Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4619/2021 21.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X6, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh X4rşı cavabdehdən iddiaçıya dəymiş 10450 manat maddi ziyanın, 100 manat mediasiya keçirilməsi ilə bağlı mediasiya xərcinin və 150 manat vəkil xərcinin, mənəvi zərərə görə 2500 manatın, cəmi 13200 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçıya dəymiş 10450 manat maddi ziyanın, 100 manat mediasiya keçirilməsi ilə bağlı mediasiya xərcinin və 150 manat vəkil xərcinin, mənəvi zərərə görə 2500 manatın, cəmi 13200 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçının adına Cavabdeh abonent kodu 095541 olan və Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində yerləşən "xxxx" MMC-nə məxsus “Rich Hotel”-in ərazisində 09.03.2021-ci ildə cavabdehin əməkdaşları ekspertiza keçirmiş, orada müxtəlif ölçülü 4 ədəd boru vasitəsilə qrunt sularının cavabdehə məxsus kanalizasiya şəbəkəsinə axıdıldığını şifahi olaraq bildirmişdir. Cavabdeh yoxlamanın nəticəsi barədə heç bir əsaslandırılmış sənəd təqdim edilmədən iddiaçının 095541 abonent koduna 09.03.2021-ci il tarixdən cərimə təyin edilmişdir. Bir müddət sonra iddiaçı tərəfindən cavabdehin 09.03.2021-ci il tarixdə tərtib edilmiş invertar aktın surəti götürülmüşdür. Həmin aktda iddiaçının 3 ədəd d=50 mm və 1 ədəd d=63 mm cəmi 4 ədəd boru vasitəsilə qrunt sularının cavabdehə məxsus kanalizasiya şəbəkəsinə axıdıldığını bildirmişdir. Lakin həmin borulardan qrunt suyu axıdılmadığı barədə cavabdehə yenidən ekspertiza keçirilməsi ilə bağlı müraciət olunmuşdur. Bu səbəbdən, iddiaçının şikayət ərizəsi əsasında 21.06.2021ci ildə cavabdehin əməkdaşları əraziyə yenidən baxış keçirmiş və aşkar olunmuşdur ki, obyektdə 4 drinaj quyusu mövcuddur və bunlardan 3 drinaj quyusu binanın zirzəmisində yerləşir. Baxış zamanı, həmin 3 quyuya axan çirkab sularının mətbəxdən və çamaşırxanadan axıdılan çirkab suları olduğu məlum olmuşdur. Beləliklə yalnız bir drinaj quyusundan d=50 mm-lik boru vasitəsilə qrunt suyu kanalizasiya şəbəkəsinə axıdıldığı məlum olmuşdur. Digər üç quyudan isə kanalizasiyaya heç bir qrunt sularının axıdılmadığı aşkar edilmiş, bu barədə cavabdehin əməkdaşları invertar akt tərtib etmişdir. Buna baxmayaraq, cavabdeh 4 quyudan axıdılan qrunt suları ilə bağlı hər bir quyu üçün iddiaçıya cərimə hesablanmış və hər biri quyu ilə əlaqədar cərimə ödənişi abonent hesabına yüklənmışdır. Beləliklə, iddiaçı tərəfindən 04.05.2021-06.09.2021-ci il tarixləri aralığında sayğaca ümumlikdə 25490 manat məbləğində pul vəsaiti ödənilmişdir və həmin məbləğin 14113 manat məbləğində pul vəsaiti cərimə məbləği kimi iddiaçıdan tutulmuşdur. Halbuki, sonuncu ekspertizanın nəticəsinə əsasən iddiaçıdan bir drinaj quyusundan axıdılan qrunt sularına əsasən cərimə məbləği hesablanmalı idi və bu məbləğə mütənasib cərimə məbləği iddiaçıdan tutulmalı idi. Belə ki, “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il 262 nömrəli Qərarına və həmin Qərarın 4 nömrəli əlavəsində göstərilmiş “Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi cədvəli”nə əsasən kommersiya yönümlü təşkilatlar üzrə bir d=50 mm-ik boru vasitəsilə axıdılan qrunt suyunun saatlıq (1,0 m/san) sərfiyyatı 7.63 m3-dir. Həmin qərara əsasən qrunt suyundan istifadə etməklə, tullantı sularının kanalizasiya şəbəkəsinə axıdılma müddəti 4 saat qəbul edilir. Bu o deməkdir ki, gündəlik sərfiyyat 30.52 manat, aylıq isə 915.60 manat təşkil edir. Bundan əlavə 22 iyul 2021-ci il tarixdə Cavabdeh ASC-nin X10 İdarəsi və İddiaçı ilə Müqavilə bağlanılmışdır və bu o deməkdir ki, 22 iyul tarixdən ümumiyyətlə cərimə tutulmamalıdır, çünki bir drinaj quyuya artıq sayğac qoyulmuşdur. Müqavilənin predmeti həmin 1 quyu axıdılan qrunt suya sayğaçın quraşdırılması idi və sayğacın ödənişinin edilməsi ilə bağlıdır. Beləliklə, iddiaçıdan 04.05.2021-06.07.2021-ci il tarixdə ödənilmiş 13100 manat pul vəsaitinin 70 faizi, yəni cərimə kimi iddiaçıdan tutulan 9170 manat məbləği yox, ümumilikdə mart ayından yazılan akta əsasən bir drinaj quyuya görə 3662.40 manat cərimə məbləği tutulmalıdır. Belə ki, ümumi ödənilmiş 25490 manat pul vəsaitindən cərimə kimi hesablanmış 10450 manat məbləğində pul vəsaiti isə iddiaçıya geri qaytarılmalıdır. Cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 10450 manat pul vəsaiti geri qaytarılmır. Hal-hazırda cavabdehə etdiyi dəfələrlə şikayəti nəticəsində cavabdeh iyul ayında öz kompyuter sistemindən iddiaçının adına olan 095541 abonent kodunda 4 quyu axıdılan qrunt suyu kimi hesablanmasını dayandırmışdır. Odur ki, 01.09.2021-ci il tarixdə cavabdehə iddiaçı tərəfindən zərərin ödənilməsi ilə bağlı pretenziya göndərilmişdir, 07.09.2021-ci il tarixdə cavabdeh poçt vasitəsi ilə həmin pretenziyanı almışdır. Beləliklə 12.08.2021-ci il tarixdə iddiaçı tərəfindən Mediasiya Prosesinin tətbiqi barədə təklifi cavabdehə göndərilmiş və 12.08.2021-ci il tarixdə cavabdeh poçt vasitəsi ilə həmin Təklifi almışdır. 27.08.2021-ci il tarixdə X3 İştrak edilməməsi barədə Arayışdan görünür ki, iddiaçı tərəfindən onun səlahiyyətli nümayəndəsi X9 iştrak etmişdir, lakin cavabdehin nümayəndəsi iştrak etməmişdir və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. 27.08.2021-ci il tarixdə X2 sonra prosesin davam etdirilə bilməməsi barədə Arayış iddiaçıya təqdim edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, cavabdehin əməkdaşları otelə yaxınlaşdığı zaman Mahir Yusifov adlı şəxs əməkdaşların qarşısına çıxmış və nümayəndə olmasa belə özünü nümayəndə kimi təqdim etmişdir. Bu cərimə dəymiş ziyan deyil, hesablanmış aylıq hesabatdır. 3-4 boruya görə qrunt sularının axıdılmasına görə hesablanmış məbləğdir. Yayda sular quruduğundan 3 quyuya yox 1 quyuya axıdılmış və bu ana kimi 1 quyuya axıldılmış qrunt sularının xidmət haqqısı hesablanmışdır. 4 quyunun hamısına qrunt suları axıdılmış və ona görə hesablanmış xidmət haqqıdır. Hazırda cavabdehə məlum deyildir ki, niyə tərəf ödədiyi xidmət haqqının geri qaytarılmasını tələb edir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı vergi ödəyicisi kimi uçota alınaraq ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. 09.03.2021-ci il tarixli inventar aktının surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində yerləşən “Rich Hotel”-də yoxlama aparılmış, yoxlama zamanı otelin həyətyanı sahəsində müxtəlif istiqamətlərində toplama qrunt suların 3 ədəd d=50 mm və 1 ədəd d=63 mm boru vasitəsi ilə cavabdehə məxsus kanalizasiya şəbəkəsinə axıdılması aşkar olunmuşdur. 21.06.2021-ci il tarixli inventar aktının surətindən görünür ki, iddiaçının şikayət ərizəsi əsasında cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində yerləşən “Rich Hotel”-də qrunt sularına yenidən baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, 4 ədəd drenaj quyusu mövcuddur. Bunlardan 3 drenaj quyusu bunanın zirzəmisində yerləşir. Həmin quyulardan axan çirkab sular mətbəxdən və çamaşırxanadan axan çirkab sulardır. Digər drenaj quyusu obyektin həyətində yerləşir və d=50 mm-lik boru vasitəsi ilə qrunt suyunu kanalizasiya şəbəkəsinə axıdır. İddiaçının bazasında qeyd olunmuş 4 qrunt su xətti, hər biri d=50 mm-lik olaraq qeyd olunmuş, yalnız yerində baxış keçirilən zaman məlum olmuşdur ki, bir qrunt suyunun kanalizasiya şəbəkəsinə qoşulması vardır. 87 ədəd qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 2021-ci ilin may-avqust aylarında cavabdehin hesabına ümumilikdə 23800 manat ödəniş edilmişdir. Abonent haqqında məlumatdan müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya 2021-ci ilin yanvar-avqust ayları üzrə ümumilikdə 25739 manat borc hesablanmış, iddiaçı tərəfindən ümumilikdə 25751,50 manat məbləğində ödəniş edilmiş, iddiaçının cavabdehə 01.01.2021-ci il tarixə borcu yoxdur. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.5-ci bəndinə əsasən suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Həmin Qaydaların 7.25-ci bəndinə əsasən kanalizasiya şəbəkəsinə axıdılan istehsalat tullantı sularının uçotu müəssisənin su təsərrüfatı pasportunun və (və ya) suölçən cihazının göstəricisinə əsasən hesablanır. Suölçən cihaz və ya su təsərrüfatı pasportu olmadıqda, axıdılan tullantı suyunun həcmi verilən içməli suyun həcmi ilə bərabər götürülür. “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavə olan “Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi” Cədvəlində kommersiya yönümlü təşkilatlar üzrə d=50 mm-lik boru üçün saatlıq (1,0 m/san) su sərfi 7,63 kub.metr, iş günlərinin sayı 30 gün, aylıq sərfiyyat 1145 kub.metr, qrunt suyundan istifadə etməklə, tullantı sularının kanalizasiya şəbəkəsinə axıdılma müddəti 4 saat müəyyən edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində yerləşən “Rich Hotel”-də yoxlama aparılmış, yoxlama zamanı otelin həyətyanı sahəsində müxtəlif istiqamətlərində toplama qrunt suların 3 ədəd d=50 mm və 1 ədəd d=63 mm boru vasitəsi ilə cavabdehə məxsus kanalizasiya şəbəkəsinə axıdılması aşkar olunaraq 09.03.2021-ci il tarixli inventar aktı tərtib edilmişdir. İddiaçının şikayət ərizəsi əsasında cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində yerləşən “Rich Hotel”-də qrunt sularına yenidən baxış keçirilmiş, baxış zamanı 4 ədəd drenaj quyusunun mövcud olması, bunlardan 3 drenaj quyusu bunanın zirzəmisində yerləşməklə həmin quyulardan axan çirkab suların mətbəxdən və çamaşırxanadan axan çirkab suları olması, digər drenaj quyusu obyektin həyətində yerləşməsi, d=50 mm-lik boru vasitəsi ilə qrunt suyunun kanalizasiya şəbəkəsinə axıdılması, bir qrunt suyunun kanalizasiya şəbəkəsinə qoşulmasının olması müəyyən olunaraq 21.06.2021-ci il tarixli inventar aktı tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 2021-ci ilin yanvar-avqust ayları üzrə ümumilikdə 25739 manat borc hesablanmış, iddiaçı tərəfindən ümumilikdə 25751,50 manat məbləğində ödəniş edilmiş, iddiaçının cavabdehə 01.01.2021-ci il tarixə borcu yoxdur. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının dəfələrlə cavabdehə etdiyi şikayəti nəticəsində cavabdeh iyul ayında qrunt suyunun 4 boru ilə axıdılması üzrə hesablamanı dayandırmışdır. Belə olan halda cavabdeh tərəfindən qrunt suyunun 4 boru ilə axıdılması nəzərə alınmaqla hesablama 4 ay (mart, aprel, may, iyun) müddət üzrə aparılmışdır. “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavə olan “Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi” Cədvəlində göstərilənləri nəzərə aldıqda, 1 ədəd d=50 mm-lik boru üçün sərfiyyat aşağıdakı qaydada hesablanır: 7.63 kub.metr x 4 saat = 30,52 kub.metr (1 günlük sərfiyyat), 30,52 kub.metr x 30 gün = 915,6 kub.metr (1 aylıq sərfiyyat), 915,6 kub.metr x 4 ay =3662,4 kub.metr, 3662,4 kub.metr x 4 ədəd d=50 mm-lik boru = 14649,6 kub.metr. Göründüyü kimi 1 ədəd d=50 mm-lik boru üçün 4 ay müddətinə olan sərfiyyat 3662,4 kub.metr, 4 ədəd d=50 mm-lik boru üzrə isə sərfiyyat ümumilikdə 14649,6 kub.metr təşkil edir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə əsasən qeyri-əhali istehlakçı qrupu üzrə tullantı sularının axıdılması xidmətinin tarifi 1 kub metr üçün 1,0 manat müəyyən edilmişdir ki, bu halda 14649,6 kub.metr tullantı sularının axıdılması xidmətinin tarifi 14649,6 manat təşkil edir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh tərəfindən birinci yoxlama zamanı toplam qrunt sularının 4 ədəd d=50 mm-lik boru xətti ilə cavabdehə məxsus kanalizasiya şəbəkəsinə axıdılması müəyyən edilmiş, sonra isə iddiaçının şikayət ərizəsi əsasında aparılmış ikinci yoxlama zamanı qrunt sularının cavabdehə məxsus kanalizasiya şəbəkəsinə yalnız 1 ədəd d=50 mm-lik boru vasitəsi ilə axıdılması müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh 3 ədəd d=50 mm-lik boru vasitəsi ilə suyun ona məxsus kanalizasiya şəbəkəsinə axıdılmadığı halda, 2021-ci ilin mart-iyun ayları müddətində hər ay həmin borulara görə borc hesablamaqla, həmin vəsaiti əldə etmişdir. Yuxarıda qeyd olunanları nəzərə aldıqda, cavabdeh tərəfindən iddiaçıya 3 ədəd d=50 mm-lik boru xətti ilə qrunt sularının cavabdehə məxsus kanalizasiya şəbəkəsinə axıdılmasına görə 4 ay müddətinə əlavə 10987,2 manat (3662,4 x 3 = 10987,2) məbləğində artıq borc hesablanmışdır. Göründüyü kimi cavabdeh göstərmədiyi xidmətə görə iddiaçının 10987,2 manat məbləğində pul vəsaitini əldə etməklə əsassız varlanmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı cavabdehin iddiaçıdan əldə etdiyi pul vəsaitinin iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuzdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma ödənilmiş 150 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya dəymiş 10450 manat maddi ziyan, mediasiya xərcinə görə 80,69 manat və vəkilin göstərdiyi yardıma görə 150 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 80,69 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 24,20 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 5,80 manat məbləği isə iddiaçıya aid edilməlidir. Eyni zamanda, yuxarıda göstərilənlərə əsasən mediasiya prosesində iştiraka görə ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin 80,69 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı dəymiş 10450 manat maddi ziyan, mediasiya xərcinə görə 80,69 manat və vəkilin göstərdiyi yardıma görə 150 manat Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 24,20 manat məbləği Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin, qalan 5,80 manat məbləği İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4619/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4619/2021
21.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver