Məhkəmə qərarları › İş №e-2-2(113)-4633/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4633/2024

20.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4633/2024 20.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməmiş icarə haqqında görə 29.500 manat məbləğində pulun, ödənişin geçikdirilməsinə 3.864 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumu 191 manat məbləğində pulun, cəmi 33.554,1 (otuz üç min beş yüz əlli dörd manat on qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli icarə müqaviləsinə əsasən, İddiaçı MMC 2 ədəd konteyneri 1 (bir) il müddətinə Cavabdeh MMC-yə icarəyə verilmişdir. Müqavilənin 9.1-ci maddəsinə əsasən hazırkı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddətinin pozulmasında günahkar olan tərəf qarşı tərəfə öhdəliyi yerinə yetirmədiyi hər gün üçün – “alıcı” ödənilən məbləğin, “satıcı” isə vaxtında göndərmədiyi malın 0,1 %-i məbləğində peniya ödəməlidir. Cavabdeh MMC tərəfindən müqavilə üzrə ödənilməsi geçikdirilən ödəniş 29.500 manat, gecikdirilmiş günlərin sayı 131 gün, geçikdirilmiş hər gün üçün ödənilməli olan penya həcmi 29,5 manat olmaqla 3864,5 manat təşkil etmişdir. Beləliklə xx.xx.2022-ci il tarixli, 96 saylı nömrəli icarə müqaviləsinə əsasən Cavabdeh MMC malların dəyərinə görə 29.500, ödənişin geçikdirilməsinə 3.864 manat, cəmi 33.364,5 manat pul İddiaçı MMC-yə ödənilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 borcdan 5.900 manat ödədiklərini, əsas borcu qalan hissədə qəbul etdiklərini, cərimə məbləği ilə razı olmadıqlarını bildirdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 14 noyabr 2022-ci il tarixli icarə müqaviləsi imzalanmışdır.

9. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarəyə verən aralarında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə və Protokola uyğun olaraq razılaşdırılmış, müvafiq çeşidli və keyfiyyətli malları təqdim edir, icarəçi isə onun sifarişinə əsasən təqdim edilən həmin malları qəbul edib onların dəyərini qüvvədə olan qanunvericiliyə müvafiq qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür.

10. Tərəflər arasında bağlanmış müqavilə konteynerlərin icarəyə verilməsi ilə bağlı olmuşdur.

11. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir.

13. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun avadanlıqdan istifadəyə görə icarə haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

14. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCJ seriyalı, 154155 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 3.540 manat, EBCK seriyalı, 379658 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 2.360 manat, EBCM seriyalı, 667864 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 2.360 manat, EBCO seriyalı, 312907 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 2.360 manat, EBDB seriyalı, 434843 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 2.360 manat, EBDİ seriyalı, 652425 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 2.360 manat, EBDQ seriyalı, 872293 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 4.720 manat, EBDL seriyalı, 221252 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 4.720 manat, EBDH seriyalı, 632701 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 4.720 manat olan elektron qaimələr göndərilmişdir.

15. Sadə riyazi hesablama ilə, elektron qaimələrdəki məbləğlərin cəmi 29.500 manat təşkil edir.

16. İş materiallarına əlavə olunmuş ödəniş sənədlərindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına xx.xx.2022-ci il tarixdə 3.000 manat, 2.000 manat, xx.xx.2024-cü il tarixdə 360 manat, 540 manat olmaqla, cəmi 5.900 manat məbləğində pul mədaxil edilmişdir.

17. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdeh tərəf, əvvəl 29.500 manat borcunun olduğunu bildirmiş və sonradan qeyd edilən məbləğdən 5.900 manat məbləğində ödəniş edildiyini bildirmişdir.

18. Məhkəmə iclasında iddiaçı tərəfdən, tələb edilən borcdan 5.900 manat ödənilib-edənilməsi soruşulmuş, iddiaçı tərəf də, “qəbzlər varsa demək ki, ödənilmiş” cavabını vermişdir.

19. Sadə riyazi hesablama ilə hesabladıqda da görünür ki, qalıq borc 23.600 (29.500-5.900) manat təşkil edir.

20. Belə olan halda, Məhkəmə hesab edir ki, 23.600 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Məhkəmə 3.864 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

22. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 7.1.5-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən əgər növbəti aya qədər icarə haqqı ödənilməzsə hər gecikmə gününə görə kirayə məbləğinin 1/30 məbləğində gecikmə bədəli hesablanacaqdır.

23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

24. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 1.100 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

25. Bundan başqa, məhkəmə dövlət rüsumunun əvəzi olaraq 191 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

26. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafasından görünür ki, dövlət rüsumunun əvəzi olaraq iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 191 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

27. Lakin məhkəmə, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 162,6 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 23.100 (iyirmi üç min bir yüz) manat, cərimə borcu üzrə 1.100 (bir min bir yüz) manat olmaqla, cəmi 24.200 (iyirmi dörd min iki yüz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 162 (bir yüz altmış iki) manat, 60 (altmış) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar