Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4604/2024 18.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 22 saylı müqaviləyə əsasən yaranmış 34.190,35 manat məbləğində əsas borcun, 6.154,26 manat ƏDV borcunun, 4.034,48 manat məbləğində 2 il üçün hesablanmış faiz borcunun, hüquqi xidmət müqabilində vəkilə ödənilmiş 300 manat pulun, cəmisi 42.679,09 manat pulun, 223,14 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 04 fevral 2022-ci il tarixli 22 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, iddiaçı kərpic və mişar daş satışı ilə məşğul olur, alıcı müqavilədəki şərtlərə uyğun olaraq keyfiyyətli kərpic və mişar daş almağı öz öhdəsinə götürür. İddiaçı MMC xx.xx.2022ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirsə də Cavabdeh MMC tərəfindən aldığı malların müqabilində iddiaçıya ödənilməli olan 001966 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə faktura sənədinə görə 3000 manat əsas, 540 manat ƏDV olmaqla cəmisi 3540 manat, 594383 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə faktura sənədinə görə 22.630,40 manat əsas, 4073,47 manat ƏDV olmaqla cəmisi 26.703,87 manat, 500117 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə-faktura sənədinə görə 8559,95 manat əsas, 1540,79 manat ƏDV olmaqla cəmisi 10.100,74 manat, cəmi 40.344,61 manat pul bugünədək iddiaçıya ödənilməmişdir. Beləliklə də həmin müqavilə üzrə cavabdeh MMC-nin iddiaçıya 40.344,61 manat ödənilməmiş əsas borcu qalmışdır. Belə ki, 001966 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə-faktura sənədinə görə 3000 manat əsas, 540 manat ƏDV olmaqla cəmisi 3540 manat, 594383 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə-faktura sənədinə görə 22.630,40 manat əsas, 4073,47 manat ƏDV olmaqla cəmisi 26.703,87 manat, 500117 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməfaktura sənədinə görə 8559,95 manat əsas, 1540,79 manat ƏDV olmaqla cəmisi 10.100,74 manat pul məbləğində kərpic cavabdehə satılmışdır. Cavabdeh həmin e-qaimələr əsasında göstərilən 40.344,61 manat (34.190,35 manat əsas borc+6.154,26 manat ƏDV borcu) dəyərində aldığı malların qarşılığı olaraq bugünədək iddiaçıya pul ödəməmişdir. Dəfələrlə iddiaçı tərəfindən Cəmiyyətdən borcun ödənilməsi barədə şifahi qaydada xahiş və tələb edilsə də, eyni zamanda xx.xx.2024-cü il tarixdə pretenziya məktubu ilə xəbərdarlıq edilsə də, Cavabdeh MMC tərəfindən bugünədək 40.344,61 manat borc məbləği iddiaçıya ödənilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10.Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 04 fevral 2022-ci il tarixli, 22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
12. Müqavilənin 1.1-ci bəndinə görə alıcı müqavilədə göstərilən şərtlərə uyğun olaraq keyfiyyətli kərpic və mişar daş almağı öz öhdəsinə götürmüşdür. 13.Müqavilənin 3.1-ci maddəsinə əsasən satıcı malı təhvil verəndə qaimə-faktura tərtib edir və qaimə-faktura əsasında təhvil verir. 14.Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur. 15.Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. 16.Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür. 17.İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCD seriyalı, 001966 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 3.540 manat, EBCH seriyalı, 594383 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 26.703,87 manat və EBDL seriyalı, 500117 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 10.100,74 manat olan elektron qaimələr göndərilmişdir. 18.Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrdəki məbləğ sadə riyazi hesablama ilə əsas məbləğ 34.190,35 manat, ƏDV məbləği isə 6.154,26 manat təşkil edir. 19.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir. 20.Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf cavabdehin müqavilə üzrə ödənilməmiş 34.190,35 manat əsas borcunun, 6.154,26 manat ƏDV borcunun qaldığını bildirmişdir. 21.Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, borcun ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. 22.Belə olan halda, Məhkəmə hesab edir ki, EBCD seriyalı, 001966 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 594383 nömrəli, xx.xx.2022-ci il tarixli və EBDL seriyalı, 500117 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimələrdə qeyd edilmiş mallar iddiaçı tərəfindən cavabdehə verilmiş, cavabdeh isə ona verilmiş malların dəyərini ödəməmişdir. 23.Ona görə də, məhkəmə hesab edir ki, 34.190,35 manat məbləğində əsas borc və 6.154,26 manat məbləğində ƏDV borcu üzrə pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir. 24.Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 4.034,48 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. 25.İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə xx.xx.2024-cü il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 24 gün sonra yəni, xx.xx.2024-cü il tarixində verilmişdir. 26.Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 112,4 (34.190,35x5/100=1.709,51(1 il üçün), 1.709,51/365=4,68(1 gün üçün), 4,68x24=112,40 (24 gün üçün) manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 27.Məhkəmə həmçnin hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş pulun əvəzi olaraq 300 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənməlidir. 28.Bundan başqa, məhkəmə dövlət rüsumunun əvəzi olaraq 223,14 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. 29.İş materiallarında olan iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 224 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. 30.Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumunun əvəzi olaraq 224 manat ödəsə də, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 211,37 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 31.Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 34.190 (otuz dörd min bir yüz doxsan) manat, 35 (otuz beş) qəpik, ƏDV borcu üzrə 6.154 (altı min bir yüz əlli dörd) manat, 26 (iyirmi altı) qəpik olmaqla, cəmi 40.344 (qırx min üç yüz qırx dörd) manat, 61 (altmış bir) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 112 (bir yüz on iki) manat, 40 (qırx) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin Dövlət rüsumunun əvəzi olaraq 211 (iki yüz on bir) manat, 37 (otuz yeddi) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov