Məhkəmə qərarları › İş №e-2-2(113)-462/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-462/2023

10.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-462/2023 10.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin "xxxx" ASC-yə qarşı “borcun silinməsi və pul” tələbinə dair iddiası üzrə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı MMC-yə xx.xx.2022ci il tarixli, 011569 nömrəli akta əsasən hesablanmış 5.076 (beş min yetmiş altı) manat məbləğində borcun silinməsi və ödənilmiş 5.076 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış 005974 və 005975 saylı, xx.xx.2017-ci il tarixli “enerji müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (abonent) arasında elektrik enerjisinin alqı-satqısı birtipli müqavilələri”nə əsasən abonentə **********0 və **********9 nömrəli abonent kodu açılmış, abonent 630 və 400 kVa gücündə, 10/0,4 kV-luq transformator yarımstansiyasına quraşdırılmış 69212411 və 69211918 nömrəli elektrik sayğacları ilə təchiz olunmuşdur. xx.xx.2021-ci ilə kimi müəssisənin elektrik enerjisi hesabatı obyektin (Şərab zavodunun) balansında olan yuxarıda qeyd edilən müqavilələr əsasında 630 və 400 kv gücündə, 10/0,4 kv-luq transformator yarımstansiyasına quraşdırılmış 69212411 və 69211918 nömrəli elektrik sayğacları ilə aparılmışdır. xx.xx.2021-ci il tarixdə satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən uçota nəzarəti gücləndirmək məqsədilə **********9 nömrəli abunə kodunu passivləşdirərək hesablaşmanın **********0 nömrəli abunə koduna qeydiyyatda olan 69211918 nömrəli elektrik sayğacı vasitəsilə aparılması üçün 009617 nömrəli baxış aktı tərtib edilmişdir. xx.xx.2021-ci il tarixdə cavabdehin nümayəndələri (Şimal RETSİ) tərəfindən 009617 nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən sayğaca nəzarəti gücləndirmək məqsədilə obyektin ərazisində yerləşən 630 kVa 10/0,4 kV-luq transformator yarımstansiyasına quraşdırılmış son göstəricisi 86,43 Kvts olan 69212411 nömrəli elektrik sayğacının uçot nöqtəsi passiv edilmiş, obyektin hesabatının 400 kVA transformator yarımstansiyasının 10 kv-luq “KRUN”da quraşdırılmış 69211918 nömrəli sayğacla aparılacağı barədə 149826 nömrəli akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə **********0 nömrəli abunə kodu üzrə "xxxx" ASC-nin "xxxx" ASC-dəki hesabına elektrik enerjisindən istifadəyə görə 5076.00 manat məbləğində pul ödənilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən fəaliyyəti dayandırılmış 69212411 nömrəli elektrik sayğacının üzərində komputer məlumat bazasına daxil edilməmiş 50760 kvts sərfiyyat aşkar edilmiş və bu barədə 011569 nömrəli akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə 50760 kvts sərfiyyatın dəyəri olaraq 5076.0 manat məbləğində borcun olması barədə "xxxx" ASC Şimal RETSİ Şabran EŞ trəfindən xəbərdarlıq məktubu göndərilmişdir. xx.xx.2022-ci il tarixdə **********9 nömrəli abunə kodu üzrə "xxxx" ASC-nin "xxxx" ASC-dəki hesabına elektrik enerjisindən istifadəyə görə yenidən 5076.00 manat məbləğində pul ödənilmişdir. xx.xx.2022-ci il tarixdə **********9 nömrəli abunə kodu passivləşdirilmişdir. Bundan sonra müəyyən edilmişdir ki, obyektin enerjitəchizat sxemi dəydirilərək 630 kVA-lıq transformator yarımstansiyasının qidalanması da 10 kV-luq “KRUN”un üzərinə köçürülməli olsa da, 69212411 nömrəli elektrik sayğacı aktiv vəziyyətdə saxlanılmış, elektrik enerjisindən istifadə edilməsi ikinci dəfə 69212411 nömrəli elektrik sayğacında təkrarən hesablanmış, bu səbəbdən də xx.xx.2022-ci il tarixdə 5076 manat məbləğində pul ödənilsə də, təkrarən işlək vəziyyətdə (sxemdən çıxarılmamış) saxlanılmış, lakin passiv edilməli olan sayğacda 50760 kvts sərfiyyat (5076,7 manat əlavə məbləğ) yaranmışdır. Həmin məbləğ ödənilmiş və yalnız sonradan qeyd edilən məsələ üzə çıxdığından rəsmi qaydada cavabdehə müraciət edilmişdir. Uzun sürən rəsmi müraciətlərdən sonra nəhayət ki, xx.xx.2022-ci il tarixdə 247307 nömrəli akt əsasında xx.xx.2022-ci il tarixli, 011569 nömrəli akt nəzərə alınaraq **********9 nömrəli abunə koduna qeydiyyatda olan 69212411 nömrəli sayğac sxemdən çıxarılmışdır. Cavabdehin səhvi nəticəsində artıq hesablanmış və ödənilmiş 5076,0 manat pulun geri qaytarılması yazılı surətdə tələb edilsə də, cavabdeh baxmayaraq ki, xx.xx.2021-ci il tarixli, 149826 nömrəli aktla 69212411 nömrəli elektrik sayğacını son göstəricisi kimi 86,43 Kvts müəyyən edilmişdir, həmin aktın səhv yazıldığını bildirmiş, əslində 69212411 nömrəli elektrik sayğacının son göstəricisinin 50760 kvts olmasını qeyd etmişdir. Baxmayaraq ki, 005974 və 005975 saylı, xx.xx.2017-ci il tarixli “enerji müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (abonent) arasında elektrik enerjisinin alqı-satqısı birtipli müqavilələri” İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmışdır, bütün aktlarda abonent kimi "xxxx" MMC qeyd edilmişdir. Qeyd edilən məsələnin məhkəmədən kənar həlli üçün mediasiya təşkilatına müraciət edilsə də cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat erərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş, məhkəmə baxış iclası barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və yazılı etirazını təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: 05 yanvar 2017-ci il tarixli 005975 saylı “enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (abonent) arasında elektrik enerjisinin alqı-satqısı birtipli müqaviləlsi”nə əsasən tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qaşılıqlı münasibətlərdə “elektrik enerjisindan istifadə qaydaları”nı rəhbər tuturlar. Abonentə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı 200000 kVts və dəyəri 18000 manat tərəflər arasında razılaşdırılmışdır. Müqaviləni imzalayan tərəf olaraq "xxxx" MMC yazılmış daha sonra düzəliş edilərək İddiaçı MMC-nin adı qeyd edilmişdir. Müqavilə "xxxx" ASC və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. 05 yanvar 2017-ci il tarixli 005974 saylı “enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (abonent) arasında elektrik enerjisinin alqı-satqısı birtipli müqaviləlsi”nə əsasən tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qaşılıqlı münasibətlərdə “elektrik enerjisindan istifadə qaydaları”nı rəhbər tuturlar. Abonentə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı 200000 kVts və dəyəri 18000 manat tərəflər arasında razılaşdırılmışdır. Müqavilə "xxxx" ASC və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022 tarixli MŞB/5-03711 saylı mediasiya arayışına əsasən 100 manat mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir. xx.xx.2022 tarixli ödəniş tapşırığına əsasən 4.660,68 manat İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə məxsus hesaba köçürülmüşdür. Ödənişin təyinatı olaraq EBBR seriyalı 543446 saylı xx.xx.2022 tarixli e-qaiməyə əsasən **********0 kod üzrə qeyd olunmuşdur. xx.xx.2022 tarixli köçürmənin aparılması haqqında bildirişə əsasən 838,92 manat İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə məxsus hesaba EBBR seriyalı 543446 saylı xx.xx.2022 tarixli e-qaiməyə əsasən **********0 kod üzrə ƏDV məbləği köçürülmüşdür. xx.xx.2022 tarixli 399357 nömrəli ödəniş tapşırığına əsasən 4301,69 manat İddiaçı MMC tərəfindən EBBS seriyalı, 543328 saylı, xx.xx.2022 tarixli e-qaiməyə əsasən **********9 kod üzrə hesaba köçürülmüşdür. EBBS seriyalı 543328 nömrəli xx.xx.2022 tarixli elektron qaiməyə əssasən 5.076 manat "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. "xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.2022 tarixli xəbərdarlıq məktubunda xx.xx.2022 tarixə 5.076 manat məbləğində borcun olması, xx.xx.2023 tarixinədək ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 149826 nömrəli "xxxx" MMC barədə aktda qeyd edilmişdir ki, satışa nəzarət xx.xx.2021 il tarixli 009617 nömrəli akta əsasən sayğac nəzarəti gücləndirmək məqsədilə qeyd olunan uçot nöqtəsi passiv edilir. Hesabat 10 Kv.-də quraşdırılmış 69211918 nömrəli sayğacla hesab aparılacaq. Akt xx.xx.2021 tarixdə tərtib edilmişdir. xx.xx.2022 tarixli 011569 NDQ nömrəli aktda 69212411 nömrəli sayğacla bağlı qeyd edilmişdir ki, **********9 nömrəli kod üzrə sayğaca baxış keçirən zaman məlum oldu ki, qeyd olunan kod altında olan sayğac fəaliyyətini dayandırmış və sayğacın üzərində komputer məlumat bazasına daxil edilməmiş, 50760 kVt.s, sərfiyyat son oxunma tarixi xx.xx.2021. Hal-hazırda obyekt **********0 saylı kod altında olan 69211918 nömrəli elektrik sayğacından istifadə edir. Aktda laboratoriya şəraitində sayğacın oxunularaq xx.xx.2021-ci il tarixində olan faktiki göstərici komputer məlumat bazasına daxil edilməsi qeyd edilmişdir. Azərbyacan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının 24 avqust 2022-ci il tarixli AERA-25-896/22 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2021ci il tarixə kimi müəssisənin elektrik enerjisi hesabatı obyektin balansında olan 630 və 400 kVa gücündə 10/0,4 kV-luq transformator yarımstansiyalarında quraşdırılmış ********* və 69211918 nömrəli elektrik sayğacları ilə aparılmışdır. xx.xx.2021-ci il tarixdə enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən 009617 nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən sayğaca nəzarəti gücləndirmək məqsədilə obyektin əərazisində yerləşən 630 kVa 10/0,4kV-lu transformator yarımstansiyasında quraşdırılmış son göstəricisi 86,43 kVs olan 69212411 nömrəli elektrik sayğacının uçot nöqtəsi passiv edilmiş və obyektin hesabatının 400 kVa transformator yarımstansiyasının 10kV-luq “KRUN”a quraşdırılmış 69211918 nömrəli sayğacla aparılacağı barədə 149826 nömrəli akt tərtib edilmişdir. Obyektin enerjitəchizatı sxemi dəyişdirilərək 630 kVA-lıq transformator yarımstansiyasının qidalanması da 10 kV-luq ,,KRUN’,nun üzərinə köçürülmüşdür. Müəssisəyə hər ay elektrik enerjisi sərfiyyatına dair hesab bildiriş təqdim edilməsinə baxmayaraq 11.03 2022-ci il tarixdə enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən 247307 nömrəli akt tərtib edilərək çıxarılmış elektrik sayğacı laboratoriyaya göndərilmiş və sayğacın göstəricisi 137,197 kVts qeyd edilərək abonent hesabına əlavə 5076,7 məbləğində hesabat daxil edilmişdir. Yuxarıda qeyd edilənlər ilə əlaqədar "xxxx" ASC-yə məktub ünvanlanmışdır. "xxxx" ASC-dən filiala daxil olmuş cavab məktubunda xx.xx.2021-ci il tarixində **********9 nömrəli abonent kodunun passivlədirilməsi məqsədilə 149826 nömrəli aktın tərtib edildiyi, aktda 69212411 nömrəli elektrik sayğacının göstəricisinin səhvən 86,43 kVts qeyd edildiyi və xx.xx.2022-ci il tarixdə təkrar baxış zamanı isə sayğacın göstəricisinin 137,19 kVts olduğunun müəyyənləşdirildiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra - Qaydalar) 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Abonent hesabına daxil edilmiş 5076,7 məbləğində hesabat ilə əlaqədar Qaydaların 8.35ci bəndinə əsasən enerjitəchizatı müəssisəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edə bilərsiniz. "xxxx" ASC tərəfindən müraciətə verilmiş 23 iyun 2022 tarixli xx-xx/4023 saylı cavab məktubunda qeyd olunmuşdur ki, "xxxx" MMC ilə elektrik enerjisinə görə hesablaşma **********0 və **********9 nömrəli abunə kodlarında qeydiyyatda olan 2 elektrik hesabat sayğacı vasitəsilə aparılmışdır. xx.xx.2021-ci il tarixində satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən uçota nəzarəti gücləndirmək məqsədilə **********9 nömrəli abunə kodunu passivləşdirərək hesablaşmanın **********0 nömrəli abunə kodunda qeydiyyatda olan 69211918 nörməli elektrik sayğacı vasitəsilə aparılması ümün 009617 nömrəli baxış aktı tərtib edilmişdir. xx.xx.2021-ci il tarixində laboratoriya tərəfindən **********9 nömrəli abunə kodunun passivləşdirilməsi üçün 149826 nömrəli akt tərtib edilmişdir. Aktda 69212411 nömrəli elektrik sayğacının göstəricisi səhvən 86,43 qeyd edilmişdir. xx.xx.2022ci il tarixində satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən 69212411 nömrəli elektrik sayğacına (abunə kodu **********9) baxış keçirilərkən sayğacın fəaliyyətinin dayandırıdığı, lakin sayğacın üzərinə komputer məlumatlar bazasına daxil edilməmiş 50760 kVt.s, 5.076 manat dəyərində (göstəici 137,19) sərfiyyatın olduğu aşkar edilərək, 011569 nömrəli akt tərtib edilmiş, akta əsasən sərfiyyat bazaya daxil edilmiş və sərfiyyatın dəyəri abonent tərəfindən ödənilmişdir. xx.xx.2022-ci il tarixində elektrik sayğacının göstəricisi təkrarən oxunmuş və sayğac göstəricisinin real olduğu aşkar edilərək 247307 nömrəli akta əsasən 13,197 göstərici bazaya daxil edilmişdir. xx.xx.2022-ci il tarixində **********59 nömrəli abunə kodu passivləşdirilmişdir. **********9 nömrəli abunə haqqında məlumatdan çıxarışdan məlum olur ki, bağlanan aktlar bölməsində xx.xx.2022 tarixində NDQ011569 nömrəli baxış aktı və 17.03.202 tarixində 247307 nömrəli yoxlama aktları daxil edilmişdir. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə 005974 və 005975 saylı, xx.xx.2017-ci il tarixli müqavilələr imzalanmışdır. Həmin müqavilələr əsasında iddiaçıya **********0 və **********9 nömrəli abonent kodları verilmişdir. Həmin abonent kodları üzrə enerji təchizatı ilə bağlı hesablamalar 69212411 və 69211918 nömrəli elektrik sayğacları əsasında aparılmışdır. xx.xx.2021-ci il tarixdə 149826 nömrəli akt əsasında 69212411 seriya nömrəli elektrik sayğacı passiv edilmiş, həmin sayğacın hesabatı 69211918 nömrəli sayğacla aparılacağı qərara alınmışdır. Daha sonra isə passivləşdirilən 69212411 nömrəli elektrik sayğacına (**********9 nömrəli abunə kodu) xx.xx.2022-ci il tarixində baxış keçirilmiş 011569 nömrəli akt baxış aktı, xx.xx.2023 tarixində isə 247307 nömrəli yoxlama aktları tərtib edilmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinin tələbinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanunun: 1ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılır. (Qanun xx.xx.2015-ci il tarixdən qüvvəyə minmişdir). 2.1-ci maddəsinə əsasən həmin Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 2.2-ci maddəsinə əsasən həmin Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir. 2.3-cü maddəsinə əsasən Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 3.1-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 3.2. Sahibkar bu Qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, habelə inzibati və məhkəmə qaydasında şikayət verə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun (29 avqust 2015-ci il tarixdə qüvvəyə minmişdir) 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsində isə təsbit olunur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra–yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində xx.xx.2022 tarixli 011569 akt üzrə hesablanmış 5.076 manat məbləğində borcun silinməsi və ödənilmiş 5.076 manat məbləğində pulun cavabdehdən tutulmasını qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Belə ki, xx.xx.2022-ci il tarixli 011569 nömrəli akta əsasən borcun hesablanması iş materialları ilə öz təsdiqini tapsa da eyni zamanda məhkəmə araşdırması zamanı məlum oldu ki, iddiaçı həmin borc məbləğini ödəmişdir. Bu baxımdan mübahisləndirilən akt əsasında borcun silinməsi tələbi artıq borc ödənildiyindən təmin edilə bilməz. Bununla yanaşı iddiaçı ödənilmiş 5.076 manat məbləğində pulun cavabdehdən tutulmasını da tələb etmişdir. İşin yuxarıda sadalanan halları ilə İddiaçı MMC tərəfindən ona əsassız olaraq hesablanmış borcun ödənilməsi öz təsdiqini tapdığından ödənilmiş 5.076 manat iddiaçıya geri qaytarılmalı, iddia qeyd edilən hissədə təmin edilməlidir. Belə ki, iş materialları ilə **********9 abunə koduna məxsus 69212411 nömrəli elektrik sayğacının xx.xx.2022-ci il tarixində cavabdehin əməkdaşları tərəfindən passivləşdirilməsinə baxmayaraq sərfiyyatın olması həmin sərfiyyatın dəyərinin abonent tərəfindən ödənilməsi öz təsdqini tapır. Bundan əlavə xx.xx.2022 tarixində elektrik sayğacının təkrar oxunması və oxunma nəticəsində borcun hesablanması əsassız olduğundan iddiaçı tərəfindən həmin göstərici əsasında edilmiş ödəniş cavabdehdən tutulmalıdır. Bundan əlavə enerjitəchizatı sahəsində təbii inhisarçı olan cavabdeh "xxxx" ASC sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə istifadə olunan elektrik enerjisinin uçotu, “Elektrik enerjisindən istifadə Qaydaları”na (EEİQ) riayət olunma vəziyyəti ilə bağlı apardığı yoxlamanı-yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirməyə səlahiyyətli olduğu halda, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almamış, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa iddiaçıya məxsus obyektin elektrik uçot komplektini yoxlamış və ona əlavə elektrik enerjisi sərfiyyatı hesablamışdır. Yuxarıda sadalanan prosessual hüquq normalarından bir daha məlum olur ki, mülki məhkəmə icraatında sübutların işdə iştirak edən şəxslər tərəfindən təqdim edilməsinə dair birbaşa göstərişin olması o deməkdir ki, məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq hüququ və vəzifəsi yoxdur. Yəni, məhkəmə maraqlı şəxslərdən aldığı sübutu təhlil etmək, ilkin qiymətləndirmək və yalnız əlavə sübutlar təqdim edilməsini tərəflərə təklif etmək hüququna malikdir. Vİİ. Məhkəmə xərcləri: Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yuxarıda qeyd edilən qanunvericilik normalarını və mediasiya xərcinin işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb məhkəmə hesab edir ki, 100 manat mediasiya xərci cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-dən 5.076 (beş min yetmiş altı manat) manat və 100 (bir yüz manat) manat mediasiya xərci tutularaq, İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar