuşdur.
9. Paşa Bank ASC tərəfindən təqdim edilən xx.xx.2022-xx.xx.2025-ci il tarixləri əhatə edən Dost Park MMC-yə məxsus AZ28PAHA40060AZNHC********** saylı hesabdan çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixə mövcud olan qalıq borc 3580.73 manat təşkil etmiş, hesab mənfi balansa keçmişdir.
10. 28.05.2025-c il tarixli, ********** saylı ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən 55,81 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
11. Məhkəmə ilkin olaraq qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-00392965LE/2019 saylı Razılıq ərizəsi imzalanmış, cavabdeh tərəfindən X3 qəbul edilməsi nəticəsində ona “40060AZNHC********** nömrəli hesab açılmışdır. İddiaçı ASC-yə məxsus iki sistem arasında inteqrasiyanın düzgün baş verməməsi səbəbindən cavabdehə məxsus olan bank hesabından məxaric edilən bəzi vəsaitlər hesaba geri qaytarılmışdır (revers edilmişdir). Belə ki, cavabdeh tərəfindən ödənişlər olunarkən ilkin olaraq 3000.74 manat və 5.40 manat komissiya haqqı, növbəti dəfə 380 manat və 2 manat komissiya haqqı, son olaraq 335 manat və 2 manat komissiya haqqı hesaba transfer olmuş, nəticədə texniki overdraft baş vermiş və hesab mənfi balansa keçmişdir. Bununla da 3725,14 manat (3000.74+5.40+380+2+335+2=3725,14) (overdraft) pul vəsaiti texniki xəta nəticəsində müştərinin hesabına qayıtmışdır. Cavadebin hesabından xx.xx.2025-ci il tarixədək olan çıxarışa əsasən müştərinin hesabına mədaxil edilən məbləğ 5 112787.77 manat, məxaric edilən məbləğ isə 5 128 892.40 manat təşkil edir. Nəticədə mədaxil və məxaric edilən məbləğlər arasında fərq yaranmışdır.
13. İddiaçı hazırda 3580.73 manat “texniki overdraftın” cavabdehdən tutulmasını tələb edir.
14. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən hesab üzrə qeyd edilən əməliyyatların aparılması işdə olan hesabdan çıxarışlar əsasında öz təsdiqini tapır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquq və vəzifələrin əmələ gəlmə əsasıdır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.
16. Mülki Məcəllənin tələbinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin(1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. (1092.1)
17. Məhkəmə qeyd etmək istəyir ki, əsassız varlanma öhdəliyin (kondiksiya iddiası, latın condictio-əldə etmə) yaranmasının faktiki tərkibi aşağıdakı elementlərdən ibarətdir: 1.bir şəxs başqa şəxsin hesabına əmlak əldə edir; 2. qanuni əsas və ya müqavilə olmadan əmlak əldə edilir.
18. Bu maddədə istifadə edilən “varlanma” termini varlanmış şəxs tərəfindən əmlakın (hər hansı bir əmlak hüququnun) əldə edilməsi deməkdir. Belə varlanma digər şəxsin hesabına olmalıdır. Bundan əlavə, bir şəxsin digər şəxsin hesabına əmlakın əldə edilməsi o deməkdir ki, bir şəxsdə əmlak həcmi artırılır, digər şəxsdə isə onun həcmi azalır. MM-in 1091-ci maddəsində göstərilən əsassız varlanmanın yaranması üçün əsassız varlanma faktının özünün mövçudluğu, yəni əmlakın bir şəxsdən digər şəxsə heç bir hüquqi əsas olmadan əvəzsiz keçməsi vacibdir. Hazırkı iş üzrə belə hüquqi fakt mövcuddur.
19. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir.
20. İddiaçı həmçinin iddia qaldırılması üçün ödənilmiş 55,81 manat məbləğində dövlət rüsumunun da cavabdehlərdən tutulmasını xahiş etmiş, qeyd edilən faktı təsdiq edən qəbzi iş materiallarına əlavə etmişdir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 55,81 manat məbləğində pul cavabdehdən tutulmalıdır. V Nəticə:
23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 40060AZNHC********** saylı kart hesabı üzrə overdraft əməliyyatına əsasən yaranmış 3,580.73 (üç min beş yüz səksən manat yetmiş üç qəpik) manat əsas borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 55.81 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov