Məhkəmə qərarları › İş №e-2-2(113)-465/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-465/2023

07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-465/2023 07.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit borcunun ödənilməsi, mediasiya xərci) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı “LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı “LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.056,14 ABŞ dolları əsas, 4.498,49 ABŞ dolları faiz, 4.206,04 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 432,18 ABŞ dolları faiz borcunun, iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiyaya dair xərcin Cavabdeh2 tutularaq, ləğv prosesində olan "xxxx" ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh2 arasında ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi bağlanmış və həmin müqavilə üzrə Cavabdeh2 əsas vəsaitin artırılması məqsədi ilə 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh2 arasında 01 nömrəli xx.xx.2016-cı il tarixli Əlavə Saziş bağlanmış, Borc alanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5503.88 ABŞ dolları əsas borc, 1605.58 ABŞ dolları faiz borcu və 432.01 ABŞ dolları cərimə məbləği ilə birlikdə 7541.47 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. xx.xx.2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 12.192,85 ABŞ dolları təşkil edir. Bundan 3.056,14 ABŞ dolları əsas, 4.498,49 ABŞ dolları faiz, 4.206,04 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 432,18 ABŞ dolları faiz borcu təşkil edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə izahat verərək iddia tələbi ilə razı olmadığını bildirdi və iddianın rədd olunmasını xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

7. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

8. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 01 nömrəli xx.xx.2016-cı il tarixli Əlavə Saziş bağlanmışdır. Sazişə əsasən Borc alanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5.503,88 ABŞ dolları əsas borc, 1.605,58 ABŞ dolları faiz borcu və 432,01 ABŞ dolları cərimə məbləği ilə birlikdə 7541.47 ABŞ dolları müəyyən edilmişdir. Əlavə sazişlə müqavilənin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış və yeni qrafik açılmışdır.

10. İddiaçı tərəf hazırda cavabdehin borcunun qaldığını bildirərək, pulun tutulmasını xahiş edir.

11. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, borcu tam ödədiklərini, xeyli müddət öncə bankın hansısa əməkdaşı tərəfindən onlara borcun olmadığına dair şifahi məlumat verildiyini bildirərək, iddianın rədd edilməsini xahiş edir. Həmçinin də, 3 illik iddia müddətinin ötürüldüyünü bildirərək, bu barədə vəsatət (ərizə) təqdim edir.

12. Məhkəmə tərəfindən borc məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh2 əsas borcu 3.703,21 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixə faiz borcu 3.856,28 ABŞ dolları, müqavilənin müddətinin bitdiyi tarixdən maliyyə arayışının verildiyi (xx.xx.2022) tarixə əsas borca illik 5 faiz hesablanmaqla borcu 521,54 ABŞ dolları təşkil edir.

14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

15. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

16. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışı, hesabdan çıxarış və ekspert rəyinin müqayisəli şəkildə təhlilindən o nəticəyə gəlinir ki, Cavabdeh2 öz üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.

17. Cavabdeh tərəf borcun tam ödənildiyini bildirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

18. Ona görə də, Məhkəmə hesab edir ki, Cavabdeh2 Bankın xeyrinə əsas borc üzrə 3.056,14 ABŞ dolları, faiz borcu üzrə 3.856,28 ABŞ dolları, əsas borca illik 5 faiz hesablanmaqla 432,18 ABŞ dolları məbləğində pul tutulmalıdır.

19. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

20. Hazırkı işin hallarından görünür ki, cavabdehin 3.056.14 ABŞ dolları əsas borcuna münasibətdə iddiaçı 4.206.04 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və məhkəmənin qənaətinə görə həmin məbləğ əsas borca mütənasib deyildir və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 150 ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.

21. Məhəmə qeyd edir ki, cavabdehin iddia müddətinin keçməsi ilə bağlı dəlili əsassızdır.

22. Belə ki, Mediasiya haqqından Qanunun 35.1-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

23. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

24. Həmin Qanunun 32.4 və 32.4.2-cü maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən Mediasiya prosesinə xitam verilir.

25. Hazırda da, işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf cavabdehə mediasiyanın tətbiqi barədə təklifi xx.xx.2022-ci il tarixdə göndərmiş və mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış Banka xx.xx.2022-ci il tarixdə daxil olmuşdur.

26. Müqavilənin də müddətinin xx.xx.2019-cu il tarixdə bitməsi nəzərə alındığında, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti xx.xx.2022-ci il tarixdə bitməsi ehtimal olunur.

27. Ancaq iddiaçı tərəf xx.xx.2022-ci il tarixdə cavabdehə mediasiyanın tətbiqi barədə təklifi göndərmiş və bununla da, həmin tarixdən xx.xx.2022-ci il tarixədək iddia müddətinin axımı dayanmışdır.

28. Bundan sonra iddiaçı tərəf xx.xx.2022-ci il tarixdə iddia ilə Məhkəməyə müraciət etmişdir.

29. Göründüyü kimi, iddiaçı tərəf cavabdehə mediasiyanın tətbiqi barədə təklifi göndərən zaman( 26.09.22) iddia müddəti üzrə təxmini 26 ehtiyat günü qalmışdır. xx.xx.2022-ci il tarixdə isə mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı almaqla iddia müddətinin axımı bərpa edimişdir. Yəni iddia müddəti təxmini xx.xx.2022-ci ilədək davam etmişdir. İddiaçı tərəf də, xx.xx.2022-ci il tarixdə iddia ilə Məhkəməyə müraciət etməklə qeyd edilmiş müddəti ötürməmişdir.

30. Ona görə də, cavabdehin qeyd edilən dəlili əsassızdır.

31. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" ASC-nin (ləğv prosesindədir) ləğvedici X1 tərəfindən 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir.

32. Belə olan halda, 200 manat məbləğində pul da Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır.

33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

VI. Nəticə:

34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 280009212 nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə 3.056 (üç min əlli altı) ABŞ dolları, 14 (on dörd) sent əsas, 3.856 (üç min səkkiz yüz əlli altı) ABŞ dolları, 28 (iyirmi səkkiz) sent faiz, 150 (bir yüz əlli) ABŞ doları cərimə, müqavilənin bitdiyi tarixdən əsas borca illik 5% hesablanmaqla 432 (dörd yüz otuz iki) ABŞ dollar, 18 (on səkkiz) sent, cəmi 7.494,6 ( yeddi min dörd yüz doxan dörd) ABŞ dolları, 60 sent məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdeh2 tutularaq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar