Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4564/2025 04.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh “Pubar MMC”-yə qarşı “texniki overdraft üzrə borcun cavabehdən tutulması” tələbi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlu, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “overdraft əməliyyatı üzrə yaranmış borcun qaytarılması” tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. İddiaçı ilə cavabdeh arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmış, müqavilənin predmetini müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər təşkil etmişdir (müqavilənin 1-ci bəndi).
2. Tərəflər xx.xx.2023-cü il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-00373811LE/2019 saylı Razılaşma bağlamışlar.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
3. İddiaçı cavabdehdən 40060AZNHK********** saylı kart hesabı üzrə overdraft əməliyyatına əsasən yaranmış 349,64 manat məbləğində əsas borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 00373811LE/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Borclunun 40060AZNHK**********nömrəli hesabına xx.xx.2023 tarixində texniki xəta nəticəsində (FlexCMS inteqrasiyası) 349,64 manat məbləğində vəsait iki dəfə mədaxil olunub. xx.xx.2024-cü il tarixində texniki xətanın aradan qaldırılması üçün 349.64 manat Borclunun hesabından silinmişdir, lakin hesabda vəsait olmadığından balans mənfiyə enmişdir. Qeyd edilən əməliyyatların aparılması Borclunun bank hesabında öz əksini tapmışdır. Bildirilir ki, müştəri ilə bank arasında bağlanmış Razılıq ərizəsində “overdraft” imkanı olması öz əksini tapmış və müştəriyə “overdraft” formasında kredit xəttindən istifadə imkanı verilmişdir. Bu səbəbdən də qeyd edilən borc müştərinin iradəsi əsasında yaranmışdır.
b) İddiaya qarşı etirazın dəlilləri
5. Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə bildiriş göndərilsə də, cavabdeh etirazını məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
8. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
9. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
10. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
11. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
16. Məhkəmə, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
17. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
18. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
19. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir.
20. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası – iddiaçı ilə aralarında hazırda tələb edilən pul məbləği barədə müqavilə, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsas olmadan 349,64 manat məbləğində pul vəsaiti əldə etmişdir. Tərəflər arasında bank xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə münasibətləri yaransa da, cavabehin hesabına köçürlümüş mübahisəli vəsait həmin münasibətlər çəeçivəsindən kənar baş vermiş, bu səbəbdən cavabdeh, qeyd edildiyi kimi əsassız varlanmışdır.
21. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından da görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə 40060AZNHK********** saylı kart hesabı üzrə cəmi 349,64 manat məbləğində borcu yaranmışdır.
22. Eyni zamanda, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, müqavilə ilə tərəflər arasında razılaşdırılmış 349,64 manat pul məbləği cavabdehin kart hesabına 2 dəfə mədaxil edilmiş və onun tərəfindən istifadə edilmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2023-xx.xx.2025-ci il tarixlər arası dövrdə, ümumilikdə 6324,53 manat məbləğində pul kart hesabından məxaric edilmiş, 5974,89 manat mədaxil edilmiş, bununla da əsassız varlanma nəticəsində banka 349,64 manat (6324,53-5974,89=349,64) məbləğində borcu yaranmışdır.
23. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, cavabdeh tərəfindən həmin pul vəsaiti geri qaytarılmamışdır.
24. Göründüyü kimi, cavabdeh hüquqi və ya müqavilə əsas olmadan iddiaçının hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçı pul məbləğinin geri qaytarılması məqsədi ilə cavabdehə qarşı pul tələbinə dair tələb irəli sürməkdə haqlıdır.
25. Məhkəmə, həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 40060AZNHK********** saylı kart hesabı üzrə overdraft əməliyyatına əsasən yaranmış 349,64 (üç yüz qırx doqquz manat altmış dörd qəpik) məbləğində əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı