Məhkəmə qərarları › İş №e-2-2(113)-4635/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4635/2022

12.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4635/2022 12.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əhmədova Nərmin Məzahir qızı, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş 10520 manat məbləğində maddi zərər, 5000 manat məbləğində mənəvi zərər, qiymətləndirmə aktının tərtibi üçün ödənilmiş 500 manat məbləğində, mediasiya təşkilatına ödənilmiş 100 manat məbləğində, dövlət rüsumu kimi ödənilmiş 38 manat məbləğində və hüquqi yardım üçün ödənilmiş 150 manat məbləğində olmaqla, ümumilikdə, 16308 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.4-cü maddəsinə əsasən iddia ərizəsinə həmin Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə görə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Məhkəmə müəyyən edir ki, Cavabdeh ASC-nin elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabineti mövcuddur, lakin iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfə çatdırılması poçt göndərişi ilə həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.4-ci maddəsinə əsasən hakim kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.2.-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 112.1 və 112.1.1ş-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində müəyyən edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddianın qiyməti 16020 manat olduğundan iddia ərizəsi verilərkən 138 manat məbləğində dövlət rüsumu ödənilməli idi. İş materiallarından görünür ki, iddiaçı mediasiya prosesi ilə bağlı mediasiya xərci kimi 100 manat pul ödəmiş, bundan başqa 38 manat dövlət rüsumu Sumqayıt Kommersiya Məhkəməsinə ödənilmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1.-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun təyinatı Sumqayıt Kommersiya Məhkəməsi olduğundan həmin qəbz hazırki iş üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin hakim 152.1. və 152.1.5ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə iddiaçı tərəfindən qanununla müəyyən edilmiş qaydada çatdırılmadığından və müvafiq məbləğdə dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar