Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-461/2023 09.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən icarə müqaviləsinə əsasən 52135.57 manat əsas borc, 5213,55 manat dəbbə pulu və mediasiya üçün çəkilmiş xərc 410 manat olmaqla, ümumilikdə isə 57759,12 manat məbləğin iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən icarə müqaviləsinə əsasən 52135.57 manat əsas borc, 5213,55 manat dəbbə pulu və mediasiya üçün çəkilmiş xərc 410 manat olmaqla, ümumilikdə isə 57759,12 manat məbləğin iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış CNR/1-21 nömrəli, 13 iyul 2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı özünə məxsus olan texnikanı cavabdehə icarəyə vermiş, sonuncu isə bunun müqabilində icarə haqqını ödəməyi müqavilə üzrə öz öhdəsinə götürmüşdür. Yuxarıda qeyd edilən müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh bu müqavilə ilə icarəyə alınmış texnikanın icarəsinə görə iddiaçıya müvafiq əlavədə göstərilən qiymətlərlə və qaydalara uyğun olaraq icarə haqqı ödəməli idi. 13 iyul 2021-ci il tarixli, CNR/1-21 nömrəli müqaviləyə 1 nömrəli Əlavədə qeyd edilmişdir ki, icarə haqqının toplam məbləği hər ayın sonu ödənilməlidir. Ödənişlər cavabdeh və iddiaçı tərəfindən işlərin təhvil-təslim aktı imzalandıqdan sonra 2 (iki) bank günü ərzində iddiaçının hesabına köçürülməli idi. Lakin cavabdeh müxtəlif bəhanələr gətirərək müqavilədə göstərilən müddət ərzində öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır və bu günə kimi 13 iyul 2021-ci il tarixli CNR/1-21 saylı müqavilə üzrə cavabdeh iddiaçıya 52135.57 manat pul borcludur. Qeyd edilən borcun məbləği iddia ərizəsinə əlavə edilən tərəflər arasında imzalanmış işlərin təhvil-təslim aktlarında öz sübutunu tapır. Belə ki, həmin aktlara əsasən toplam borc 55 675,57 manat təşkil edir. Bu borcdan cavabdeh yalnız dekabr ayı üzrə imzalanmış 4720 manat işlərin təhvil-təslim aktından 3540 manat hissəsini ödəmişdir. Beləliklə tərəflər arasında imzalanmış işlərin təhvil-təslim aktına əsasən borc məbləği 52135,57 manat təşkil edir (55675,57-3540=52135,57). Tərəflər arasında bağlanmış 13 iyul 2021-ci il tarixli CNR/1-21 saylı müqavilənin 5.4-cü bəndinə əsasən cavabdeh müqavilə üzrə ödənişi gecikdirdiyi halda, hər gecikmə günü üçün ödənişi gecikdirilmiş məbləğin 1(bir) faiz civarında iddiaçıya cərimə ödəməlidir. Lakin bu cərimənin ümumi məbləği ödənişi gecikdirilmiş məbləğin 10 (on) fazindən artıq ola bilməz. Müqavilənin bu müddəası imperativ xarakter daşıyır və cavabdeh müqaviləyə atdığı imza ilə bu müddəanı öhdəlik kimi öz üzərinə götürmüşdür. Beləliklə müqavilə üzrə cavabdeh iddiaçıya ümumilikdə 57349,12 manat məbləğində pul vəsaiti ödəməlidir. xx.xx.2022-ci il tarixində iddiaçı cavabdehə 01-VƏ/498 saylı Pretenziya məktubu yollamış və 5 (beş) iş günü ərzində borc ödənilmədiyi təqdirdə əsas borcun, cərimənin və digər xərclərin ödənilməsinin təmin olunması məqsədilə məhkəməyə müraciət olunacağını qarşı tərəfə bildirmişdir. Lakin cavabdeh Pretenziya məktubunu qəbul etməsinə baxmayaraq, məktubu cavabsız qoymuşdur. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün iddiaçı, Bakı şəhəri 14 saylı Mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2022-ci il tarixli MŞB/14- 00142 saylı Arayış iddiaçıya təqdim edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış CNR/1-21 nömrəli, 13 iyul 2021-ci il tarixli texnikanın icarə müqaviləsindən görünür ki, iddiaçı qanuni əsaslarla ona məxsus olan texnikanı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan müvafiq əlavəsində müəyyən edilmiş çeşidə, saya və qiymətlərə uyğun icarəyə verməyi, cavabdeh isə həmin texnikanı xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul etməyi və icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. 8 ədəd təhvil-təslim aktlarından görünür ki, cavabdehin iddiaçıya icarə haqqı üzrə ümumilikdə 55675,57 manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında CNR/1-21 nömrəli, 13 iyul 2021-ci il tarixli texnikanın icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı qanuni əsaslarla ona məxsus olan texnikanı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan müvafiq əlavəsində müəyyən edilmiş çeşidə, saya və qiymətlərə uyğun icarəyə verməyi, cavabdeh isə həmin texnikanı xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul etməyi və icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. İcarə Müqaviləsi üzrə cavabdehin iddiaçıya 55675,57 manat məbləğində borcu yaranmış, cavabdeh tərəfindən həmin borcdan 3540 manat ödəniş edilmiş, cavabdehin iddiaçıya 52135,57 manat borcu qalmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, sahəni cavabdehə icarəyə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətdə icarə haqlarını tam ödəmədiyindən və bu hallar iş materialları ilə təsdiq olunduğundan iddia icarə haqqı borcunun tələb olunması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 5.4-cü bəndinə əsasən cavabdeh müqavilə üzrə ödənişi gecikdirdiyi halda, hər gecikmə günü üçün ödənişi gecikdirilmiş məbləğin 1 (bir) faiz civarında iddiaçıya cərimə ödəməlidir. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış əsas borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 2600 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İş üzrə dövlət rüsumu məbləğinin 262,05 manat olmasını, iddiaçı tərəfindən mediasiya xərcinə görə 410 manat ödənilməsini, iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 95,44 faizini təşkil etdiyini nəzərə aldıqda, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 398,05 manat (410 manat (mediasiya xərci) – 11,95 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 398,05 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən icarə müqaviləsinə əsasən 52135,57 manat əsas borc, 2600 manat dəbbə pulu və mediasiya xərcinə görə 398,05 manat, ümumilikdə 55133,62 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən icarə müqaviləsinə əsasən 52135,57 manat əsas borc, 2600 manat dəbbə pulu və mediasiya xərcinə görə 398,05 manat, ümumilikdə 55133,62 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-461/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-461/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver