Məhkəmə qərarları › İş №e-2-2(113)-46/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-46/2022

17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-46/2022 17.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən 13500000 manat əsas borcun, 3761401,5 manat faiz borcunun, ******* manat Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, broker xidmətlərinin göstərilməsi haqqında müqavilənin, qiymətli kağızların dövlət reyestrindən çıxarışın, “Hesabat”ın və “Tapşırığın” surətlərinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 20 manat notariat xərcinin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 04 noyabr 2013-cü il tarixdə X6 Dövlət Komitəsi tərəfindən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə məxsus, hər birinin nominal dəyəri 1000 manat olan 50000 ədəd istiqraz qeydiyyata alınmışdır. 18.11.2013-cü il tarixdə Bakı Fond Birjasında satışa çıxarılmış yuxarıda qeyd olunan istiqrazların 15000 ədədi “AtaBank" ASC tərəfindən alınmış və bu barədə Milli Depozit Mərkəzi tərəfindən müvafiq qeydiyyat aparılmışdır. Qeyd edək ki, bağlanmış əqdin ümumi dəyəri 15000000 manat təşkil edir. “Brokdil-Az" MMC tərəfindən təqdim edilmiş 18.11.2013-cü il tarixli, 796 saylı Hesabatdan da göründüyü kimi, broker şirkəti AZ********** dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 15000000 manat olan 15000 ədəd faizli sənədsiz adlı istiqrazı Bakı Fond Birjasında əqd bağlamaqla müştərisi olan “AtaBank" ASC-nin xeyrinə əldə etmişdir. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin hər birinin nominal dəyəri 1000 manat olan 50000 ədəd faizli, adlı, sənədsiz və təminatsız istiqrazlarının emissiya prospektinə əsasən, LPO “AtaBank" ASC-nin istiqrazın ödənilməsi zamanı istiqrazın nominal dəyərini emitentdən almaq, istiqrazın nominal dəyərinə hesablanmış faizi müəyyən edilmiş qaydada və müddətdə almaq və s. hüquqları mövcuddur (14-cü bənd). Yuxarıda qeyd olunan emissiya prospektinin 15-ci bəndinə əsasən, istiqrazlar üzrə illik faiz dərəcəsi 11,75 faiz, istiqrazların ödəniş müddəti isə istiqrazların yerləşdirilməsinə başlanma tarixindən etibarən 3 il - 1095 gün təşkil edir. Emissiya prospektinin 18-ci bəndinə əsasən, istiqrazlar üzrə faizlərin ödənilməsi istiqrazların yerləşdirilməsinə başlanma tarixindən etibarən hər rübün son günü ərzində nağd və/ və ya köçürmə yolu ilə ödənilir. İstiqrazların nominal dəyərinin son ödənişi ilə birlikdə sonuncu faiz ödənişi həyata keçirilir. İndiyə qədər cavabdeh tərəfindən müəyyən gecikmələrlə cəmi dörd dəfə faiz ödənişi həyata keçirilmişdir. Nəticədə cavabdehin 11.09.2020-ci il tarixə LPO “AtaBank" ASC-yə əsas borc üzrə 13500000 manat, faiz borcu üzrə 3761401,5 manat, gecikdirilməyə görə hesablanmış faiz borcu üzrə 0 manat, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu (illik 5 faiz) üzrə ******* manat, ümumilikdə: 19892026,5 manat borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıqlar olunmasına baxmayaraq borc məbləği ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 oğlu iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 izahatında göstərmişdir ki, 04 dekabr 2019-cu il tarixində "xxxx" ASC, "xxxx" MMC və "xxxx" ASC arasında razılaşma imzalanmışdır. "xxxx" ASC 18 noyabr 2013-cü il tarixində Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC tərəfindən buraxılmış 15000 ədəd faizli sənədsiz adlı istiqraz almışdır. İstiqrazların alınması ilə bağlı "xxxx" ASC-nin "xxxx" ASC qarşısında 15000000 manat əsas, 3761401,5 manat faiz olmaqla, cəmi 18761401,5 manat borcu yaranmışdır. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış AP 55/0316 saylı 28 mart 2016-cı il tarixli podrat müqaviləsinə əsasən Şəmkir rayonu, Aqropark Kompleksində "xxxx" ASC tərəfindən və/və ya onun adından yerinə yetirilmiş tikinti-qııraşdırma işləri və verilmiş materiala görə "xxxx" MMC-nin "xxxx" ASC-yə 10294516,83 manat borcu yaranmışdır və "xxxx" MMC bu borcu Akkorda ödəməyi öz üzərinə götürür. Tərəflər arasında razılaşmaya görə "xxxx" əsas borcun 10000000 manat məbləğində olan hissəsini və 3761401,5 manat faiz borcunu "xxxx" ASC-yə güzəşt edir, axırıncı isə öz növbəsində "xxxx" MMC-yə qarşı mövcud olan və "AFAM Group” MMC-nin ödəməyi öz üzərinə götürdüyü 10294516,83 manat məbləğində borcundan tam imtina edir. Beləliklə, "xxxx" ASC-nin "xxxx" ASC qarşısında ümumi borcunun həcmi ******* manat təşkil edir. "xxxx" ASC isə öhdəsinə götürür ki, ******* manat məbləğinin ******* manat hissəsini 16 dekabr 2019-cu il tarixinə kimi, qalıq borcu isə növbəti aydan etibarən hər ay ərzində ******* manatdan az olmamaq şərtilə "xxxx" ASC-yə ödəniş edəcəkdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 izahatında göstərmişdir ki, razılaşma protokolu imzalanan vaxtda "xxxx" MMC hazırda ləğv prosesində olan İddiaçı ASC-yə münasibətdə aidiyyəti hüquqi şəxs olmuşdur. Belə ki, Cəmiyyət İddiaçı ASC-nin kapitalında Cəmiyyətin törəməsi olan "xxxx" MMC vasitəsilə dolayı iştirak payına malik olmuşdur və buna görə Cəmiyyət İddiaçıya aidiyyəti olan hüquqi şəxs olmuşdur. Mülki Məcəllənin 49-1.1.8-ci maddəsinə əsasən bu Məcəllənin 49-1.1.4-cü və 49-1.1.6- cı maddələrində göstərilən hüquqi şəxslərin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanlarının rəhbərləri hüquqi şəxsə aidiyyəti olan şəxsdir ki, bizim halda İddiaçının kapitalında dolayı yolla iştirak edən Cəmiyyətin həmin tarixə Direktorlar Şurasının sədri (üzvü) olmuş və Razılaşma protkolunu imzalamış şəxsin özü də məhz elə İddiaçıya aidiyyəti olan şəxs olmuşdur. Hüquqi şəxsə aidiyyəti olan şəxslərə münasibətdə isə Mülki Məcəllə əqdlərin imzalanmasının xüsusi qaydasını müəyyən edir və Mülki Məcəllənin 49-1.3-cü maddəsinə əsasən istənilən halda aidiyyəti şəxslə əqdin bağlanması üçün qərar qəbul edilərkən iştirakçıların ümumi yığıncağında, direktorlar şurasının və kollegial icra orqanının iclaslarında aidiyyəti şəxs olan iştirakçı səsvermədə iştirak edə bilməz. Bizim halda isə məhz aidiyyəti şəxs olan Direktorlar Şurasının sədri bu Razılaşma protokolunu imzalamış və beləliklə, Mülki Məcələnin 49-1-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.2-ci maddəsinə əsasən Cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. Cəmiyyətin nizamnaməsinin 4.2.6-cı bəndinə əsasən Cəmiyyətin baş direktoru Cəmiyyətin fəaliyyətinə rəhbərlik edir və ona verilmiş səlahiyyətlər sırasına, o cümlədən bütün dövlət orqanları, yeri özünüidarə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətdə Cəmiyyəti vəkalətnaməsiz təmsil etmək, öz səlahiyyətləri çərçivəsində Cəmiyyətin adından müki-hüquqi əqdlər bağlamaq və vəkalətnamələr vermək daxildir. Göründüyü kimi, Cəmiyyətin adından üçüncü şəxslərlə münasibətdə Cəmiyyəti təmsil etmək hüququ yalnız Baş direktora məxsusdur. Razılaşma protokolunu imzalayan şəxs isə Baş direktor deyil, Cəmiyyətin Direktorlar Şurasının sədri olmuşdur ki, onun nə qanuni təmsilçilik səlahiyyəti, nə də nizamnaməyə əsasən bu cür əqdi bağlamaq səlahiyyəti olmamışdır. Eyni zamanda Cəmiyyətin nizamnaməsinə əsasən Direktorlar Şurasının hər hansı əqdi bağlamaq səlahiyyəti müəyyən edilməmişdir. X1 kollegial orqan olduğundan, Direktorlar Şurasının sədrinin bu cür səlahiyyəti olsaydı belə, hər hansı əqdi bağlaması üçün bu barədə Direktorlar Şurasının kollegial qərarının olması tələb olunmalı idi. Bu cür qərar isə ümumiyyətlə Direktorlar Şurası tərəfindən verilməmişdir. Hesab edirik ki, göstərilənlər Razılaşma protokolunun qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələbləri pozulmaqla bağlanmış olduğunu üzə çıxarır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmçinin onu da qeyd etmək lazımdır ki, məhkəmə istənilən halda iddianın və ya etirazın əsaslandığı əqdin etibarlı olub-olmamasını yoxlamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında əqdlərin etibarsızlığı ilə bağlı məsələnin mütləq şəkildə araşdırılması öz əksini tapmışdır. X2 Məhkəməsi qeyd edir ki, “İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.” Eyni zamanda həmin Qərarda göstərilir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, hazırkı kommersiya mübahisəsi üzrə iddia ərizəsinə qarşı cavabdehin əsaslandığı Razılaşma protokolu etibarsızdır və buna görə iddianın rədd edilməsi üçün əsas kimi çıxış edə bilməz. İş materiallarında olan: - X4 Reyestrindən çıxarışa əsasən AZ********** eyniləşdirmə kodlu hər birinin nominal dəyəri 1000 manat olan 50000 ədəd faizli, təmin edilməmiş, adlı və sənədsiz istiqrazlar 04 noyabr 2013-cü il tarixdə emitent "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır. - istiqrazların emissiya prospektinin surətinə əsasən nominal dəyəri 1000 manat olan 50000 ədəd sənədsiz, adlı istiqraz buraxılmışdır. - 796 nömrəli, 18 noyabr 2013-cü il tarixli hesabata əsasən AZ********** dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 15000000 manat olan 15000 ədəd faizli, sənədsiz və adlı istiqraz İddiaçı ASC-nin xeyrinə əldə olunmuşdur. - 24 sentyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən 11 sentyabr 2020-ci il tarixinə ləğv prosesində olan İddiaçı ASC-nin "xxxx" ASC qarşısına əsas borc üzrə 13500000 manat, faiz borcu üzrə 3761401,5 manat, gecikdirilməyə görə hesablanmış faiz borcu üzrə 0 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu (illik 5 faiz) üzrə ******* manat, ümumilikdə 19892026,5 manat borcu yaranmışdır. - 13 dekabr 2019-cu il tarixli, 215 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə 500000 manat məbləğində pul ödənilmişdir. - 29 dekabr 2019-cu il tarixli, 001 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə 10000000 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 988.1-ci maddəsinə əsasən qiymətli kağızda emitentə qarşı təsbit edilmiş hər hansı tələb həmin qiymətli kağızla təsdiqlənir. Belə tələbin etibarlılığı onu əmələ gətirən əqdin mövcudluğundan və ya etibarlılığından asılı deyildir. Qiymətli kağızla təsdiqlənmiş öhdəliyin icrasından onun əsasının olmamasına və ya onun etibarsızlığına istinadla imtina edilməsinə yol verilmir. - 1070-ci maddəsinə əsasən istiqraz emitentin istiqraz mülkiyyətçisinə borclu olduğunu təsdiqləyən və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc investisiya qiymətli kağızıdır. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.5-ci maddəsinə əsasən emitent – investisiya qiymətli kağızlarının emissiyasını bu Qanunun 2-ci fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirən hüquqi şəxs, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyədir. Emitent buraxdığı qiymətli kağızların mülkiyyətçisi deyildir. - 1.0.10-cü maddəsinə əsasən investor – qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin alıcısı və ya onları almaq təklifini verən şəxsdir. Cavabdeh tərəfin etirazını o hal təşkil edir ki, tərəflər arasında razılaşmaya görə "xxxx" ASC əsas borcun 10000000 manat məbləğində olan hissəsini və 3761401,5 manat faiz borcunu "xxxx" ASC-yə güzəşt etmiş, sonuncu isə öz növbəsində "xxxx" MMC-yə qarşı mövcud olan və "AFAM Group” MMC-nin ödəməyi öz üzərinə götürdüyü 10294516,83 manat məbləğində borcundan tam imtina etmişdir. Lakin, məhkəmə hesab edir ki, qeyd olunan razılaşma səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından hazırkı iddianın rədd olunması üçün əsas hesab edilə bilməz. İş materiallarından görünür ki, emissiya prospektinin 15-ci bəndinə əsasən, istiqrazlar üzrə illik faiz dərəcəsi 11,75 faiz, istiqrazların ödəniş müddəti isə istiqrazların yerləşdirilməsinə başlanma tarixindən etibarən 3 il, yəni 1095 gün təşkil edir. Emissiya prospektinin 18-ci bəndinə əsasən, istiqrazlar üzrə faizlərin ödənilməsi istiqrazların yerləşdirilməsinə başlanma tarixindən etibarən hər rübün son günü ərzində nağd və/ və ya köçürmə yolu ilə ödənilir. İstiqrazların nominal dəyərinin son ödənişi ilə birlikdə sonuncu faiz ödənişi həyata keçirilir. Bakı Kommersiya Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, e-2-2(113)-263/2021 nömrəli qərardadına əsasən əsas, faiz və cərimə borcunun məbləğinin düzgün hesablanmasının müəyyənləşdirilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6907 nömrəli, 13 yanvar 2022-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı ASC tərəfindən alınmış 15000 ədəd istiqrazlar üzrə emissiya prospektinin şərtləri nəzərə alınmaqla, "xxxx" ASC-nin İddiaçı ASC-yə 11.09.2020-ci il tarixə olan əsas borc üzrə 13500000 manat, faiz borcu üzrə 8167881,94 manat, ümumilikdə 21667881,94 manat borc təşkil edir. İşin faktiki halları ilə təsdiq olunur ki, "xxxx" ASC iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Məhkəmə hesab edir ki, əsas və faiz borcunun məbləği hesablanarkən əsas borc üzrə məhkəmə - mühasibatlıq ekspertizasının 13 yanvar 2022-ci il tarixli, 9/6907 №-li rəyində qeyd olunan məbləğ əsas götürülməlidir. İşin hallarından görünür ki, iddia ərizəsində tələb olunan əsas borc 13500000 manat, faiz borcu 3761401,5 manat göstərilsə də, ekspert rəyində əsas borc 13500000 manat və faiz borcu 8167881,94 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ekspert rəyinə əsasən müəyyən olunmuş faiz borcun məbləği bank tərəfindən təqdim olunmuş maliyyə arayışında göstərilən faiz borcunun məbləğindən çox olduğuna görə məhkəmə hesab edir ki, iddia əsas borca münasibətdə ekspert rəyinə, faiz borcuna münasibətdə isə maliyyə arayışında göstərilən məbləğə uyğun olaraq təmin olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddianın illik 5% dərəcəsi ilə əsas borca hesablanmış faiz borcu hissəsi ilə bağlı onu qeyd etmək lazımdır ki, mübahisə predmeti olan İddiaçı ASC tərəfindən alınmış hər birinin nominal dəyəri 1000 manat olan 15000 ədəd istiqrazlar üzrə emissiya prospektinin şərtləri nəzərə alınmaqla öhdəliyin icrası müddəti (istiqrazların ödəniş müddəti istiqrazların yerləşdirilməsinə başlanma tarixindən etibarən 3 il, yəni 1095 gün) 18.11.2016-cı il tarixdən maliyyə arayışında göstərilən tarixə – 11 sentyabr 2020-ci il tarixə kimi 3 il 9 aylıq müddət keçdiyindən öhdəliyin icrası borclu tərəfindən gecikdirilmişdir. Beləliklə, "xxxx" ASC 13500000 manat məbləğində pulun ödənilməsinin gecikdirilməsinə görə MPM-nin 445.7-ci maddəsinə əsasən həmin məbləğin illik 5 faizi hesabı ilə tutulmalı olan məbləğ ******* manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, istiqrazlar üzrə emissiya prospektinin şərtləri nəzərə alınmaqla əsas borc 13500000 manat məbləğində, 3761401,5 manat məbləğində faiz borcu, ******* manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 19828158,5 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 13500000 manat məbləğində əsas borc, 3761401,5 manat məbləğində faiz borcu, ******* manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla ümumilikdə 19828158,5 manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar