Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4632/2023 20.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin halları:
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (bundan sonra – cavabdehlər) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının İddiaçı ASC-nin “28 May” filialı ilə Cavabdeh4arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SİF-ZFB-003 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 Banka olan 6153.93 manat əsas, 113.32 manat faiz borcu və 611.12 manat cərimə borcu olmaqla, cəmi borcu 6878.37 manat və ödənilmiş 110 manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən (borclu – Cavabdeh4, zaminlər - Cavabdeh3, Cavabdeh1, Cavabdeh2) birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “28 May” filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SİF-Z-FB003 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 15% olmaqla, 24ay müddətinə, 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və TuranBank ASC arasında xx.xx.2021-ci il tarixli, SİF-Z-FB-003 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh4 xx.xx.2023-cü il tarixinə iddiaçıya 6153.93 manat əsas, 113.32 manat faiz borcu və 611.12 manat cərimə borcu olmaqla, cəmi borcu 6878.37 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Həmçinin, xx.xx.2023-cü il tarixdə Bakı 14 saylı Mediasiya Təşkilatında keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etsələr də cavabdehlər mediasiya sessiyasında iştirak etmədiyindən mübahisənin mediasiya sessiyasında həlli mümkün olmamışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SİF-Z-FB-003 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. 4.2-ci bəndə əsasən borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əsas borc qalığına illik 30 % olmaqla cərimə faizi ödəyir. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu Bank qarşısında birgə məsuliyyət daşıyırlar.
II. Tərəflərin izahatı:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X.Əlizadə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh4 tərəfindən kredit müqaviləsi üzrə iddia ərizəsi verildikdən sonra ödənişlər edilmiş, lakin cavabdehin bank hesablarına vergi orqanına tərəfindən əvvəlcədən sərəncam qoyulması səbəbindən ödənişlər qanunvericiliyin tələbinə əsasən ilk növbədə vergi öhdəliklərinə silinmişdir.
4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məlumat verməmişlər.
5. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Sübutların tədqiqi:
6. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş:
7. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SİF-Z-FB003 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 15% olmaqla, 24 ay müddətinə, 15000 manat məbləğində kredit verir. Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür.
8. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit dövriyyə vəsaitinin artırılması məqsədləri üçün borclunun ünvan 1 ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin maliyyələşdirilməsinə verilir.
9. Müqavilənin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Əgər ödəniş günü iş günü hesab olunmayan günə təsadüf edərsə, ödəniş iş günü hesab olunmayan gündən sonra gələn növbəti iş günü ödənilir.
10. İddiaçı və cavabdehlər X1, Cavabdeh1, Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli SİF-Z-FB-003 nömrəli zaminlik müqaviləsinə əsasən zamin kreditor və borclu arasında Bakı şəhərində bağlanmış, xx.xx.2021-ci il tarixli SİF-Z- FB-003 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasını təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit müqaviləsi öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür.
11. İddiaçı tərəfindən verilmiş 675 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2023cü il tarixinə iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SİF- ZFB-003 saylı kredit müqaviləsinə əsasən cavabdehin əsas borcu 6153,93 manat, faiz borcu 113,32 manat, cərimə borcu 611,12 manat təşkil edir.
IV. Hüquqi dəyərləndirmə:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
13. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
14. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
16. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
17. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
18. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
19. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
20. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
21. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 611,12 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.
22. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
23. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
24. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
25. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 200 manat məbləğində müəyyən edilməlidir.
V. Nəticə:
26. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən 6153,93 manat əsas borc, 113,32 manat faiz borcu, 200 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 110 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 6153,93 manat əsas borc, 113,32 manat faiz borcu, 200 manat dəbbə pulu, ödənilmiş 110 manat dövlət rüsumu, ümumilikdə 6577,25 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova