Məhkəmə qərarları › İş №e-2-2(113)-4571/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4571/2024

19.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4571/2024 19.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Hyundai Sonata” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin öz mülkiyyətçisinə qaytarılması, onunla Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/1773/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2024-cü il, xx.xx.2022-ci il tarixədək yaranmış 12276,51 manat əsas borc, 3913,82 manat mükafat borcu və 361,22 manat peniya cəmi 16551,55 manat pul məbləğinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140 manta məbləğində pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/1773/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən bü müqavilədə göstərilən 1 ədəd, 2010-cu il buraxlışı olan, “Hyundai Sonata” minik markalı (ban G4KEAA402150) nəqliyyat vasitəsini xx.xx.2019-cu il tarixdən etibarən Cavabdeh2n istifadəsinə vermişdir. Müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 14.250 manat təşkil edir. Bu ümumi məbləğdən 5608 manat lizinq verənin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hər ay 551,61 manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 23 % olmaqla 36 ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2019-ci il tarixdən etibarən 36 ay müddətində hər ay 551,61 manat ödəniş etməli olduğu təqdirdə ödənişləri tam və vaxtında etməmişdir və bu günə dək 4570 manat ödəniş etmişdir. Cavabdeh lizinqə məxsus avtomobili etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır. Yaranmış borcla bağlı İddiaçı MMC tərəfindən cavabdehlərə müxtəlif tarixlərdə yazılı və şifahi xəbərdarlıqlar edilmiş, əks halda tərəflər arasında bağlanmış müqavilənin bir tərəfli qaydada xitam edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb edilməsi məqsədi ilə aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bu Müqavilənin 4.1.-cü bəndinə əsasən tərəflər arasındakı müqavilə münasibətlərinə «Lizinq alan» tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti «Lizinq alan» tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək hüququ vardır. Müqavilənin 13.1-ci bəndinə əsasən hər hаnsı bir mübаhisə və yахud аnlаşılmаzlıq ilkin olaraq danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə Аzərbаycаn Respublikаsının qüvvədə оlаn qаnunvericiliyinə uyğun оlаrаq Аzərbаycаn Respublikаsının aidiyyəti məhkəməsində həll оlunur. Eyni zamanda Cavabdeh2 “İnternet Vergi” Şəxsi kabinetinə İddiaçı MMC tərəfindən iddia ərizəsi və pretenziya məktubu göndərilmişdir. Daha sonra İddiaçı MMC iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək onunla Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 06/1773/DLİZ nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixədək yaranmış 12276,51 manat əsas borc, 3913,82 manat mükafat borcu və 361,22 manat peniya cəmi 16551,55 manat pul məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140 manta məbləğində pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: xx.xx.2019-cu il tarixli 06/1773/DLİZ saylı daxili maliyyə lizinqi müqaviləsi, müqavilənin 9.2-ci bəndinə əsasən müqaviləyə 1 saylı əlavə olan ödəniş qrafiki, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, lizinq verən İddiaçı MMC lizinq alan Cavabdeh2 1 ədəd, 2010-cu il buraxılışlı “Hyundai Sonata” minik markalı, mühərrik G4KEAA402150, ban KMHEB41C1BA133424 nəqliyyat vasitəsini lizinq alanın müraciəti əsasında lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu müqavilənin müddəalarına uyğun olaraq lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə vermişdir. xx.xx.2019-cu il tarixli 06/1773/DLİZ saylı Lizinq müqaviləsinin 9.4-cü bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 14.250 manat təşkil edir. Bu ümumi məbləğdən 5608 manat lizinq verənin mükafatını təşkil edir. Müqavilənin 3.1-ci bəndinə əsasən maliyyə lizinqi müqaviləsi 36 ay müddətinə bağlanılmaq şərti ilə lizinq obyektinin lizinq alana təhvil-təslim aktının imzalanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minir və xx.xx.2022-ci il tarixinədək qüvvədədir. Müqavilənin 4.1-ci bəndindən görünür ki, tərəflər arasındakı müqavilə münasibətlərinə lizinq alan tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi ilə bağlı xitam verildiyi zaman lizinq obyekti lizinq alan tərəfindən geri qaytarılmazsa və ya vaxtında geri qaytarılmazsa ödənilməmiş ümumi məbləğin hər günü üçün 3% məbləğində ödəniş tələb etmək hüququ vardır. Müqavilənin 11.1.4-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya iki dəfədən artıq ödənişləri gecikdirirsə lizinq verənin maliyyə lizinqi müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini geri almaq hüququ vardır. Ödəniş qrafikinə əsasən müəyyən edilir ki, 36 ay ərzində lizinq alan tərəfindən hər ay 551,61 manat olmaqla cəmi ödənilməli olan mükafatın məbləği 5608 manat, lizinqin məbləği isə 14.250 manat təşkil etməli idi. xx.xx.2024-cü il tarixli, 06/1773 nömrəli İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış daxili maliyyə lizin müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh1 İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixə olan borcu 12.276,51 manat əsas, 3913,82 manat mükafat, 361,22 manat peniya cəmi 16.551,55 manat təşkil edir. İddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında 06/1773/DLİZ saylı, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən müəyyən edilir ki, lizinq verən və lizinq alan arasında bağlanmış 28 iyun 2019 tarixli, 06/1773/DLİZ lizinq müqaviləsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş Hyundai Sonata markalı avtomobilindən, Lizinq alanın müqavilədə müəyyənləşdirilmiş dövriliklə, lizing verənə 14.250 manat ödəməsi üzrə lizinq alanın öhdəliyini təmin etmək məqsədi ilə zamin, Lizinq verən qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. Lizinq alan lizinq müqaviləsinə əsasən, üzərinə düşən öhdəliyi tamamilə və ya qismən icra etmədikdə,o cümlədən lazımınca icra etmədikdə zamin lizinq alan ilə birlikdə lizinq verən qarşısında avtomobilin qiymətinin ödənilməsi və cərimələrin, habelə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Sözügedən müqavilənin 3.2ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik lizinq alan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə lizinq verən "xxxx" MMC-in tələbi ilə həmin öhdəlik zamin tərəfindən 5 gün müddətində icra edilməlidir. Zaminlik müqaviləsi imzalandıqdan sonra qüvvəyə minir və lizinq müqaviləsi üzrə avtomobildən istifadəyə görə muzdun məbləği tam, lizinq verənə ödənilenədək qüvvədədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748.2.9-cu maddəsinə əsasən lizinq müqaviləsində lizinq ödənişinin ümumi məbləği və lizinqverənin mükafatının məbləği göstərilməlidir. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.5-cü maddəsinə əsasən iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli 06/1773/DLİZ saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 2010-cu il buraxılışlı “Hyundai Sonata” markalı, mühərrik G4KEAA402150, ban KMHEB41C1BA133424 nəqliyyat vasitəsi Cavabdeh2 lizinqə verilmişdir. İddiaçı MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən isə Cavabdeh1 Cavabdeh2 daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərinə zamin durmuşdur. Cavabdehlər öhdəliklərini lazimi qaydada icra etmədiklərindən iddiaçı qarşısında borcları yaranmışdır. Hazırda İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 lizinq müqaviləsi üzrə əsas və faiz borcunun, eləcə də borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun ödənilməsini tələb etmişdir. Cavabdehlər tərəfindən iddiaya qarşı etiraz edilməmişdir. Göründüyü kimi Cavabdeh2 lizinq obyekti onun istifadəsinə verildikdən sonra müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikinə uyğun olaraq xx.xx.2019-cü il tarixindən etibarən 36 ay müddətinə hər ay 551,61 manat ödəniş etməli olduğu halda, iddiaçıya cəmi 4570 manat ödəniş etmiş, qalan məbləği ödəməmiş, həmçinin digər Cavabdeh1 zamin olaraq birgə məsuliyyət daşımasına baxmayaraq o, da öhdəliyini icra etməmişdir. Buna görə də iddiaçının, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri pozulmaqla ardıcıl olaraq iki dəfədən artıq lizinq ödənişi edilmədiyi üçün cəmi 16551,55 manat pul məbləğini cavabdehlərdən mübahisəsiz geri almaq hüququ yaranmışdır. Bununla belə, məhkəmə iddiaçının Cavabdeh1 qarşı iddia tələbini əsassız hesab edir. Belə ki, Cavabdeh1 qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixdə 36 ay müddətinə bağlanmış kredit və zaminlik müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitsə də, öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor İddiaçı MMC zamin Cavabdeh1 qarşı iddia tələbi irəli sürməmişdir. Bu isə yuxarıda qeyd olunan zaminlik müqaviləsi və Mülki Məcəllənin 477.0.4-cü əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət etdiyindən, Cavabdeh1 qarşı iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Beləliklə də məhkəmə yekunda bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 12.276,51 manat əsas, 3913,82 manat faiz, 361,22 manat cərimə olmaqla cəmi 16.551,55 manat məbləğində borc tutulmalıdır. Bundan başqa iddia tələbi Cavabdeh2 münasibətdə təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 140 manat dövlət rüsumunun əvəzi də Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 12276 (on iki min iki yüz yetmiş altı) manat 51 (əlli bir) qəpik əsas borc, 3913 (üç min doqquz yüz on üç) manat 82 (səksən iki) qəpik faiz, 361 ( üç yüz almış bir) manat 22 (iyirmi iki) qəpik cərimə borcu və 140 (yüz qırx) manat dövlət rüsumunun əvəzi tutularaq iddaiçı İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar