Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4603/2023 23.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Nümayəndə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçı Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Nümayəndə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Nümayəndə Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli akta əsasən heablanmış 1324,25 manat borcun (abonent kodu:**********00000) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Quba Xaçmaz yolunda yerləşən “Yaşıl-ada”restoranı iddiaçının istifadəsindədir. Komunal xərclər onun adına gəlir. Ona məxsus olan obyektin sayğacı guya qaz sayğacı növbəti dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalar uyğun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də ona 5297 kub metr 1324.5 manat artıq pul hesablanmışdır. Bu akt barədə yenicə məlumatlanmışdır. Bundan sonra onun sayğacında göstərilən nöqsanlar olmadığı üçün dəfələrlə Cavabdeh İB-yə müraciət etmişdir. Onlar hər dəfə bir bəhanə gətirərək haqsız və qanunsuz yerə yazılan cəriməni silməkdən boyun qaçırıblar. İddiaçı hər ay istifadə etdiyi qaz sərfiyatını ödəmişdir. Ödəniş etməyi barədə qəbzləri mövcuddur. Borcla bağlı Cavabdeh İB-nə müraciət etsə də hələ də əsassız yerə yazılan borc silinməmişdir. Bununla əlaqədar yuxarıda qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə Azəriqazın əməkdaşları tərəfindən yazılan akt cavabdehin əməkdaşları tərəfindən yazılmışdır. Həmçinin iddiaçının sayğacı açıb götürüləndə bunların heç biri olmamışdır. Yaxudda qanunsuz qazdan istifadə etməyi barədə heç bir əsas əldə olunmayıb.
3. Cavabdehin nümayəndəsinin iddia ərizəsinə yazılı etirazı onunla əsaslandırılmışdır ki, abonent “Yaşıl-ada” öz iddiasının əsası kimi barəsində tərtib edilmiş aktın düzgün olmadığını, sayğacında gostərilən nöqsanların olmadığını, təbii, qazdan qanunsuz istifadə etmədiyini göstərmişdir. Lakin abonent uçun sayğac göstəricisindən əlavə sərfiyyat məbləğinin hesablanması qanuna uyğun şəkildə yerinə yetirilmişdir. Belə ki, istehlakçıların fasiləsiz və etibarlı şəkildə, habelə qazın hesabatının xətasız olaraq aparılmasını və rotorların (turbinin) sərbəst şəkildə işləməsini təmin etmək üçün sayğaclar xətdən açılaraq rotor, turbin və süzgəc hissələri yuyularaq təmizlənir. Belə olan halda, “Qazdan istifadə Qaydaları”nın 3 nömrəli əlavəsi olan “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsinin 2.1.6-cı, yarımbəndinə əsasən, istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq vəzifəsi paylayıcının üzərinə qoyulmuşdur. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən,ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları yermə yetirilməlidir. Turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına əsasən, təbii qaz ölçülən zaman ölçmə vasitəsinin nisbi xətası standart şəraitdə olan qazın sıxlığına görə 0,25%, qazın tərkibindəki azota görə 3,5% və karbon qazına görə 4,0% cəmi-7 75% təşkil edir. Beləliklə, sənaye qaz qurğularından istifadə edən istehlakçılar tərəfindən qazdan istifadə qaydaları və qazın alqı-satqısı Müqaviləsi ilə müəyyən olunan vəzifələrin yerinə yetirilməməsinə, habelə qaz sayğaclarının pasport göstəricilərinə uyğun istismar edilməməsinə görə uçota alınmayan qazın həcminin hesablanması məqsədəuyğun hesab edilir. Abonentin G-25 markalı 75916121 nömrəli qaz sayğacına xx.xx.2022-ci il tarixdə yerində xidmət göstərərkən xətaların normadan artıq olduğu müəyyən edilmişdir. Sənaye tipli qaz sayğacının göstəricilərinə metodikasına əsasən sayğacın quraşdırıldığı tarix xx.xx.2018, yerində xidmət tarixi xx.xx.2022 olmaqla, 2021-ci ilin yekun sərfiyyatı 68349 m3(saldoda öz əksini tapmışdır) x 7,75%= 5297 m3 miqdarında və ya 5297 m3 x 0.25 manat= 1324,25 manat məbləğində uçota alnımayan qazın həcmi hesablanmışdır. Bununla da aydın olur ki, “Yaşıl-ada” restoranı üçün hesablanmış uçotu pozulmuş qaz həcminin məbləği qanuna və ölçmə metodikasına əsaslanmışdır, Nümayəndə iddia tələbi isə Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirləridir.
II.Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə Cavabdeh İB arasında xx.xx.2019-cu il tarixli AMX-4677/19 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmışdır.
8. Cavabdeh İB-nin təbii qazın uçotunun pozulması haqqında xx.xx.2023-cü il tarixli, 31 saylı aktına əsasən “Qazdan istifadə qayları”nın 4.3-cü bəndinə uyğun olaraq G-25 markalı 75116121 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edildiyi qeyd olunmuşdur. Sayğacın quraşdırma tarixi xx.xx.2018-ci il, yerində xidmət tarixi xx.xx.2022-ci il və 2021-ci il üçün yekun sərfiyyat 68349 m3 x 7,75%=5297 m3 müəyyən olunduğu qeyd olunmuşdur.
9. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktına əsasən iddiaçıya məxsus restoranda olan sayğaca yerində xidmət göstərilmiş və sayğacın QİS tərəfindən xidmət olunaraq korrektorun plombunun girsinin qırıldığı qeyd olunmuşdur.
10. 12.09.2023-cü il tarixli abonent saldəsundna göründüyü kimi iddiaçıya 01/23 tarixdə akt üzrə 1324,25 manat borc yazılmışdır.
11. Məhkəmə iş materiallarını tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
12. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” na 3 nömrəli əlavə olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 2.1.6-cı yarımbəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifələrinə aid edilmişdir.
14. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
15. İşdən və cavabdehin nümayəndəsinin verdiyi izahdan göründüyü kimi sayğacın 2021-ci il tarixdə laboratoriyaya aparılaraq qüsurun müəyyən edildiyi, lakin baş vermiş qüsura görə yaranmış borc məbləğinin 2023-ci il tarixində hesablanaraq iddiaçıdan tələb edilmişdir. Buna əsas kimi də “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2023-cü il tarixdə tətbiq edilməyə başlanıldığını qeyd olunmuş, eyni zamanda baş vermiş qüsurla bağlı istehlakçının heç bir təqsiri olmadığı bildirilmişdir.
16. Qeyd olunanlardan göründüyü kimi də cavabdeh qurumun iddiaçıya hesablamış olduğu borc məbləği əsassız olmuş və həmin qüsurun yaranmasından istehlakçının təqsiri olmadığı vurğulanmışdır.
17. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməsi üçün qanuni əsaslar olduğundan iddiaçıya hesablanmış borc məbləği silinməlidir.
V.Nəticə:
18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 31 nömrəli akta əsasən iddiaçı Nümayəndə (abonent kodu: **********00000) hesablanmış 1324,25 (bir min üç yüz iyirmi dörd manat, 25 qəpik) manat məbləğində borc silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova