Məhkəmə qərarları › İş №e-2-2(113)-464/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-464/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-464/2025 16.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nəqliyyat vasitəsinin icarə müqaviləsi, icarə obyektinə dəymiş zərər, depozit məbləğinin təyinatı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2200 manat maddi ziyan və 300 manat hüquqi yardım xərcinin, ödənilmiş 42 manat dövlət rüsumu, etibarnamə alınması üçün çəkilmiş 17,25 manat xərcin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3” minik markalı **-XQ-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, avtomaşın təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 2200 manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də, cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. 2.2. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Həmçinin iddia ərizəsi də eyni qaydada göndərilmişdir. Cavabdehdən maddi ziyanın alınması mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 2.3. 10 iyun 2024-cü il tarixli icarə müqaviləsinin 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə; 2.1.5-ci bədinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır. 2.4. Həmçinin qeyd edilməlidir ki, cavabdehin qanunazidd əməlləri nəticəsində hüquqi xidmət olaraq 300 manat məbləğində vəkilə əlavə xərc, iddia ərizəsi verilərkən 42 manat dövlət rüsumu, məhkəmədə təmsil edilmə üçün etibarnamə alınması ilə əlaqədar 17,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, həmin məbləğlər də cavabdehdən tutulmalı və iddiaçıya qaytarılmalıdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 1096, 1097, 1108-ci maddələri və s. göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən təhvil verildikdən sonra ona servisdə baxış keçirilmiş, dəymiş zərər müəyyən olunmuşdur. Servis aktının gec tərtib edilməsi servisdəki iş yükü ilə bağlıdır. Dəymiş zərər bilavasitə cavabdeh tərəfindən düzgün qulluq edilməmə nəticəsində mühərrik sisteminin sıradan çıxması ilə bağlı olmuşdur.

6. Cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak edərək, iddiaya etiraz etdi və bildirdi ki, 07 iyun 2024-cü il tarixdə **-XQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadəyə götürmüş, 20 iyun 2024-cü il tarixdə sonuncunun motorunda olan nasazlıq və yağının azalması səbəbindən onu geri qaytarmış, digər (**-FL-*** dövlət qeydiyyat nişanlı) nəqliyyat vasitəsini qəbul etmişdir. İcarə müqaviləsi bağlanarkən 600 manat məbləğində depozit məbləği də ödənilmişdir. Bütövlükdə **-XQ-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 gün ərzində istifadə edilmişdir.

7. Cavabdeh məhkəmənin sonuncu baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İcarə müqaviləsi üzrə dəymiş zərərin tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 10.06.24/XQ584 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı “Ravon R3” minik markalı **-XQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini cavabdehin istifadəsinə verməyi, cavabdeh isə nəqliyyat vasitəsini qəbul edərək hər həftə gündəlik 23 manat icarə haqqını ödəməyi öhdəsini götürmüşdür. Müqavilə şərtlərinə əsasən icarə müddəti 39 ay, icarəçi tərəfindən 600 manat məbləğində depozit məbləğinin ödənilməsi razılaşdırılmışdır. Tərəflər arasında imzalanmış 10 iyun 2024-cü il tarixli təhvil-təslim aktına əsasən cavabdeh xx.xx.2024-cü il tarixli 10.06.24/XQ584 nömrəli icarə müqaviləsi üzrə “Ravon R3” minik markalı **-XQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhvil almış, nəqliyyat vasitəsinin texniki baxımdan saz vəziyyətdə, heç bir qüsur olmadan və bütün ləvazimatları ilə birlikdə yerində olduğunu öz imzası ilə təsdiq etmiş, nəqliyyat vasitəsinin təkərinin 50%, arxa buferdə və qabaq sol qapıda boya qabarması və xırda boya qopması, qabaq kapotda xırda batıqların olduğu aktda öz əksini tapmışdır. Nəqliyyat vasitəsi 20 iyun 2024-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya qaytarılmış, xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən, həmin nəqliyyat vasitəsinə 1600 manat ehtiyat hissəsi, 600 manat işçilik haqqı olmaqla 2200 manat zərər dəymişdir.

12. İddiaçı nəqliyyat vasitəsinə dəyən zərəri, yəni xx.xx.2024-cü il tarixli aktda qeyd edilən 2200 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.

13. Cavabdeh nəqliyyat vasitəsində nasazlığın ondan asılı olmadan yarandığını və 600 manat depozit məbləğinin ödənildiyini qeyd edərək iddianın rədd edilməsini xahiş edir.

14. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıları qeyd edir.

15. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

16. İcarə müqaviləsini tənzimləyən mülki hüquq normalarında, o cümlədən əmlak kirayəsi ilə bağlı münasibətlərin tənzimetməsində icarəçinin (kirayəçinin) hərəkətləri (hərəkətsizliyi) ilə icarə obyektinin vəziyyətinin pisləşməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilmə qaydası ilə bağlı xüsusi normalar mövcud olmasa da, Mülki Məcəllənin 21, 443-cü maddələri və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsində icarəçinin cavabdeh olduğu hallar, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi qaydası təsbit (əks) olunmuşdur.

17. Belə ki, xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 2-ci bəndinə əsasən, icarəçi (cavabdeh) ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanması və təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat vasitəsinin istifadə və istismar qaydalarına riayət etmək, nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkər, akkumulyator və. s) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etmək, hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı icarəyə verənə dəyən ziyanı öz hesabına ödəmək, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəmək kimi vəzifələri öz üzərinə götürmüşdür.

18. Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

19. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

20. İş materiallarında olan tərtib edilən aktdan “Ravon Nexia R3” minik markalı **- XQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərərin vurulduğu müəyyən olunur.

21. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6817/2024 nömrəli qərardadı ilə adıçəkilən nəqliyyat vasitəsinə dəymiş zərərin həcminin müəyyənləşdirilməsi üçün ekspertiza təyin olunmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Lakin məhkəməyə təqdim edilən 01 may 2025-ci il tarixli 9/416 nömrəli ekspert rəyi ilə işlə heç bir bağlılığı olmayan “Hyundai Elantra” markalı nəqliyyat vasitəsinə dəymiş zərər müəyyən edilmişdir.

22. Məhkəmə həmin rəyin tamamilə işə aid olmamasını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən bütünlüklə yanlış rəy təqdim edildiyini nəzərə alaraq xx.xx.2025-ci il tarixli e-2-2(113)-464/2025 nömrəli qərardadla yenidən ekspertiza təyin etmiş, ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli LP-141/2025 nömrəli rəyinə əsasən “Ravon R3” markalı 2019-cu il buraxılışı **-XQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktda əks olunan təmir-bərpa işlərinin (avtomobilin buraxılış ili nəzərə alınmaqla, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə və 2024-cü ilin iyun-iyul ayına qədər olan qiymətlər əsas götürülməklə) görülməsi üçün (ehtiyat hissələrinin dəyəri ilə işçilik haqqı ayrılıqda göstərilməklə) 1 940 manat tələb olunur.

23. Məhkəmə qeyd edir ki, iddia obyektini təşkil edən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) müvafiq məbləğlərin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı həmin rəylə razı olduğunu bildirmiş, cavabdeh ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət, o cümlədən təkrar və ya əlavə ekspertizanın keçirilməsi ilə bağlı vəsatət də verməmişdir.

24. Belə olan halda məhkəmə hesab edir ki, **-XQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərər 1940 manat təşkil edir.

25. Lakin məhkəmə depozit məbləği və onun təyinatı ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

26. Belə ki, işin müəyyən olunan halı ondan ibarətdir ki, 10 iyun 2024-cü il tarixli icarə müqaviləsinin 3-cü bəndində razılaşdırılmış 600 manat depozit məbləği cavabdeh tərəfindən müqavilə bağlandığı zaman iddiaçıya ödənilmişdir.

27. Həmin müqaviləyə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və borc qalığını ödəməlidir və ya depozit məbləğindən verməlidir (4.1-ci bənd). Nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini üç aydan tez qaytararsa, depozit məbləği geri qaytarılmır, üç aydan sonra isə depozit məbləğinin 30 faizi on gün müddətinə geri qaytarılır və yazılı şəkildə qeyd olunur. Nəqliyyat vasitəsini icarəyə verən şəxsə nəqliyyat vasitəsini icarəyə götürən şəxsin borcu olduğu halda həmin kəsr hissəsi nəqliyyat vasitəsini icarəyə götürən şəxsin depozit məbləğindən tutulur (4.2-ci bənd). Nəqliyyat vasitəsini icarəyə götürən şəxs təqsiri üzündən nəqliyyat vasitəsinə dəymiş zərəri göstərilən depozit məbləğindən aradan qaldırmalıdır (4.3-cü bənd).

28. Göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsində depozit məbləğinin hüquqi rejimi müəyyənləşdirilmişdir. Depozit məbləği, müqavilə rejimi etibarilə, cavabdehin öhdəliklərinin icrasının təminat üsulu kimi çıxış etməklə həmçinin nəqliyyat vasitəsinə dəyən zərərin aradan qaldırılması mənbələrindən biri kimi razılaşdırılmışdır.

29. 10 iyun 2024-cü il tarixli icarə müqaviləsinin 4.2-ci bəndini digər bəndləri ilə əlaqəli təhlil etdikdə aydın olur ki, depozit məbləğinin cavabdehə qaytarılmasının şərtlərindən fərqli olaraq nəqliyyat vasitəsinə dəyən zərərin depozit məbləği ilə aradan qaldırılmasını istisna edən hər hansı şərt müqavilədə nəzərdə tutulmamış, əksinə nəqliyyat vasitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə dəymiş zərəri sonuncunun göstərilən depozit məbləğindən aradan qaldırması vəzifəsi əks olunmuşdur.

30. Belə olan halda məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinə dəyən zərər cavabdehdən tutularkən sonuncu tərəfindən ödənilmiş depozit məbləği nəzərə alınmalıdır.

31. Cavabdeh nəqliyyat vasitəsinə onun tərəfindən zərər vurulmadığını bildirsə də, 10 iyun 2024-cü il tarixli təhvil-təslim aktına imza etməklə nəqliyyat vasitəsinin texniki baxımdan saz vəziyyətdə, heç bir qüsur olmadan və bütün ləvazimatları ilə birlikdə yerində olduğunu, yalnız nəqliyyat vasitəsinin təkərinin 50%, arxa buferdə və qabaq sol qapıda boya qabarması və xırda boya qopması, qabaq kapotda xırda batıqların olduğunu təsdiq etmişdir.

32. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli aktı tərtib edən X5 xx.xx.2024-cü il tarixli əmək müqaviləsi üzrə işçisi – böyük mütəxəssisi X7 iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş və izahatında göstərmişdir ki, nəqliyyat vasitəsi geri qaytarılarkən ona texniki baxış keçirilmiş, mühərrikdə problem olduğu aydın olmuşdur. Mühərrikdə qızma olduğundan mühərrik başlıqları ərimişdir. Belə ki, su az olduğu halda, nəqliyyat vasitəsi idarə olunmuş, nəticədə qızma baş vermişdir.

33. Belə olan halda, nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixli aktda göstərilmiş qüsurlarının bilavasitə avtomobilin cavabdeh tərəfindən idarə olunması zamanı yarandığı aydın olur.

34. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, “Ravon Nexia R3” minik markalı **-XQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərin əvəzi olaraq 1340 (1940 manat dəymiş zərər – 600 manat depozit məbləği) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

35. İddiaçı eləcə də 300 manat hüquqi yardım xərcinin, ödənilmiş 42 manat dövlət rüsumu, etibarnamə alınması üçün çəkilmiş 17,25 manat xərcin cavabdehdən tutulmasını xahiş etmişdir.

36. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzinə əsasən 42 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.

37. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli LP-141/2025 nömrəli rəyindən görünür ki, aparılmış tədqiqatın dəyəri 250 manat təşkil edir.

38. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən “Femida” vəkil bürosuna 300 manat məbləğində pul ödənilmişdir.

39. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

40. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

41. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

42. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması), məhkəmə iclasların sayı və müddəti, təqdim edilən sübutların xarakterini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.

43. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2025-ci il tarixli 9/416 nömrəli ekspert rəyinin hazırkı işə aidiyyəti olmadığından həmin rəy üzrə xərcin (50 manat) məhkəmə xərci hesab edilməsi mümkün deyildir.

44. Digər tərəfdən, iddiaçı vəkil Nümayəndə verilmiş etibarnamə üzrə xərcin əvəzi olaraq 17,25 manat məbləğində pulun tutulmasını tələb etsə də, həmin etibarnamə X3, X6 və İddiaçı tərəfindən müştərək qaydada verilmiş, etibarnamə öz məzmunu etibarilə dəfələrlə tətbiq üçün nəzərdə tutulmuşdur. Başqa sözlə, həmin etibarnamənin məhz hazırkı iddia ilə bağlı verilməsi təsdiq olunmur.

45. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat Cavabdeh tutularaq İddiaçı, ekspertiza xərci olaraq 100 manat İddiaçı, 150 manat Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir.

V. Nəticə:

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 1340 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertiza xərci olaraq 100 manat İddiaçı, 150 manat Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN – **********, "xxxx" ASC Yasamal filialı, VÖEN – **********, M/h: AZ02NABZ********************, kodu: 512565, SWİFT BİC: AZRT AZ 22, H/h: AZ30AZRT********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar