Məhkəmə qərarları › İş №e-2-2(113)-4606/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4606/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4606/2023 27.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi üzrə pul tələbi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi (direktor) Qanuni nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 14828 manat məbləğində əsas borc, 6000 manat məbləğində əldən çıxmış fayda, 200 manat məbləğində mediasiya xərcləri ümumilikdə 21028 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən 14828 manat məbləğində əsas borc, 6000 manat məbləğində əldən çıxmış fayda, 200 manat məbləğində mediasiya xərcləri ümumilikdə 21028 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanılmış 19 noyabr 2020-ci il tarixli, HD 2020 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə cavabdehin xidməti nəqliyyat vasitələrinə servis və texniki xidmət göstərilmişdir. Göstərilmiş xidmətin əvəzi olaraq ödənilməli olan pul vəsaitindən qalmış 14828 manat borc hələ də ödənilməmişdir. Cavabdeh tərəfindən ödənilməyən vəsaitlərə görə iddiaçıya ciddi şəkildə maddi zərər dəymiş, ödənişlərin gecikdirilərək müqavilənin müvafiq bəndlərinə əməl edilmədiyinə görə iddiaçı müflisləşməyə doğru gedərək qeyriixtiyari şəkildə digər müqavilə tərəfləri qarşısında öhdəliklərini icra edə bilməməmişlər. Cavabdehin əsas borc üzrə 14828 manat və 6000 manat məbləğində əldən çıxan fayda borcu vardır. Əldən çıxmış fayda üçün faizlərin miqdarı isə bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Cavabdehə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə əsas borc, əldən çıxmış fayda ödənilməsi barədə kommersiya mübahisəsinin həlli məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (direktor) Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, müqavilədə elektron qaimədən əlavə təhviltəslim aktının olması qeyd olunmuşdur. Qarşı tərəf özü cavabdeh tərəfindən ona avans verildiyini qəbul edir. Cavabdeh onlara sənədlərin təqdim edilməsin demişdir, lakin onlar heç bir sənəd təqdim etməmişlər. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

7. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 19 noyabr 2020-ci il tarixli, HD 2020 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən cavabdeh Bakı şəhərində nəqliyyat vasitələrinin təmiri və avtoşinlərin satın alınması üçün iddiaçının 46819,69 (ƏDV daxil) manat məbləğində qiymət təklifini qəbul etmiş, iddiaçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında cavabdehə göstəriləcək xidmətlərin və satınalınan malların keyfiyyətinə zəmanət vermiş və müqavilənin şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürmüşdür.

10. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərmiş, iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir.

11. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 19 noyabr 2020-ci il tarixli, HD 2020 saylı müqavilə bağlanılmış və qeyd olunan müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya 19000 manat dəyərində ödəniş edilmişdir.

12. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı əsas borc üzrə tələb etidiyi məbləğ 14828 manat göstərilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasında borcun 14822 manat olmasını və texniki səhv olduğunu bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan borc məbləği 14822 manat kimi qəbul edilməlidir.

13. İddiaçı cavabdehə 14822 manat məbləğində xidmət haqqının ödənilmədiyini iddia edir, cavabdeh isə borcu olduğunu qəbul etmir.

14. İddiaçının dəlillərindən biri bundan ibarətdir ki, malların cavabdehə verildiyi sübut qismində təqdim edilmiş elektron qaimələrlə təsdiq edilir.

15. Tərəflər arasında bağlanmış 19 noyabr 2020-ci il tarixli, HD 2020 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin “Tərəflərin öhdəlikləri” adlanan 5-ci bəndinə əsasən İcraçı xx.xx.2021-ci il tarixədək müqavilə üzrə xidmətləri yerinə yetirməyi, malları çatdırmağı və sifarişçiyə təhvil-təslim aktı əsasında təhvil verməyi öhdəsinə götürür.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

18. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

19. Mülki qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, müqavilə tərəfləri arasındakı mübahisələrin həlli zamanı müqavilə şərtləri hərfi mənada təfsir edilməməli, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış təcrübə, işgüzar adətlər, tərəflərin müqavilə bağladıqdan sonrakı hərəkətləri nəzərə alınmalıdır.

20. Müqavilədə xidmətlərin göstərilməsi zamanı təhvil-təslim aktının tərtib edilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən dəyəri artıq ödənilmiş xidmətlərlə bağlı da tərəflər arasında təhvil-təslimlə bağlı aktlar mövcud deyil. Eyni zamanda cavabdehin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında 19000 manat ödəniş olduğunu bildirmişdir. Belə olan halda müəyyən olunur ki, tərəflər arasında işlərin təhvil-təslimi elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilmişdir.

21. Bundan başqa, elektron qaimə-fakturalar faktiki olaraq 2020-ci ilin sentyabr ayından 2021-ci ilin mart ayınadək olan tarixlərdə cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, işlərin görülməməsi ilə bağlı dəlil göstərilən elektron qaimələrlə bağlı Qaydalara uyğun olaraq etiraz etmək hüququndan istifadə edilməməsi baxımından ağlabatan hesab edilə bilməz.

22. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müqavilə, elektron qaiməfakturaların, iş kartlarının mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması, cavabdehin 19000 manat məbləğində ödənişi olması iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

23. Tərəflər arasında müqavilə bağlandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir.

24. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir.

25. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

26. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.

27. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir.

28. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaiməfakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.

29. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt;

30. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən elektron qaimə-fakturanın ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.

31. Qeyd edilən Qaydalara əsasən vergi ödəyiciləri arasında olan münasibətlər zamanı malların kağız daşıyıcıda tərtib edilmiş qaimə əsasında təqdim edilməsi qanun pozuntusu hesab edildiyindən elektron qaimələr məhkəmə tərəfindən işin hallarından asılı olaraq malların təqdim edildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilər.

32. Cavabdehin xidmətlərin göstərilməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və xidmətlərin göstərilməsi barədə göndərilmiş elektron qaimələrin ləğvi ilə müraciət etməməsi belə qənaətə gəlməyə əsas verir ki, müqaviləyə əsasən 14822 manat dəyərində göstərilmiş xidmətlər iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

33. Məhkəmə iddianın "əldən çıxmış fayda kimi 6000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə hissəsini tədqiq edib hesab edir ki, iddia göstərilən hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir.

34. Belə ki, iddiaçı göstərilən əsas borcun vaxtında ödənilməməsinin ona hansı məbləğdə zərər vura biləcəyini iş üzrə təqdim edilən hər hansı mötəbər sübutla sübuta yetirə bilməmişdirlər. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.

37. İddianın təmin edilmiş hissəsinin iddia tələbinin 71,16 faizini təşkil etdiyini nəzərə aldıqda, iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərcindən dövlət rüsumunun iddiaçıya aid edilməli 43,98 manat məbləğ çıxılmaqla, qalan 156,02 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

38. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 14822 məbləğində əsas borc, mediasiya xərcinə görə 156,02 manat, cəmi 14978,02 manat tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

VI. Nəticə:

39. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 14822 məbləğində əsas borc, mediasiya xərcinə görə 156,02 manat, cəmi 14978,02 manat tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar