Məhkəmə qərarları › İş №e-2-2(113)-4593/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4593/2022

28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4593/2022 28.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən K3599 saylı kredit xətti müqaviləsi üzrə 15500 manat əsas borc, 1112,12 manat faiz borcu, 6376,96 manat cərimə borcu olmaqla, cəmi 22989,08 manat borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilmləsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019cu il tarixli K3599 saylı kredit xətti müqaviləsi imzalanmış, Bank tərəfindən Borcalana illik faiz dərəcəsi 21%,illik cərimə faizi 15%, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 36% olmaqla xx.xx.2020-ci il tarixədək 15,500.00 manat məbləğində kredit xətti açılmışdır. Lakin cavabdeh K3599 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli K3599 saylı kredit xətti müqaviləsinin 6.3.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Kredit alan tərəfindən 1 aydan artıq müddətə gecikdirildikdə Bank kredit məbləğini vaxtından əvvəl geri tələb edə bilər. Həmçinin, həmin müqavilənin 3.1.12-ci bəndinə əsasən kredit xəttinin məbləği azaldıqda, kredit xəttinin məbləğini aşan istifadə edilmiş məbləğə bu Müqavilənin 1.6 və 1.7-ci maddəsində qeyd olunan qaydada Bankın cərimə tətbiq etmək hüququ vardır. Cavabdehin xx.xx.2022-ci il tarixinə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: K3599 saylı kredit xətti müqaviləsinə əsasən 15,500 manat əsas borc, 1,112.12 manat faiz borcu, 6,376.96 manat cərimə borcu olmaqla, cəmi 22,989.08 manat borc təşkil edir, gecikmə gününün sayı – 679 gün. Bundan başqa tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Hsənov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli K3599 nömrəli kredit xətti müqaviləsinə əsasən kredit verən müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə “kredit alan”a onun müqavilə imzalanan tarixədək kredit verəndə olanda cari hesabarı üzrə son 3 aylıq mədaxil dövriyyəsini nəzərə alaraq orta aylıq müvafiq dövriyyənin 100%-i həcmində olan bu müqavilənin 1.2, 1.3, 1.4 və 1.5 bəndlərində göstərilən məbləğ, valyuta və faizlə bərpa olunan kredit xətti açır, kredit alan isə krediti qəbul edib ondan 1.16 bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti və ona hesablanmış faizləri kredit verənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit alan kreditdən yalnız müqavilənin 1.6-cı bəndində göstərilən məqsədlər üçün istifadə edəcək. Müqavilənin 7.2-ci bəndinə əsasən müqavilənin 4.1 və 4.9-cu bəndlərində göstərilən vəzifənin icra müddəti kredit alan tərəfindən müqavilənin 1.12-ci bəndində göstərilən müddət ərzində gecikdirildiyi halda kredit alan müqavilənin 1.6-cı bəndi ilə müvafiq müddətdən sonra gecikdirildikdə isə müqavilənin 1.7-ci bəndi ilə müəyyənləşdirilən faiz həcmində gündəlik hesablanan cərimə ödəyir. Hesabdan çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehin bank hesabına 15500 manat pul köçürülmüşdür. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli PB/PBL-OUT-00894-2022/2 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə K3599 saylı kredit xətti müqaviləsi üzrə əsas borcu 15500 manat, faiz borcu 1112,12 manat, cərimə borcu 6376,96 manat, ümumilikdə 22989,08 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2021-ci il tarixli PB-OUT-05732-2021 saylı məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli K3599 nömrəli kredit xətti müqaviləsi üzrə yaranmış borcunun 7 iş günü ərzində ödənilməsini cavabdehdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/6- 2911 saylı arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 6,376.96 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 700 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya əsas borc üzrə 15500 manat, faiz borcuna görə 1112,12 manat, cərimə borcu kimi 700 manat, cəmi 17312,12 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən əsas borc üzrə 15500 manat, faiz borcuna görə 1112,12 manat, cərimə borcu kimi 700 manat, cəmi 17312,12 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 15500 (on beş min beş yüz) manat əsas borc, 1112,12 (bir min bir yüz on iki manat on iki qəpik) manat faiz borcu, 700 (yeddi yüz) manat cərimə borcu olmaqla, cəmi 17312,12 (on yeddi min üç yüz on iki manat on iki qəpik) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar