Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-461/2022 08.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (İB) qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **********00085 saylı abonent kodu üzrə Cavabdeh İB tərəfindən hesablanmış 1335,50 manat məbləğində borcun cavabdeh silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək həmin aktın nöqsan bölməsində “Sayğacın plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında əzik izləri var” barədə qeyd aparılmış, həmçinin 19 mart 2020-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” akt tərtib edərək faktiki istifadə edilən 28260056 nömrəli sayğacı yenisi ilə əvəzləmişlər. Bundan sonra, Cavabdeh İB “İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası”nın sədri 31 mart 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə 19 mart 2020-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən tarixsiz qərar qəbul etmişdir. Həmin qərara əsasən 6480 kub.m. qazın sərfiyyatı qeyd edilmiş, həmçinin sayğacın növbədənkənar dövlət yoxlamasına göndərilməsi qərara alınmışdır. Cavabdeh İB-nin MS-29/1640-010541-86 saylı aktının 1-ci sırasında 28260056 nömrəli sayğaca dair “sayğacın plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında əzik izləri var” barədə qeyd aparılıb. Həmçinin sayğacın qaz yükləmə kartına (smartkart) blok qoyulmuş, nəticədə qaz limiti bitdiyi üçün yenidən qaz yükləməsi mümkün olmamışdır. Cavabdeh İBnin iddiasına görə sayğaca müdaxilə edilmişdir. Lakin onların tərtib etdikləri akt və digər sənədlərdə müdaxilənin forması müxtəlif göstəridmişdir. Belə ki, bəzi sənədlərdə sayğaca müdaxiləni “sayğacda əziyin aşkarlanması”, digər sənədlərdə “sayğacın plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarında əzik izləri” və sair kimi rəsmiləşdiriblər. Bundan başqa, quraşdırılan G-6 markalı mexaniki qaz sayğacına onun iştirakı olmadan baxış keçirilmişdir. Cavabdeh İB-nin işçiləri “aşağı sərfiyyatın qeydə alınmasından” şübhələnərək 19 mart 2020-ci il tarixdə ******* saylı akt tərtib edərək qaz sayğacını xətdən ayırmışlar. Sayğac çıxarılarkən sayğacın üzərinə vurulan plomblar normal vəziyyətdə olmuşdur. Belə ki, aktda plombların qırılması barədə hər hansı qeyd aparılmamışdır. Bundan başqa, 19 mart 2020-ci il tarixli ******* saylı aktdan görünür ki, abonentin qaz xətti üzərinə həmin gün əvəzləyici G-6 markalı mexaniki qaz sayğacı quraşdırılmışdır. Əvəzləyici qaz sayğacının son göstəricisi 0 olmuşdur. G-6 markalı mexaniki qaz sayğacı açılarkən və əvəzləyici G-6 markalı sayğac quraşdırılan zaman istehlakçının özünün və ya nümayəndəsinin iştirakı təmin olunmamışdır. Tərtib edilmiş aktda cavabdehin işçiləri sayğacların dəyişdirilməsinin səbəbi kimi “əziyin aşkarlanması” qeyd etmişlər. Sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin laboratoriyasında yoxlanılan zaman istehlakçı və ya onun nümayəndəsi araşdırmaya cəlb edilməmiş, mövqeyini bildirməsinə imkan yaradılmamışdır. Hesablanmış borc və yönəlmiş tələb qeyri-mötəbər və ziddiyyətli sənədlərlə əsaslandırılmış, həmçinin sayğacın yararsız hala düşdüyü qəbul edilsə belə, bunu onun qəsdən yol verdiyi qanunsuz hərəkətlərin səbəb olduğu sübut edilməmişdir İddiaçı iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdeh İB iddia ərizəsi etiraz təqdim etmiş və etirazını onunla əsaslnadırmışdır ki, İddiaçı ilə ”Azəriqaz” İB-yi arasında “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 41/045-12-17 №-li 10 dekabr 2017-ci il tarixli müqavilə bağlanmış, abonent üçün Elster tipli G-6 markalı 28260056 №-li qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacı 11 iyun 2019-cu il tarixdə Xaçmaz RQİİ-nin Qusar XS-nin işçiləri tərəfindən xətdən açılaraq növbəti dövlət yoxlamasına göndərilmiş, qeyriəhali qaz sayğaclarının yoxlanılması barədə MS29/1640-01541-86 saylı 16 sentyabr 2019-cu il tarixli akta əsasən “sayğacın plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarda əzik izlərinin olduğu, plastmas qapağın istilik nəticəsində əridiyi və xətaların normaya uyğun olmadığı” müəyyən edilmişdir. Qüsura görə nəticə cədvəlinə uyğun olaraq belə rəy sayğaca müdaxilə edildiyini bildirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə uyğun olaraq məişət qaz ğurğularının istifadəsiçi üçün qaz sayğacı qaz paylayıcının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsiçı üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 2.12-ci bəndində göstərilir ki, istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında “ Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyərdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Qaydaların 4.8-ci bəndində qeyd olunur ki, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar. Qaydaların bu bəndlərindən belə bir nəticə çıxır ki, yuxarıda qeyd olunan sayğaca müdaxilə edilməsi istehlakçının təqsiri üzündən baş vermişdir. Təbii qazdan sənaye məqsədi üçün istifadə edən İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış 41/045- 12-17 saylı 11 dekabr 2017-ci il tarixli müqavilə “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”dir. Buna görə də qaz sayğacına edilmiş müdaxilə ilə əlaqədar İddiaçı barəsində Xaçmaz RQİİ-nin Qusar XS-nin işçiləri tərəfindən “Qazdan istifadə Qaydaları”nın pozulması haqqında ******* saylı 19 mart 2021ci il tarixli akt tərtib edilərək Müqavilənin 3.3 bəndinə uyğun olaraq istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu Müqaviləyə əlavə edilmiş ARDNŞ-nin Şurasının 14 mart 2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq 6480 kub.m. və ya 1296 manat dəymiş ziyan hesablanmışdır. Abonent İddiaçı müdaxilə olunduğunu mübahisələndirdiyi Elster tipli G-6 markalı 28260056 №-li məişət qaz sayğacı quraşdırılarkən sayğacın quraşdırılması ilə əlaqədar müvafiq akt tərtib edilmişdir ki, aktın 5-ci bəndinin 7-ci yarımbəndində “sayğacın və plombun toxunulmamazlığına cavabdeh şəxs” İddiaçı qeyd edilmişdir. Həmin aktı İddiaçı heç bir irad bildirilmədən imzalamış, yəni sayğacın və plombun cavabdehliyi barədə öhdəçilik ğötürmüşdür. Sayğaca müdaxilə olunması qazdan istifadə qaydalarının pozulması kimi qiymətləndirilir. Qazpaylayıcı ilə sənaye qaz qurğularından istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilənin 3.3 bəndinə uyğun olaraq İstehlakçılar tərəfindən sayğaca və plomblara hər hansə müdaxilə və ya digər qanunsuz istehlak hallarında, müvafiq normativ hüquqi akt qəbul edilənədək qazdan istifadə qaydalarının pozulmasına görə qazın verilməsi qeydşərtsiz dayandırılır, qazpaylayıcıya dəymiş ziyan ARDNŞ-nin Şurasının 14 mart 2011-ci il tarixli Qərarına uyğun hesablanaraq istehlakçı tərəfindən ödənilir. İddiaçı barədə həmin akta uyğun itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 6480 kub.m. və ya 1296 manat məbləğində qaz itkisi hasablanmışdır. Bununla da aydın olur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikridir. Göstərilənlərə görə iddia əsassız sayılmalı və təmin edilməməlidir. İş materiallarında olan: - 19.03.2020-ci il tarixli, ******* saylı akta əsasən sayğacın plastmas qapağının yan tərəfində və daxili qulaqçıqlarında əzik işləri olduğu, plastmas qapaq istilik nəticəsində qismən əridiyi və xətaların normaya uğun olmadığı, dəymiş ziyanın hesablanması və dəyərinin ödənilməsi qeyd olunuşdur. - 31.03.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən qaz sayğacının nominal saatlıq qaz ötürmə gücünün 6 kub.m. satt orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. - abonent saldosuna əsasən İddiaçı akta görə 1296 manat borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.8-ci maddəsinə görə ziziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, abonent saldosuna əsasən akta görə İddiaçı 1296 manat borc hesablanmışdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İlkin olaraq onu qeyd etmək lazımdır ki, sayğacın plastmas qapağının yan tərəfində və daxili qulaqçıqlarında əzik işləri olması və plastmas qapaq istilik nəticəsində qismən əridiyi və xətaların normaya uğun olmaması və bununla zərərin hesablanması arasında hansı səbəbli əlaqənin olması cavabdeh tərəfindən əsaslandırılmamış və bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Bundan başqa, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən akt əsasında hesablanmış 1296 manat borc silinməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00085 saylı abonent kodu üzrə hesablanmış 1296 manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-461/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-461/2022
08.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver