Məhkəmə qərarları › İş №e-2-2(113)-4608/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4608/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4608/2024 31.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, dəbbə pulu, mediasiya xərci) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 251,74 manat məbləğində pul vəsatinin, həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli razılaşma müqaviləsinə əsasən sonuncunun müraciəti əsasında Cavabdeh2 AZN valyutasında debet (X1 NEW) kartı verilmişdir. Cavabdeh2 “Qoşulma razılaşması” müqaviləsi əsasında yaradılmış 446513***1844 saylı kartdan istifadə edilməsinə görə cavabdeh tərəfindən Qoşulma razılaşması müqaviləsinin 1.1-ci bəndində yerləşdirilmiş linkdə olan bank xidmətlərindən istifadə nəticəsində yaranmış xidmət haqqını ödəməyi öz üzərinə götürür. Həmçinin həmin müqavilənin 2.13-cü bəndinə əsasən cavabdeh bankın rəsmi saytında və ya RİS PDF və ya ASANDOC formatında yerləşdirilmiş və özündə Bank xidmətlərinə dair müddəaları əks etdirən Kompleks Bank xidmətləri müqaviləsi ilə tanış olduğunu və həmin müqavilənin şərtləri ilə razılaşdığını təsdiq edir. Odur ki, bank tərəfindən Cavabdeh2 ayrılmış X1 NEW debet kartından istifadəyə görə bank tərəfindən təyin edilmiş illik xidmət haqqı cavabdeh tərəfindən ödənilməmiş və bunun nəticəsində cavabdehin banka 251,74 manat məbləğində borcu qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

V. Məhkəmənin mövqeyi:

6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixli razılaşma imzalanmış, müqaviləyə əsasən bank müştərinin ərizəsinə əsasən işçiləri üçün Azərbaycan manatı ilə kart hesabı açır, istifadəçiləri üçün isə müvafiq valyutada kart hesabı açır və hesablaşma əməliyyatlarının, nağdsız ödənişlərin və nağd pul vəsaitinin əldə edilməsi ilə bağlı əməliyyatların aparılmasını təmin edir.

7. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixli qoşulma razılaşması imzalanmış, Cavabdeh2 korporativ kartın hazırlanması və verilməsinə dair ərizəsi üzrə “Qoşulma razılaşması” müqaviləsi əsasında yaradılmış 446513***1844 saylı kartdan istifadə edilməsinə görə cavabdeh tərəfindən Qoşulma razılaşması müqaviləsinin 1.1-ci bəndində yerləşdirilmiş linkdə olan bank xidmətlərindən istifadə nəticəsində yaranmış xidmət haqqını ödəməyi öz üzərinə götürmüşdür.

8. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli hesab haqqında məlumatdan görünür ki, xx.xx.2022-xx.xx.2024 dövr üzrə Cavabdeh2 251,74 manat overdraft borc vardır.

9. Bundan başqa, işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, overdraft nəticəsində yaranan borc 251,74 manat təşkil edir.

10. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və 251,74 manat məbləğində pul cavabdehdən tutularaq banka ödənməlidir.

11. Məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

12. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.

13. Beləliklə iddianın təmin olunması barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

14. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 251 (iki yüz əlli bir) manat, 74 (yetmiş dörd) qəpik məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar