Məhkəmə qərarları › İş №e-2-2(113)-4563/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4563/2025

04.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4563/2025 04.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızı, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC və İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli AGE/AL/SC/12-21/015 saylı müqavilə üzrə İddiaçı MMC-nin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək, X2 Zonasında uzunluğu 112 m, diametri 1400 mm olan yağış suyu xəttininin mikrotunel üsulu ilə tikintisini tamamlamış və Cavabdeh MMC-yə təhvil vermiş işlər barədə “Forma-2” və “Forma-3” sənədlərinin Cavabdeh MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanması və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilərək İddiaçı MMC-yə təqdim olunması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçının iddia tələbi “təhvil vermiş işlər barədə “Forma-2” və “Forma-3” sənədlərinin Cavabdeh MMC-nin səlahiyyətli şəxsi tərəfindən imzalanması və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilərək iddiaçıya təqdim olunması”ndan ibarətdir. İddiaçının cavabdehdən tələb etdiyi “forma-2” və “forma-3” sənədləri özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onların təqdim olunmaması nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə hazırkı tələb ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Sənədlərin təhvil verilməməsi vəzifəsinin mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən yolverilməzliyinə görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 100,60 (bir yüz manat altmış qəpik) manat dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar