Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4638/2023 09.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə oglunun, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı 24 yanvar 2023-cü il tarixli, 7242 saylı akt əsasında hesablanmış 4104 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və iddia ərizəsi verilərkən ödənilmiş ilkin mediasiya rüsumunun əvəzi olaraq 60 (altmış) manat, vəkil xidmətinə görə ödənilmiş 150 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı 24 yanvar 2023-cü il tarixli, 7242 saylı akt əsasında hesablanmış 4104 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və iddia ərizəsi verilərkən ödənilmiş ilkin mediasiya rüsumunun əvəzi olaraq 60 (altmış) manat, vəkil xidmətinə görə ödənilmiş 150 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyr-yaşayış sahəsini təsisçisi olduğu "xxxx" körpələr evi-uşaq bağçası Məhdud Məsuliyyətli Cəmiyyətinə müqavilə əsasında icarəyə vermişdir. Hazırda da həmin sahədə bağça öz fəaliyyətini davam etdirir. Bağçanın fəaliyyət göstərdiyi illər ərzində dövlət büdcəsinə ödəməli olduğu məcburi ödənişlərin vaxtlı-vaxtında ödənilməsini təmin etmiş və bu münasibətlərdə dövlət qurumları ilə hər hansı formada narazlıq olmamışdır. Lakin bütün bunlara baxmayaraq, cavabdehin əməkdaşları tək başına və qrup şəkilində 2023-cü ildən başlayaraq müxtəlif vaxtlarda iddiaçıya məxsus həmin qeyriyaşayış sahəsinə gəlmiş, su xəttlərinə baxış keçirmişlər. Hər dəfə də müxtəlif bəhanə ilə, gah sayğacda problem olduğunu, gah su xətlərində problem olduğunu, gah da əlavə qanunsuz xətt olmasından şübhə etdiklərini bildirmişlər. Bütün bu yoxlamalarda nə Bağça əməkdaşlarından, kimsə nə də iddiaçı iştirak etməmişdir. 10 yanvar 2023-cü ildə Cavabdehin 3 nəfər əməkdaşı yenidən bağçaya gəlmiş, Bağça rəhbərinə video göstərmiş və sudan qanunsuz istifadədə ittiham etmişlər. Bağça rəhbəri videoya etiraz etdikdən sonra, onlar yenidən Bağça rəhbəri ilə su xəttlərinə baxış keçirmiş və qanunsuz qoşulmanı aşkar etməmişlər. Həmin vaxt müşahidə etmişlər ki, baxçaya 2 su xətti daxil olur- onlarda biri bağçanın öz istifadəsində olan sayğacdan, digəri isə yaşayış binasının istilik sistemindən. Hansı ki həmin istilik sisteminin özünün də su sayğacı var. Bundan sonra cavabdehin əməkdaşları heç bir pozuntu aşkar etməyərək getmişlər. Lakin, 20 fevral 2023-cü ildə müəyyən etmişlər ki, ödənişlərdən cavabdeh tərəfindən pul tutulur. Əldə etdiyi hasab fakturadan müəyyən etmişdir ki, iddiaçının adına 24 yanvar 2023-cü il tarixli, 7242 saylı akt əsasında qanunsuz su xəttlərindən istifadə haqqı kimi 4104 manat hesablanmışdır. Hesab edir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 4104 manat hesablanması qanunsuzdur və ləğv edilməlir: 1. İstifadə haqqının hesablanmasına əsas olmuş aktın heç bir hüquqi qüvvəsi yoxdur. Həmin akt Nəsimi rayon Su İdarəsində ünvana baxış keçirildikdən 14 gün sonra iştirakları olmadan tərtib olunub. Baxış keçirilən zaman isə, hər hansı qanunsuz qoşulma, sudan qanunsuz istifadə faktı müəyyən edilməyib. Bununla bağlı qarşı tərəf heç bir mötəbər sübuta istinad etmədən qərar qəbul edib. 2. Həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uygun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək izahat vermiş və izahatında bildirmişdir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilmiş və əlavə boru xətti aşkar etmişlər. Bu barədə akt tərtib edilmiş, və 4104 manat cərimə hesablanmışdır. Yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: 1.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.
7. Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” xx.xx.2013-cü il tarixli 955 nömrəli Fərmanı: 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1 -ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11 -ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.
8. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
9. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Azərsu Səhmdar Cəmiyyəti Nəsimi rayon Sukanal idarəsinin qanunsuz istifadə fakturasından görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilmiş, araşdırma zamanı məlum olmuşdur ki, obyektdə saygacdan kənard sudan qeyri qanuni istifadə olundugundan xx.xx.2023-cü il tarixli 7242 saylı akt tərtib edilmiş, akta əsasən iddiaçıya 4104 manat məbləgində cərimə hesablanmışdır.
11. Abonent haqqında məlumatdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya akta əsasən 4104 manat manat məbləğində borc hesablanmışdır.
12. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilmiş, araşdırma zamanı məlum olmuşdur ki, obyektdə saygacdan kənar boru vasitəsilə sudan qeyri qanuni istifadə olunur, cavabdeh tərəfindən iddiaçıya 4104 manat borc hesablanmışdır.
13. İstinad olunan çoxsaylı normalardan göründüyü kimi, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti nin nümayəndələri tərəfindən sahibkarlıq subyektlərində obyektə baxış keçirilməsi məqsədilə həmin yoxlamanı vahid məlumat reyestrində qeydə aldırmalı olmaları qanunvericiliyin imperativ tələbidir.
14. Qeyd etmək lazımdır ki, sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan bütün hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamalar nəticəsində istehlakçıya hesablanmış borcun silinməsinə dair kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsi qeyd olunan istiqamətdə formalaşmışdır.
15. Göründüyü kimi iddiaçı tərəfindən aparılmış yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır, hansı ki, nöqsanlar həmin yoxlama ilə müəyyən edilərək iddiaçıya əlavə sərfiyyat hesablanmışdır.
16. Ona görə də məhkəmə hesab edir ki Cavabdeh Açıq Səhmdar Cəmiyyəti əməkdaşları tərəfindən vahid məlumat reyestrində qeydə alınmadan iddiaçıya məxsus obyektdə həyata keçirilmiş yoxlamanın hər hansı hüquqi nəticəsi ola bilməz. Bu yoxlama nəticəsində cavabdeh tərəfindən iddiaçıya qanunsuz hesablanmış borc məbləği silinməlidir.
17. Belə ki, suyun təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlamalar barədə məlumatları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır.
18. Bununla bağlı məhkəmə izah edir ki, qanunsuz hərəkətlər barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi yaxud əlavə sərfiyyat hesablanması bilavasitə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsidir və eyni Qanunun 2.3-cü maddəsində təsbit olunan elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisnasının təsir dairəsinə düşmür.
19. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
21. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
22. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın hüquqi nəticəsi olmadığından iddia təmin edilməli, iddia təmin olundugundan mediasiya rüsumunun əvəzi olaraq 60 (altmış) manat, vəkil xidmətinə görə ödənilmiş 150 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
VI. Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 24 yanvar 2023-cü il tarixli, 7242 saylı akt əsasında hesablanmış 4104 (dörd min yüz dörd) manat məbləğində borc silinsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən mediasiya rüsumunun əvəzi olaraq 60 (altmış) manat, vəkil xidmətinə görə ödənilmiş 150 (yüz əlli) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev