Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4634/2023 01.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya, sığorta hadisəsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 manat pul vəsaitinin, mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AZ/063328 nömrəli xx.xx.2019-cu il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsi ilə sığorta müqaviləsi bağlanmış və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə sığorta təminatı verilmişdir. xx.xx.2020-ci il tarixində ünvan 1 ünvanında yerləşən beş mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən obyektin istilik sistemi partlamış və nəticədə onun altında yerləşən obyektdə su basma haisəsi baş vermiş, nəticədə 4000 manat sığorta ödənişi həyata keçirilmişdir. Hesab edir ki, ödənilmiş 4000 manat məbləğ, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.2-ci yarım bəndinə əsasən müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlat siyasətinin hayata keçirilmasini təmin edir, kommunal təsərrüfatın va mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının va kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkışafını təmin edir. Bundan əlavə, Azarbaycan Respublikasının Mənzil Məcəlləsinin və Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən yaşayış binasının mənzildən kənarda va ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki elektrik sanitariya-texniki və digər avadanlığı ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. İddia tələblərinin onlara aid olan hissədə tamamilə əsassız olması səbəbindən rədd edilməsini xahiş edir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi L.İsrəfilova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi R.Nəsirov iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi, onlar yalnız istilik xətlərinin binaya qədər olan hissəsinə görə məsuliyyət daşıyırlar. Hazırkı halda qəza binanın daxilində baş vermiş, bu səbəbdən baş vermiş həmin qəzaya görə onlar cavabdehlik daşımamışlar.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. DƏDRX ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 25,3 kv.m ibarət qeyri-yaşayış sahəsi X1 xüsusi mülkiyyətindədir.
9. İddiaçı ilə X6 arasında bağlanmış AZ 063328 saylı, xx.xx.2019-cu il tarixli sığorta müqaviləsinə əsasən ünvan 1 ünvanında olan qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər sığorta edilmişdir.
10. 10.06.2020-ci il tarixli 1553/Fİ-0016/2020 saylı sığorta aktına əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakda baş vermiş su basma nəticəsində 4600 manat zərər dəymiş, müəyyən edilmiş həmin məbləğdən 600 manat azadolma haqqı çıxılaraq, cəmi 4000 manat sığorta ödənişi müəyyən edilmişdir.
11. Dəymiş zərərin hesabatına əsasən xx.xx.2020-cı il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin ümumi məbləği 4600 manat müəyyən edilmişdir.
12. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 404 nömrəli məktubdan görünür ki, xx.xx.1918-ci ildən (R.X. 12689 16) əsasında bu mənzil X2 məxsusdur və onun mülkiyyətindədir.
13. Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti MKİS 51 saylı Mənzil-kommunal İstismar Sahəsi tərəfindən tərtib olunmuş 23 mart 2020-ci il tarixli aktdan görünür ki, 2-ci mikrorayon Cavadxan küçəsi 40 saylı binanın 31 saylı mənzilin altında yerləşən zirzəmidə fəaliyyət göstərən X3 müraciətinə əsasən keçirilən baxış nəticəsində 31 saylı mənzilin daxilində olan mərkəzi istilik sisteminin qızdırıcı radiatorunda qəza baş vermiş və nəticədə zirzəmiyə su axıdılması müəyyən olunmuşdur.
14. X5 və X6 arasında bağlanmış 01 iyun 2018-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən V.S.Muradov ona məxsus olan ünvan 1 ünvanında yerləşən obyekti Ə.Ə.Musayevə icarəyə verir.
15. 10.06.2020-ci il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən X3 hesabına 1553-80285 saylı akta əsasən 4000 manat məbləğində pul köçürülmüşdür.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
18. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
19. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
20. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
21. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə X6 arasında sığorta müqaviləsi bağlanmış, sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə (xüsusi mülkiyyətdə olan mənzil daxilindəki istilik sisteminin partlaması) sığorta hadisəsi baş vermiş, sığortalıya dəymiş zərər 4600 manat müəyyən edilərək, sığortalıya iddiaçı tərəfindən 4000 manat sığorta ödənişi (azad olma məbləği çıxılmaqla) verilmişdir.
22. Məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi barədə iddiaçının irəli sürdüyü tələb əsaslı deyil.
23. Belə ki, Cavabdeh ASC-nin Nizamnaməsinin 3.1-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir.
24. Həmin Nizamnamədə yaşayış və qeyri-yaşayış binalarının daxilində (xüsusi mülkiyyətdə olan əmlak) olan istilik sistemlərinə nəzarətlə bağlı Cəmiyyətin üzərinə hər hansı vəzifə qoyulmamışdır.
25. Bundan əlavə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
26. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.
27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. İddia ərizəsi təmin edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 60 (altmış) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova