Məhkəmə qərarları › İş №e-2-2(113)-4624/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4624/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4624/2025 08.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh3 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 375854-CNS-47939 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka borclu olduğu 588,15 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumuna dair xərcin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 375854-CNS-47939 saylı kredit müqaviləsinə əsasən investisiya məqsədi üçün illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 18 (on səkkiz) ay müddətinə 2500 (iki min beş yüz manat) manat məbləğində kredit verilərək cari hesabına köçürülmüşdür. Eyni zamanda, xx.xx.2023-cü il tarixli 375854-1-3291 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 (bundan sonra mətndə Cavabdeh2) xx.xx.2023 cü il tarixli 375854-1-3291 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh2 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər. Lakin borclu Cavabdeh3 üzərinə götürdüyü kredit öhdəliklərini tam icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2023cü il tarixli 375854-CNS-47939 saylı kredit müqaviləsi üzrə 588,15 (beş yüz səksən səkkiz manat on beş qəpik) manat məbləğində əsas borc, ümumilikdə isə 588,15 (beş yüz səksən səkkiz manat on beş qəpik) manat məbləğində borcu qalmışdır.

3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verib iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 375854-CNS-47939 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka borclu olduğu 288,15 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumuna dair xərcin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İİ. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

5. İddiaçı və Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 375854-CNS- 47939 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 20 (iyirmi) faiz hesablanması şərti ilə 18 (on səkkiz) ay müddətinə 2500 (iki min beş yüz manat) manat kredit vermişdir. Kredit dövriyyə vəsailərinin artırılması (mal-material qiymətlilərin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) məqsədilə verilir.

6. Müqavilənin 1 saylı Əlavəsində kredit müqaviləsi üzrə ödəniş cədvəli öz əksini tapmışdır.

7. Cavabdehə məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 2500 manat məbləğində kredit iddiaçı tərəfindən Cavabdeh3 təqdim olunmuşdur.

8. xx.xx.2023-cü il tarixli 375854-CNS-47939 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliyinin icrasını təmin etmək məqsədilə iddiaçı və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli 375854-1-3291 saylı zaminlik müqaviləsi bağlanmışdır.

9. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-cu maddəsinə əsasən (əvvəlki redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 375854-CNS-47939 saylı kredit müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də kredit müqaviləsinə əsasən cavabdehlərin üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 288,15 borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən göstərilən borc birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

IV. Nəticə:

16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 birgə (müştərək) qaydada 288,15 manat məbləğində pul, 30 manat dövlət rüsumu, ümumilikdə 318,15 (üç yüz on səkkiz manat on beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar