Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4563/2023 20.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh oğluna qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X3 (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 yanvar 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, ünvan 1 ünvanında yerləşən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin geri qaytarılması öhdəliyin cavabdehin üzərinə qoyulması və cavabdehdən 2022-ci ilin noyabr ayından etibarən ödənilməyən icarə haqqının tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə iddia tələbinin həcminin artırılması barədə ərizələr verərək ünvan 1 ünvanında yerləşən icarəyə götürülmüş qeyriyaşayış sahəsinin geri qaytarılması öhdəliyin cavabdehin üzərinə qoyulması və cavabdehdən 25 000 manat icarə haqqı üzrə borc məbləği, 920 manat daşınma xərcləri və yeni anbarda əşyaların saxlanılması üçün ödənilmiş 2400 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 400 kv.m-nin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən hər bir tərəf müəyyən öhdəliklər üzərinə götürmüşdür. Müqavilənin 5-ci maddəsinə əsasən cavabdeh aylıq icarə haqqı ödəməli idi. Buna baxmayaraq cavabdeh tərəfindən bu müddət ərzində icarə haqqının ödənişlərində müəyyən çətinliklər yaranırdı, hal-hazırda artıq son necə aydır ki, icarə haqqı ödənilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 685-ci maddəsinə əsasən kirayəçi 2 ardıcıl müddət üçün kirayə haqqını və onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Buna baxmayaraq icarəyə götürülən sahədən köçməyi üçün vaxt zəruriyyəti yaranacağını nəzərə alaraq müqavilənin 8-ci bəndində qeyd olunan 1(bir) aylıq müddəti gözləyərək bağlanmış hazırki müqavilə xx.xx.2023-cü il tarixdə xitam olunmuş hesab olunacağı və həmin tarixə icarəyə götürülmüş sahəni cavabdehə təhvil verməyi barədə müraciət olunmuşdur. Buna baxmayaraq, icarəyə götürülmüş sahə ona geri qaytarılmamışdır və bu günədək icarə sahədən cavabdehin istifadə etməyinə baxmayaraq, icarə haqqı ödənilmir. Bundan sonra, 08 may 2023-cü il tarixdə cavabdehə pretenziya məktubu elektron qaydada göndərilmişdir. Eyni zamanda, mediasiya qaydasında cavabdehə müraciət olunmuşdur və 24 iyun 2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonar prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir. Müqavilə bağlanan zaman tərəflər arasında razılıq olmuşdur ki, icarə haqqı 600 manat olsun, sonradan tərəflərin şifahi razılığa görə (Müqavilə üzrə icarə haqqının dəyişikliyi yazılı və ya şifahi olması şərtləşdirilməmişdir) icarə haqqı 2000 manat, zirzəmi verildikdən sonra isə icarə haqqı 2500 manat artırılmışdır, 2022-ci ilin noyabr ayından başlayaraq, cavabdeh icarə haqqını ödəməmisdir, müxtəlif bahənələr gətirirdi, baxmayaraq ki, özünün sözlərinə görə oranı bir necə subicarəçiyə vermişdir. İcarə haqqının artması və icarə haqqının noyabr ayından etibarən ödənilməməsi sübutları var və aralarında müvafiq yazışmalar mövcuddur. Ona görə iddiaçı 01 sentyabr 2023-ci il üzrə, yəni 10 ay üçün icarə haqqı borcu 25000 manat təşkil edir. Mübahisə gedən zaman cavabdehə 24 avqust 2023cü il tarixdə müraciət olunub ki, gəlib əşyaları sahədən götürsün. Lakin cavabdeh əşyaları götürməmişdir və o, məcbur olub əşyaları 166 xidmət və onların işçi heyəti vasitəsi ilə həmin xidmətə məxsus anbara daşımışdır. Bütün daşınma prosesi videoçəkilişlə aparılmışdır. Əşyalar isə daşıyıcı şirkətin anbarına aparılmışdır və Şirkətlə müvafiq müqavilə bağlanmışdır. Yükdaşıma xitməti və daşımaq üçün cəlb edilmiş işçi qüvvəsi üçün daşıyıcı şirkətə 920 manat vəsait ödənilmişdir. Əlavə olaraq, Xirdalan şəhəri, Mehti Hüseynzadə küçəsində yerləşən anbarda əşyaların saxlanılması üçün 6 aylıq ödəniş, yəni 2400 manat olunmuşdur. Cəmi 3340 manat vəsait ödənilmişdir.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə sahəsinə cavabdehin girişinə 2022-ci ilin sentyabr ayında məhdudiyyət qoyulmuş, cavabdeh ona məxsus əşyaları götürmədiyi üçün iddiaçı məcbur olub onun əşyalarını saxlanca vermiş, bununla əlaqədar olaraq xərc çəkmişdir. Bundan əlavə, cavabdeh sonuncu icarə haqqını 2022-ci ilin oktyabr ayı üçün ödəmişdir. Hazırda icarə sahəsi boşdur, iddiaçı tərəfindən hələ icarəyə verilməmişdir. Gələcəkdə cavabdehin icarə müqaviləsinə istinad edib yenidən icarə sahəsindən istifadə edə bilməməsi üçün əlavə olaraq qeyri-yaşayış sahəsinin geri qaytarılması öhdəliyin cavabdehin üzərinə qoyulması barədə də qətnamə qəbul edilməsini xahiş edirlər. Hazırda iddia tələbləri ünvan 1 ünvanında yerləşən icarəyə götürülmüş qeyriyaşayış sahəsinin geri qaytarılması öhdəliyin cavabdehin üzərinə qoyulması, cavabdehdən 25 000 manat icarə haqqı üzrə borc məbləği, 920 manat daşınma xərcləri və yeni anbarda əşyaların saxlanılması üçün ödənilmiş 2400 manat pulun tutulub iddiaçıya ödənilməsindən ibarətdir. İcarə sahəsinin təmin edilməsinə iddiaçı tərəfindən razılıq verilməmiş, icarə sahəsi təmirli vəziyyətdə icarəyə verilmişdir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə sahəsi cavabdeh tərəfindən təmir edilmiş, buna tərəfindən xərc çəkilmiş, hazırda cavabdehin iddiaçıya hər hansı borcu yoxdur. İcarə sahəsinə cavabdehin girişinə 2022-ci ilin avqust ayında məhdudiyyət qoyulmuş, icarə sahəsinə mühafizəçilər yerləşdirilmiş, açarları dəyişdirilmiş, cavabdeh özünə məxsus olan əşyaları oradan götürə bilməmişdir. Bu səbəbdən də çəkilmiş xərclərin cavabdehdən tələb edilməsi əsassızdır.
II. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icarəyə verən) cavabdeh (icarəçi) arasında bağlanmış 12 yanvar 2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 791.85 kv/m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 400 kv.metr hissəni icarəyə verir.
8. Müqavilənin 5-ci bəndinə əsasən "İcarəyə götürən" Cavabdeh "İcarəyə verən" X2 aylıq 600 manat icarə haqqı ödəyir.
9. Müqavilənin 9-cu bəndinə əsasən "icarəçi" "icarəyə verənin” razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz.
10. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli 23 saylı malların anbarda saxlama barədə müqaviləsinə əsasən saxlayıcı (anbar sahibi) sifariş əsasında tapşıranın onun verdiyi daşınar əşyaları özünə məxsus anbarda saxlamağı, tapşıran isə bunun müqabilində bu Müqavilə ilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürür.
11. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündə qüvvəyə minir və xx.xx.2024-cü il tarixinədək qüvvədədir.
12. Müqavilənin 5.1-ci bəndinə əsasən malların anbarda saxlama haqqı aylıq 400 manat məbləğində müəyyən edilir və öncədən ödənilir.
13. 08.09.2023-cü il tarixli hesab-fakturadan və xx.xx.2023-cü il tarili arayışdan görünür ki, X4 tərəfindən "xxxx" MMC-yə 3340 manat ödənilmişdir.
14. Məhkəmə tərəflərin nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
15. Belə ki, iddia tələbləri üç hissədən ibarətdir: ünvan 1 ünvanında yerləşən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin geri qaytarılması öhdəliyin cavabdehin üzərinə qoyulması; cavabdehdən 25000 manat icarə haqqının tutulması; 920 manat daşınma xərcləri və anbarda əşyaların saxlanılması üçün ödənilmiş 2400 manat pulun tutulması.
16. Məhkəmə iddia tələbini birinci hissədə əsassız hesab edir.
17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icarə sahəsi hazırda iddiaçının sahiblik və istifadəsindədir, cavabdehə məxsus əşyalar da xx.xx.2023cü il tarixdə "xxxx" MMC tərəfindən icarə sahəsindən daşınaraq həmin MMC-yə məxsus anbarda saxlanılmış, daha sonra cavabdeh tərəfindən 2023-cü ilin dekabr ayında təhvil alınmışdır. Göstərilən halı tərəflərin nümayəndələri də məhkəmə iclaslarında verdikləri izahatlarında təsdiq etmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi ünvan 1 ünvanında yerləşən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin geri qaytarılması öhdəliyin cavabdehin üzərinə qoyulması hissəsində əsassız olduğundan təmin edilməməlidir.
18. Məhkəmə iddia tələbini ikinci hissəsində qismən əsaslı hesab edir.
19. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh tərəfindən son dəfə icarə haqqı 2022-ci ilin oktyabr ayı üzrə ödənilmişdir.
20. Bununla yanaşı, iddiaçı icarə müqaviləsində icarə haqqının aylıq 600 manat müəyyən edilməsinə baxmayaraq, tərəflərin sonradan şifahi əldə etdiyi razılaşmaya əsasən aylıq icarə haqqının əvvəlcə 2000 manat, daha sonra 2500 manat müəyyən edildiyini (göstərilən halı cavabdeh tərəf də təsdiq etmişdir), bu səbəbdən ödənilməmiş 10 aylıq icarə haqqı üzrə borcun aylıq 2500 manat olmaqla, ümumilikdə 25000 manat müəyyən edilməli olduğunu göstərmişdir.
21. Məhkəmə iddiaçının həmin dəlilini əsassız hesab edir.
22. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında icarə haqqının artırılması barədə təklifin (oferta) şifahi edildiyini, cavabdeh tərəfindən də şifahi qaydada təsdiq edildiyini bildirmişdir.
23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
25. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
26. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
27. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
28. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi notarial qaydada bağlanmış, ona hər hansı yazılı dəyişiklik və ya əlavə edilməmiş, müqaviləyə dəyişiklik edilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə ümumiyyətlə yazılı təklif ünvanlanmamışdır.
30. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq icarə haqqı borcu xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 5-ci bəndinə əsasən aylıq 600 manat nəzərə alınmaqla, ümumilikdə 6000 manat (600 manat * 10 ay) müəyyən edilməlidir.
31. Məhkəmə hesab edir ki, iddia tələbi üçüncü hissədə təmin edilməməlidir.
32. Belə ki, iddiaçı cavabdeh tərəfindən icarə sahəsi boşaldılmadığı üçün ona 920 manat daşıma haqqı və əşyaların anbarda saxlanması üçün 2400 manat ödənilmiş saxlanc haqqı dəyərində zərər dəydiyini iddia edir.
33. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
34. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
35. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
36. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
37. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
38. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
39. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
40. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
41. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
42. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
43. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
44. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
46. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
47. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
48. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında icarə sahəsinin hazırda boş olduğunu, hələ ki həmin icarə sahəsinə dair hər hansı şəxslə (fiziki və ya hüquqi) müqavilə bağlanmadığını bildirmişdir.
49. Məhkəmə hesab edir ki, çəkilmiş xərclər cavabdehin təqsiri nəticəsində yaranmamış, əşyaların icarə sahəsindən kənar yerə daşınması həmin vaxt labüd və qaçılmaz olmamışdır.
50. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
51. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6000 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə, qalan 110 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
IV. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 6000 manat məbləğində pul, ödənilmiş 100 manat dövlət rüsumu, ümumilikdə 6100 (altı min bir yüz) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 110 (bir yüz on) manat dövlət rüsumu iddiaçı X1 özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova